Ölürəm, xəbərin yox

67 Baxış

imran2

Məndədi

Torpaq üzərində canlı torpağam,

Ruhumdan boy verən tağlar məndədi.

Gələcək olacaq, neçə ki sağam,

Güldürən, küsdürən çağlar məndədi.

 

Zərli zəmiləri suvaran çayam,

Tanrıdan yurduma töhfəyəm, payam.

Ələm savaşında təkəm, tənhayam,

Ruham, sağlardayam, sağlar məndədi.

 

Mehin ağuşunda çəmən sərxoş, lül,

Bülbül yalvarmasa, açmaz çiçək, gül.

Gözlərim dağlarda qala-qala, bil,

Çəkilməz nə qədər dağlar məndədi.

 

Ey Allah, Təbrizin ağrıyır canı,

Qoru, can köşkündə qoru vicdanı.

Kövrələn gözlərim xəyal zindanı,

Məhbusdur, nə qədər ağlar məndədi.

 

**

Sözlərimin şahıyam mən

 

Ölümün önündən qaçmam,

Bir Allah pənahıyam mən.

Söz verəndə sözdən qaçmam,

Sözlərimin şahıyam mən.

 

Zirvə sevər duman-sisi,

Nəyə lazım umu-küsü.

Mərifətin keşikçisi,

Arın qibləgahıyam mən.

 

Qəmdi qəlbi didən-deşən,

Sarıl, topaq üstə döşən.

Yağılara əsir düşən,

O dağların ahıyam mən.

 

Qopsa da gur qasırğalar,

İgid eldən yetim qalar.

Çoxdur məndə müəmmalar,

Çox sirlər izahıyam mən.

 

Təbriz hər an qəlbi yuyar,

Mövladan güc alar, duyar.

Mənə qıyan xalqa qıyar,

Millətimin ruhuyam mən.

 

 

**

Ölürəm, xəbərin yox

 

Ürəyim yar aşiqi,

Xəstədir, nar aşiqi.

Gözlərimin işığı,

Ölürəm, xəbərin yox.

 

Uyma yad sözlərinə,

Döyərsən dizlərinə.

Ölümün gözlərinə,

Gülürəm, xəbərin yox.

 

Tək oynadım nərdimi,

Uduzduran zərdimi?

Xəyalımla dərdimi,

Bölürəm, xəbərin yox.

 

Necə dözüm dağına,

Ruh dözmür eşq lağına.

Hər gecə otağına,

Gəlirəm, xəbərin yox.

 

Doymadım vüsalından,

Zəhərlədin balınnan.

Təbrizin bu halından,

Bilirəm, xəbərin yox.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10