Ömrün gəraylı çağları – VAQİF YUSİFLİ

54 Baxış

balayarsadiq (Balayar Sadiqin yeni şeirlər kitabı haqqında)


Son illərin şeir aləmində bir şairin adı tez-tez hallanmaqdadır. Şeir yazmağa orta məktəb illərindən başlayan, amma bir şair kimi keçən əsrin doxsanıncı illərindən tanınan, XXI əsrin bu on dörd ilində isə ədəbi ictimaiyyətin diqqətini cəlb edən Balayar Sadiq artıq öz yaradıcılığının kamillik mərhələsinə qədəm qoyur. Martın 1-də onun əlli yaşı tamam olacaq. Balayar Sadiqin «Ömrün gəraylı çağları» yeni şeirlər kitabı barədə söz açmaq istəyirik.
Ömrün gəraylı çağları…
Gəraylı bir şeir forması kimi zərif və incədir, böyük bacısımı deyim, qardaşımı deyim-qoşmadan şəkil etibarilə fərqlənmir (qafiyə sistemi, bəndlərin quruluşu, sonda təxəllüsün işlənməsi, mövzu baxımından), amma ən kövrək, ən incə mətləbləri məncə, gəraylıda söyləmək olur. Deyirlər ki, qoşmanı şair bütün ömrü boyu yazır, təcnisi ən yetkin, əqilli çağlarında, gəraylını isə daha çox gəncliyində, bir də gəncliyi ilə vidalaşanda qələmə alır. Balayar Sadiq «Ömrün gəraylı çağları» kitabına daxil etdiyi gəraylıları da otuz-qırx yaşları arasında yazıb. Təbii ki, o, bundan sonra da gəraylı yaza bilər. Bəlkə də daha yaxşılarını, amma ömrünün gəraylı çağlarındakı bu nümunələr daha sanballıdır.
Məmməd İlqarın, Akif Səmədin, eləcə də Balayar Sadiqin yazdığı gəraylılarda iki məqam diqqəti cəlb edir. Birincisində, klassik gəraylılarlı ruhca yaxınlıq duyulur, sanki bizim əsrlərin şairləri Tufarqanlının, Ələsgərin gəraylılarının ardını yazırlar. Təzə ifadələr nəzərə çarpsa da, fikir və ideya dəyişməz qalır. Bir baxın:
Dərd ağacı çiçəkləyib,
Elə bilmə yazdı, canım.
Göz yaşında üzənlərə,
Ümmanlar dayazdı, canım.
Bayquş qonub gülüm üstə,
Qəm alışır külüm üstə.
Neçə ölüm, ölüm üstə,
Yaman basabasdı, canım.
Ah çəkmə, ahsız dünyada,
Gəl, bir yer sər, gözüm yata,
Sən Allah, kəs, ağlama ta,
Ömrümü su basdı, canım.
Balayarın Sadiqin bu gəraylısı ilə Abbas Tufarqanlıdan misal gətirdiyimiz həmin gəraylı arasında ruhca bir yaxınlıq duyursan, fikirləşirsən ki, əgər XXI əsr şairi Balayar Sadiq XVII-XVIII əsrlərdə yaşasaydı, taleyinə şairlik yazılsaydı, bir şair kimi elə Tufarqanlı stilində gəraylılar yazardı. Amma Balayar Sadiq XXI əsrdə yaşayır və lazım deyil onu ötən əsrlərə göndərmək.O, şair babası Tufarqınlı ənənəsinə sadiq qalıb.
İndi isə Balayarın başqa bir gəraylısına müraciət edək.
Fələk açdı qapımızı,
Qaragünlü qış üzünə.
Ömrümüzün-günümüzün,
Düşübdü qırış üzünə.
Ömür axdı, qaldı köpük,
Qırpılırıq kirpik-kirpik.
Biləmmərik nəyik, kimik,
Həsrətik yaddaş üzünə.
Gözlərimiz kədər gölü,
Sahilində bəxt mürgülü.
İllər əriyib tökülür,
Səbrimizin daş üzünə.
Balayar Sadiqin bu gəraylısında isə ovqat, ruh yenidir. Birinci misrada «fələk» sözü olsa da, məzmun etibarilə bu dövrün, bu çağların əhval-ruhiyyəsini ifadə edir. Xüsusilə, «həsrətik yaddaş üzünə», «ömrümüzün-günümüzün üzünə qırış düşməsi», «illər əriyib tökülür, səbrimizin daş üzünə» ifadələri XX əsr şeirinin leksikonuna daxildir və həmçinin bunları söyləyən də XX-XXI əsrlərin şairidir.
Hər bir şeir, formasından asılı olmayaraq ilk misrasından sonuncu misraya qədər müəyyən bir fikri ifadə etməlidir. Misralar, bəndlər arasında qurulan körpülər elə möhkəm olmalıdır ki, başlanğıc fikir pillə-pillə öz ifadəsini tapa bilsin.Balayarın «Tənhalıq duaları» silsiləsinin hər bir şeiri bu baxımdan diqqətə layiqdir.Onun bu silsilədən olan şeirlərində lirik «mən»in tənhalığı müxtəlif obrazlar vasitəsilə inkikas olunur. Məsələn, SƏS obrazı tənhalıq şeirlərinin əsas obrazı kimi diqqəti cəlb edir. «Hadinin səsi» şeiri Balayar Sadiqin ən urvatlı şeirlərindəndir:
Sükut beşiyində üşüyər qəbrim,
Üstünə nə oğul, nə qız gələcək.
Qərib küləklərin dodaqlarında,
Qəmli misralarım yalqız gələcək.
Öz nəfəsim qonar öz başdaşıma,
Bir yarpaq diksinər kimsəsizliyim.
Qərib sözlərimin pıçıltısından,
Qırılar güzgüsü daş səssəizliyin.
Bir vaxt misralanan göz yaşlarımdan,
İndi qəbrimin də divarı nəmdi.
Dünyanın yeganə şairiyəm mən,
Vətənim-kədərdi, millətim-qəmdi.
Torpağın altında sümük əllərim,
Haqqın qapısına uzalı qalıb.
Dar ağacı olub çörək qoxusu,
Gözüm kəndirindən asılı qalıb.
Bu şeirdə Hadinin səsi bir obraz kimi şeirin bütün ruhuna hopub. Biz o səsi görür, eşidirik və Səsin faciəsi Hadinin faciəsi kimi gözlərimiz qarşısında canlanır.
Balayar Sadiqin şeirlərində təşbihlər, metaforalar silsiləsi göz oxşayır. Bu onun bədii təxəyyülünün çevikliyindən, mütəhərrikliyindən xəbər verir. Özü də bu təşbeh və metaforaların əksəriyyəti təzədir. Gəlin diqqət edək: «Qəbrimin bir ömür uzaqlığında Ümid qana batmış bayraq kimidir. Əcəl şahə qalxıb kişnəyən yerdə, cəsarət bir paslı yaraq kimidir». Bu dörd misrada iki təşbih var və hər ikisi fikrin ifadəsi üçün yararlıdır. Qana batmış bayraqla pas atmış yaraq arasında da məntiqi əlaqə diqqəti cəlb edib. Balayarın şeirlərində soyuq yataq nakam qəbirə, yuxular ac sərçəyə bənzədilir. Belə təşbihlər bol-boldur. Amma Balayarın şeirlərinin əksəriyyətində metaforalarla rastlaşırıq. Onun bu kitaba daxil edilmiş «Ümid səngəri» sonetlər çələngi təkcə forma və məzmunun vəhdəti ilə yox (sonet yazmaq çətindir, çünki burada sonetin texniki qaydalarına mütləq əməl etməlisən, «sonetlər çələngi» yaratmaq daha çətin), həm də metaforik düşüncə tərzinin ifadəsi kimi diqqəti cəlb edən təşbih və metaforalarla zəngindir. Bu çələngin üçüncü sonetinə diqqət yetirək (qeyd edək ki, «Ümid səngəri» adlanan bu çələngdə vətənpərvərlik, qələbəyə inam hissləri təbliğ edilir):
Köynək-köynək yanır ərən yaddaşı,
Təsəlli sözünün bükülüb beli.
Çadırda doğulan hər bir körpənin
Bükün bələyinə «Baş Sarıtel»i.
Pərdə-pərdə əmsin saz havasını,
Qoy qılınc qurşasın yuxularında.
İndidən əjdaha başı kəsməyə
Keçsin köynəyindən nağılların da.
Qələbə gününə gün düşsün deyə,
Hünər dünyasıyla görüşsün deyə,
Yatıb yalmanına çapsın illəri.
Üşüyür o yurdda qaralan ocaq,
Həsrət köynəklidir o dərə, o dağ
Gözü yaşla dolub xatirələrin.
Bax, beləcə onun şeirlərində (poemalarında da!) metaforalar bir bədii təsvir vasitəsi kimi poetik sanbalı artırır.
Onun bir neçə poeması da var ki, bunlar da doxsanıncı illər insanının mənəvi durumunu, yaşantılarını izləmək baxımından maraqlı təsir bağışlayır.»Qan» poemasında Səs, Söz, Ruh obrazları QAN obrazında təcəssüm tapır. QAN insan yaddaşının qədimlərdən gələn Səsi, Sözü, Ruhu kimi mənalanır. «Yol» poemasında da yenə Səs, Söz obrazları ilə qarşılaşırıq. Bu dəfə Yol insan ömrünün dünəni, bu günü, sabahı kimi mənalanır. Fikrimizcə, «Başdaşı», «Edam günü», «Bir ovuc yaddaş torpağı» mikro poemaları da ruhən əvvəlki poemaların davamı kimi düşünülmüşdür. «Zindan görüşləri» poemasına gəldikdə isə burada Balayar Sadiqin Azadlıq haqqında düşüncələri öz əksini tapır (B.Sadiq sonrakı yaradıcılığında da bu motivi tez-tez canlandırır). Balayar Azadlıq və Zindan obrazlarını bir-birinə əks, təzadlı anlayışlar kimi qarşılaşdırmır, əksinə, onun poemasında Azadlıq və Zindan obrazları bir-birinin yaşarılığına şərt olan anlayışlar kimi diqqəti cəlb edir.
Min ildi ruhumda yol gəlir bu səs,
Kişnəyir içimdə dəli bir həvəs.
Azadlıq eşqinə möhürdü məhbəs.
Ay bəxti özündən qoca şairimi.
Zaman qara saçdı, ömür-gün darı,
Çinyində Babəkin bitib qolları.
Məhbəslərdən keçir haqqın yolları,
Ay sözü ömründən uca şairim.
Bu alın yazısı yuyuldu qanla,
Çək tarix dərsinə, tarixi danla.
Yaxası qanamış misralarınla
Haqqın qapısını açan şairimi
Şairim, haqqın yolunda,
Tökülən qanlar sağ olsun!
Azadlığa qucaq açan,
Qara zindanlar sağ olsun!
«Ömrün gəraylı çağları» Balayar Sadiqin doxsanıncı illərdə yazdığı şeirlərini, kiçik poemalarını, bir sonetlər çələngini əhatə etsə də, bu gün üçün heç də əhəmiyyətsiz görünmür. Bu poeziya nümunələri onu sübut edir ki, Balayar Sadiqin ikimininci illərdəki şeir yaradıcılığının bünövrəsi varmış. Həm də bu şeirlər, poemalar sanki bu gün yazılıbmış kimi də təsir bağışlayır. İkimininci illərdə isə Balayar Sadiq ənənəvi şeir yolunda axtarışlarını davam etdirəcək, eyni zamanda modern ruhlu şeirlər də yazacaq. Yox, bu, keçid olmayacaq, bir poetik təfəkkürün müxtəlif çalarları kimi diqqəti cəlb edəcək.
Balayarın yeni şeirlərini, poemalarını gözləyək…

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10