O hansı dağdı ki, dumanı yoxdu,
Mənim ilk sevgimin göz dağı kimi?
O hansı yazardı romanı yoxdu,
Şair ürəyimin söz dağı kimi.
Elə sancır sanki key iynələyir,
Bir işə yaramaz şey iynələyir
Tikməyi bir yana hey iynələyir
Cumubdur üstümə biz dağı kimi.
Göybəgöy axtardım, Səma, özümü
Yerbəyer yerlərdə bitdi əzimim.
Gönüqalın bilib üzsüz üzümü
Dərimi hey soyur xəz dağı kimi.
Var
Sənsiz gecələrə vərdiş etmişəm
Həsrətə, hicrana məndə dözüm var.
Nazıyla oynadım ayrılıqların
Vüsala tamarzı iki gözüm var.
Mənli-mənsiz, onlu-onsuz arzular
Qanıma susadı qansız arzular
Qar üstə yazdığım sonsuz arzular
Od üstə can verən neçə buzum var.
Sən nədən biləsən, nədənlər nədən?
Özün cavab çıxar “a”dan ya “be”dən
Gözümdə kölgəli o nurlu didən
Məni sınaq etmə, məndə əzim var.
Yuxuda
Sən yuxuya gedəndə
Mən yuxudan gəlirdim.
Gözün məni güdəndə
Özüm bunu bilirdim.
Yuxu mənə gələndə
Mən də səndən gedirdim.
Sən mənimçün öləndə
Mən də gendən gedirdim.
Mənə o təsir edir
Sən axı dan gəlirsən.
Hamı yuxuya gedir
Sən yuxudan gəlirsən.
Hamı xeyrini güdür
Sən də mənə zərərsən.
Məni könlünə müdir
Yat, yuxuda görərsən.
Taxta divan
Vaxtla oynama, gülüm,
Vaxtında oyna bir az.
Özünə divan tutma
Taxtında oyna bir az.
Oturtmaqçün yerində
Taxta divan qurular.
Sənin alın tərində
Taxta divan qurular.
Boş sözdü ki, deyirlər
Quruca baxtın olsun.
Baxtın quruyanacan
Qızıldan taxtın olsun.
Bir dünya
Mən sənə dünyanı bağışlayardım,
Sən mənə bir dünya bağışlasaydın.
Gözümü yoluna baxışlayardım,
Ömür yollarımı naxışlasaydın.
Sən mənə bir dünya bağışlasaydın,
Mən sənə dünyanı bağışlayardım.
Gözümdə eşqimi alqışlasaydın
Özüm eyləyərdim baxışla yardım.
Sevgimdən su içdin gözün doyunca,
Səmadan yerlərə yağışladınmı?
Sənə səma verdim dünya boyunca
Sən mənə bir dünya bağışladınmı?!
Gülnar Səma