Onda Bakının əhalisi 300 min nəfər idi

74 Baxış

 hacaga

“XAN” nəşriyyatında “Xatirə ədəbiyyatı” seriyasından Azərbaycanın görkəmli səhnə ustası, aktyor Hacağa Abbasovun “Xatirələrim” kitabı çapa hazırlanır.

Qeyd edək ki, Hacıağa Abbasov 1888-ci ilin, iyunun 16-sında Maştağa kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alan aktypr 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.

Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib.

1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında “Hacımirz” teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.

Aktyor Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “Ər və arvad” operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.

Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasova xalq artisti fəxri adı verilib

Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Senet.az Hacıağa Abbasovun “Xatirələrim” kitabından bir hissəni təqdim edir:

 

Keçmişdə Bakının əhalisi azərbaycanlı, erməni, rus və az miqdarda başqa millətlərdən ibarət idi. Mən Bakı əhalisinin cəmi 300 min olduğu vaxtı görmüşəm. Əhalinin əksəriyyətini xırda alverçi, zavod, fabrik, mədən və dəmiryol fəhlələri, dülgər, malakeş, qəssab və sairələri təşkil edirdi. Burada Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Hacı Hacağa Da-daşov, onun qardaşı Hacı Şirəli Dadaşov, Ambarsum Məlikov və qeyriləri kimi milyonçular yaşayırdı. Bunların böyük evləri, fabrikləri, neft quyuları və paroxodları var idi. Bundan başqa onlar şəhərdə 3-4 mərtəbəli binalar tikdirərək bir hissəsində özləri yaşayır, bir hissəsini isə baha qiymətə kirayəyə verirdilər. Fəhlələr və zəhmətkeşlər bir-mərtəbəli evlərdə və zirzəmilərdə yaşayıb, ağır günlər keçirirdilər. Varlılar xırda alverçilərə müamilə ilə pul buraxaraq İrandan mal gətirir və qazancına da şərik olaraq satdırırdılar. Bundan başqa İran tacirləri hər gün Bakıya bir neçə paroxod müxtəlif yeməli və geyməli şeylər gətirib satırdılar. Paroxod sahiblərinin kontur və dükanları dənizkənarı küçədə (indiki Neftçilər prospektində) yerləşirdi.

Böyük şəhərdə yalnız bir şəhər bağı və bir də indiki  Xəqani küçəsi ilə Karqanov küçəsinin kəsişdiyi  “Malakan bağı” deyilən bağ var idi. Şəhərdə ikiatlı konka işləyirdi, başqa nəqliyyat isə ancaq faytonlardan ibarət idi. İran hökumətinin zülmündən – Ərdəbil, Astara, Təbriz və Miyanadan qaçıb gələnlər hamballıq edirdilər. Varlılar və avaralar şəhər idarəsi tərəfindən açılmış klublarda qumar oynamaq və şərab içməklə əylənirdilər.

Oğul evləndirəndə və yaxud qız ərə verəndə varlı varlının oğluna qız verər və yaxud varlıdan qız alardı. Kasıbın qızı və yaxud oğlu nə qədər gözəl olsaydı, varlı özünün nəslini onun nəslinə calamazdı. Əgər varlı məscidə, toya və ya bir məclisə getsəydi, lazım idi ki, o, məclisin yuxarı başında özünə layiq yerdə otursun. O məclisdə başqa bir adam cürət edib danışa bilməzdi. Varlılar qoçu saxlayırdılar. Bu qoçular varlıların köməyi ilə qubernator və yaxud qradonaçalnikdən qismən icazə alıb tüfəng, tapança, xəncər gəzdirir, varlılar bir yana getdikdə silahlı sürətdə fəxrlə onun dalınca gedirdilər. Bunların ən güclüləri Kərbəlayı Abdulla Zərbəliyev, Hacıbala Babayev, Teymurbəy Aşurbəyov, Əlihüseyn Babayev və başqaları idi. O zaman Bakıdan Sabunçuya adi qatarla gedirdilər. Bu qoçular çox vaxt ədavət etdikləri adamlarla vaqonlarda tapança və tüfənglə atışardılar. Xülasə, nizam-intizam barəsində bunu demək kifayətdir ki, hərc-mərclik, hoqqabazlıq, dəllallıq və qoçuluq edənlərin işləri yaxşı gedirdi. Molla və axundların dostları ancaq varlılar idi ki, onlar da bir iş düşəndə öz ciblərinin xatirinə din və şəriəti istədikləri kimi təbir edir, Allahın və peyğəmbərin adından cürbəcür fırıldaqlar uydururdular. Əgər varlı oğul evləndirirdisə və yaxud qız ərə verirdisə, molla qızın yaşı düşüb-düşmədiyinə, onun könlü olub-olmadığına baxmaz, bir dəst xələtini və pulunu alıb kəbin kəsərdi.

İrandan bizə tez-tez “qonaq” gələn dərvişlər, falçılar, mollalar şəriət adı ilə əhalini soyur, varlanır və öz yerlərinə qayıdırdılar.

Şəhərdəki gimnaziya və realni məktəblərin şagirdləri ildə yüz əlli manat təhsil haqqı verirdilər. Odur ki, orada ancaq varlıların uşaqları oxuya bilirdi. Kasıbların uşaqları üçün isə üçillik “rus-tatar” və yaxud altı sinifli şəhər məktəbləri var idi. Realni məktəblərə və gimnaziyalara ancaq çox yalvar-yaxardan sonra bəzi varlıların hesabına beş-on nəfər kasıb balası daxil ola bilirdi. O da bu şərtlə ki, həmin kasıb oxuyub qurtardıqdan sonra qulluq edib varlının ona çəkdiyi xərci hissə-hissə özünə qaytarsın.

Bakıda cəmi üç qiraətxana var idi.

Neft mədənlərində işləyən fəhlələr alçaq birmərtəbəli evlərdə yaşayır və çox az maaş alırdılar. Abşeronun ən səfalı bağlı-bağatlı yerləri Bakı milyonçularının əlində idi. Onların bağlarında olan malikanələrinə tamaşa etməyə belə icazə verilməzdi.

Polis məmurları şəhər əhli ilə kefləri istəyən qaydada rəftar edərdilər. Bakıda olan inzibati idarələr səkkiz məntəqədən ibarət idi. Hər məntəqədə baş rəis olardı. Ona pristav deyərdilər. Qumarbazlıq, sərxoşluq, dəllallıq, rüşvətxorluq çox yayılmışdı. Çar hökuməti tərəfindən bir çox fahişəxanalar açılmışdı. Bunlar polis məmurları tərəfindən mühafizə olunurdu.

Hələ Bakıda su kəməri olmadığı vaxtlarda varlılar Şüvəlandan araba ilə su gətirdir, kasıblar isə sudan da korluq çəkirdilər.

Bakıda cəmi bir dənə Mixaylovski xəstəxanası və Qaraşəhərdə neftçilərin xərci ilə tikilmiş başqa bir xəstəxana var idi. Uşaq təbibi tapmaq çox çətin idi. Odur ki, şəhərdə uşaq ölümü çox olurdu.

Keçmişdə Nikolayev adına (indiki Kommunist) küçədə şəhər bələdiyyə idarəsi, dəniz kənarında – indiki təbiblər evində isə qubernatorun idarəsi yerləşirdi. Telefon xətti, telefon aparatları kontorlardan başqa tək-tək evlərdə qoyulmuşdu.

Şəhərdə ancaq “İslamiyyə”, “İskəndəriyyə”, “Köhnə Avropa” və milyonçu Musa Nağıyev tikdirən “Yeni Av-ropa” mehmanxanaları var idi.

Hər üç ildə bir dəfə Bakı şəhər bələdiyyə idarəsinə “qlasnı” seçkisi olardı. Evi və alveri olmayan “qlasnı” (de-putat) seçilməzdi. Ona görə Dumanın əksər “qlasnıları varlılardan ibarət idi. Cəmi “qlasnılar” həştad nəfər idi. Şəhər bələdiyyə idarəsi rəisinin üç müavini olardı. Bizim bələdiyyə idarəsi rəisi ildə iyirmi min, onun köməkçiləri isə ildə on min manat maaş alardılar.

Bakı bələdiyyə idarəsinə Kursk şəhərindən Nikolay Vasilyeviç Rayevski adlı bir nəfər rəis seçilmişdi. Ona ildə iyirmi min manat maaş təyin olunmuşdu. O, çalışırdı ki, həmvətənlərini də Bakı şəhərinə gətirsin.

Bir dəfə Dumanın iclaslarından birində o, Kurskdan Smirnov familiyalı bir hesabdarın Bakıya çağırılmasını, ona ikiotaqlı mənzil, telefon, fayton və şəhər ətrafında ayrıca yer verilməsini təklif edir. “Qlasnılar” bu təklifə razı olurlar. Smirnov gəlib işə başlayır. Bundan sonra Rayevski yuxarıdakı şərtlərlə Kurskdan Vasilyev familiyalı həkim gətirdir. Sonra şəhər üçün də bir bağban gətirilməsini təklif edəndə “qlasnılar”dan İsrafil Hacıyev Rayevskidən icazə istəyib deyir:

– Cənab Rayevski, sizdən acizanə xahiş etmək istəyirəm: budur üç ay olur ki, bizim Tiflisdə olan Şeyxəlislam vəfat edibdir. Əgər mümkün isə yazıb bizə Kurskdan bir Şeyxəlislam gətirdəsiniz. – Bu sözdən sonra böyük gülüşmə düşür, Rayevski özü də gülür.

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10