“Onun adı Vətəndi” – Təranə Arifqızının şeirləri…

62 Baxış

175260_g25oqivenc

Senet.az oxucularına tanınmış şairə, Azərbaycan ədəbiyyatında “Mən şair olsaydım” (2010) , “Nə qədər ki, insan var” (2011) və “Sözün bayatı rəngi” (2020)-adlı  əsərlərin müəllifi Təranə Arifqızının şeirlərini təqdim edir.

 

BƏLKƏ

Bəlkə, qayıdıb gələsən

Almadığın nəfəs kimi.

Bəlkə, yenidən üzümə

Dəyə əlin xoş səs kimi.

 

Bəlkə, bir də “alo” deyib

Telefonu dindirəsən…

Zarafatla hirsləndirib

Bir ürəkdən güldürəsən.

 

Boğazımda düyümlənən

Sözümə açar gələsən.

Uzun bir yolun sonunda

Qapıma naçar gələsən.

 

Bəlkə, sən bu ürəyimin

Qanına qəltan olasan.

Sonra hər zamankı kimi

Taxtına sultan olasan.

 

Aylar keçib, il dolanıb,

Saz üstündə tel yatmışam.

Bəlkə, yolun düşər deyə,

Qapıya dəmir atmışam.

 

XƏBƏRİN VARMI

 

Uzaq yaxın bir yoldayam

sonumdan xəbərin varmı?

gündə beş vaxt üzüm göyə

yönümdən xəbərin varmı?

 

Ağır-ağır nəfəs alan,

öz içinə qəfəs olan,

ətrafına heç kəs olan

özümdən xəbərin varmı?

 

Gündüzləri gecə gedən,

hər addımı heçə gedən,

hara gedən, necə gedən

sozümdən xəbərin varmı?

 

Üz tutmuşam sağ-soluma,

qılınc vermişəm qoluma,

çıxanda yezid yoluma

suyumdan xəbərin varmı?

 

Quyulara əsir salan,

yaxınlığı bir sirr olan,

inamında kəsir qalan

huyumdan xəbərin varmı?

 

“Ol”!- deyəndə olmuşam mən

“Öl!”!- deyəndə ölmüşəm mən,

dünyanı SƏN bilmişəm mən,

deyimdən xəbərin varmı?

 

Sənsən mənim içimdə, Sən,

Çölüm də sən, içim də sən,

Sən elə Mən biçimdəsən,

Özündən xəbərin varmı?

*****

Nəfəsimi dəniz tək

içimə çəkmişəm mən…

dalğaları damarda

qanıma bükmüşəm mən…

 

qağayılar baş çəkir

duzsuz gülüşlərimə…

balıqlar yer saxlayıb

səssiz yerişlərimə…

 

qumların arasında

sevənlərin ayağı.

addımımı dəng edib

dilsiz balıqqulağı…

 

gəmilər də açılıb

bu sabah sonsuzluğa.

addımlar yola çıxıb

su altda sənsizliyə.

 

Yosunlar yosun kimi

saçlarıma dolaşır…

ölüm necə sərindi,

yanır ruhum, alışır.

 

Cavabsız qoyma sən suallarımı,

İndi hər bir sözə cavab tapılır.

İndi səhv edənin dili uzundu,

İndi hər günaha savab tapılır.

 

Qısılıb içinin uzaqlarına,

Bizi addım-addım tərk eləmə sən.

Kim harda, nə təhər çəkir yükünü,

Özündən uzaq tut, görk eləmə sən.

 

Bir hüzurlu həyat, bir sakit küçə..

Dolar səsli-küylü iş otağına.

Kəpənək ürəyin titrək qanadı

Toxunar susamış dil-dodağına.

 

Gözlərin yumular, bir də görərsən

əlindən tutublar yıxılan anda…

Cəhənnəm oduna su səpər bəxtin,

Qovrulub atəşdə yaxılan anda…

 

Diksinib adımı tutarsan bəlkə,

Hardasan?- soruşub, çox axtararsan.

Bəxtini əlinlə geriyə itib,

Ardınca verilmiş söz tək baxarsan.

 

Köhnə bir kitabı, köhnə bir sözü

Həsrət su tək içər, qəm vərəqləyər.

Yenə o səhifəyə qayıtmaq üçün

Gözün yaş, yanağın nəm vərəqləyər…

 

*****

 

ONUN ADI VƏTƏNDİ..

 

İki min yeddi yüz səksən üç Ərdi,

Yaddaşdı, tarıxdi, şərəf, hünərdi.

Atadı,oğuldu, qardaşdı, dostdu,

Onu sevənlərçün böyük dəyərdi!

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

 

Kiminin gözündə donan sevgisi,

Kiminin “ay ata!”- çağıran səsi,

Kiminə əbədi bir qeyrət dərsi,

Kiminə Vətənçün iğid əsgərdi!

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

 

Gəlin bacıların qara yaylığı,

Ata-anaların üzü ağlığı,

Yaralanmış torpağımın sağlığı

Məndən əvvəl, məndən əziz, deyərdi…

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

 

Kim üçün həyatdı, kim üçün ağrı,

Kiminə son ümid, kimə xoş çağrı,

Düşmənə ölümdü, vətənə sargı,

Vətən deyər, Üçrəng kəfən geyərdi..

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

 

Kiminə ürəkdə əbədi bir ah,

Unutsan,dəftərə yazılan günah,

Kiminə dünəndi, kiminə sabah,

Dastan yazıb, oxuyardı, gülərdi…

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

 

Gülüşümdü dodağımda O mənim,

Yerişimdi ayağımda O mənim,

Baxışımdı gözlərimdə O mənim,

Vətəndi, Bayraqdı, adı Zəfərdi!

Şəhiddi, Əzizdi, Əsgərdi, Ərdi!

03.12.2020

 

GÖZÜN AYDIN, QARABAĞIM, QAYITDIQ!

Yollarından qara duman çəkildi,

Gözlərimdən həsrət yaşla töküldü,

Düzlərində Xarı bülbül əkildi,

Cəbrayıla, Füzuliyə qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Bütövləşdik ürəkdə yumruq kimi,

Zamanı da çəkdik yaya ox kimi,

Xilas etdik biz səni Simurq kimi,

Gözün aydın, şəhər, kəndim, qayıtdıq!

Gözün aydın, Xocavəndim, qayıtdıq!

 

Koroğlu cəngisi çaldı Üzeyir,

Xan qızım da vüsal nəğməsi deyir,

Gəl Cıdır düzünə, biz edək seyr,

Gözün aydın, əziz Şuşa, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Yaralandıq, əyilmədik, sınmadıq,

Otuz ildə Qarabağı danmadıq,

Alov aldıq, kül olmadıq, yanmadıq,

Can Xocalım, biz qayıtdıq, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Sarınacaq yaraların telimlə,

Arınacaq hər qarışın əlimlə,

Daranacaq bulaqların gülümlə,

Ağdam, Laçın, biz qayıtdıq, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Üçrəngli bayrağım dağlar başında,

Çöhrəm güldü gözlərimin yaşında,

Əsgər tarix yazdı vətən daşında,

Qubadlıya, Ağdərəyə qayıtdıq.

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

Havalanır Xan əminin gur səsi,

Qəlb oxşayır Qarabağ şikəstəsi,

Azərbaycan gülüb ürəkdən desin,

Xankəndinə, Zəngilana qayıtdıq!

Qarabağım, gözün aydın, qayıtdıq!

 

Qarabağ bizimdir, nida! Qayıtdıq!

Sənsiz günə etdik vida, qayıtdıq!

Birdəfəlik gözəl yurda qayıtdıq!

Gözün aydın, Kəlbəcərim, qayıtdıq!

Qarabağım, gözün aydın, qayıtdıq!

 

Bu sevincin bir adı var, Qələbə!

Məğrurluğun xoş dadı var, Qələbə!

Dağ başında üç odum var, Qələbə!

Milli ruhum, azad çağım qayıtdıq!

Odlar yurdum, Qarabağım, qayıtdıq!

Gözün aydın, Qarabağım, qayıtdıq!

 

OYAN, ŞƏHƏRİM MƏNİM

Otuz illik həsrətdən

özünü asan şəhər.

Oyan, nəfəsin gəlib,

Daş olub, susan şəhər…

 

Qoynunda uyutduğun

Şahların diriləcək.

Sənsiz nəfəs almayan

Ruhların diriləcək.

 

Qəlbini əsir edib,

Şux qəddini əyiblər.

Daşın düşmən başına,

Xatirinə dəyiblər.

 

Bəzəksiz otaqların

Yenidən bəzənəcək.

Xan qızı Nətavanın

Türbəsi diriləcək.

 

Qədirin,Səxavətin

Ruhu göydə süzəcək.

“Sona bülbüllər”min

Cəh-cəhi diriləcək.

 

Şahmarın misrasında

Tənlər bütöv oyanır.

Kərpic-kərpic ovulan

Ürəyində od yanır.

 

Sübh azanı niyyətim,

Üzü göyə duamsan.

Bəxtinə ag gün doğan

Ağ çiçəkli Ağdamsan!

 

Azadlığın mübarək! -

Etdi Sərkərdəm bəyan!

Hər ürəkdən səs gəlir,

Oyan, şəhərim, oyan!

 

21.11.2020

 

QARABAĞI ÜRƏYİMDƏ GƏTİRMİŞƏM

Zaman çatıb, deyən kimi,

Sərkərdəmin -Qalx!-səsinə

oyanmışam, səs vermişəm.

Yetər artıq, ay qəsbkar,

ay zülmkar, bəs demişəm!

Qaniçənin yaddaşına yazılacaq,

Məzarını qazdıracaq dərs vermişəm.

Xudafərin nəfəsini Xan Arazın küləyində

Gətirmişəm, Vətən sənə!

 

Nifrətimi top ağzında yağdırmışam yağış kimi,

Sıldırımlar üzərində, meşəlikdə,

cəngəllikdə,

əlbəyaxa döyüşlərdə

susdurmuşam namərdləri bir daş kimi.

Bütün dünya şahid olub,

haqq uğrunda savaş kimin?

Mən haqqımı Allahımla, mələyimlə

Gətirmişəm, Vətən sənə!

 

Hər addımda bir kəndimi,

Hər nəfəsdə bir daşımı,

bir zirvəmi, bir bəndimi,

Hər atəşdə əl qoyduğum

Quranımı, pir andımı,

Hər ocağa bərəkəti çörəyimdə

gətirmişəm, Vətən sənə!

 

Otuz ilin ağrısını, acısını,

Həsrətini, sancısını

Qırx dörd gündə bitirmişəm.

Qırx dörd günün hər anında

Gözlərimi, ayağımı,

əllərimi, qollarımı,bədənimi itirmişəm.

Əvəzində…əvəzində

Bütövləşıb böyümüşəm.

Yenilməyən ordu adı, qazi adı,

əbədiyyət yollarını fəth eyləyən şəhid adı,

qalib adı qazanmışam.

Anaların, bacıların üzağlığı

Namusumu, vicdanımı,

Son borcumu qeyrətimdə

gətirmişəm, Vətən sənə!

 

 

Bir çiynimdə odlu silah,

bir çiynimdə dost yaralı,

Bir gözümdə düşmən adı,

bir gözümdə vaxt daralır,

Sal daşları əllərimlə didə-didə,

Hər anımda ölüm qoxan o yolları gedə-gedə,

Şəhidimi qucaqlayıb kürəyimdə

gətirmişəm, Vətən sənə!

 

 

Düşmənin talan etdiyi

uçuq-sökük divar olub səngərimiz,

yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,

içimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?

hər oğulun qisasını

yumruq kimi biləyimdə

gətirmişəm, Vətən sənə!

 

Məzar-məzar, şəhid-şəhid

Çoxaltmışam, qaytarmışam,

Yağı düşməndən almışam

Mən bu Vətən torpağını.

Iti qovan tək qovmuşam

Doğma yurddan şər, yağını.

Birdəfəlik bu zillətə, xəyanətə

Son qoymuşam.

Kəsmişəm ağ yollarımdan

Onun qara ayağını.

Tarıx deyə yazılacaq bu dastanı

söhbətimdə gətirmişəm, Vətən sənə!

 

 

Bayrağımı qaya üstə, dağ başında

Zirvələrdə ucaltmışam,

Azanımın gür səsini məscidlərdə,

türbələrdə ucaltmışam,

Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,

Qürur dolu avazımla

azad olan ellərimdə ucaltmışam.

Qarabağı vətən boyda ürəyimdə

gətirmişəm, Vətən sənə!

 

21.11.2020

 

ÖLÜMSÜZLÜK

Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq!
Vətən daşın xəzinətək varlığıyla ovuclamaq!
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Şəhid olmaq-bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün,
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq-mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil,
Dünya boyda ölümsüzlük!

 

 

Sən şəhid düşən gün böyüdüm, ata!

Bir az qorxular,

bir az təsəllilər böyütdü məni.

yenidən doğuldum sən ölən gün , Ata!

əvvəl əlim-qolum bağlandı,

dilim-ağzım yox kimi…

tək gözlərim danışdı,

hələ anlamadığım sənsizliyin dualarında,

gözlərimdən axan yaşlarda doğularaq böyüdüm, ata!

çığırdım, bağırdım səsim gəldikcə..

səsim də böyüdü ,Ata!

 

Ata!- deyıb, tabutunu qucaqlarkən,

Torpağı yavaş tökün, atam ordadı -deyib

Boyun bərabəri məzarına tökülən

torpaq boyda böyüdüm…ata!

Acılarım da torpaq boyda,

qisasım da torpaq boyda böyüdü, Ata!.

əlimə verilən bayrağı gözümün üstə qoyub öpəndə,

bayraq ucalıqda üç rəngdə boy atdım.

Ucaldım … sən yaşda olub, qocaldım, Ata!

Sənin yükünü çiynimə götürüb,

Ağır-ağır yaşlandım,

bir anda ata oldum, oğul oldum..

məndən kiçik olanlara ağıl oldum.

Insanı dərd böyüdərmiş,

Dərd ucaldarmış…

Nəfəs kimi ala bilmədiyim yoxluğun

məni mən elədi…

Sənin adın,şərəfin, sənin şəhidliyin,

sənin qürurun,sənin sevgi düsturun

Məni Sən elədi, Ata….

 

 

********

Dur, qarşıla oğulları,

Şəhid gəlir, Vətən gəlir!

Anaların ürəyində

Qürurla ağı tən gəlir!

 

Aç bayrağı məzar üstə,

şəhidimi qucaqlasın..

Başı üstə dalğalansın,

Adını uca saxlasın.

 

Tabutunu al çiyninə,

Məğrur dayan, mənim bacım!

Şəhid bizim varlığımız,

Şəhid – Vətəndə baş tacım!

 

Ata! – deyib, ağlamayın,

Dik durun, şəhid balası!

Ataların davamçısı

Bu günün şahid balası.

 

Qanla yuyulan torpağı

Azad etdi biləyiniz.

Şəkillərə ürək qoyun,

Parçalandı ürəyimiz.

 

Ana, dur qarşıla məni,

Köksümdə bayraq gəlirəm.

Arxamda azad vətənim,

Sənə üzü ağ gəlirəm.