“Orada, içəridə” – Moris Meterlink

24 Baxış

Orada, içəri

photo_2186

 

Senet.az “Ustad” jurnalının 21-ci sayında yayımlanan Moris Meterlinkin “Orada, içəri” pyesini təqdim edir:

 

 

Fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Moris Polidor Mari Bernar Meterlink 19 avqust 1862-ci ildə Belçikanın Hent vilayətində anadan olub. Dünya şöhrətli fəlsəfi pyes-pritça – “Mavi quş”un müəllifidir.

Meterlink ölüm və həyat mövzusunun, reallıqla mistikanın qəribə şəkildə çulğalaşdığı “Çağrılmamış qonaq” (1890), “Korlar” (1890), “Yeddi şahzadə” (1991), “Peleas və Melianda” pyeslərini yazır. O, 1895-ci ildə müğənni və aktrisa Jorjetta Leblan ilə tanış olur, 25 il birlikdə yaşayırlar. Yaradıcılığının və Leblanla əlaqələrinin Gentdə istehza hədəfinə çevrildiyini görən Meterlink 1896-cı ildə Parisə köçür. Bir müddət hətta dramaturgiyadan uzaqlaşaraq daha çoх metafizik esse və traktatlar yazır.

Moris Meterlink 1911-ci ildə Nobel mükafatına layiq görülür. Mükafat ona “çoхcəhətli ədəbi fəaliyyətinə, ilk növbədə isə təхəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqəti çəkən dram əsərlərinə görə” verilir. Maraqlıdır ki, İsveç Akademiyasının daimi katibi K.Virsen Meterlink yaradıcılığında əslində zəif əsər kimi qiymətləndirilən “Aqlavena və Selizetta” dramını fərqləndirir. Bir sıra həmkarları kimi, Meterlink də mükafatın təqdimat mərasimində iştirak edə bilmir. Onun diplom və medalı Belçikanın Stokholmdakı səfirinə təqdim olunur.

Həyatının son illərində Meterlink pyeslərdən daha çoх məqalə və esselər yazır. Onun dramaturgiyası müasir dövrdə də maraq doğurur. Onu haqlı olaraq absurd teatrının banilərindən biri sayırlar. Tənqidçi Joanna Kozoffun fikrincə, bir sənətkar kimi Meterlinkin ədəbi uzunömürlülüyünün sirri onun heç vaхt sənəti təbliğata çevirməməsi, ümumbəşəri dəyərlərə önəm verməsi ilə bağlıdır.

 

 

 

Orada, içəridə

 

 

 

İştirak edirlər:

 

Bağda:

Qoca

Yad adam

Marta –

Mariya – Qocanın nəvələri

Kəndlilər

Camaat

 

Evdə:

Ata –

Ana –

İki qız – (heç biri danışmır)

Uşaq

 

 

Çoxlu söyüd ağacları olan köhnə bağ. Bağın dərinliyində ev; aşağı mərtəbənin üç pəncərəsindən işıq gəlir. İçəridə, lampa işığında oturan ailə aydın görünür. Ata kaminin yanında oturub. Ana stola dirsəklənib, gözünü bir nöqtəyə dikib. Əyinlərində ağ paltar olan iki gənc qız tikiş tikir, fikrə gedir, gülümsəyir. Anasına sığınan körpə mürgüləyir.

Qocayla Yad adam ehtiyatla bağa girir.

 

QOCA: Biz bağın dal tərəfindəyik. Onlar heç vaxt bura gəlmir. Qapı o biri tərəfdəndir. O indi bağlıdır, pəncərə qapaqları da bağlanıb. Amma bu tərəfdə pəncərə qapaqları yoxdur. Görürsən, işıq gəlir… Hə, hələ də lampa işığında oturublar. Yaxşıdı, bizim necə gəldiyimizi eşitmədilər. Yoxsa ana, ya da qızlardan hansısa çıxardı, onda neyləyərdik?

YAD ADAM: Biz nə etməliyik axı?

QOCA: Əvvəlcə baxaq, görək hamısı burdadır, ya yox. Hə, bax, ata kaminin yanında oturub, əllərini dizlərinin üstünə qoyub… Ana stola dirsəklənib…

YAD ADAM: O bizə baxır…

QOCA: Yox, o, özü də bilmir hara baxır, gözləri yol çəkir. Bir də ki, o, bizi görə bilməz, hündür ağacların kölgəsi üstümüzə düşür. Amma yaxına getmək olmaz… Mərhumun bacıları da burdadır. Tikiş tikirlər, uşaq yatıb. Küncdə saat var, doqquzu göstərir… Heç kim heç nədən şübhələnmir, hamı susub.

YAD ADAM: Bəlkə, atanın diqqətini cəlb edək? Ona nəsə işarə verək? Baxın, başını bizim tərəfə çevirdi. Bəlkə, pəncərəni döyüm? Əvvəlcə biri bilməlidir…

QOCA: Bilmirəm kimi seçək… Çox ehtiyatlı olmaq lazımdır… Ata qocadır, zəifdir… Elə ana da… Bacılarsa elə cavandırlar ki! Və hamısı onu sevirdi, daha heç kimi belə sevə bilməyəcəklər… Heç yerdə belə xoşbəxt ailə görməmişəm. Yox, yox, pəncərəyə yaxın getməyin, daha da korlayarsınız. Yaxşısı, hadisəni sadə bir şeymiş kimi danışaq. Çox da kədərlənməməliyik, yoxsa onlar həyəcanlananda bilmərik nə edək… Gəlin, gedib əsas qapını döyək, adi qonaq kimi. Birinci mən girəcəyəm. Onlar təəccüblənməyəcəklər, mən hərdən axşamlar qonaq gəlirəm, gül, ya da meyvə gətirirəm, oturub söhbət edirik.

YAD ADAM: Mən niyə girim ki? Siz tək gedin. Bayırda gözləyərəm, çağırsalar gələrəm… Mən yoldan keçən biriyəm, mən yad adamam…

QOCA: Mənimlə getsəniz daha yaxşı olar. Pis xəbəri iki nəfər verəndə, o qədər də ağır olmur… Gələ-gələ bunu fikirləşirdim. Əgər tək girsəm, onda o saat danışmalı olacağam və heç nə əlavə edə bilməyəcəyəm, mənsə pis xəbərdən sonra araya çökən sükutdan qorxuram… Onda ürəyim parçalanır. Əgər ikimiz də girsək, onda xeyli təfərrüatdan sonra deyərəm ki: “Onu çayda üzən yerdə tapıblar, əlləri qatlanmışdı…”

YAD ADAM: Onun əlləri qatlanmamışdı, bədənindən aralıydı.

QOCA: Görürsünüz, danışırsan, ətraflı izah edirsən və bədbəxtlik xırda təfərrüatların arasında yoxa çıxır… Əgər mən tək girsəm, onda heç bilmirəm onlar necə olar, axı onları tanıyıram, çox dəhşətli vəziyyətə düşə bilərlər… Əgər biz ikimiz növbəylə danışsaq, onda bizə qulaq asa-asa kədərin ağırlığından yayınarlar. Unutmayın ki, anası da ordadır, o ölüm ayağındadır… Onların fikrini lazımsız sözlərlə yayındıra bilsəydik! Danışarıq, təki başları qarışsın. Hətta ən soyuqqanlı adamlar da kədərin bir hissəsini çəkir, özləri bunu bilməsə də…

YAD ADAM: Siz islanmısınız, paltarınızdan su damır.

QOCA: Təkcə plaşımın ətəyi islanıb. Sizə, deyəsən, soyuqdur. Başdan-ayağa palçıq içindəsiniz… Gələndə görməmişdim, qaranlıq idi.

YAD ADAM: Qurşağacan suya girmişdim.

QOCA: Mən gələndə, siz onu çoxdan tapıb çıxartmışdınız?

YAD ADAM: Bir neçə dəqiqə olardı. Mən çay sahiliylə kəndə gedirdim, gec idi, şər qarışırdı. Çaya baxırdım, çayın suyu yoldan daha aydın idi. Birdən gördüm ki, qamışlıqda nəsə tərpənir… Aşağı düşüb baxanda onun saçlarını gördüm, suyun üstünə yayılmışdı…

 

Otaqda hər iki qız pəncərəyə baxır.

 

QOCA: Qızlara fikir verdiniz? Saçları necə tərpəndi.

YAD ADAM: Onlar bizə tərəf baxdılar… Sadəcə başlarını çevirib baxdılar. Ola bilsin, çox bərk danışdım. (Qızlar yenə işləriylə məşğul olurlar.) Baxın, daha baxmırlar… Qurşağacan suya girdim, əlindən tutub sahilə çəkdim… O da bacıları kimi çox gözəldi!

QOCA: Məncə, ən gözəlləri o idi! Bilmirəm, nə üçün başdansovdu elədim…

YAD ADAM: Nə başdansovdu! Əlimizdən gələn hər şeyi elədik… O, bir saat olardı ki, ölmüşdü…

QOCA: Bu gün səhər o, hələ sağ idi!.. Kilsədən çıxanda görmüşdüm. Mənə dedi ki, gedir, amma əvvəlcə nənəsini görməyə gedəcəkdi, nənəsi çayın o biri sahilində yaşayır, sizin onu tapdığınız çayın… Dedi ki, bilmir bir də haçan görüşəcəyik. Deyəsən, məndən nəsə istəyəcəkdi, amma cəsarəti çatmadı. Üzünü çevirib getdi. Bayaqdan bunu fikirləşirəm… Ondasa başa düşməmişdim!.. O danışmaq istəməyən, danışsa sirrinin açılacağından qorxan adamlar kimi gülümsədi. Elə bil, onun nəsə balaca ümidi vardı. Demək olar, üzümə baxmadı.

YAD ADAM: Kəndlilər dedi ki, onun axşamacan çay sahilində gəzişdiyini görüblər. Elə biliblər, gül dərir. Bəlkə, onun ölümü…

QOCA: Bilmirik… Heç nə bilmirik! O, çox sirli qız idi. İstənilən adamın yaşamamaq üçün xeyli səbəbi var. Ürək otaq deyil ki, içinə baxa biləsən. Sirli adamlar belədir. Elə şeylərdən danışırlar ki, heç nədən şübhələnmirsən. Aylarla yanaşı yaşayırsan, amma onun artıq bu dünyaya aid olmadığını bilmirsən; düşünülməmiş cavablar verirsən, axırda da belə… Əslində, onlar özləri də ruhlarının necə cövlan etdiyini başa düşmür. O qız da hamı kimi yaşayırdı… Baxsan, ölən dəqiqəsinəcən deyirdi ki: “Bu gün yağış yağacaq,” ya da: “Biz indi səhər yeməyi yeyəcəyik, stol ətrafında on üç nəfər olacağıq,” ya da ki: “Meyvələr hələ yetişməyib.” Onlar hər şey haqda sevinclə danışır və qaranlıqda ağlayır. Bizsə hər şeyi onda başa düşürük ki, artıq olan-olur, keçən-keçir… Dünən axşam o da lampa işığında oturmuşdu, əgər bu hadisə olmasaydı, indi də orda, bacılarının yanında oturacaqdı.

YAD ADAM: Baxın, onlar gülümsəyirlər!

QOCA: Onlar sakitdir… Bilirdilər ki, qız bu gecə gəlməyəcək.

YAD ADAM: Tərpənmədən gülümsəyirlər. Baxın, ata barmağını dodaqlarına qoydu.

QOCA: O yatan uşağı göstərir…

YAD ADAM: Anası uşağı oyatmaqdan qorxur, heç gözlərini də qaldırmır.

QOCA: Qızlar da tikmir. Evə sakitlik çöküb.

YAD ADAM: Yumaq yerə düşdü.

QOCA: Hamısı uşağa baxır.

YAD ADAM: Onlar bizim baxdığımızı hiss etmir.

QOCA: Onlar bizə baxır!

YAD ADAM: Başlarını qaldırdılar…

QOCA: Amma yenə də heç nə görmürlər.

YAD ADAM: Kənardan xoşbəxt görünürlər, amma…

QOCA: Elə bilirlər ki, təhlükəsizlikdədirlər. Qapını bağlayıblar, pəncərələrdə barmaqlıq var. Köhnə evin divarlarını möhkəmlədiblər, mümkün olan bütün qoruyucu tədbirləri ediblər.

YAD ADAM: Amma onlara demək lazımdır. İndi kimsə gəlib birdən xəbər verə bilər. Sahildə, qızı çıxartdığımız yerdə xeyli kəndli yığışıb, birdən hansısa gəlib qapını döydü?

QOCA: Martayla Mariya da ordadır. Kəndlilər budaqlardan xərək düzəldir. Böyük nəvəmə tapşırmışam ki, kəndlilər yola çıxan kimi tez gəlib mənə xəbər versin. Onu gözləyək, o da mənimlə bir yerdə evə gedər. Onlara bu qədər baxmamalıydıq! Gərək qapını döyüb gedəydik, bir az ordan-burdan danışandan sonra deyəydik. Onların lampa işığında oturmağına çox baxdıq…

 

Mariya gəlir.

 

MARİYA: Baba, gəlirlər.

QOCA: Mariya, sənsən?.. Hardadırlar?

MARİYA: Qayalıqdan çıxmaq üzrədirlər.

QOCA: Deyəydin, səssiz gələydilər.

MARİYA: Xahiş etdim ki, duanı yavaşdan oxusunlar. Marta da onlarladır.

QOCA: Çox adam var?

MARİYA: Bütün kənd gəlir. Özləriylə şam da gətirmişdilər. Tapşırdım ki, söndürsünlər…

QOCA: Hansı yolla gəlirlər?

MARİYA: Cığırla. Çox yavaş gəlirlər.

QOCA: Vaxtdır.

MARİYA: Siz artıq xəbər vermisiniz, baba?

QOCA: Görürsən ki, hələ heç nə deməmişik. Hələ də lampa işığında oturublar. Bax, əziz balam, bax! Həyatın nə olduğunu az da olsa başa düşəcəksən…

MARİYA: Necə də sakitdirlər! Elə bil, onları yuxuda görürəm.

YAD ADAM: Sakit! Baxın, bacılar elə bil səksəndilər…

QOCA: Ayağa durdular…

YAD ADAM: Deyəsən, pəncərəyə yaxınlaşırlar…

 

Bacılardan biri birinci pəncərəyə, o birisi üçüncü pəncərəyə yaxınlaşır. Məhəccərə dirsəklənib qaranlığa baxmağa başlayırlar.

 

QOCA: Heç biri orta pəncərəyə yaxınlaşmadı.

MARİYA: Baxırlar… Qulaq asırlar…

QOCA: Böyüyü görmədiyi nəyəsə gülümsəyir…

YAD ADAM: O birisi elə bil qorxub, gözlərinə baxın!

QOCA: Ehtiyatlı olun! Bilmirik sonra nə olacaq.

 

Uzun sükut.

 

MARİYA: Baba!..

QOCA: Ağlama, mənim balam… Haçansa bizim də vaxtımız çatacaq.

 

Sükut.

 

YAD ADAM: Yaman çox baxırlar…

QOCA: Bu yazıq qızlar yüz min il də baxsalar, heç nə görməyəcəklər. Gecə zülmətdir. Onlar bu tərəfə baxır, bəsbəxtliksə o biri tərəfdən yaxınlaşır.

YAD ADAM: Yaxşı ki bu tərəfə baxırlar. Çəmənlikdən kimsə gəlir…

MARİYA: Yəqin kəndlilərdir..Hələ o qədər uzaqdadırlar ki, səsləri eşidilmir.

YAD ADAM: Cığırla gəlirlər. Baxın, Ay işığında kölgələri görünür!

MARİYA: Nə çox adam var!.. Mən bura gələnəcən camaat dövrə vurub, deyəsən, dolama yolla gəlirlər.

QOCA: Tezliklə burda olacaqlar. Mən də onları görürəm. Burdan elə balaca görünürlər ki. Elə bil, Ay işığında oynayan uşaqlardır… Bacılar onları görsəydilər də, heç nə başa düşməzdilər. Baxın, bacılar üzlərini çevirdilər, amma camaat saniyəbəsaniyə yaxınlaşır. Kədər anbaan böyüyür, ailə kədəri saxlamaq iqtidarında deyil, ketlə kədər gətirir, onlar da dayana bilməz. Kədər hamıya hökmranlıq edir və hamı ona baş əyməlidir… Onun hədəfi var, o öz yoluyla gedir. Onu dayandırmaq olmaz! Hamı kədərlidir, amma gəlirlər. İstəməsələr də gəlməlidirlər.

MARİYA: Böyük qız artıq gülümsəmir, baba…

YAD ADAM: Pəncərədən uzaqlaşdılar.

MARİYA: Analarını öpürlər…

YAD ADAM: Böyük qız uşağı sığallayır, amma uşaq oyanmır…

MARİYA: Ata da qızlarını yanına çağırıb öpür…

YAD ADAM: Sakitlik çökür…

MARİYA: Yenə analarına yaxınlaşırlar…

YAD ADAM: Ata saata baxır…

MARİYA: Özləri də bilmədən dua edirlər…

YAD ADAM: Ürəklərinin səsinə qulaq asırlar…

 

Sükut.

 

MARİYA: Baba, onlara bu gün deməyək!

QOCA: Bax, sənin də ürəyin gəlmir! Bilirdim ki, burda dayanıb baxmaq olmaz. Səksən üç yaşımın tamam olmağına az qalıb, amma bu gün birinci dəfə həyat səhnəsi məni heyrətləndirdi. Səbəbini bilmirəm, amma onların bütün hərəkətləri mənə qeyri-adi və mənalı görünür. Onlar sadəcə lampa ətrafında oturublar, biz də elə otururuq. Mənə elə gəlir ki, onlara başqa dünyadan baxıram, çünki onların bilmədiyi bir şeyi bilirəm… Düz deyil, balalarım? İndiyəcən həyatın belə acı, belə dəhşətli olduğunu bilmirdim. Hətta heç nə baş verməsəydi də, mən onların sakitliyinə baxıb dəhşətə gələrdim! Onlar dünyaya həddindən çox inanırlar… Bağlı pəncərə arxasında oturublar. Elə bilirlər, qapını bağlayıblarsa, heç nə baş verə bilməz. Ürəkdə daim nələrinsə baş verdiyini və dünyanın qapıda qurtarmadığını hələ başa düşməyiblər… Öz balaca həyatlarından xətircəmdirlər və bilmirlər ki, başqası onların həyatı haqda daha çox şey bilir. Mən, yazıq qoca, qapılarının iki addımlığında dayanmışam, əlimdə onların balaca xoşbəxtliklərini tutmuşam. Elə bil, ovcumda quş var, amma ovcumu açmağa cəsarətim çatmır…

MARİYA: Onlara sabah de, baba, sabah, gün çıxandan sonra de! Aydınlıqda o qədər də ağır olmaz.

QOCA: Bəlkə də, haqlısan… Yaxşısı, gecə deməyək. İşıq kədəri azaldar… Bəs onlar sabah nə cavab verəcəklər? Bədbəxtlik adamları qısqanc edir, kim bədbəxtdirsə, o, başqalarından tez xəbər tutmaq istəyir. Onların vəziyyəti daha pisdir, bədbəxtlikləri başqasının əlindədir. Elə biləcəklər, onlardan nəsə oğurlamışıq.

YAD ADAM: Gecdir. Dua səslərini eşidirəm…

MARİYA: Çatdılar…

 

Marta gəlir.

 

MARTA: Onları gətirdim. Dedim ki, küçədə dayansınlar. (Uşaq ağlamağının səsi gəlir.) Uşaqlar ağlayır… Demişdim, bizimlə gəlməsinlər, amma onlar da baxmaq istədilər, anaları da mənə qulaq asmadı… İndi onlara deyərəm… Özləri susdular. Artıq demisiniz? Qızın barmağındakı üzük məndədir. Özüm onu xərəyə uzatmışam. O, elə bil, yatıb… Saçlarını yığa bilmirdim. Sahildən çiçək yığdıq. Burda nə edirsiniz? Nə üçün içəridə, yanlarında deyilsiniz? (Pəncərəyə baxır.) Onlar ağlamır? Onlar… Siz hələ deməmisiniz?

QOCA: Marta, Marta, sən həyat dolusan, başa düşmürsən…

MARTA: Nə üçün başa düşmürəm?.. (Bir az sükutdan sonra.) Baba, yaxşı deyil…

QOCA: Marta, sən başa düşmürsən…

MARTA: Özüm gedib deyərəm.

QOCA: Mənim balam, burda dayan, bax.

MARTA: Necə də bədbəxtdirlər! Daha artıq gözləyə bilməzlər…

QOCA: Nə üçün?

MARTA: Bilmirəm… Amma çox uzatmaq olmaz!

QOCA: Bura gəl, mənim balam…

MARTA: Necə də səbirlidirlər!

QOCA: Bura gəl, mənim balam…

MARTA: (Ətrafa baxır) Baba, hardasan? Yanımda dayan. Özüm də bilmirəm indi nə edim.

QOCA: Nə qədər ki, xəbər tutmayıblar, onlara baxma!

MARTA: Mən səninlə gedəcəyəm…

QOCA: Yox, Marta, burda dayan! Bacınla bir yerdə divarın yanındakı daş skamyada otur, içəri baxma! Sən çox cavansan, unuda bilməyəcəksən… Qabağından ölüm keçəndə insanın nə vəziyyətə düşdüyünü bilmirsən. Qışqırsalar da, baxma! Bəlkə, heç nə olmayacaq. Sən baxma, evə baxma! Nə edəcəklərini əvvəlcədən bilmək olmaz… Adətən hislərini səssiz hıçqırıqlarla büruzə verirlər. Hələ heç bilmirəm, onları eşidəndə nə edəcəyəm. Öp məni, mənim balam, gedim mən.

 

Dua səsləri yavaş-yavaş yaxınlaşır. Camaatın bir hissəsi həyətə girir. Addım səsləri, pıçıltılar eşidilir.

 

YAD ADAM (Camaata): Burda dayanın! Pəncərələrə yaxınlaşmayın! O hardadır?

KƏNDLİLƏR: Kim?

YAD ADAM: Xərəyi soruşuram.

KƏNDLİLƏR. Xərəyi əsas qapıya aparırlar.

 

Qoca gedir. Martayla Mariya skamyada, arxaları evə otururlar. Camaat arasında pıçıltı dolaşır.

 

YAD ADAM: Ssss, danışmayın!

 

Evdə böyük bacı durub qapıya yaxınlaşır, cəftəni burur.

 

MARTA: O, qapını açır?

YAD ADAM: Əksinə, bağlayır.

 

Sükut.

 

MARTA: Babam içəri girdi?

YAD ADAM: Yox. Qız yenə anasının yanında oturdu. Heç kim tərpənmir. Uşaq yatır.

 

Sükut.

 

MARTA: Bacı, əlini mənə ver!

MARİYA: Marta!..

 

Martayla Mariya qucaqlaşıb öpüşürlər.

 

YAD ADAM: Deyəsən, o, qapını döydü… Hamısı birdən başlarını qaldırdı… Qapıya boylanırlar…

MARTA: O! O! İndi qışqıracağam! (Bacısının çiyninə sığınır, ağlamağını güclə saxlayır.)

YAD ADAM: Deyəsən, bir də qapını döydü. Ata saata baxıb ayağa durdu.

MARTA: Bacı, bacı, mən də getmək istəyirəm! İstəmirəm tək qalsınlar.

MARİYA: Marta, Marta!.. (Onu qucaqlayır)

YAD ADAM: Ata qapının qabağındadır. Cəftəni açdı… Asta-asta qapını aralayır…

MARTA: O! Siz görmürsünüz?..

YAD ADAM: Kimi?

MARTA: Xərəyi aparanları…

YAD ADAM: O, qapını açdı… Həyətin bir hissəsini, bir də fontanı görürəm. Kişi “O, bu sizsiniz?” – mənasında əlini yellətdi, qırağa çəkildi. Baba içəri girdi.

 

Camaat pəncərələrə yaxınlaşır. Martayla Mariya da durub yaxına gedirlər. Qocanın otağa necə girdiyi görünür. İçəridəki qızlar ayağa durur. Ana da ehtiyatla kürsüdən durur, yatmış uşağı həmin kürsüyə uzandırır. Uşaq hələ də yatır. Ana qocaya yaxınlaşır, əlini uzadır, elə həmin an da çəkir. Qızlardan biri qocanın plaşını almaq istəyir, o birisi kürsünü göstərir. Qoca başını yellədir. Ata heyrətlə gülümsəyir. Qoca pəncərələrə baxır.

 

YAD ADAM: Deməyə cəsarəti çatmır… Bizə baxır… (Camaat arasında pıçıltı gəzir.) Sss! (Qoca pəncərədən onları görən kimi üzünü çevirir. Qız yenə kreslonu ona göstərir, qoca axırda oturur, əliylə alnını ovuşdurmağa başlayır.) Oturdu…

 

Otaqda hamı oturur. Ata nəsə danışmağa başlayır. Nəhayət, qoca ağzını açır, hamı ona qulaq asır. Amma ata onun sözünü kəsir. Qoca yenə danışmağa başlayır, hamı səssiz oturub qulaq asır. Birdən ana dəhşətlə ayağa sıçrayır.

 

MARTA: Ana nədənsə şübhələndi! (Əlləriylə üzünü örtür.)

 

Camaat çalxalanır. Uşaqlar deyirlər ki, onları yuxarı qaldırsınlar, yaxşı görə bilmirlər. Analar uşaqları qaldırır.

 

YAD ADAM: Sss! Hələ deməyib… (Ana həyəcanla qocadan nəsə soruşur. Qoca bir neçə kəlmə deyir, hamı ayağa durub ondan nəsə soruşmağa başlayır. Qoca yavaş-yavaş başını tərpədir.) O dedi, hər şeyi dedi!

Camaat arasından səslər gəlir: O dedi!.. O dedi!..

YAD ADAM: Heç nə eşitmək olmur!

 

Qoca ayağa durur, qapını göstərir. Ana, ata və qızlar qapıya tərəf atılırlar, ata çətinliklə qapını açmağa çalışır. Qoca ananı çıxmağa qoymur.

 

Camaat arasından səslər gəlir: Çıxırlar!.. Çıxırlar!..

 

Həyətdə çaxnaşma düşür. Hamı evin qabaq tərəfinə gedir. Bircə yad adam pəncərənin qabağında dayanır. Evin qapısı taybatay açılır. Hamı eyni anda həyətə çıxır. Ay işığında xərəyi gətirdikləri görünür. Boş otaqdakı kürsüdə uşaq yatmağa davam edir. Sükut.

 

YAD ADAM: Uşaq oyanmadı!

 

 

Tərcümə etdi: Həmid Piriyev

Bölmə : Manşet
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10