Ordan-burdan – Üzeyir Hacıbəyli

59 Baxış

- Əşi, Allaha and olsun, yol açılan kimi çıxıb gedib ya Rusiyətdə, ya zaqranitsada qalıb, bir kərə də üzümü Bakıya çevirməyəcəyəm:

- Balam nə olubdur?

- Nə olacaqdır? İstudentlik vəqtimizdə bir o qədər yaxşılıq eləmişəm, pulu olmayanda pul vermişəm, neçə kərə tiyatırlara aparmışam, evimdə yer verib saxlamışam.

- İndi özu ministir olubdur, mənə deyir ki, gəl səni qubernat təyin eliyim! Yəni aşağa-aşağa qatıqlı aşdan da aşağa?! Neujeli mən o qədər əskik oldum ki, ancaq qubernatorluğa layiqəm!

- Əfəndim! Niqalayın vəxtında min cürə yaltaqlıq, rüşvət, peşkəşdən sonra birimizə pristavlıq veriləndə öylə bilirdik ki, bütün dünya bizə verildi; indi nə oldu ki, qubernatorluq əskik iş oldi!

- Xeyir, mən demirəm ki, qubernaturlıq əskik şeydir; siz görünür ki, məni başa düşmədiniz! Mən onu demirəm ki, indi ki, mən sənə istudentlik vəqtində bir o qədər yaxşılıq eləmişəm, neçə kərə pul da vermişəm və sən mənim yoldaşım idin, bu gün sən ki pristav olmusan, məni də heç olmasa pamoşnik pristav elə! Naçalnik olmu­san, pamoşnik naçalnik elə! Qubernator olmusan pamoşnik qubernat elə! Ministir olmusan, heç olmasa tavariş ministra elə! Dəha elə olmasın ki, sən olasan ministir, mən nə? Qubernator! Mən bunu demək istəyirəm!

- A, siz bunu demək istiyirmişsiniz? Öylə isə bu başqa məsələdir! İnşallah yol açılanda çıxub getməyiniz məsləhətdir!

***

- Qadan alım, bircə məni başa sal görüm: Ministr, yəni nə deməkdir?

- Ministir, yəni vəzir!

- Çox yaxşı, Allah səndən razı olsun. Deməli, bizim Xan Xoyski vəzirdir?

- Vəzirdir.

- Əbdüləli bəy də vəzirdir? Bizim Nəsib bəy də vəzirdir?

- Vəzirdir!

- Cavanşir Hacinski, Aşurov, Məlik-Aslanov, Sultanov, bunlar da vəzirdirlər?

- Vəzirdirlər!

- Allah sənə ömür versin, pəs qadan alım, bunlar hansı padşahın vəzirləridirlər?

Bu sual bir az məni qanxdırdı:

- Necə, hansı padşahın?

- Yəni, deyirəm, Osmanlı padşahın vəziridirlər?

- Xeyr, Sultan həzrətlərinin öz vəzirləri vardır!

- Rus padşahının?

- Xeyir, indi bizim Rusyət ilə heç bir əlaqəmiz yoxdur!

- Bəs hansı padşahın vəziridirlər?

Fikrimi toplayıb dedim:

- Sən padşahın!

Güldü:

- Mən padşah olsa idim baqqallıq eləməzdim.

Dedim:

- Baqqallığın və ya dülgərliyin zərəri yoxdur, bu saət bu ministirlər hamısı sənin vəzirlərindirlər.

Dedi:

- Vallah yaxşı başa düşmirəm!

Dedim:

- Bax bu vəzirlər Azərbaycan hökumətinin millət vəzirləridirlər və sən də Azərbaycan hökumətinin millətisən: pəs demək bu vəzirlər sənin vəzirindirlər!

İnşallah, elə ki, bu təzəlikdə millət evimiz (parlamanmız) açılar, onda baxıb görərsən ki, həqiqətdə də vəzirlər sənindir! Və bu dəstgah hamısı ondan ötrüdür ki, sən bir növ istirahət ilə dolanıb, azad çörəyini azadə yeyə biləsən, ancaq bu azadlığı sənin üçün qan töküb alan türk milləti-nəcibəsindən və türk qəhrəman ordusundan qəflətdə olmuyub onlar haqqında həmişə duaçı olasan, necə ki, Sədi əleyhirrəhmə buyurubdur:

Əbro, bado, məho xorşido fələk dər karənd,

Tato nani bekəf ari və be qəflət nə xori!

(Tərcümə: Bulud, külək, ay, günəş və kainat öz işlərindədilər

Ta sən loxma çörək tapıb gətirəsən və qəflətdə yeməyəsən)

Baqqal Kərbəlayi Kərim bu sözləri eşidəndən sonra bir az fikir edib bədə papağını əyri qoydu və kəmali-səmimiyyət ilə:

- Allah qoysa işləriniz yaxşı olar, deyib keyfi kök və damağı çağ getdi.

Filankəs

 29 oktyabr 1918-ci il