Orta əsr mətbəx keramikasına dair

133 Baxış

aidaAida İsmayılova 

( Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)

 

Milli Azərbaycan Tarixi Muzeyində (MATM) orta əsrlər dövrünə aid müxtəlif təyinatlı keramika nümunələri qorunur. Onların içərisində qazan və qapaqlar xüsusi yer tutur.Həmin nümunələr haqqında mütəxəssislər tərəfindən müəyyən məlumatlar verilsə də, xüsusi olaraq tədqiqat obyekti olmamışdır. Orta əsrlərə aid saxsı qazan və qapaqlar haqqında Qara Əhmədov (3, s. 60-65; 4, s. 74; 9, s. 205-210) Əziz Novruzlu ( 14, s. 38-42), İshaq Cəfərzadə (10, s. 69-70), Vadim Leviatov ( 13, s. 6-7)  müəyyən qədər məlumat vermişlər. Lakin qeyd edək ki, Q. Əhmədov əsasən 1953-1955-ci illərdə aşkar olunmuş qazan və qapaqlardan geniş bəhs etmişdir, Ə.Novruzlu isə demək olar ki, MATM-ın Arxeologiya fondunda qorunan qazan və qapaqlar  haqqında məlumat verməyib, belə ki, müəlllifin tədqiqat işi Azərbaycanın IX-XVII əsr keramikasına aid olsa da, orada ancaq Q. Əhmədovun tədqiqatlarına istinad edərək mövzuya səthi şəkildə toxunmuşdur. Müəllif daha çox Naxçıvan materiallarını  geniş şərh etmişdir. İ. Cəfərzadə və V. Leviatovun əsərlərində isə qazanlar və qapaqlar haqqında olduqca az məlumata rast gəlinir, onlar haqqında informasiyanı bir cümlə ilə xarakterizə edə bilərik. Əgər Beyləqan şəhər yerindən tapılmış qazan və qapaqlar müəyyən qədər öyrənilmişdirsə, Gəncə şəhər yerindən tapılanlar tədqiq olunmayıb. Eyni fikri Bəndovan şəhər yerindən aşkar olunmuş qazan və qapaqlar haqqında da deyə bilərik. Qeyd olunanları nəzərə alaraq hazırkı məqalədə MATM-ın Arxeologiya fondunda qorunan IX-XIII əsrin əvvəllərinə aid qazan və qapaqları tədqiqata cəlb etməyə cəhd etmişik. Qazan və qapaqların öyrənilməsi ilə o dövrün mətbəx keramikası, şirsiz saxsı məmulatı barədə  təsəvvür daha da genişlənəcəkdir. Uzun illərdən bəri Arxeologiya fondunda öz tədqiqini gözləyən şirsiz saxsı məmulatına aid  mətbəx keramikasının kompleks tədqiqinə səy göstəilmişdir. Əsas məqsəd mətbəx keramikasına aid edilən qazan və qapaqları  sistemləşdirmək, onların səciyyəvi xüsusiyyətlərini qeyd etmək, tipoloji təsnifatını aparmaq, inkişaf mərhələlərinə nəzər salmaqdır.

MATM-da qorunan şirsiz saxsı qazanlar Beyləqan, Gəncə, Bəndovan, Qəbələ, Bərdə şəhər yerlərindən aşkar olunmuşdur. Ümumi götürdükdə isə Beyləqandan tapılan nümunələr çoxluq təşkil edir, lakin onların da böyük əksəriyyəti tam halda deyil.

Saxsı qazan və qapaqların hazırlanması təbii ki, orta əsrlər dövründən başlanmır.  Qeyd edək ki, sadə şəkildə olsa da gildən qazanların hazırlanmasına hələ neolit dövründən başlanmışdır (8, s. 69-70). Bu haqda Osman Həbibullayev tədqiqatlarında məlumat vermişdir.  O qeyd edir ki, eneolit dövründə qazan formalı qablar hazırlanmışdır. Onların bəziləri formalarına görə bir-birindən müəyyən qədər fərqlənmişdir. Belə ki, onların bəzilərinin geniş və yastı oturacağı, bir az qabarıq, qalın divarları var. Onların gilinin tərkibində saman çoxdur, bu da qazanların divarlarını qalın və möhkəm edir. Bəzi nümunələrin isə divarları nazik olub, səthləri şürələnib, bəzilərinin mərkəzində qulp yerinə iki ədəd yastı və dairəvi çıxntı var. Qazanların üzərində həmçinin his izlərini görmək mümkündür (8, s. 69). Müəllif digər bir tədqiqat əsərində çəlləkşəkilli qablardan bəhs edir. Qabların təsvirindən belə anlamaq olar ki, onlar çox güman ki, qazanların ilk variantı olmuşdur  (6, s. 61).  Tunc dövründə nisbətən xeyli təkmil olmuş, bəhs etdiyimiz dövrdə isə olduqca nəfis saxsı qazanlar hazırlanmışdır.  Hətta az da olsa XII əsr –XIII əsrin əvvəllərində də metaldan zərif işləməli düzəldilmiş qazanlardan istifadə olunmuşdur.

Qazanlar kimi qapaqların hazırlanması neolit dövründən başlanır. O. Həbibullayev yazır ki, Kültəpədən aşkar olunmuş qapaqlar ayrıca tip təşkil etmir.  Çox az sayda tapılan qapaqların hansı qablara məxsus olduğunu da demək çətindir. Qapaqların hər iki üzü yastıdır, çox güman ki, qulpları çıxıntılar əvəz etmişdir (8, s. 71) . İlk orta əsrlərdə saxsı qabların hazırlanmasında müəyyən durğunluq yaşansa da,tamamilə tənəzzül etməmişdir. Bu dövrdə də qazan və qapaqlar hazılranmışdır. Abdulla  Orucovun öz tədqiqat əsərində qeyd etdiyi qapaq tutacaqlarını IX-XIII əsrin əvvəllərinə aid qapaqlarda da görmək olar (7, s. 31-32).

Qazanları tutumuna  görə iki qrupa ayırmaq olar: kiçik və böyük tutumlu. Kiçik  tutumlu qazanların həcmi 18-30 sm, böyük olanların isə 30-44 sm arasında dəyişir. Qazanların tutumu onların müxtəlif yeməklərin hazırlanması üçün nəzərdə tutulduğunu deməyə əsas verir. Qazanları həmçinin lüləkli və lüləksiz olaraq iki qrupa ayırmaq olar. Bundan başqa onları formasına, hazırlanmasına görə tiplərə bölmək olar.

I tip qazanlar şarvari gövdəyə malik olub, geniş ağzı vardır. Ağzının qırağı bir az kənara qatlanmışdır. Onların üzərlərində düz və dalğavari xətlər olur. Bu qazanlar əsasən əl ilə hazırlanmışdır, IX-XI əsrlərə aid edilir (3, s. 61), ( tablo I, şəkil 1,2).  Oxşar nümunələr son dövrlər arxeoloji qazıntılar aparılan Şəmkir şəhər yerindən də tapılmışdır. Maraqlıdır ki, həm Şəmkir şəhər yerində olan fraqmentlərdə, həm də Beyləqan və Gəncədən tapılan nümunələrin üzərində üç-üç qruplaşdırılmış nöqtələrə rast gəlirik. Bu, təkcə şirsiz qazanlarla  məhdudlaşmır, həmin dövrə aid şirli keramika nümunələri üzərində də biz belə nöqtələr qrupunu görürük, xüsəsən də bu quş təsvirli şirli qabların üzərində daha aydın şəkildə müşahidə olunur.  Oxşar nümunə Şamaxı şəhər yerindən də məlumdur (11, s. 57).

 

shekil1

 

(Şəkil 1,2)

 

II tip qazanlar yarımşar formalı gövdəyə malik olub, bir qədər içəri tərəfə doğru olan ağzı vardır.  Bu tipə aid olan qazanların qulpları bir qədər ağızdan yuxarıdır və cəftəvari formadadır. Q.Əhmədov yazır ki, qazanların alt tərəfi qəlibdə, boğazı isə dulus çarxında hazırlanmış və sonra bir-birinə birləşdirilmişdir (3, s. 63), (tablo I, şəkil 3). Qazanlar əsasən XI-XII əsrlərə aiddir. Qeyd edək ki, oxşar nümunələr  Şəmkir ( 2, s. 235), Şabran  (1, şəkil 53),  Xaraba-Gilan  (12, s. 148)  şəhər yerlərindən də məlumdur.

shekil3

(Şəkil3)

 

III tip qazanlar yarımşar  formalı gövdəyə malik olub, geniş ağızları vardır. Bu qazanlar daha çox naxışlanması ilə diqqəti cəlb edir. Qazanların gövdələri və çiyin hissələri zəncirvari kəmərlər, yapma qurşaqlar, yana doğru çəpəki çəkilmiş xətlərlə salınmış naxışlarla bəzədilmişdir. Saxsıları  qırmızı və çəhrayı rəngə çalır (tablo I, şəkil 4,5).

shekil4

(Şəkil 4,5)

 

IV tip qazanlar sferik gövdələri, qapaq qoyulması üçün arxaya doğru yastılaşdırılmış geniş ağızları vardır. Q.Əhmədov XI-XIII əsrə aid bu qazanların daha mükəmməl formaya malik olduğunu və çiyin hissələrinin nisbətən zəngin naxışlandığını qeyd edir. Bu qazanlar cəftəvari dəstəklərə, zəncirvari kəmərlərə, yumru və “itayağı” çıxıqlara malikdilər. (3, s. 64), (nablo I, şəkil 6).   Firuzəyi rəngli şirli qab qırıqları ilə inkrustasiya isə qazanların əsas səciyyəvi naxışlarıdır.

shekil6

(Şəkil 6)

 

V tip qazanların yarımkürəvi gövdələri və arxaya doğru yastılaşdırılmış ağızları var. Bu qazanların lüləyinin olması əsas fərqləndirici əlamətidir. Qazanların lüləyi onların çiyin hissəsinə yapışdırılmış və qabın ağzına doğru qaldırılmışdır. Qabların qulpları və çiyinləri naxışlanmışdır. Lüləkli qazanlar Beyləqan, Gəncə, Bəndovan şəhər yerlərindən məlumdur (tablo I, şəkil 7,8). Q. Əhmədov Beyləqan qazanlarının çiyinlərində olan yumru çıxıqların təkcə dekorativ bəzək funksiyası daşımadığını, həm də ayin xassəsi daşıdığını qeyd edir. Lüləli qazanlar çox güman ki, duru xörəklərin  hazırlanmasında istifadə olunub. Oxşar qazan nümunəsinə Şəmkir  şəhər yerində də  rast gəlinmişdir (2, s. 233-234).

shekil7

(Şəkil 7,8)

 

Göründüyü kimi, mətbəx keramikasına daxil olan qazanlar zamanla öz formasına və dekoruna görə xeyli təkmilləşmişdir. Bu qazanların ocaq üzərində yemək bişirmək üçün istifadə olunması şübhəsizdir. Qazanların əksəriyyətinin üzərində his izləri aydın şəkildə görünür. Q. Əhmədovun fikrincə,  saxsı qazanların paslanmaması və paxır atmamasının o dövrdə işlənən tunc və mis qazanlara nisbətən onların müəyyən üstünlük qazandırmışdır (3, s. 65).

Yuxarıda qeyd etdiyimiz qazanların demək olar ki, tam oxşar nümunələri Qəbələ şəhər yerindən də tapılmışdır. Rəşid Göyüşov onları üç qrupa bölmüş və onların səciyyəvi xüsusiyyətlətini qeyd etmişdir. Müəllif məqaləsində Mingəçevir şəhər yerindən də belə gil qazanların tapıldığını qeyd etmişdir. (5, s. 645-649).

Şirsiz saxsı məmulatı içərisində qapaqlar da özünəməxsus yer tutur. MATM-da Beyləqan, Gəncə, Bəndovan şəhər yerlərindən tapılmış saxsı qapaqlar qorunur və onlar əsasən müxtəlif təyinatlı qablara məxsus olmuşdur. Beyləqandan aşkar olunan qapaqların ayrı-ayrı nümunələri  haqqında Q. Əhmədov bəhs etmiş, onları istehsal dövrünə  görə, IX-X və XI-XIII əsrin əvvəllinə aid etmişdir  (3, s. 82). Lakin qapaqları təsnif etməmişdir. Biz ümumi şəkildə MATM-ın fondunda olan nümunələri aşağıdakı şəkildə təsnif edirik:

I  qrupa disk formalı, qırmızı rəngli, məsaməli saxsısı olan, üzərində dalğalı,spiralvari xətlər və ya çiçək, qoçbuynuzunu xatırladan  təsvirlər, ulduzvari naxışlar olan, əl ilə hazırlanmış böyük qapaqlardır. Qapaqların tutacaq yerləri bəzilərində halqa, bəzilərində yumru formalı olub, ağzınını kənarı yuxarı qalxmışdır (tablo II, şəkil 1);  II qrupa  yastı formalı, yarımdairəvi qulpu olan, üzəri nöqtələr, sınıq xətlərlə naxışlanmış qapaqlar daxildir. Onlar dulus çarxında hazırlanmışdır (tablo II, şəkil 2);  III qrup zəngəbənzər  qapaqlarla təmsil olunub.  Onların ağzının kənarları yastı olub, üzəri kiçik dairələr, bir-birini kəsən əyri xətlər və lövbərə bənzər fiqurlarla bəzədilmişdir. (tablo II, şəkil 3).

yshekil123

(Şəkil 1,2,3)

 

Qeyd edək ki, qapaqlar kiçik, orta və böyük  ölçülüdürlər. Kiçik qapaqların həcmi 6-18 sm, orta ölçülü olanlar 20-30 sm, böyüklər isə 32-40 sm arasında dəyişir.  Qapaqlar içində tutacaq yeri it fiquru formasında olanı maraqlıdır. Fiqurda itin gözləri aydın seçilir, quyruğu qatlanmış haldadır     ( Səhra qeydi s/q 115).

Qapaqları  üzərlərində olan təsvirlərə əsasən də variatlara ayırmaq olar. 1) Üzəri xətlərlə və cızıqlarla naxışlanmış olanlar; 2) Üzəri gül-çiçək şəkilli təsvirlərlə naxışlanmış olanlar (tablo II, şəkil 4); 3) Üzəri heyvan təsvri ilə naxışlanmış olanlar (tablo II, şəkil 5).  Təsvirlər içərisində üzərində altıguşəli – Davud ulduzu olan qapaq fraqmenti maraq doğurur. Belə ki, basma üsulu vurulmuş Davud ulduzunun içərisində çiçəyə bənzər təsvir var. Bu təsvirə az da olsa, şirli qabların üzərində də rast gəlinmişdir (s/q 196/2, tablo II, şəkil 7). Qapaqların demək olar ki, hamısı şirsizdir, yalnız iki ədəd kiçik ölçülü şirli qapağa rast gəlinmişdir.

yshekil7

(Şəkil 4,5,7)

 

 

Qeyd edək ki, Gəncə şəhər yerindən tapılmış qapaqların üzərində basmanaxışlı küplərdə olduğu kimi təsvirlər və quş rəsmi var. Beyləqan qapalarında buna rast gəlmirik. Ümumi götürdükdə isə Gəncə şəhər yerindən tapılmış qapaqlarla Beyləqandan olan nümunələr arasında elə böyük bir fərq yoxdur.  Gəncə şəhər yerindən tapılmış bir ədəd kiçik ölçülü qapağın üzəri firuzəyi rəngli şirlə bəzədilmişdir. ( İnv. 2749, tablo II, şəkil 8). Gəncədən tapılmış digər bir qapaq fraqmenti maraq doğurur. Belə ki, fraqmentin üzərinə basma üsulu ilə maraqlı təsvir vurulmuşdur. Təsvirdə ortada həyat ağacı və onun ətrafında  qarşı-qarşıya durmuş keçilər və tək-tək hərəkət halında olanları görmək olar. Onların da ətrafına üç-üç qruplaşdırılmış nöqtələr qrupunu görmək mümkündür. Qeyd edim ki, üç-üç qruplaşdırılmış nöqtələr qrupu Səlcuq dövrü keramikası, xüsusən quş təsvirli şirli qablar üçün səciyyəvidir. Haqqında danışdığımız qapaq fraqmentinin üzəri göy rəngli dənəciklə bəzədilmişdir. Maraqlıdır ki, təsvirdə olan keçilər kiçik medalyonu xatırladan göy rəngli daşdan sağ və sol istiqamətində hərəkət edirlər.  Çox güman ki, qapaq süfrə qabına məxsusdur və əhalinin daha zəngin təbəqəsinin istifadəsində olmuşdur (tablo II, şəkil 6). Gəncə şəhər yerindən tapılmış digər bir qapaq fraqmentində  kənarlarına  basma üsulu ilə həndəsi təsvir, romblar, onların içinə və ətrafına isə nöqtələr vurulmuşdur. Fraqmentin mərkəzində qarşı-qarşıya dayanmış quş təsvirlərini görmək olur. Təsvir tam aydın olmasa da orada quşlardan birinin tovuzquşu olduğu seçilir ( İnv. 2326).  Qapaqlar üzərində basma naxışın vurulması Gəncədən aşkar olunanlar üçün səciyyəvidir. Digər şəhər yerlərindən tapılmış nümunələrdə belə naxışlara rast gəlinməmişdir.

yshekil8

 

 

Arxeologiya fondunda qorunan Bəndovan I və II şəhər yerlərindən aşkar olunmuş qapaqların üzərində demək olar ki, nəbati və zoomorf təsvirə rast gəlinməmişdir. Qapaqların üzərində yalnız dalğalı və cızma xətlər var.

Məqalədə tədqiqata az cəlb olunmuş şirsiz saxsı məmulatının bir hissəsini təşkil edən qazan və qapaqlar haqqında ümumiləşdirici, sistemli məlumat verilməyə cəhd olunmuş, Gəncə və Bəndovan şəhər yerlərindən aşkar olunmuş nümunələr ilk dəfə elmi dövriyyəyə daxil edilir.. Bəhs olunan dövrdə saxsı qazan və qapaqlardan çox istifadə olunması metal məmulatına nisbətən saxsı məmulatının daha ucuz  başa gəlməsi ola bilərdi. Saxsı  qazan və qapaqlar IX-XIII əsrin əvvəllərində əhalinin orta təbəqəsinin məişətində əsas yer tutmuş və geniş istifadə olunmuşdur.

 

 

İstifadə olunmuş ədəbiyyat:

  1.  Dostiyev T. Şimal-şərqi Azərbaycan IX-XV əsrlərdə (Quba-Xaçmaz bölgəsinin materialları əsasında taixi-arxeoloji tədqiqat). Bakı, 2001.
  2. Dostiyev T., Bəşirov R. Mirzəyev R. Hüseynli N. Orta əsr Şəmkir şəhəri: Arxeoloji qazıntılar və artefaktlar. Bakı, 2013.
  3. Əhmədov Q. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959.
  4. Əhmədov Q. Örənqala ( tarixi-arxeoloji oçerk). Bakı, 1962.
  5.  Göyüşov R. B. Qəbələ şəhəri qazıntılarından tapılmış gil qazanlar haqqında. // Azərbaycan SSR Elmlər Akademiyasının məruzələri. 1961, cild XVII, № 7. s. 645-649.
  6. Həbibullayev O. A. Kültəpə arxeoloji qazıntılar. Bakı, 1959.
  7. Orucov A. Ş. İlk orta əsrlərdə Azərbaycanda dulusçuluq. Bakı, 1989.
  8. Абибуллаув О. А. Энеолит и бронза на территории Нахичеванской АССР . Баку, 1982.
  9.  Ахмедов. К. Неполивная керамика Оренкала  IX-XIII вв. // МИА, 1959. № 67. с. 187-191, c. 205-210.
  10.  Джафарзаде И. Историко-археологический очерк старой Ганджи. Баку, 1949.
  11.  Джидди Г. А. Средневековый город Шемаха ( IX-XVII века ). Баку, 1981.
  12.  Ибрагимов Б. И. Средневековый город Киран. Баку-Москва. 2000.
  13.  Левиатов В.Н. Керамикa старой Ганджи. Баку, 1940.
  14.  Новрузлу А. Средневековая керамика Азербайджана ( IX-XVII вв.). Баку, 1993.

 

 

 

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10