“Ortada olan ən güclü əsər Çingiz Mustafayevin və şəhidlərimizin ölümüdür”

20 Baxış

vaqif

 

Vaqif Bəhmənli

Bütün ömrüm və yaradıcılğım boyu barış ideyasının tərəfdarı olmuşam. Amma bununla belə müqəddəs vətənin, xalqın taleyüklü ağrılarına laqeyd qalmaq nəinki şairin, həm də hər kəsin, vətəndaşın mənəvi dürüstlüyü ilə əlaqədar şübhələrə əsas verir. Ataların sözü var: “Vur deməklə vurmaq yarıdır”. Əlbəttə, bütün əhalinin (uşaq, qadın, qoca, əlil…) savaş meydanına atılması, tüfəngə-mərmiyə sarılması mümkün deyil. Hətta xalqın elə dəyərli insanları var ki, göydən od ələnsə belə həmin o seçilmiş şəxsiyyətlər yurd yeri kimi, əvəzolunmaz sərvət kimi qorunmalıdır. Bütün hallarda isə vətəni qoruyan, onun uğrunda vuruşan, hətta candan keçən əsgər qüdrətli və fasiləsiz axıb gələn xalq enerjisindən təcrid olunaraq bir an belə yaşaya bilməz. Əsgərin gücünün mənbəyi arxa cəbhədir, yəni xalqın, millətin həmrəyliyi, dəstəyidir. Və belə bir məqamda sənət adamlarının çiyninə xüsusi missiya düşür. Çünki bədii ifadə vasitələri böyük təsir gücünə malikdir – bəlkə də ruh yüksəkliyinin ən düşərli açarlarından biridir. Bu, dərk olunmağa layiq səbəbdir. Belə olduğu halda bəlli imkandan niyə istifadə edilməsin?

Ötən əsrin 80-ci illərinin sonlarında məlum mürəkkəb hadisələr baş verəndə həm də oxucu, tamaşaçı olan xalq gözləyirdi ki, real həyat hadisələri əsasında, tutalım belə deyək, savaş şedevrləri yaranacaq. Yaradıcı insanlar cavab verib deyirdilər ki, tarixi proseslərin gedişatında bu, mümkün deyil. Güclü əsərlərin yaranması üçün zaman gərəkdir. Hanı? Aradan 30 il keçib.Tək-tük cəhdləri çıxmaq şərti ilə ortada olan ən güclü əsər Çingiz Mustafayevin və şəhidlərimizin ölümüdür. Bununla mən sənətkarlarımızdan planlı qaydada savaş əsərləri tələb etmək təklifi irəli sürmürəm. Amma yenə də problemin spesifikliyini nəzərə alaraq ictimai sifariş formaları, təşəbbüslər düşünülə bilər. Həqiqətən də bəhs edilən mövzuda ictimai-yaradıcılıq müzakirələrinə, əsgərlərlə sənətkarların canlı təmaslarına ehtiyac var. Azərbaycan xalqının azadlıq mübarizəsi, həqiqətin zəfəri, şəhidlik, Qarabağ itkiləri, qaçqınlıq… mövzusunda xeyli yazılarım var, bunlar məhz son 25 ilə aiddir. İş belədir ki, bu yazılardan az sayda insan xəbərdardır. Lap bu günlərdə müğənni Səyyad Əlizadənin inadlı zəhməti sayəsində sözləri mənim olan “Azərbaycan əsgərləri” klipi “Region TV” tərəfindən təqdim olundu. Çox uğurlu da alınıb. Təsirlidir. Bəs yaxşı niyə bizim televiziyalar bu klipi göstərmirlər? Heç olmasa olanı çatdıraq… Bəli, mən bütün məsuliyyətimlə dərk edirəm ki, Azərbaycan ordusunun həyatı ən dəyərli nəsr və poeziya əsərlərinin mövzusu ola bilər və olmalıdır. Nəhayət ki, qələbələrimiz var deyə fürsətdən istifadə edib bu sorğuya bir az duz qatmaq istəyirəm.

Gənclik illərində dostum Aqil Abbas mənə belə bir əhvalat danışıb: İki Vyetnamın bir-birini qıran vaxtlarıymış, həmin vaxtlarda xanəndə İldırın Qasımovu rayon toyuna aparırlar. Birdən oynamaq üstündə mağara dava düşür. Bundan bərk həyəcanlanan toy sahibi bilmir neynəsin, cumur çalğıçıların üstünə ki, ay namard uşağı, nə lal-dinməz durubsuz, hava çalın dava yatsın! İldırım Qasımov toy sahibinə nə desə yaxşıdı, deyir: “A dayı, hava çalmaqla dava yatsaydı, burda nə gəzirdik? Bizi çoxdan Vyetnama göndərmişdilər ki, çalaq, dava aradan qalxsın…”

Bu bir zarafatdır. Amma hərb, savaş zarafat deyil və dövlətlərin yüz ölçülüb bir biçilmiş qərarlarına əsaslanır. Bununla belə, Azərbaycanın mərd əsgərləri, həyəcanlı günlərdə bütün ölkə ərazisində sel kimi kükrəyən gənclərimiz hər tərifə, zəmanənin bədii qəhrəmanları olmağa layiqdirlər.

“Ustad” jurnalının 3-cü sayından