“Ortaq türk ədəbiyyatı” dərsliyi çapa hazırlanır

52 Baxış

ISAHEBIBEYLIAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademik Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tədbirdə çıxış edən akademik Darxan Kıdıralı Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, məqsəd və vəzifələri, eləcə də Akademiyaya üzv olan ölkələr arasında ortaq türk elmi əməkdaşlığının inkişafı barədə məlumat verib. Akademik türkdilli ölkələr arasında müxtəlif sahələrdə elmi əlaqələrin inkişaf etdirilməsində beynəlxalq təşkilatın rolundan bəhs edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığından və bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb. Bu il akademiyanın təşkilatçılığı ilə “Ortaq türk ədəbiyyatı” proqramının və dərsliyinin çap etdirilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb, bundan başqa, “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin çapı üçün müzakirələr aparılır. Akademik onu da qeyd edib ki, AMEA “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanının Drezden və Vatikan nüsxələrinin çapını, həmçinin “Koroğlu” dastanı və digər bu kimi nəşrlərin hazırlanmasını öz üzərinə götürüb. Alim görüşdə ölkəmizin ümumtəhsil məktəblərində 8-ci sinifdən başlayaraq ortaq türk tarixinə dair dərsliklərin tədris olunması təklifini də səsləndirib.

Sonda akademik Darxan Kıdıralı türk elmi əməkdaşlığında xidmətlərinə görə akademik İsa Həbibbəyliyə Beynəlxalq Türk Akademiyasının gümüş medalını təqdim edib.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri, qazaxıstanlı alimlər, həmçinin AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin akademik-katibləri və elmi müəssisələrdən alimlər iştirak ediblər.

Bölmə : Sənət xəbər