“Ortaq türk tarixi dərsliyi hər xalqın öz dilində olmaldır…”- Şəmil Sadiq

72 Baxış

2018-01-18-16-54-06gh

Türk xalqları, türk dilli xalqlar bir-birinin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış olmalıdır. Ən azından hamısı baş verən prossesləri bilməlidir. 

Təhsil Nazirliyi orta məktəblərdə “Ortaq Türk Tarixi” fənninin tədrisi ilə bağlı məsələlərə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait artıq hazırdır. Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə həmin vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər.
Fənnin bütün dövlət ümumtəhsil müəssisələrində 8-ci sinifdə fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər. Lakin bunun üçün qeyd edildiyi kimi həmin vəsaitin məzmunu əvvəlcə TDƏŞ tərəfindən təsdiqlənməlidir.
Nazirlikdən əlavə edilib ki, vəsaitin məzmunu təsdiqlənəcəyi təqdirdə dövlət ümumtəhsil müəssisələrində təhsil alan bütün şagirdlər digər dərsliklərlə olduğu kimi bu dərsliklə də dövlət hesabına təmin olunacaqlar.

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq məsələ ilə bağlı olaraq Senet.az-a müsahibəsində bildirib ki, hər kəsin bu mövzuda öz gözləntisi var və hər kəs bu vəsaitin tədrisinə sevinəcək:
“Türk xalqları, türk dilli xalqlar bir-birinin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış olmalıdır. Ən azından hamısı baş verən prossesləri bilməlidir. İlkin prossesdə tarix, ədəbiyyat və coğrafiya fənləri nəzərdə tutulub. Bu mövzuda əsas gözləntilər odur ki, xalqlar arasında yaxınlaşma prossesi getsin. Prezidentlərin son görüşmələri bu məsələlərin daha vacib, daha önəmli olmasını göstərir. Mədəniyyətimizi, tariximizi bilməliyik. Qırğızıstanda olan görüşlər də həmin prossesin sürətlənməsinə ehtiyac olduğunu göstərir. Ümid edirəm ki, Azərbaycan məktəbləri və bütün türk xalqları olan məktəblər bir-birinin tarix və mədəniyyətinə daha da yaxınlaşacaq. Bir-birini dərindən tanıdıqca əlaqələr qurulacaq və bu məsələnin istər siyasi, istər turizm baxımından çox faydalı olacağını gözləyirəm. Bu prosses gələcəkdə gedən Turan birliyinə, türk dövlətlərinin daha yaxın birliklərinin olacağına zəmin yaradır. Elə uşaqlar var ki, bu gün mən “Azərbaycanlıyam ya türkəm? mən qazaxam ya türkəm?”- deyə narahatlıq yaşayır. Amma onlar tarixi fənləri, ədəbiyyat və mədəniyyəti bir yerdə öyrəndikləri təqdirdə hər kəs bir-birinə bələd olacaq. Bu əlbəttə ki, sevindirici və təqdir olunan haldır.

Şəmil Sadiq hazırda təhsildə olan dərs yükünü də şərh edib və bildirib ki, təhsildə dərs yükü hələ də artıqdır:
Fənlərin çoxluğu, dərs saatlarının artıq olması biraz narahatlıq törədə bilər. Amma Təhsil Nazirliyinin 2006-cı ildən kurikulumla bağlı göstərdiyi fəaliyyət var-Dərslər məktəbdə təşkil olunsun, evə çox tapşırıq verilməsin və uşaqlar çox yüklənməsin. Kurikulum artıq 11-ci sinifdədir və buna görə də ümid edirəm ki, bu ildən DİM (Dövlət İmtahan Mərkəzi) yəqin ki, proqramda dəyişiklik edəcək və bu uşaqların dərs yükünü biraz azaldacaq. Düşünürəm ki, Ortaq Türk Tarixi” fənninin tədrisi ağırlıq yaratmaz. Yəqin ki, müəyyən fənlərdə biraz sıxlıq yaradılar. Çünki, nazirliyin konkret tədris planı var və həmin tədris planına uyğun da fəaliyyət göstərir. Məncə, istər-istəməz hansısa dərs saatını cüzi şəkildə azaltmaqla vəziyyətdən çıxmaq olar.”
Filoloq tarixdən başlanılan dərsin ədəbiyyat və coğrafiya fənləri ilə də davam etdirilməsinin arzu olunan və uzun müddətdir ki, gözlənilən məsələ olduğunu bildirərək qeyd edib ki:
“Bu bizim ortaq dilimizin yaranmasına gətirib çıxaracaq. Normalda biz Türkiyə, türkmən və qaqauzlarla rahat anlaşa bilsək də qazax, özbək, qırğız xalqları ilə anlaşmaqda biraz çətinlik çəkirik. Bu baxımdan yəqin ki, dilin xarici dil kimi deyil, lakin başqa cür formatı tapılacaq. Ədəbiyyat və dil dərsləri baxımından Azərbaycan dili dərslərinin içinə bir bölmə kimi türk dillərinin də əlavə olunması və ya ortaq dilin seçilməsi sevindirici olar.
Vəsaitin digər türk xalqlarında hansı dildə tədris olunması haqqında tam məlumatım olmasa da, ehtimal edirəm ki, vəsait hər xalqın öz dilində olar və ya ortaq dil tapılar. Tövsiyyə edərdim ki, hətta tərcümə olunduqda belə ara-sıra ortaq ləhcədə olan sözlər istifadə olunsun. Məsələn, yaxşı sözü bütün dillərdə olsa da deyiliş şəkilləri fərqlidir. Məncə, bu kimi sözlərdən istifadə yaxın illərdə ortaq dilə gedən bir yoldur.”