Ortaq ünsiyyət dili türk dünyası üçün bir zərurətdir… – Elçin İbrahimov

30 Baxış

2018-03-29-15-40-42elc

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq“Türkologiya” jurnalınınməsul katibi Elçin İbrahimovdur.

Taqor “söz”ü Günəş, sözdən yaranan fikirləri isə onun şüaları adlandırırdı. Sözün gücü və dəyərini zaman və məkan etibarilə necə müəyyən etmək olar?

Lazım olan sözü, lazım olan yerdə deyəndə sözə və onun dəyərinə də hörmət etmiş olursan. Əlbəttə ki, sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, söz yerində deyilsin.Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür.

Böyük Şah İsmayıl Xətai söz haqqında belə deyir:

Söz vardır ‒ kəsdirər başı,

Söz vardır ‒ kəsər savaşı.

Söz vardır ‒ ağulu aşı,

Bal ilən edər yağ bir söz.

Sözün hansı məkanda və nə zaman deyilməsi qeyd olunan bu bənddə öz əksini bütün incəlikləri ilə tapmışdı. Savaşı kəsən söz, başı da kəsər…

Əl-Qəzali cəmiyyətdə ziyalıların funksiyaları sırasında əxlaq keyfiyyətlərini ön plana çəkirdi. Fəlsəfədə əxlaq məsələsi insan probleminin mərkəzində dayanır. Bu gün söz adamlarının cəmiyyətdə rolu və funksiyasını nədə görürsünüz?

Söz adamlarının cəmiyyətdə fuksiyası dediyimiz rolu onun üzərinə düşən işi layiqincə yerinə yetirməsidir. İstənilən uğur qazanmış bir cəmiyyətə nəzər saldıqda ordakı inkişafın təməllərini də məhz yuxarıda qeyd etdiklərimizdə görə bilərik. Bu sual o qədər dərin mənanı ifadə edir ki…

Bu gün Azərbaycan dilində yenidən işlənib hazırlanan lüğətlər birmənalı qarşılanmır. Xüsusən də orfoqrafiya ilə bağlı məsələlərdə… Buna münasibətiniz necədir?

Yenə orfoqrafiya lüğəti… Əslində, bununla bağlı lüğətçiliklə məşğul olan mütəxəssislər yetəri qədər açıqlamalar veriblər. Lüğətçiliklə məşğul olmasam da, bir dilçi alim olaraq məsələyə öz münasibətimi bildirmək istərdim. Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan yeni orfoqrafiya qaydları cəmiyyətin müzakirəsinə təqdim olunub. Cəmiyyətin, lüğətçiliklə məşğul olan mütəxəssislərin rəyi əsasında bu il orfoqrafiya lüğətinin yeni nəşri həyata keçiriləcəkdir. Məsələnin bilirsiniz maraqlı tərəfi nədir? Bu qaydaları bircə dəfə də olsun dərindən oxumayanlar, məsələnin mahiyyətindən xəbərsiz bir şəkildə haray salırlar ki, dilimiz əldən getdi. İnanın ki, dəfələrlə elə olub ki, bizə suallar ünvanlanıb ki, dilimizi niyə dəyişirsiz? Əslində isə, orfoqrafiya lüğəti Nazirlər Kabinetinin dil haqqında müvafiq qərarına görə 5 ildən bir yenidən nəşr olunmalıdır. Bu yenidən nəşr zamanı əlbəttə ki qeyd olunan bu zaman kəsiyində dilə yeni daxil olan sözlərin lüğətə salınması və s. məsələlər yeni lüğətdə öz əksini tapmalıdır.

Bəzi “alim”lər morfem və omoform qaydalarını doğru dürüst bilmədiyi halda, Azərbaycan dilinin qorunub saxlanmasından danışırlar. Ümumiyyətlə, dil həssas məsələdi. Həm də məsuliyyətli məsələdi. Dilimizin saflığının qorunmasını və saxlanılması yönündə hansı tədbirləri vacib hesab edirsiniz?

Bir dilin ki yükü Orxon abidlərinin, Divani lüğət-it türk, Dədə Qorqud dastanlarnın sütünları üzərindədir o dilin saflığı əsla pozula bilməz. Bu dil öz varlığını, mövcudluğunu, saflığını əsrlərdən bəri şifahi və yazılı xalq ədəbiyyatı nümunələri üzərində qoruyub saxlamışdı. Əlbəttə dilimizin saflığının qorunması yönündə bu gün dövlət bir çox fəaliyyətlər həyata keçirir. Bir məsələni də qeyd edim ki, dil və əlifba məsələsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olmuşdur. Bu sahədə bir çox qərarlar və tədbirlər planı qəbul olunmuşdu. Mən bunlardan birini Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramını” qeyd edə bilərik.

Türkologiya jurnalı son dövr Azərbaycan və türk xalqlarının birgə yaşayış, adət-ənənə çərçivəsində ortaq mədəniyyət nümunələrini göstərir. Jurnalın növbəti buraxılışlarında hansı elmi məqalələr gözlənilir?

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunması ilə jurnalın yeni mərhələyə qədəm qoydu. AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnal, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət və incəsənət, türkoloji mərkəzləri ilə bağlı məqalə yazıların çapına da qərar verilmişdir.

Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, dünya türkoloji mərkəzlərinin fəaliyyəti ilə əlaqələr yaradaraq, türkologiyanın aktual problemlərini səhifələrində çapını başlıca məqsəd olaraq qarşıya qoymuşdur.

Onu da qeyd edim ki, bu gün “Türkologiya” jurnalı eyni zamanda öz nəzdində türkoloji seminarlar təşkil edir. Ayda bir dəfə jurnalın redaksiyasında keçirilən seminarda: müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların müzakirələri aparılır.

Xüsusi bir məsələni də vurğulmaq istərdim. “Türkologiya” jurnalı 2017-ci ildə: MLA-nın (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index,Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdir.

Türk xalqlarının ortaq dil məsələsi aktual mövzülardandır. Bu barədə düşüncələriniz nələrdən ibarətdi?

Ortaq ünsiyyət məsələsi əlbəttə bu gün ən aktual məsələlərdən biridir. Ancaq əfsuslar olsun ki, cəmiyyətimiz tərəfindən bu məsələ bəzən yanlış ifadə olunduğu üçün hətta bəzən elə adamlardan eşidirik ki… Cəmiyyətdə belə bir yanlış təsəvvür var ki, ortaq ünsiyyət dili, ortaq türkcə dedikdə Türkiyə türkcəsini nəzərdə tuturuq. Ümumiyyətlə yaradılacaq ortaq dilə hansısa bir türkdilli ölkənin dilinin hegemonluğu və ya üstünlüyü aspektindən baxmaq olmaz. Türk dünyasında ortaq ünsiyyəti həyata keçirəcək bu dil (ortaq dil) bütün türk dillərinin ortaq xüsusiyyətlərini özündə daşıyacaq. Düşüncələrə aşılanmalıdır ki, yaradılmasını istədiyimiz ortaq ünsiyyət dili (Ortaq Türkcə) türkdilli ölkələr arasında ancaq və ancaq ünsiyyətin təmin edilməsi üçün nəzərdə tutulur. Burda müstəqil qrammatikaya sahib bir dilin yaradılması nərəzərdə tutulmur.

Ortaq ünsiyyət dilinin formalaşdırılması artıq günümüzün Türk Dünyası üçün tələbədir. Bu bir zərurətdir. Türk dünyasının bir-biri ilə ünsiyyəti üçün mütləq bir ortaq dilə ehtiyacı var. Bu gün türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən-günə daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün türk xalqları arasında əlçatan və səmərəli ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi olduqca zəruridir ki, bu da öz növbəsində, türkdilli dövlətlərin və cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaqdır.

Bir məsələni də qeyd edim ki, sevindirici haldır ki, bu gün Türk dünyasında ortaq ünsiyyəti dili funksiyasını Türkiyə türkcəsi öz üzərinə götürüb. Bunun isə bir çox səbəbləri var: Türkiyə Cümhuriyyətinin əhalisinin sayı, iqtisadi-siyasi gücü, türkdilli ölkələrlə olan elmi, ədəbi, mədəni əlaqələri və s. göstərə bilərik. Yuxarıda qeyd etdiyim kimi, Türkiyə türkcəsinin bu gün türk dünyasında ortaq dil statusu qazanması onun digər dillərdən mükəmməl olduğu üçün deyil bu prizmadan baxsaq bu gün Azərbaycan dili istər söz ehtiyatının zənginliyi, istərsə də qrammatik quruluşu və əlifbası baxımından ortaq dil olmaq baxımından ən ideal dil hesab oluna bilər.

“Bir əsrdə üç əlifba” məqaləsində belə bir məqamı qeyd etmisiniz: “Ərəb əlifbasının, Azərbaycan türkləri arasında ənənələrə bağlı olaraq, yeni bir islahatlar keçirilmədən istifadə edilməsi bütün türk-ərəb əlifbalarında olduğu kimi başlanğıcından XIX əsrin sonlarına qədər davam etmişdir.” Bu mərhələ hansı zərurətdən doğurdu?

Türklər tarixən 20-dən çox müxtəlif əlifbalardan istifadə ediblər. Göytürk (runik) əlifbası ilə başlayan bu (mənbələrə əsasən VIII əsr) mərhələ XX əsrin əvvələrinə qədər ərəb əlifbası ilə davam etmişdi. Onu da qeyd edim ki, türklər ən çox ərəb əlifbasından istifadə etmişlər təxminən 9 əsr. Əlbəttə bu zərurət İslam dininin qəbul edilməsi zərurətindən irəli gəlirdi.

Tərcümə sahəsində görülən işlərə münasibətiniz…

Münasibətim birmənalı olaraq yaxşı deyil. Türkiyə türkcəsindən Azərbaycan dilinə bir neçə kitabı uyğunlaşdıran bir mütəxəssis kimi deyə bilərəm ki, bir çox məsələlərdə ehtiyatlı olmaq lazımdır. İnanın ki, bəzən Türkiyə türkcəsinə uyğunlaşdırılan mətnlərdə, tərcümələrdə elə biabrçı məqamlara rast gəliriki ki… “Vakıf bankın”- “vaqif bank”, “tasarruf yılını” – “təsərrüfat ili” və s. kimi tərcümə olunduğu mətnlərə rast gəlirik. Yaxşı olar ki, bu sahədə çalışanlar tərcümə etdikləri dilin daxili xüsusiyyətlərinə çox dərindən bələd olsunlar. Bir məsələni də qeyd edim ki, qohum dillərdən tərcümə (uyğunlaşdırma) məsələsi digər dillərdən tərcümələrdə daha çətindir.

Son olaraq “söz” haqqında sözünüz….

Ta orta məktəb illərimdən bir ifadəni çox işlədirəm: “bacardığın qədər sus, ya da lazım olan sözü, lazım olan yerdə, lazımlı adamlara de…”

Süzülə-süzülə daşdan damlayan suyun büllurlaşdığı kimi, düşünülüb yerində ifadə edilən sözlər də istiqamətverici olar….

 

Söhbətləşdi: Tural Cəfərli

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10