Orucluq məqsəddir, yoxsa vasitə?

113 Baxış

oruc

Orucluq məqsəddir, yoxsa vasitə?

 

İslam dininə görə, oruc tutmaq Allahın 5 əmrindən biridir. Yəni müsəlmanın boynuna düşən ən vacib haqlardan hesab olunur. Yəqin ki, orucun şərtlərini hamımız bilirik. Onlar barəsində ətraflı danışmağa ehtiyac yoxdur.

 

Bəs görəsən, oruc tutmaq özü məqsəddir, yoxsa vasitə?

 

Əslində, bir çox təlimlərdə zahidin kamillik mərhələsinə çatmaq üçün ac qalması, bu və digər yollarla, fiziki ağrılarla  bədənini tərbiyə edərək, nəfsinə qalib gəlməsi var. Bu təlimlərdə oruc və yaxud müxtəlif formada ac qalmaq başlı-başına özü dua hesab olunur, Tanrıya ibatədin bir formasıdır. İslam dinində isə oruca başqa bir məna da qatılıb. İnsanın fiziki əzablarının elə birbaşa insan üçün olduğu deyilir. Oruc tutan şəxsin kasıbı anlaması, onunla empati qura bilməsi üçün vacib olduğu buyurulur. Yəni oruc Allaha ibadətlə (məsələn, namaz kimi) yanaşı, həm də insanın kasıbları anlaması üçün vasitəyə çevrilir.

 

Bəs yaxşı, kamil insan da oruc tutmalıdırmı? Öz hislərini tərbiyə edə bilmiş insana oruc tutmaq vacibdirmi? İl boyu qonşusu ac ikən tox yatmayan varlı da oruc tutmağa məcburdurmu? Allahın əmrinə görə, oruc tutmamaq üçün uzaq səfərə çıxmaq, xəstə olmaq kimi şərtlərin biri olmalıdır. Ancaq öz hislərinə qalib gəlmiş insanla bağlı, yaxud da ac qalmağın onun üçün heç bir məna kəsb etməyən insanla bağlı nəsə bildirilmir.

 

Bu mənada oruc insana xidmətdən daha çox, Allaha ibadət yolu kimi özünü büruzə verir.

 Rövşən Danyeri

Bölmə : Nəsr