Osman Qazi Kandemirin “Qərənfil” romanı təqdim olundu

66 Baxış

qeerenfil2Kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin “Qərənfil” romanının təqdimatı və “imza günü” keçirilib.

Senet.az xəbər verir ki,  “Qərənfil” müəllifin ilk romanıdır, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edir. Türkiyədən Qarabağ savaşına qatılmış Seyfi ilə Naxçıvandan olan Reyhanın saf məhəbbəti əsərin süjet xəttini təşkil edir. Sonda Seyfi şəhid olur.

Ankarada türk dilində 2013-cü ildə nəşr olunmuş “Qərənfil” romanını Azərbaycan dilinə Minaxanım Nuriyeva-Təkləli tərcümə edib. Kitab Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında çap olunub.

Təqdimat mərasimində İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tədbir iştirakçılarını Dirçəliş Günü münasibətilə təbrik edib, xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsində bu günün əhəmiyyətini vurğulayıb. Təqaüddə olan general, yazıçı Osman Qazi Kandemirin roman yazarlığına Qarabağ müharibəsindən və iştirakçılarından bəhs edən bir əsərlə başlamasını təqdir edib.

Osman Qazi Kandemir “Qərənfil” romanının ərsəyə gəlmə səbəbindən, hərbçi olduğu dönəmlərdə Azərbaycana təlim-tədris məqsədilə gəlib-getməsindən, romanın baş qəhrəmanı Seyfinin şəxsiyyətindən söz açıb. Azərbaycan və Türkiyənin güclü olması üçün milli birlik və bərabərliyin təmin edilməsinin zəruruliyini qeyd edib, tezliklə Qarabağın işğaldan azad olmasını arzulayıb.

Professor Minaxanım Nuriyeva-Təkləli Seyfinin ruh dünyasının genişliyi, onun Nuri paşa xislətli bir insan kimi təqdim edilməsi, Qarabağ müharibəsi dövrünün çətinliklərinin obrazlı təsvirini xatırladıb, müəllifin hadisələrə yaxınlığından danışıb.

Hərb tarixçisi Mehman Süleymanov romanda müəllifin nəinki Qarabağ müharibəsindən, eləcə də Qafqaz İslam Ordusu tarixindən xəbərdar olması və bədii həllərdə hər iki dövrün hadisələrindən istifadə etməsinə münasibətini bildirib.

Professor Kübra Əliyeva Şuşa xatirələrindən danışıb. O, bu cür romanların, əsərlərin insanda yaddaşın təzələnməsinə səbəb olduğunu deyib.

Sonda Osman Qazi Kandemir iştirakçılara imzaladığı kitablarını bağışlayıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10