“Otaq”

232 Baxış

xülya özəlXülya Cəfərova

“Otaq” filminin təhlili

“Bir zamanlar, hələ mən gəlməmişdən öncə sən bütün gün ağlayaraq televizora baxardın. Ta ki zombi olanadək… Sonra isə mən yuxarıdakı pəncərədən keçib cənnətdən sürətlə otağa gəldim. Səni içəridən təpikləyirdim. Bum-bum… Sonra gözlərim açıq halda xalçanın üzərinə tolazlandım. Sən isə kordonu kəsdin və mənə baxaraq ‘Salam, Cek!’ dedin.”

 

“Otaq” filmi 2015-ci ildə irlandiyalı rejissor Lenni Abrahamson tərəfindən ərsəyə gətirilib. Film irlandiyalı-kanadalı yazıçı Ema Donohyu tərəfindən 2010-cu ildə qələmə alınan və “New York Times” bestsellerinə çevrilən eyniadlı roman əsasında çəkilib. “Adam və Paul”, “Riçard nə etdi?”, “Frenk” kimi filmlərilə tanınan Abrahamson “Otaq”la öz nüfuzunu necə deyərlər, sığortaladı. Film “ən yaxşı film”, aktrisa Bri Larson “ən yaxşı qadın”, rejissor Lenni Abrahamson “ən yaxşı rejissor”, Ema Donohyu isə “ən yaxşı uyğunlaşdırma ssenari” kateqoriyasında Oskar mükafatının nominantı oldu. 26 yaşlı Bri Larson Keyt Blanşett və Cennifer Lourens kimi güclü rəqiblərini geridə qoyaraq mükafata layiq görüldü. O, öz roluna görə həmçinin “BAFTA”, “Qızıl Qlobus” və “Kinoaktyorlar Gildiyası” mükafatlarını da qazandı.

İlk olaraq qeyd edim ki, qəhrəmanların timsalında bir növ vəhşi bir “eksperiment”i xatırladan filmi klaustrofobiyadan əziyyət çəkən şəxslərin izləməsi məsləhət deyil. Çünki 118 dəqiqəlik filmin 47 dəqiqəsi darısqal, boz, çirkli bir otağın içərisində keçir. Kinonun IMDB xalı 8.3, “Rotten Tomatoes” isə 93%-dir.

 otaq filmi 2

Süjet

24 yaşlı Coy və onun 5 yaşına yenicə qədəm qoyan oğlu Cek Ohayonun Akron şəhərində səfil vəziyyətdəki bir anbarda kilidli vəziyyətdə yaşayır. Buranı “otaq” adlandırırlar. Otaqda yataq, vanna, tualet, televizor, ibtidai bir mətbəx, şkaf və s. var. Divarda müxtəlif kağızlar, üzərində şəkillər olan vərəqlər görünür. Otaqdakı yeganə pəncərə tavanda yerləşir. Ana ilə oğul “Yaşlı Nik” adlandırdıqları bir kişinin dustağıdır. Hadisələrin gedişatı zamanı məlum olur ki, Nik 7 il öncə Coyu qaçırıb və burada saxlamağa başlayıb. Coyun Nikdən olan oğlu da elə otaqda dünyaya göz açıb. Coy oğluna görə nikbin qalmağa çalışır. Lakin yetərincə qidalana bilməməkləri və depressiya çox vaxt ona üstün gəlir. O, Ceki inandırır ki, sadəcə otaq və onun içərisindəki əşyalar gerçəkdir. Bunun xaricindəki hər şey sadəcə televizorda olan bir illüziyadan ibarətdir.

Bir gün Coy kifayət qədər qidalana bilmədiklərindən Yaşlı Nikə şikayət edir. Nik isə Coya deyir ki, 6 aydır ki işsizdir və ola bilsin ki, gələcəkdə onları təmin edə bilməyəcək. Coy kəskin reaksiya verir. Bunun qarşılığında, Nik onları bir müddət işıqdan və elektrik enerjisindən məhrum edir.

Nəhayət Coy Cekə gerçək dünya barəsində danışmağa qərar verir. Cek əvvəlcə inanmır və anasına hirslənir. Lakin daxilində maraq oyanır. Getdikcə anasına inanmağa başlayır. Coy Cekin yalandan qızdırmasının qalxmasına nail olur. Beləliklə, inanır ki yaşlı Nik onu xəstəxanaya aparacaq və oğlu qaçıb xilas olacaq. Sonra isə gəlib anasını xilas edəcək. Nik isə Ceki xəstəxanaya aparmaq əvəzinə, Coya sabaha qədər birtəhər dözməsini, sabah antibiotiklər gətirəcəyini deyərək çıxıb gedir.

Coyun ağlına başqa bir ideya gəlir. O, Ceki xalçanın arasına bükür. Beləliklə, Nik onun öldüyünü zənn edib otaqdan çıxaracaqdı. Xalçanı və uşağı aparıb uzaq bir yerdə tərk edəcəkdi. Və Cek xilas olacaqdı. Bu dəfə Coyun hiyləsi baş tutur. Nik Coya inanır. Xalçanı götürüb avtomobilin arxasına yerləşdirir. Cek diyirlənərək xalçanın arasından çıxır. İlk dəfə gördüyü dünyaya heyranlıqla baxan Cek nəhayət ki, özündə güc taparaq avtomobildən yerə tullanır. Təsadüfi bir şəxsin diqqətini cəlb edir. Nik qorxub qaçır. Polis hadisə yerinə gələrək onu xilas edir. Daha sonra yaşlı Nik həbs olunur və Coy da otaqdan xilas edilir. Hər ikisi xəstəxanaya yerləşdirilir.

Coy valideynləri ilə görüşür. Məlum olur ki, ata-anası ayrılıblar. Anası indi Leo adlı bir şəxslə birlikdə yaşayır. Coy oğlu ilə anasıgilə gedir. Atası Ceki daxilən heç cür qəbul edə bilmir və çıxıb gedir. Cek böyük dünyadaki yeni həyatına uyğunlaşmaqda çətinlik çəkir. Anasına otağa qayıtmağı arzuladığını deyir. Coy isə itirmiş olduğu illərin təsirilə depressiyadan əziyyət çəkir və həkimlərin yazdığı dərmanları qəbul etməkdən imtina edir. İntihara cəhd edir və yenidən xəstəxanaya yerləşdirilir.

Cek isə artıq yeni həyatına uyğunlaşmağa başlayır. Nənəsi, Leo və Leonun iti Şeymusla birlikdə xoşbəxtdir. Cek həmişə uzun saçlarından güc aldığını düşünür. Ona görə də nənəsindən xahiş edir ki, saçlarını kəsib anasına göndərsin. Beləliklə, anası özündə güc tapıb sağala bilər. Coy evə qayıdır və həyatını xilas etdiyi üçün Cekə təşəkkür edir.

Cekin xahişilə, ana ilə oğul son dəfə polisin müşayiətilə otağa gedirlər. Cek otaqdakı əşyaların dəlil kimi götürüldüyünü görəndə qəribə hisslər keçirir. Üstəlik, otaq ona həmişəkindən daha balaca görünür. Qapının açıq olması da otağın onun tanıdığı otaq olmasına imkan vermir. Coy ondan qapını bağlamasını istəyib istəmədiyini soruşur. Cek istəmədiyini deyir. Onlar otaq ilə vidalaşaraq birdəfəlik gedirlər.

otaq filmi

Kino ilə roman arasındakı fərqlər

 

  • Kinoda qadın Coy, romanda isə Ma adlandırılır.
  • Kinoda qadın qaçırılanda 17, romanda isə 19 yaşında olub.
  • Kinoda Nik 6 aydır ki işsiz olduğunu və gələcəkdə onları təmin edə bilməmək ehtimalı olduğunu deyir. Coy qəzəblənir. Bütün bunlardan təngə gələrək qaçmaq vaxtının gəldiyini qət edir. Romanda isə Nik 6 aydır ki işsiz olduğunu və evini itirmək təhlükəsi ilə qarşı qarşıya gəldiyini etiraf edir. Coy düşünür ki, belə bir hal baş verərsə, Nik onların hər ikisini öldürəcək və qaçmaq üçün planlar qurmağa başlayır.
  • Kinoda ana ilə oğul xilas ediləndən sonra xəstəxanaya, romanda isə ruhi xəstəxanaya aparılır.
  • Hər ikisində yaşlı Nik həbs edilir. Kinoda məlumat verilməsə də, romanda onun böyük ehtimalla 25 illik həbsə məruz qalacağı qeyd olunur.
  • Kinoda Coy xəstəxanadan anasının evinə qayıdır. Romanda isə oğlu ilə birlikdə yaşamağa başlayırlar.
  • Kinodakından fərqli olaraq, romanda daha çox epizodik obraz öz əksini tapıb.
  • Həm kinoda, həm də romanda Cek anasının çürüyüb düşən dişini özündə saxlayır. Lakin romanda diş Cek üçün daha böyük məna kəsb edir.

 

Aktyorların təhlili

 

  • Coy rolunu canlandıran Bri Larsonun ifası onun Oskar mükafatı qazanmasına gətirib çıxaracaq qədər uğurludur. Karyerasında pillə-pillə irəlilədiyi 18 il ərzində Larson müxtəlif janrlarda onlarla filmdə (“Qısa müddətli 12”, “Alov axtarışında”, “Qumarbaz”, “Möhtəşəm indiki an” və s.), şou və seriallarda rol alıb. Larsonun sönük, taleyinə boyun əydiyini ifadə edən, öz çarəsizliyinə qarşı belə mərhəmət hiss etməkdən uzun müddətdir ki imtina etmiş baxışları insanı dərhal filmin aurasına salır. O, qəzəbini, hisslərini övladının yaxşılığı uğrunda boğmağa çalışan, təslim olmuş kimi görünsə də, ürəyinin dərinliklərində heç vaxt ümidini itirməyən bir anadır. İllər boyu oğlunun böyüyüb vəziyyəti dərk edəcək yaşa çatmasını gözləyib.

Aktrisa gülüşü, mimikaları, qəzəbli və itaətkar səs tonu ilə özünü tamamilə filmə kökləyib. Aktyorun və ya aktrisanın qışqırıb bağıraraq, təhqir dolu sözlər yağdıraraq, ağlayaraq öz qəzəbini ifadə etməsi elə də çətin deyil. Lakin Larson bütün bunları – nifrəti, sonsuz hiddəti, zəifliyi və çarəsizliyi danışaraq yox, susaraq nümayiş etdirir. Beləliklə, olduqca uğurlu bir ifa təqdim edir. Lakin fikrimcə, onun ifası nə qədər uğurlu olsa da, Ceykob Trembli ilə müqayisə oluna bilməz.

 

  • Cek rolunu ifa edən 8 yaşlı Ceykob Trembli fikrimcə, kino sənayesi üçün əsl tapıntıdır. Heyli Coel Osmentin “Altıncı hiss” filmindəki ifasından bəri, özündən yaşca böyük həmkarlarını kölgədə qoyan bu dərəcədə uğurlu bir uşaq aktyorla qarşılaşmamışdım. Ceykob şirin səs tonu, emosionallığı, duyğularını ifadə etmə bacarığı ilə birinci dəqiqədən etibarən tamaşaçını ələ ala bilir. Aktyor öz rolunu o qədər ürəkdən və təbii oynayır ki, kinonun bəzi yerlərində «Görəsən bu uşaq danışdıqlarını həqiqət zənn edir, yoxsa kino olduğunun fərqindədir?» deyə özümə sual verirdim. Sonra aktyorun instagram hesabına nəzər yetirdim. Leonardo Dikaprio, Cennifer Lourens, Reyçel Makadams kimi məhşurlarla olan şəkillərini görəndən sonra bu balacanın öz sahəsində olduqca iddialı olduğunu anladım.

 

Ceykob şübhəsiz ki, «Otaq» filminin ulduzudur. Onun ifası filmin süjet xəttini daha da təsirli edir. Aktyorun güclü ifası sayəsində filmin darıxdırıcı otaqda cərəyan edən hissələri axıcılıq qazanıb. Tamaşaçı otağa onun gözü ilə baxmağa başlayır. Cek kimi bu balaca otağı böyük bir dünya kimi görməyə, ondan kənardaki həyatın mövcudluğuna şübhə ilə yanaşmağa başlayır.

Cek obrazı ilə bağlı mənim üçün qaranlıq qalan yeganə məqam onun saçlarının uzun olması oldu. Filmin sonuna yaxın, onun gücünü saçlarından aldığını deməsi belə məncə kifayət etmir. Sanki onun saçları Coy və Cek arasında razılaşdırılmış hansısa şəxsi bir qərardır və bu qərarın səbəbini hamımızdan gizli saxlayırlar.

Bütövlükdə, düşünürəm ki “Otaq” filmi “Ulduz Müharibələri” filmlərinin böyük fanatı olan Ceykob Tremblinin gələcəkdəki uğurlu karyerasının hələ başlanğıcıdır.

 

  • Yaşlı Nik obrazını canlandıran Şon Bricers filmdə elə də çox görünmür. Lakin yenə də yaddaqalan və ən önəmli obrazlardan biridir. Film boyunca onun əsl adı, Coy ilə necə tanış olduqları, bu yeddi il ərzində baş verənlərin təfərrüatları tam aydın olmur. Lakin Nikin davranışlarından, ana ilə oğula illərlə işgəncə verməsindən və Cekin ölməsini gözə alaraq xəstəxanaya aparmaqdan imtina etməsindən onun ciddi əqli problemlərinin olduğu açıq-aşkar görünür. Müəyyən məqamlarda Nikin Coy və Cek qarşısında vicdan əzabı hiss etdiyi də duyulur. Şəxsi həyatında önəmsiz, kənarda qalmış, məğlubiyyətə məhkum bir şəxsdir. O qədər tənhadır ki, heç kəs bu illər ərzində onun həyətindəki anbarda iki nəfəri dustaq saxladığını anlaya bilməyib. Üstəlik, işdən qovulub və maddi problemləri var.

Fikrimcə, Nik həyatı boyu bu tənhalıq və bəyənilməmək problemi ilə qarşılaşıb. 17 yaşlı gənc və gözəl bir qızı qaçırıb özünə dustaq edərək, bu vəziyyətdən xilas olacağına inanıb. Filmin bəzi məqamlarında Nikin Coya və Cekə öz ailəsi kimi baxdığı hiss olunur. O, Coyun ona qəzəblənməsi qarşısında bəzən özünü itirir, Cekin öldüyünü öyrənəndə narahat olur və vicdan əzabı duyur. Lakin yenə də onun sarsılmış mənliyi bu ana-balanı rahat buraxmağa imkan vermir.

Zənnimcə, Nik obrazının bu qədər arxa planda qalmaması daha yaxşı olardı. Bir tamaşaçı kimi filmin sonuna qədər onun psixoloji vəziyyəti, şəxsi həyatı, Coya qarşı hissləri ilə bağlı detalları öyrənməyi gözlədim. Sonda isə bütün bu mətləblərin qaranlıq qaldığını görüb bir qədər məyus oldum. Əgər yaşlı Nik obrazısının üzərində daha yaxşı işlənsəydi, ondan məşhur “Norman Beyts” (Psixo), “Con Kramer” (Mişar) və ya Mik Teylor “Qurd Qapanı” kimi güclü bir manyak obrazı yaratmaq olardı.

Otaq filmi mənə müəyyən qədər Devid Finçerin “Təşviş otağı” filmini xatırlatdı. Hər ikisində ana ilə balanın kiçik bir məkanda qapalı qalması öz əksini tapır. Lakin Finçerin gərginliyin və həyəcanın hakim olduğu filmindən fərqli olaraq, “Otaq”da hadisələr daha yavaş cərəyan edir və qəhrəmanların öz dünyalarına qərq olmaq üçün yetərincə vaxtları olur.

Film insan təbiətinin istənilən mühitə, şəraitə və məkana uyğunlaşmaq iqtidarında olduğunu göstərir. Əgər bir uşaq balaca bir otaqdan kənara çıxmayıbsa, onun üçün dünya elə o otaqdan ibarətdir. Otaq onun komfort zonasıdır. Ondan kənara addım atmaq fikri belə həmin şəxs üçün dözülməzdir. Filmdə, əgər Coy israr etməsəydi bəlkə də Cek ömrünün sonuna qədər otaqdan bayıra çıxmağı arzulamazdı. İlk dəfə anası həqiqətləri ona deyəndə Cekin kəskin reaksiya verməsi, qışqırıb bağırması buna işarə edir. Çünki insan təbiəti çox zaman öz gücünün, dözümlülüyünün fərqində olmur və bilmədiklərini kəşf etməkdən çəkinir. Daha yaxşı bir həyat, arzularını həyata keçirə biləcəyin bir ömür ideyası belə onu yetərincə motivasiya etmir. Əlində olanla kifayətlənmək istəyir. Filmin vermək istədiyi mesajlardan biri məncə odur ki, insan məcbur olduğu təqdirdə hər şey etməyə qadir bir məxluqdur.

İnsanın yaşamaq və xoşbəxt olmaq üçün elə də böyük bir məkana ehtiyacı yoxdur. Bu da kinonun verdiyi önəmli mesajlardan biridir. Coy ətraf dünyanı gördüyünə görə otaq onun üçün cəhənnəmdir. Dünyadan bixəbər olan, otağın xaricində kosmosun, onun xaricində də cənnətin mövcud olduğuna inanan balaca Cek isə öz dünyasından məmnundur. Yaşlı Nikin ona ad günü üçün aldığı oyuncaq maşınla oynayarkən özünü hədsiz dərəcədə xoşbəxt və qayğısız hiss edir. O, daxilinə şübhə toxumları səpilən günə qədər balaca otaqda özünü azad hesab eləyir.

Eyni zamanda, filmdən öyrəndim ki, insan təbiəti özündə böyük bir güc – sevgi ehtiva edir. İnsan xoşbəxt olmaq üçün bu sevgini mütləq şəkildə bölüşmək ehtiyacı duyur. Yaşlı Nik Coyu qaçıranda, Coy bu illər ərzində öz balasının varlığı ilə təsəlli tapanda, Cek isə otaqdakı əşyalarla danışanda məhz bu instinktə təslim olmuşdular. Uşaq təbiətinin nə qədər saf və sadiq olduğu filmin sonunda bir daha görünür. Cek köhnə dostları ilə – otaqdakı əşyalarla bir-bir vidalaşır.

“Sağol, dibçək! Sağol, 1 nömrəli stul! Sağol, 2 nömrəli stul! Sağol, masa! Sağol, şkaf! Sağol, əlüzyuyan! Sağol, tavandakı pəncərə!”