Otto Vayninger: “Qadın özünü anlamağa qadir deyil”

70 Baxış
cins
“Kitabsevərlər” qrupunun təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə fərqlənən yazını oxuculara təqdim edirik: 
Yəhudi filosofu olan Otto Vayninger 1880-ci ildə Vyanada doğulub. Ali təhsilini fəlsəfə və psixologiya sahəsi üzrə alıb. Universiteti bitirdikdən sonra xristianlığı qəbul edərək prostestant olan 22 yaşlı filosof ən qalmaqallı əsəri “Cins və xarakter”i dissertasiya işi olaraq yazıb. Daha sonra əsəri nəşr etdirmək istədiyini bildirərək Freyddən məsləhət alsa da, müsbət cavab almır. Amma əsər 1902-ci ildə nəşr olunur. Əsər həm yəhudilər, həm qadınlar, həm də bir çox filosoflar tərəfindən mənfi qarşılanır. Və ölkəsini tərk edən filosof bir il İtaliyada yaşayır.
Daha sonra Vyanaya qayıdaraq Bethovenin özünü öldürdüyü otel otağında atasına və qardaşına məktub yazdıqdan sonra tapanca ilə intihar edir.
Bəs “Cins və xarakter” niyə bu qədər xaos yaratdı?
Kitabı oxuyarkən ilk səhifələrdə hər şey yaxşı idi. Vayningerin qeyri-adi fikirləri o qədər xoşuma gəldi ki, hətta onu sevməyə başladım. Oxumağa davam etdikcə münasibətimiz pisləşdi. Amma günahkar mən deyildim.
Kitabın böyük bir hissəsi qadınlar, qadın psixologiyası, qadın və kişi, qadın və bəşəriyyət mövzülarını əhatə edir.
Vayninger “erkək və dişi” və ya “qadın və kişi” bölgüsünü natamam yanaşma qəbul edir. Ona görə, xalis qadın və ya xalis kişi anlayışları yoxdur, başqa sözlə, hər bir fərddə onda çatışmayan kişi ünsürü qədər qadın ünsürü var və əksinə.
Yanaşma bir az fərqli və qəribə görünsə də, əslində həqiqətdir.
Vayningerə görə, əsl azadlıq ehtiyacı və həqiqi azadlıq qabiliyyəti qadında olan kişiliyi nəzərdə tutur.
O qadınlar özlərinin azadlığını əldə etməyə nail olacaqlar ki, öz məqsədlərini yalnız sosial həyatla, illuziyalar yaratmaqla bitmiş hesab etməyəcək, kişiləri öz düşmənləri kimi görməyəcəklər.
Bəs kimə qarşı mübarizə aparmaq? Cavab budur: Öz qəlbində bu qurtuluşa, bu azadlığa mane olan hər kəsə qarşı. Çünki qadın azadlığının ən böyük və yeganə düşməni qadının özüdür.
Vayninger oxucusuna xəbərdarlıq edir ki, psixologiya yalnız duyğular haqqında təlim deyil. Psixologiya çox geniş elm olaraq fizika, anatomiya və fəlsəfə kimi elmləri özündə ehtiva edir. O deyirdi: psixoloqlar istisnasız olaraq kişilərdir.
Niyə tarixdə iz qoymuş, tanınmış qadın psixoloq yoxdur? Çünki qadın özü özünü anlamağa qadir deyil. O, həmişə müəyyən duyğunun təsir altındadır. Bu halda o necə başqalarını anlamaq, insanı çözmək iqtidarında ola bilər?
Kişi öz istəklərini elə gizlədə bilir ki, həm Don Juan, həm də müqəddəs ola bilir. qadın isə bu avantaja sahib deyil.
İnsan özünü anlaya bilməz. Səbəb isə odur ki, bunu bacarmaq üçün mənəvi aləminin çərçivələrindən kənara çıxmalıdır. Əgər bu kiməsə nəsib olsa idi, onda bütün kainatı anlaya bilərdi. Elə insanın bəşəri missiyası da budur; həqiqəti tapmaq.
Bir az dərinə getsək görərik ki, insan sonsuz kainatda təkdir, əbədi və sarsıdıcı tənhalıqdadır. O nə istəyir? Bağışlanma, dinclik. Hətta bu dincliyi ona düşməni vermiş olsa belə. Axı, o istəyir ki, kaş bu mübarizə bitsin! Kaş tənhalıq bitsin!
Bura qədər Vayningerlə yola gedirdik. Amma sonra işlər korlandı.
O deyirdi: qadın qəlbdən məhrumdur. Çinlilərin bunu çoxdan qəbul etdiyini əsas gətirərək deyirdi. Əgər çinli qadından neçə uşağı olduğunu soruşsaz, o yalnız oğlanlarının sayını deyəcək. Çünki o heçdir. Fərdilikdən məhrum cinsi tələbat məhsulu, kişinin əşyasıdır.
Elə bu fikir də qalmaqal yaratdı. Vyanada qadın haqları hərəkatı başladı. Bu fikrini onunla əsaslandırırdı ki, əgər qadının yeganə istəyi kişinin xoşuna gəlmək, ər axtarmaq, kişini məmnun etməkdirsə, qadın niyə bunu inkar edir? Vayninger haqlıdır. Amma bunu bütün qadınlara aid etmək bir az insafsızlıq, daha doğrusu vicdansızlıq deyilmi? Mütləq ana-mütləq fahişə aralığını 1 və -1 qəbul etsək, bütün qadınlar bu oxun üzərində yerləşir. Daha sonra mütləq ananın mövcud olmadığını, ideal ölçü vahidi olduğunu deyərək iddia edir ki, yüksəkdə duran qadın yoxdur. Hətta ən yüksəkdə duran qadın ən aşağıda duran kişidən daha aşağıdadır, fikri ilə böyük xaos yaradır.
Bəs qadın nə istəyir?
Qadın kişidən kişilik istəyir. İradə, doğruluq tələb edir. Və tamamlanmaq istəyir. Kişi isə öz iradəsi ilə qadının bütün xüsusiyyətlərini ilkin saflığından çıxararaq dəyişdirir, arxa plana keçirir və ya məhv edir. Ona öz qəlbini verməkdən imtina edir.
Buna görə də heç vaxt sevməyən filosof yalnız platonik sevgini qəbul edir. Sevginin son məqsədi yeni nəsil yaratmaqdır deyən Şopenhaurlə razılaşmır.
Yəhudilik adlı fəsildə isə özünün də mənsub olduğu yəhudiliyi qorxaqlığın ən yüksək forması adlandırır. Qadınlarla yəhudilər arasında bir neçə oxşarlıq da tapır: yəhudi də qadın kimi anlayışlarla düşünmür, yəhudi heç nəyə, hətta öz dininə də inanmır. Başqa sözlə, yəhudilik dinsizliyin ən yüksək formasıdır.
Gah Kantı, gah Şopenhaueri, gah Müller, gah da Nitsşeni haqsız sayan 23 yaşlı gənc nə qədər haqlı ola bilərdi? Və ya ondan əvvəlki filosoflar bu qədərmi yanılmışdılar?..
Humay HÜSEYNLİ
Bölmə : Araşdırma