Ovqat şairi – Xəyal Rza

244 Baxış

bahar

Bahar Bərdəli
filologiya üzrə fəlsəfə doktoru

 

Deyirlər, yaradan əvvəlcə təbiəti – onun əsrarəngiz, heyrətamiz, əzəmətli dağlarını, yaşıl, sıx meşələrini, bu meşənin qoynunda nazlana- nazlana axan, çağlayan çaylarını, bulaqlarını yaradıb, sonra insanı bu təbiətin qoynunda dünyaya, cahana gətirib. Təbiətin bir parçası olan insan isə əvvəlcə səsləri, sonra da sözləri kəşf edib. İnsan oğlu səsi, yəqin ki, təbiətdən – bulağın zümzüməsindən, meşənin xışıltısından götürüb. Bəs, görəsən, sözləri hardan, necə alıb? Bir maraqlı cəhət də odur ki, insanın yaratdığı söz onun öz ömrü ilə deyil, əbədi olan dünyanın, həyatın, təbiətin, kainatın ömrü ilə ölçülür.

Bəşər övladı daha sonralar səslərdən musiqini, sözlərdən poeziyanı- ədəbiyyatı yaratdı. Qoşa qanad kimi daimi canlı, yaşarı olan söz və musiqi bu günümüzə qədər gəlib çatıb və sabaha da təbii ki, uçacaq, gedəcək… Poeziya da musiqi kimi ruhun qidasıdır. Qəlbin səsidi, ürək döyüntülərinin sözlə əks-sədasıdır. Və ya yaradanın şairə pıçıldadıqları, şairinsə qələmilə kağıza həkk etdikləri, əbədi həyat verdikləridir. Deyəsən, məsələyə çox uzaqdan başladım. Əsas məqsədim, indiyə kimi yaranmış o böyük ədəbiyyatda hər gələn yeni nəslin vurduğu, atdığı, saldığı naxışları, ilmələri, əlavələri göstərmək, qeyd etmək, təqdir, təhlil, təbliğ etməkdir.

Ədəbiyyata gələn yeni gənclik elə ilk, yeni sözünü də təbiətin özünə və ilk sevgisinə, sevgilisinə deyir. Yəqin ki, bu da təbiidir. Kimisi bu sözü, fikri, düşüncəni laylalar, bayatılar, oxşatmalar şəklində, kimisi də sərbəst-hecasız, vəznsiz, ürəyi istədiyi kimi ifadə edir. Əsas odur ki, hər kəs gördüyü, duyduğu, hiss etdiyi təbiət hadisəsini və ya ictimai-siyasi məsələləri poetik formada ifadə edə bilir:

Yağma yağış….
Sən yağanda xatirələr düşür yada,
Sən yağanda
Sənlə birgə ürəyimə yağır o da…

“Yağma yağış”, duyğu oyadan bu təbiət hadisəsinin poeziyada tərənnümü gənc şair, AYB-ni Mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya məxsusdur. Onun təbiətin min illər boyu təkrar olunan və yüzlərlə şeirlər, mahnılar qoşulmuş yağışa öz münasibətini, öz baxışlarını və öz yeniliyini diktə etməsi göz önündədir.

Yağma yağış….
…Mən yağmıram… Səndən də çox
Dərd yükünü çəkə-çəkə…
Hər gün bir az çökə-çökə…

xeyal rza

Təbiətlə insanın eyni harmoniya üzrə köklənməsi kimində az, kimində çoxdur.
Bu günlərdə “Ulduz” jurnalının aprel sayını oxuyarkən Xəyal Rzanın da burda nəfis tərtibatla təqdimatını gördüm. Dərgidə şairin on şeiri çap olunub. Diqqətlə oxudum. Və bu qənaətə gəldim ki, Xəyal Rza təbiət və ovqat şairidir. Ədəbiyyata, sözə təbiətin özündən, təbiətin içindən keçib gəlib. Öz yolu, öz cığırı var. Öz poetik dünyası, öz dəsti-xətti, öz sözü var. Düşünürəm ki, gələcəkdə bu poetik parçalardan ibarət çoxlu əbədi toplular yaranacaq:

Yollar tərsinə…
Ümidlər, arzular tərsinə…
Dərd qalaq-qalaq,
Batman-batman….
Yığılıb bir-birinin üstünə…
Aşıb keçməyə oğul istəyir!

Təbiidir, səmimidi, sadədi. İnsan həyatıdı. Qarşısına böyük məqsədlər qoyub arzu-xəyalla yola çıxan şair ömrüdü. O, bu yolda nələrə rast gəlmir? Çox vaxt bu yolda arzu, ümid, istək, məqsəd reallıqla, zamanın diqtəsi ilə üst-üstə düşmür. Əksinə, dərd, əzab, qəm-kədər qalaqlanıb o qədər üst-üstə yığılır və keçilməz dağ olur ki! Onda gəl bu dağı aş görüm, necə aşırsan!?

Xəyal Rza həm də məhəbbət şairidir. Hər gələn gənclik özü ilə həm də məhəbbət şeirləri gətirir. Axı, gəncliyin özü elə saf, təmiz, müqəddəs ilk məhəbbət deyilmi?

Ayaqlarım yerimir,
Səsə qaça bilmirəm.
Ay qapımı döyən qız,
Qapı aça bilmirəm…

Şair ürəyi onun könül qapısını döyənlərə səslənir. Hər “sevirəm” deyənlərə inanmır, etibar etmir, bel bağlamır. Çünki bundan əvvəl bu qapını açıb gələn qız tez qayıdıb, tez gedib. Bəlkə bu könül qapısını asanlıqla açıb, ona görə asanlıqla da çıxıb gedib? O, sevən ürəyin qədir-qiymətini bilməyib? Sevgisini duymayıb, anlamayıb? Odur ki, şair dilə gəlib deyir:

Bu qapı taxta deyil,
Necəsə sındırasan…
Bu qapı qanan deyil,
Söz ilə qandırasan…
Könül qapısıdır bu,
Açılmaz hər döyənə.
Inan ki, bel bağlamır,
Hər sevirəm deyənə!

Bax belə! Düz deyir şair. Ehtiyat igidin yaraşığıdır. Amma bir məsələ də var ki, çox ehtiyatlı olmaq etibarsızlığa da aparıb çıxarır.

Xəyal Rza dövrünün ictimai-siyasi hadisələrinə də öz poetik münasibətini özünəməxsus şəkildə bildirə bilib. Bu mənada o, həm də ictimai-siyasi lirikdir. Məsələn, onun Cənubla bağlı “Ora Bakı – bura Təbriz” şeiri xəfif bir ürək titrəyişi ilə yazılıb. Təbriz hələ də əlçatmaz, ün yetməzdir. Təbriz hələ də qəm-kədər oylağıdır. Bakıdan – Şimaldan uzaq düşən bu Cənub şəhəri nə vaxtsa şairin də əbədi oylağına çevriləcək. Şair ürəyi buna inanır və ümid edir.

Şairin jurnalda çap olunan “Qırmızı”, “Susub”, “Qoy, ölüm sevinsin”, “İtirdim”, “Rənglər”, “Təzə gəlin” kimi şeirləri də oxunaqlıdı, diqqətə layiqdi. Hər şeir şairin bir poetik ovqatının məhsuludur.

“Sarı çiçəkli matəm bayrağı” adlı şeirini isə Xəyal Rza unudulmaz Xalq şairimiz, böyük Səməd Vurğunun yadigarı Vaqif Səmədoğlunun ölüm günündə qələmə alıb. Ağır xəstəlikdən əziyyət çəkən, ömrünün son günlərində ağrılar içində qovrulan, yuxusuz qalan, səhərini diri gözlə açan şairin məşhur şeirinə cavab olaraq yazıb. Vaqif Səmədoğlu xəstəlik dövründə yazdığı o məşhur şeirində deyir: “İlahi, yatağın nə sağında, nə solunda, nə bir qızın qolunda, …Nə söyüd kölgəsində, nə dünyanın ən azad ölkəsində yatmaq istəmirəm….”
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

Ağrının dəhşəti, yuxusuzluğun ondan da dəhşətli olması göz önündə canlanır. Şairin son günləridi. Bu ağrıya, əzaba nə qədər dözmək olar ki… “Dar quyu dibində, Qaranlıq nəm içində yatmaq”… Təki, az da olsa yatmaq istəyi… Sağlığında bu istək şairə qismət olmadı…

Xəyal Rza isə şeirində artıq əzablarına son qoyulmuş, ağrı-acının bilinmədiyi əbədiyyətə köçən Vaqif Səmədoğlunun dəfnindən sonrakı anını təsvir edir:

… Dar quyu,
Dibi qaranlıq və nəm…
Ağrısız-filansız
Bir az yatmaq istəyən şairi
Əbədi yatmağa göndərdik bu dəm…

Demək, Xəyal Rza hər bir gördüyü, duyduğu hadisəyə həssaslıqla, şair ürəyi ilə yanaşır, öz sözünü pıçıldayır. Elə pıçıldayır ki, onu hər kəs eşidə bilir!

Mən bu dünyəvi, bəşəri, əbədi SÖZÜN işığında Xəyal Rzaya sağlam həyat, sağlam ovqat, sağlam düşüncə və yeni-yeni poetik ovqatlı topluların sevincini yaşamağı arzulayıram. Ömrü verən isə yaradandır! Az, ya çox, təki xoşbəxt ömür olsun! Amin!

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10