Oxşar… – Joze SARAMAQO – Romandan parça

21 Baxış

photo_4522

ƏDƏBİYYAT ÜZRƏ 1998-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Joze SARAMAQO – Romandan parça (Portuqaliya)

Portuqal yazıçısı, şair, dramaturq, tərcüməçi. 16 noyabr 1922-ci ildə Azinyaqada, kəndli ailəsində dünyaya gəlib. 1924-cü ildən etibarən ailəsi ilə birlikdə paytaxtda yaşayıb. Avtomobil çilingəri, çizgiçi işləyib, səhiyyə və sosial sığorta sahəsində xidmət edib. 22 yaşı olanda portuqal rəssam İlda Reyşlə ailə qurub.

İlk kitabını (“Günahkar torpaq”) 1947-ci ildə çap etdirib və 1966-cı ilə qədər heç bir kitabı çıxmayıb. 1969-cu ildə Portuqaliya gizli kommunist partiyasına üzv yazılıb. Qırmızı qərənfillilərin inqilabıdan sonra bir müddət (1974-1975) siyasi icmalçı işləyib və “Dibrio de Lisboa” qəzetində mədəniyyət şöbəsinə rəhbərlik edib. 1975-ci ildə gündəlik “Dibrio de Notncias” qəzeti baş redaktorunun müavini olub. 1976-cı ildə işdən çıxarılmağı ilə əlaqədar jurnalist karyerasına son qoyub və həyatını bütünlüklə ədəbi yaradıcılığa həsr edib.

“Torpaqdan qalxanlar”, “Monastır haqqında xatirələr”, “Daş sal”, “Korluq”, “Mağara”, “Oxşar”, “Qabil” (“Kain”) romanları ilə dünya şöhrəti qazanıb.

Joze de Soza Saramaqo 1998-ci ildə “illüziya ilə reallığı fərqləndirmək üçün rəvayətlərə istinad edərək fikirlərindəki mərhəmətlə istehzanı ustalıqla əsaslandırdığına görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazıçı 2010-cu ildə Kanar adalarında vəfat edib.

Oxuculara yazıçının “Oxşar” romanından bir parçanı təqdim edirəm.

…Bir saat sonra oyandı. Yuxu-zad görməmişdi, beyni qorxulu kabuslardan dəhşətə gəlməmiş, heyrətlənməmişdi, üzünə çökmüş ədəbi qorxunu özündən uzaqlaşdırmağa çalışaraq, sadəcə gözlərini açıb düşünmüşdü: “Burada kimsə var”. Sakitcə çarpayı üstə oturub, ətrafı dinlədi. Yataq otağı mənzilin dərin küncündə yerləşirdi, heç günün günorta çağı bura səs-səmir gəlmirdi, indi isə gecə idi.  Maraqlıdır, görən saat neçədir, adətən, bu vaxt hər tərəfə tam sakitlik çökür. Elə tam sakitlik çökmüşdü. Gələn hər kim idisə, yerindən tərpənmirdi. Tertuliano Maksimo Afonso əlini uzadıb yataq masası üstə olan çırağı yandırdı. Saat 4:15-i göstərirdi. Bütün adi adamlar kimi Tertuliano Maksimo Afonso da nə qoçaq idi, nə qorxaq, nə də film qəhrəmanı, amma o qədər zəif də deyildi ki, gecənin bir aləmində zirzəmiyə düşən qapının cırıltısını eşidib qorxudan altını batırsın. Düzdür, saçları kötük kimi qalxmışdı, amma canavarlar da təhlükə hiss edəndə tükləri qabarır və heç bir ağlı başında olan adam canavarı qorxaqlıqda ittiham edə bilməz. İndi Tertuliano Maksimo Afonso da özünün qorxaq olmadığını sübut edəcək.

Sakitcə qalxdı, ağlına daha münasib silah gəlmədiyindən çəkmələrini əlinə aldı, bacardığı qədər sakit olmağa çalışaraq qapıya yaxınlaşıb ehtiyatla dəhlizə baxdı. Əvvəlcə bir, sonra digər tərəfə boylandı. Yolüstü işığı yandıran, ürəyinin sinəsində dördnala çapan at kimi şiddətlə döyündüyünü hiss edən Tertuliano Maksimo Afonso hamam otağına, sonra mətbəxə baxdı. Heç kəs. Nə qədər qəribə görünsə də, burada kimsə olmalıydı. Dəhlizə qayıtdı, qonaq otağına yaxınlaşdıqca gözəgörünməz varlığın yaxınlıqda olduğu hissi hər addımda daha da çoxalırdı. Hava titrəyirdi, rəngi ağarmışdı. Tertuliano Maksimo Afonsonun sinirləri gərginlikdən tarıma çəkilmişdi, sanki əlində Heyger cihazı tutub radiasiyadan çirklənmiş ərazi ilə addımlayır və getdikcə siqnal əvəzinə plazma axını ilə qarşılaşırdı.

Qonaq otağında heç kəs yox idi. Kitab yığılmış donuq və hərəkətsiz stellajlar öz yerində dururdu, daha əvvəl xatırlatdığmız kimi çərçivələrə salınmış qravürlər divarlardan asılıb qalmışdı. Budur onlar, hər şey öz yerindədir, burada, elə orada da: üzərində yazı makinası olan masa, kreslo, üzərində balaca heykəl olan alçaq stol, həndəsi ölçülərlə birbaşa otağın mərkəzinə yerləşdirilmiş ikiyerlik divan və televizor. Tertuliano Maksimo Afonso zorla eşidiləcək səslə pıçıldadı: “Buradadır” və elə sözünü bitirən kimi içindəki anlaşılmaz hiss tam səssizlikdə, sabun köpüyü kimi əriyib itdi. Hə, sən demə, videomaqnitofonlu televizorda gedən “İnadcıl ovçu ovunu qırxır” komediyası imiş onu həyəcanlandıran. Bu komediyadakı müəyyən surətlər Tertuliano Maksimo Afonsonun yataqdan qalxmasına səbəb olandan sonra öz yerinə qayıtmışdı. Məhz hansı surətlər olduğunu hələ də anlaya bilmirdi, amma əmin idi, onlar yenidən gözü qarşısında peyda olandan sonra, mütləq ayrıd edəcək.

Yataq otağına keçdi, soyuqlamamaq üçün pijama və xalat geyinib qonaq otağına qayıtdı. Kresloya əyləşib ötürücünün düyməsini basdı, irəli əyilərək dirsəkləri ilə dizlərinə dayaq verdi, bütün diqqətini topladı, həyatda uğur qazanmaq arzusunda olan gözəl, gənc xanımdan bəhs edən əhvalata ikinci dəfə baxmağa başladı. İyirmi dəqiqə sonra qadının mehmanxanaya girib növbətçi inzibatçının masasına yaxınlaşdığını, özünü təqdim etdiyini gördü: “Adım İnes de Kastrodur, – sonra əlavə etdi. – Burada nənim üçün nömrə sifariş olunmalıydı.” İnzibatçı onun üzünə, daha doğrusu, kamera obyektivinə baxıb (ya da, ola bilsin elə qadına, əgər qadın kamera qurulmuş yerdə idisə) nəsə dedi, amma Tertuliano Maksimo Afonso bir şey anlamadı, odur ki, tez əlindəki ötürücünün “stop” düyməsini basdı, amma görüntüdəki obraz artıq itmişdi. Aydın məsələ idi, heç kəs ikinci dərəcəli, demək olar ki, hadisələr başlayandan iyirmi dəqiqə sonra peyda olan aktyora lent sərf etmək istəməzdi. Lent geri dolandı, ekranda yenidən növbədə olan inzibatçının siması göründü, gənc, gözəl xanım yenidən mehmanxanaya girdi, yenidən adının İnes de Kastro olduğunu və nömrə sifariş etdiyini söylədi. Hə, budur, inzibatçı birbaşa öz həmsöhbətinə baxır.

Tertuliano Maksimo Afonso kreslodan qalxıb televizor qarşısında dizüstə çökdü, bacardığı qədər  üzünü ekrana yaxınlaşdırdı. “Bu ki mənəm”, – pıçıldadı və tükləri yenidən biz-biz qalxdı. Onun gördükləri gerçək ola bilməzdi, bu adam o ola bilməzdi. İstənilən normal adam bu anlarda yanında olsaydı, onu sakitləşdirib deyərdi: “Bu nə cəfəngiyatdır Tertuliano, görmürsən, onun bığı var, səninsə üzün qırxılıb”.  Normal adamlar belə olur, onlar hər şeyi sadələşdirə bilirlər, sonra da hər şey çox gec olur. Qəflətən həyatın bu qədər dəyişkən olduğunu anlayanda təəccüblənirlər, başa düşürlər ki, sən demə, saqqal, bığ özünə hakim ola bilmir, vaxtaşırı çıxır və öz işini görür, təbii, əgər buna imkan verirlərsə və gözəl günlərin birində, dəbin dəyişməsi ilə əlaqədar, ya da sadəcə, bığ-saqqal yiyəsi üzündə çoxalan tüklərə güzgüdə baxmaq istəyəndə, onlar heç bir iz buraxmadan qeyb olur. Üstəlik, unutmaq lazım deyil ki, bu məqamda söhbət aktyordan, teatral oyundan gedir və növbədə olan inzibatçının bu sığallı bığı da sadəcə qoyma ola bilər. İstənilən adam, elə Tertuliano Maksimo Afonso özü də bir neçə kəlmə söz deyən bu ikinci dərəcəli aktyorun iştirakı ilə cərəyan edən hadisəyə diqqətlə baxsa, bu qənaətə gələr. Düzdür, son epizodda ona İnes de Kastronun qalibiyyət əks etdirən obrazına yönəlmiş bir neçə təsirli söz deməyə imkan vermişdilər. Qadın uzaqlaşandan sonra inzibatçı ombalarını yellədərək karikaturalı şəhvətlə onun arxasınca baxırdı və rejissorun hədəfinə görə onun bu baxışları iddiasız tamaşaçıları güldürməli idi.

Əslinə qalsa, ilk dəfə baxanda məzəli bir şey tapa bilməyən Tertuliano Maksimo Afonso, bu dəfə ümumiyyətlə filmi bəyənmədi. İri planda kadra qayıdan inzibatçı İnes de Kastronun arxasınca baxır. O bu simaya diqqətlə, hər bir cizgisinə fikir verərək baxdı. “Əgər bir neçə əhəmiyyətsiz detalı – xüsusilə bığı, saçdüzümünü və sifətin nəzərəçarpmaz girdəliyini saymasaq, – fikirləşdi, – bu adam eynilə mənəm”.

Artıq özünü daha sakit hiss edirdi. Düzdür heyrətli dərəcədə oxşarlıq vardı və bu hal çox vaxt özünü yalnız əkizlərdə göstərirdi. Təbii ki, əgər 6 milyard insanın yaşadığı planetdə bir-birinə oxşayan adamlar olmasaydı, bu bir qədər qəribə görünərdi. “Amma bu adamlar mütləq şəkildə bir-birinin oxşarı ola biməzlər”, – ürəyində dedi, sanki ekrandan ona boylanan ikinci “mən”i ilə danışırdı.

Yenidən kresloya əyləşərək, özünü İnes de Kastro rolu oynayan aktrisanın yanında təsəvvür etməyə başladı və məzə üçün başqa bir müştəri roluna girdi. “Adım Tertuliano Maksimo Afonsodur, – deyib gülümsədi. – Bəs sizin?”. Son dərəcə təbii sual idi. İki insan qarşılaşırsa və bir-biri ilə bağlı çox şey öyrənmək istəyirsə, hər şey ilk növbədə adla başlayır. Ad – giriş qapısı kimi bir şeydir. Tertuliano Maksimo Afonso lenti sona qədər yığdı, orada ikinci dərəcəli ifaçıların siyahısı yazılmışdı, xeyli ad vardı, hamısı əlifba sırası ilə qeyd olunmuşdu.

Həyəcanla videokaset qutusunu götürüb, üzərindəki yazılara və təsvirə bir də baxdı: baş rolları ifa edənlərin gülümsəyən simaları, filmin qısa məzmunu, lap aşağıda, kiçik şriftlə texniki göstəricilər və istehsal ili. “Üstündən 5 il kelib”, – öz-özünə donquldandı və xatırladı ki, riyaziyyatçı həmkarı da ona bu sözləri demişdi. “Sərasər 5 il”, – bir də təkrar etdi və qəflətən yenə qeyri-adi hisslər keçirməyə başladı, lakin artıq bu hisslər əhəmiyyətsiz, sirli duyğulardan uzaq bir şey idi. Artıq bu hisslər son dərəcə konkret, sənədli-sübutlu yoxlanışdan keçmiş hisslər idi.

Titrəyən əlləri ilə içərisində zərflər, neqativlər, şəkillər olan yeşiyi özünə tərəf çəkdi və nəhayət, axtardığını – 5 il əvvəlki fotosunu tapdı. Bığı vardı, saçdüzümü fərqli idi və sifəti xeyli arıq görünürdü.

Tərcümə edəni: Əyyub QİYAS

 

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10