“Oxu günü” festivalı keçirildi

365 Baxış

IMG_1713

Binəqədi rayon Heydər  Əliyev adına mədəniyyət və  istirahət parkında “Oxu günü” festivalı keçirildi. Açılış mərasimində 236 saylı orta məktəbin şagirdləri kitab haqqında kəlamlar və şeirlər səsləndirdilər.

Daha sonra tədbirin aparcısı Orxan Cabbarlı qonaqları salamladı.O, “Oxu günü” barədə geniş məlumat verdi: “Bu gün 25 aprel “Oxu günü”dür. “HƏDƏF” şirkətlər qrupu mütaliəyə diqqətin artırılması məqsədilə belə bir festival təşkil edir. “Oxu günü”nün keçirilməsində öz köməklərini əsirgəmədikləri üçün Azərbaycan Respublikası Təhsli Nazirliyinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və  Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə öz dərin təşəkkürümüzü bildiririk”.

Daha sonra layihənin ideya müəllifi, “HƏDƏF” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiqə söz  verildi. O, “Oxu günü” layihəsinin ideyasının yaranmasından danışdı: “Layihənin həyata keçirilməsi üçün ilk olaraq Azərbaycan Təhsil Nazirliyinə,  Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Müsbət cavab alandan sonra  daha çox həvəslənməmiz bu günə gəlib çıxmağımıza səbəb oldu. Tədris ilinin əvvəlində Azərbaycan  Respublikası Təhsil Nazirliyinin mütaliəyə marağın artırılması ilə bağlı verdiyi sərəncamdan sonra məktəblərdə bu sahədə xeyli işlər görüldü. Bununla yanaşı bizim bu məkanda toplanmağızın səbəbkarlarından biri olan Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələrinə minnətdarlığımı bildirirəm.

Bu gün hər kəs oxuduğu  kitabı digər iştirakçılara hədiyyə edə bilər. İstərdim ki, mən də özümlə gətirdiyim kitabı Orxan müəllimə hədiyyə edim”.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müşaviri Ağabala İbrahimov da öz növbəsində tədbir iştirakçılarına kitab hədiyyə etdi: “Mən sizə maraqlı bir hadisə danışmaq istəyirəm. Tovuzda bir qadın doqquz uşağına ali təhsil verib. Ancaq bu uşaqlar illər sonra biliblər ki, onların anaları heç bir hərf  belə tanımırmış. Gənclərdə kitaba maraq yaratmaq hər birimizin borcudur.Bu gün burada 236 saylı məktəbin şagirdləri də iştirak edirlər. Mən bu şagirdlərin hər birinə kitab hədiyyə edirəm. Qoy kitab həmişə onların yaxın dostu olsun”.

Millət vəkili Hüseynbala Mirələmov kitaba diqqətin artırılmasının vacibliyindən danışdı: “Kitaba diqqət artırılmalıdır. Əvvəllər hər bir regionda kitab mağazası olardı. Ancaq təəssüf ki, indi kitab mağazalarının sayı günü-gündən azalır. Kitab insan üçün bilik mənbəyi, yol yoldaşıdır. Ona görə düşünürəm ki, “Oxu günü” kimi tədbirlər tez-tez keçirilməlidir. Bu işin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm”.

Xalq şairi Vahid Əziz belə bir festivalda iştirak etməkdən məmnun olduğunu bildirdi: “Kitabla bağlı bütün tədbirlərə hər zaman xüsusi diqqət ayırmaq lazımdır. Yazıçılara qonorar fondu ayrılmalıdır. Necə ki, pinəçi ayaqqabı tikdiyinə görə pul qazanır, eləcə də yazıçı,şair də yazdıqlarından gəlir əldə etməlidir. Düşünürəm ki, “Oxu günü” kimi tədbirlər ədəbiyyata xidmət edir. Belə bir tədbirdə iştirak etdiyim üçün çox məmnunam”.

Vahid əziz çıxışından sonra öz şeirini səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də kitab mağazalarının sayının artırılmasının vacibliyindən danışdı: “İlk olaraq onu qeyd edim ki, “Oxu günü” kimi layihələrin keçirilməsinə böyük ehtiyac var. Düşünürəm ki, Binəqədi rayon İcra Hakimiyyətinin belə bir tədbirə ev sahibliyi etməsi örnək götürüləcək bir hadisədir. Təklif edirəm ki, elə Binəqədidə, məhz bu parkda bir kitab mağazası açılsın”.

Sosiloq, şair Əhməd Qəşəmoğlu kitaba marağın artırılması yolunda “Oxu günü”nün böyük rol oynadığını qeyd etdi: “Mən Şəmil Sadiqə öz təşəkkürümü bildirirəm ki, bizi belə bir tədbirə dəvət edib. “Oxu günü” heç şübhəsiz oxucuların böyük marağına səbəb olan bir hadisədir. Bu tip tədbirləri ancaq və ancaq alqışlamaq olar”.

Binəqədi rayon İcra Hakimiyyətininbaşçısının müavini Aygün Əliyeva  da öz növbəsində bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib: “Salam hörmətli ziyalılar və qonaqlar. Hər birinizi Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından salamlayıram. Bu layihənin belə uğurla həyata keçirilməsində əməyi olan “HƏDƏF” Kurslarına, Azərbaycan  Respublikası Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm. Əslində,insana kamilləşmək üçün on kitabının olması bəs edər. Amma layiqli on kitabı tapmaq üçün də yüzlərlə kitab oxumaq lazımdır. Kitablar nəsillərdən-nəsillərə təcrübəni ötürən fikir gəmiləridir”.

Tədbirin rəsmi hissəsindən sonra bədii hissə başlandı. İlk öncə “Gəlin birgə oxuyaq!” fləşmobu keçirildi. Tədbir gənclərin musiqi ifası ilə davam etdi. Daha sonra kitab haqqında pantomim tamaşa nümayiş olundu.  Könüllülərin ifasında müxtəlif şeirlər səsləndi.

Sonda tanınmış yazıçıların imza mərasimi keçirildi.

Qeyd edək ki, “Oxu günü”  layihəsinin ideya müəllifi və rəhbəri f.ü.f.d., dos. Şəmil Sadiqdir.

Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və “HƏDƏF”  Nəşrləri MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsində Azərbaycan Yazıçılar Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi rayon YAP Gənclər Birliyi, Medika Hospital, “HƏDƏF” Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi kimi qurumlar da yaxın iştirak etmişdir. Tədbirin informasiya dəstəkçiləri  İctimai Televiziya və Radio Yayımları Şirkəti, Senet.az ədəbiyyat və sənət dərgisidir.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10