Oxuculara şad xəbər: Kitabevim.az-da 50 faizlik endirim kampaniyası keçiriləcək

426 Baxış

Picture13

Senet.az Kitabevim.az kitab marketinin icracı direktoru Emin Sadıqovla müsahibəni təqdim edir.

– Belə bir fikir var ki, yay aylarında kitab satışı aşağı düşür. Yazıçılar da kitablarını yayda çap etməkdən çəkinirlər.

– Yay aylarıdır, artıq istilər insanlara çətinlik yaratmağa başlayıb. Amma kitab alanlar artıq kitablarını alıblar. Tətillərini kitab oxumaqla keçirəcəklər. Hazırki, vəziyyətə görə kitab satılmır demək yanlış olar. Yeni kitab çıxırsa oxucular gəlib bu kitabla maraqlanıb, alırlar.

– Artıq bir ildən çoxdur ki, Kitabevim.az mağazası fəaliyyətə başlayıb. Bu bir il ərzində mağaza kitab bazarında oturuşa bilibmi?

– Əslində Kitabevim.az-ın açmaqda əsas məqsədlərimizdən biri kitab bazarına girmək yox, oxucular üçün rahat bir şərait yaratmaq idi. Düşünürəm ki, buna müəyyən dərəcədə nail olmuşuq. Yay ayları olmasına baxmayaraq, kitab kafedə oturub istirahət edənlərin sayı yetərincədir. Artıq gənclər də boş zamanlarını burada keçirirlər. Elə mağazanın yaranmasının əsas məqsədlərindən biri də budur. Oxucular buranı kitab marketi yox, kitab evi kimi qebul edir. Bu da bizim adımıza və məqsədimizə uyğundur.

– Kitab mağazası yaratmaq ideyası necə formalaşdı? Bu bir il ərzində nəzərdə tutduğunuz işləri tam görə bildinizmi?

– Bir il ərzində az iş görməmişik. Bu işin ərsəyə gəlməsində göstərdiyimiz çabaların sayəsində, az da olsa istədiklərimizə nail olmuşuq. Kitabevim.az-ın ideya müəllifi “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiqdir. Mən isə icraçı direktoram, bu layihənin həyata keçirilməsində əlimdən gələni etmişəm. Azərbaycanda uzun illərdir “Kitab oxuyan yoxdur, oxucuların sayı çox azdır” deyirdilər. Ancaq bunun əksinə, ümumi əhali sayına baxdıqda vəziyyəti qənaətbəxş hesab etmək olar. Təbii ki, hər kitabın öz oxucu kütləsi var. Hər kəs öz profilinə uyğun kitablara üstünlük verir. İdeya müəllifi də, ümumi nəticədən razıdır. Artıq bura çoxlu insanların gəlməsi, tanınmış şəxslərin kitab təqdimatlarını burada keçirməsi ideyanın baş tutmasına işarədir. Ən son olaraq həyata keçirilən tədibrlərimizdən biri də Qənirə Paşayevanın imza mərasimi idi. Bununla  yanaşı AYB-nin sədri Anar, katibi Çingiz Abdullayev, Vaqif Bəhmənli kimi məşhur imzalar da öz tədbirlərini burada keçiriblər. Türkiydə böyük şöhrət qazanmış şair Kahraman Tazeoğlunun oxucularla görüşü böyük uğurdur bizim üşün.

– Bəs bundan sonrakı planlar nələrdir? Kitaba olan marağı artırmaq üçün daha hansı addımlar atmağı planlaşdırırsınız?

– Oxucu kütləsini artırmaq üçün edə biləcəyimiz ən doğru reklam kitabın qiymətini aşağı salmaq olar. Bununla bağlı il ərzində müxtəlif tipli kampaniyalar həyata keçirilir. Yaxın zamanlarda yeni kampaniya ilə oxucuların görüşünə gələcəyik. Beləliklə, oxucular öz istədikləri kitabları rahatlıqla əldə edə biləcəklər.

– Mümkündürsə, bu kampaniya ilə bağlı geniş məlumat verərdiniz.

– Biz Kitabevim.az olaraq  il ərzində müxtəlif endirim kompaniyaları keçiririk. Əsas məqsədimiz oxucuların kitaba olan marağını artırmaq, aztəminatlı oxucuların da il ərzində bu endirimlərdən yayarlanaraq kitab ala bilməsini təmin etməkdir. Bundan əvvəl, 25 manatlıq kitab alana 5 manatlıq kitab hədiyyə verirdik. Ancaq yeni kampaniyamızda kitabların bir çoxuna 50 faizlik endirim olunacaq. Kampaniyanın başlama vaxtı hələ dəqiq deyil, ancaq yay aylarında həyata keçirməyi planlaşdırırıq. Bu endirim rus, türk, ingilis və yerli kitablara şamil olunacaq.  Yalnız müəllif kitablarına və nəşriyyat kitablarına 50 faizlik endirim edə bilməyəcəyik.  Bilirsiniz ki, nəşriyyatlar və müəlliflər mağazalara kitabları üzərində olan qiymətdən 25-30 faiz aşağı verirlər. Belə olduqda həmin kitabları bu kompaniyaya aid etmək çox çətin olur.  Keçən il bütün mağazaya 30 faizlik endirim elan etmişdik. Onda müəllif kitabları da ora daxil etdik. Amma bu kampaniyada müəllif kitablara endirim tətbiq etmək imkan olmayacaq. Sentyabrdan isə yenidən Kitabevim.az-da 25-30 faiz endirimlər edəcəyik. Bilirsiniz, bu kitabevi daha çox sosial layihədir. Lakin bu kitabevini yaşatmaq üçün ən azından öz xərcələrini qarşılamalıdır. Biz təqdimatlarda müəlliflərdən yer haqqı istəmirik. Lakin müəlliflər kitabın üstündə yazılan qiymətlərə 30% faizlik endirim verəndə işlər çətinləşir. Nəzər alsaq ki, 28 May ərazisindəki bir çox kitab mağazaları kitabları bizdən götürürlər, çünki onlar daha çox dərslik satır, yerləri balaca olduğundan bədii kitabları vitrinlərinə qoya bilmirlər. Bizdən isə istədikdə 30% endirim edə bilməyəndə narazılığa səbəb olur.

– Yazıçılar kitab şatışının aşağı olduğunu deyirlər. Bu barədə siz necə düşünürsünüz?

– Bununla bağlı bir müddət əvvəl müəlliflərin iradlarını oxuduq. Ancaq “mənim kitabımı oxuyanların sayı azdır” başqa, “kitab oxuyanların sayı azdır” demək başqadır. Kitabevim.az mağazasında bütün müəlliflərə eyni dərəcədə şərait yaradılıb. İstənilən müəllif öz kitabını mağazaya təqdim edə bilər. Burada seçim qalır oxucuya. Biz müdiriyyət və satıcılar olaraq heç kimə təsir göstərmirik.  Hər bir müştəri istədiyi kitab barəsində məlumat əldə edə bilər. Bu müştərinin ən təbii haqqıdır. Satıcının da vəzifə borcudur ki, kitab haqqında ona məlumat versin.

Düzdür, gənclik daha çox dünya ədəbiyyatına üstünlük verir. Amma bu o demək deyil ki, yerli yazarlar satılmır. Artıq öz imzalarımız da dünya yazarları qədər maraq doğurur. Zaman-zaman görürük ki, oxucular yerli yazarların kitablarını mağazaya gələrək adla axtarırlar. Təəsüf ki, mətbuatdan tez-tez “oxucu azdır” cümləsini eşidir. Bu fikirlə razılaşa bilmirəm. Məncə bu tipli fikirləri bəzi yazarlar özlərini tanıtmaq üçün deyirlər.  Hər kəsin öz oxucu kütləsi var. Ümid edirəm ki, yazarlarımız yaxşı romanlar yazar, oxucularımız da bu kitablara maraq göstərər.

– Bu il Türkiyənin məşhur şairi Kahraman Tazeoğlunu Bakıya dəvət etmişdiniz. Kitabevim.az kitab marketində imza günü və şeir gecəsi keçirildi. Bu tədbir oxucuların böyük marağına səbəb oldu. Bəs oxucular başqa hansı məşhur imzaları Kitabevim.az-da görə biləcəklər?

– Bu ilin sonunda yəqinki, oxucularımızı yenidən sevindirəcəyik. Bir sıra məşhur yazarlarla ölkəmizə gəlməsi ilə bağlı danışıqlar aparırıq. Kahraman Tazeoğlu bizim üçün bir ilk oldu. Onun Türkiyədə də, bizdə də böyük oxucu kütləsi var idi. Bu cür yazarların Bakıya gəlməsi bizim gənc yazarlar üçün də bir örnək olur. Onlarda ədəbiyyata həvəs yaradır. Qıraqdan gələn yazarın imza mərasiminə yüzlərlə adam yığışırsa, deməli, bir müddətdən sonra yerli yazarların da tədbirlərində bu sayı əldə etmək olar.

Picture12

– Bu cür tədbirlərin, imza mərasimlərinin keçirilməsi həm də kitabın reklamıdır.

– Çalışırıq ki, müxtəlif növ tədbirlər keçirək. Bu həm də Kitabevim.az-ın tanıdılmasında mühüm rol oynayır. Bəzən tədbirlərdə mənə yaxınlaşıb deyirlər ki, mənim bura haqqında məlumatım yox idi, ancaq bu gün tədbirə dəvət olundum və buranı tanıdım. Beləliklə, Kitabevim.az-ın aurasından, ona qarşı göstərilən diqqətdən məmnun qaldığı üçün bizim daimi müştərimiz olur. İl ərzində statistika aparsaq görərik ki, burada 100-ə yaxın tədbir keçirilib. Bu tədbirlər içərisində tanınan, cəmiyyət tərəfindən qəbul olunmuş müəlliflər də, yeni-yeni yazmağa başlayan, gənc yazarların da imza mərasimləri keçirilib. Kitabevim.az-da təqdimat keçirmək yazarların da tanınmasında böyük rol oynayır.

– Kitabevim.az-da hər hansı müəllifə, kitaba qadağa tətbiq edilirmi? Bununla bağlı bir narazılıqla qarşılaşmısınızmı?

– Bizdə heç kimə qadağa qoyulmur. Dövlətə, millətə, gəncliyə ziyan olmayan, qanunla qadağan edilməmiş bütün kitabların təqdimat mərasimi keçirə bilər. Dini və siyasi baxışlarını qabarıq ifadə edən müəlliflərə tövsiyyə olunur ki, tədbiri başqa yerlərdə etsin. Açılışdan bu günə qədər hələ ki bu cür hallarla rastlaşmamışıq. Bu da bizim uğurumuzdur ki, qısa zaman ərzində öz profilimizi ortaya qoya bilmişik.

– Bildiyim qədəri ilə, Kitabevim.az “Hədəf” nəşrlərinin rəsmi mağazasıdır. Bəs burada digər nəşriyyatara münasibət necədir, bölgü necə qurulub?

– “Kitabevim.az “Hədəf” nəşrlərinin rəsmi mağazası olsa da, biz özümüzə xüsusi yer ayırmamışıq. Burada ən çox digər nəşriyyatların kitablarıdır. Tez-tez rastlaşdığımız, sevmədiyimiz özümüzə qarşı olan halları çalışırıq ki, bu mağazada yığışdıraq.  Kitabevim.az Azərbaycanda ən böyük kitab mağazasıdır. Buranın kitablarla tam dolması üçün mütləq digər nəşriyyatlara da ehtiyacımız var. Biz hər bir nəşriyyata xüsusi yer ayırmışıq. Mağazanı gəzərkən nəşriyyat adları yazılmış lövhələri və həmin lövhələrin aşağısında nəşriyyata aid çap məhsullarını görə bilərsiniz. 10 il bundan əvvələ baxsaq, görərik ki, nəşriyyat anlayışı yox idi. Onda yalnız oxucular müəllif adını tanıyırdı. Bu məkan açılandan sonra insanlarda nəşriyyatlar haqqında fikir formalaşıb. Artıq oxucular bilir ki, hansı nəşriyyat hansı mövzulu kitablar çap edir. Axtardıqları mövzuya uyğun nəşriyyata müraciət edirlər.

– Burada oxucuların rahatlığını təmin etmək üçün müxtəlif növ şöbələr var. Oxucuların ən çox marağına səbəb olan şöbə hansıdır?

– Bizim bir çox şöbələrimiz fəaliyyət göstərir. Bunlardan ən mühümü “Qoy-götür” bölməsidir. Deyərdim ki, oxucuların ən çox maraq göstərdikləri şöbə də buradır. “Qoy-götür”ün qaydaları belədir ki, oxucular bir kitab hədiyyə etməklə, bura üzv yazılır. Bundan sonra istədiyi vaxt gəlib, bu rəfdəki istədiyi kitabı götürərək oxuya bilir. Artıq 1200-ə yaxın üzvümüz var. Biz də “Hədəf” və “XAN” nəşrləri tərəfindən çap olunan hər kitabdan bir nüsxə buraya hədiyyə edirik.  Bununla yanaşı, yerli müəlliflərə və nəşriyyatlara da müraciət etmişik ki, “Qoy-götür” şöbəsinə kitablarından hədiyyə verə bilərlər. Bu həm onların reklamına xidmət etmiş olar, həm də maddi gəliri aşağı olan oxucuların kitab oxumağına kömək edər. Təəsüflər olsun ki, özlərini böyük hesab edən nəşriyyatlar bu təklifimizi qəbul etmirlər.  Bununla belə “Qədim qala” , “Altun” “Parlaq imzalar” kimi nəşriyyatlar kitablarını təqdim ediblər.

–  Fəaliyyətiniz yalnız bura ilə kifayətlənmir. Müxtəlif sərgilərdə, yarmarkalarda da iştirak edirsiniz.

– Azərbaycanda keçirilən sərgilərdə Kitabevim.az və “Hədəf” nəşrləri adından iştirak edirik. Hər hansı nəşriyyat müəyyən səbəblərdən sərgidə iştirak edə bilmirsə, bizə müraciət edir, biz onların da çap məhsullarını sərgidə təmsil edirik. İl ərzində müxtəlif universitetlərdə, orta məktəblərdə kitab yarmarkaları təşkil etmişik. Son dəfə “Modern school”da olmuşuq. Şagird və müəllim kollektivi tərəfindən çox yaxşı qarşılandıq. Digər məktəblərdən də təkliflər alırıq, yəqinki, növbəti tədris ilindən bu təklifləri də qiymətləndirəcəyik.

Bütün bunlarla yanaşı Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycandan kənarda keçirilən beynəlxalq sərgilərdə iştirak edirik. Çalışırıq ki, olduğumuz ölkədə Azərbaycandakı kitab və nəşriyyat sistemi barəsində məlumat verək, bir fikir formalaşdıraq.

– Oxucularınız yalnız yerli vətəndaşlardır, yoxsa xarici vətəndaşlar da baş çəkirlər bu məkana?

Əlbəttəki, yerli vətəndaşlarla yanaşı, xaricilərin də diqqətini çəkə bilmişik. Onlardan da çox gözəl reaksiyalar alırıq. Keçən dəfə bir xarici vətəndaş Bakıda bir müddət kitab mağazası axtardıqdan sonra, bizim ünvana gəlmişdi. Həqiqətən buranı görəndən sonra o, təəcübləndi. “Çox gözəl bir məkanınız var, bizdəkilərdən seçilmir” deyə bildirdi. Hətta bir dəfə türk vətəndaşı bizdən kitab alaraq “Qoy götür” şöbəsinə hədiyyə etmişdi.

– Bütün bunlarla yanaşı oxucular üçün pulsuz kitablar da hədiyyə edirsiniz.

– Bəzi oxucular evindəki kitabları oxuculara hədiyyə etmək istəyir. Biz onlara da şərait yaradırıq. Öz kitablarını bizə təqdim edirlər, biz də “Pulsuz kitab” adı ilə müştərilərimizə hədiyyə edirik. İstəyən hər kəs azad şəkildə götürə bilər.

– Bir çox halda kitab mağazalarının ayın sonunda açıqladığı “Ən çox satılanlar” siyahısı oxucular tərəfindən inamla qarşılanmır. Bəziləri bunu marketinq fırıldağı kimi qiymətləndirirlər. Bəs sizdə bu məsələ necə tənzimlənir? Həqiqətənmi bu siyahı şəffaf hazırlanır?

– Kitabevim.az adından, öz adımdan deyə bilərəm ki, “Ayın ən çox satılan” kitabı ictimaiyyətə təqdim olunmamışdan öncə mən təsdiqləyirəm. Heç vaxt oxucunu aldadılmağına icazə vermərəm. Bu siyahı tam şəffaf şəkildə formalaşır. Oxucu da uşaq deyil ki, hər deyilən sözə inansın. Biz hazırda “Hədəf”  və “XAN” nəşrlərinə aid kitabların siyahısını veririk. Ancaq gələcəkdə digər nəşriyyatların kitablarının da adını açıqlamağı planlaşdırırıq. Öz adımdan bir daha qeyd etmək istəyirəm ki, kiməsə qərəz göstərilsin, ya da kiminsə adını siyahıdan çıxarılsın, belə şeylər heç vaxt olmayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10