Oxumadığım əsərin müzakirəsinə qatılacaq qədər məsuliyyətsiz tənqidçi deyiləm

70 Baxış

IMG_7981

Nərgiz CABBARLI

 

Son illərdə tənqidçilər bir çox əsərlərin müzakirəsinə dəvət olunur, yaxud yazı ilə qatılırlar. Və bu əsərlərin arasında  hər cür əsərə rast gələ bilərsiniz. Orta səviyyəlisi də var, çox yaxşı olanı, söz demək imkanı verəni də, hətta çox bərbad olanı da. Bəzən hətta müəyyən bir layihəyə qatıldığımız üçün söz deyib-deməmək arasında seçim də edə bilməmişik. Yəni qatılmısansa, layihənin təqdim etdiyi ən pis əsər haqqında belə danışmalı olursan.

Danışmağına danışaq. Amma mənası varmı?

Tənqidi fikri kimsə sevmir, buna söz yoxdur. Bizdə hələ də “tənqid”in alt mənası “qərəz” kimi anlaşılır. Və hər dəfə də tənqidi fikrin doğurduğu reaksiya ilə, hətta aqressiya ilə tənqidçilərin ünvanına müxtəlif sözlərin deyildiyinin də şahidisiniz. Məsələn, mənə “o tənqidçi deyil, publisistdir”, “diletant tənqidçidir” və s. deyiblər. Amma özüm tənqidçi olduğum üçün (bu, tənqidə dözümlü yanaşmaq alışqanlığı deməkdir), eyni zamanda da hər kəsin münasibət, fikir və rəy hüqüquna hörmətlə yanaşdığımdan heç vaxt bu cür fikirlərə reaksiya verməmişəm.

Amma qatıldığımız son müzakirədən sonra “Ümidlərin izi ilə” əsərinin həmmüəllifinin reaksiyası özünə bir cavab tələb etdi. Çünki bu dəfə hər hansı bir haqsız fikirlə deyil, az qala həqarət səviyyəli fikirlə qarşılaşdım. Çünki mən oxumadığım əsərin müzakirəsinə qatılacaq qədər məsuliyyətsiz tənqidçi deyiləm.

Düzdür, biz müzakirələrdə də, təqdimatlarda da əsəri oxumadan tərif deyənləri və ya “sürüyənləri” çox görürük. Amma bu halda deyil və Mənə aid deyil. Mənim seçimim bəzən zəif bildiyim əsər haqqında danışmamaq hüququmdan istifadə etmək ola bilər. Oxumadığım əsər haqqında danışmaq isə – Əsla! Belə bir məcburiyyətim yoxdur – bu bir (Nə vacib düşüb ki, “oxumamışam” deyib, müzakirədən yayınardım)! Öz adıma da, işlədiyim müəssisənin adına da məsuliyyətim var – bu da iki!

O ki qaldı Müşfiq bəyin digər iradına – müzakirə əsnasında xəfiyyə haqda söhbətin getməməsinə… Bilirsinizmi, bu cür müzakirələri bir neçə şərt istiqamətləndirir. Əsərin səviyyəsi, ondakı boşluqlar, müzakirəyə qatılanların professionallıq həddi və münasibəti, bir də təbii ki, müzakirəni istiqamətləndirən idarəçi. Burda hər dörd halda da müəyyən boşluqlar var idi. Bəzən tənqidçilərə (hətta tənqidçilərin özləri də bir-birlərinə) irad tuturlar ki, nə üçün əsərin texnikası, strukturu, üslubu haqqında deyil, daha çox məzmunu haqqında danışırdınız. Bir şey nəzərə alınmır. Məzmun əsərin üzdə olan qatıdır. Əgər onda hər şey yerindədirsə, kələ-kötürlük, uyğunsuzluq, boşluq yoxdursa, oxucunun diqqətini özündə pis mənada tutub saxlamırsa, o zaman əsərin digər qatlarına enməyə imkan olur. Bu barədə düşünməyə, fikir bildirməyə fürsət qazanırsan.

Amma bu əsərdə məhz məzmun qatında o qədər boşluqlar var idi ki, söhbətin mövzusu da o istiqamətə ilişib qaldı. Və mən bu fikirləri müzakirəyə haqq qazandırmaq üçün deyil, əsər müəllifinin reaksiyasının aqressivliyinin səbəbini açmaq üçün bildirmək istədim.

Yeri gəlmişkən, tənqidçinin tənqidi fikirlərini qəbul etməmək, ona qarşı çıxmaq normaldır, olsun. Biz buna alışmışıq. Amma müzakirəyə qatılanların yarı faizi müəlliflərə yaxın insanlardılar axı. Onlarındamı tənqidi qərəzli oldu?

Bəlkə tənqidi fikirdə qərəz axtarmaqdansa, əsərdəki qüsuru görməyə çalışmaq daha doğru yol olardı?! Və bunu mən artıq bir tənqidçi kimi deyil, həm də bir dost kimi deyirəm.  Hərçənd ki Müşfiq bəyin fikrinə irad bildirmədiyi dostlarının deyil, irad bildirdiyi “düşmənlərinin” arasında olsam da…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10