Öz müxbirimizdən – Əli Nəzmi

13 Baxış

20

Xadimi-millət, mühərrir əfəndi!

Hər dərdimiz və əskik günlərimiz olanda şikayətimizi cənabımızın xaki-payinə ərz ediyoruz. Kəndimizdə on il bundan müqəddəm yaxşı alimlərimiz və yaxşı-yaxşı kişilərimiz var idilər ki, bu şəxslərin himməti ilə həmişə bir müəllim kəndimizə saxlanıb və lazimi dərəcədə həmin müəllimə məvacib verib və otuz-qırx nəfər şagird öz kəndimizdə olan şəxslərin balalarından müəllimin ziri-dəstinə verilən idi və müəllim balalara az-az köhnə üsul ilə qurani-şərifdən, bəzən də Gülüstan, Tarixi-Nadirdən dərs oxudub xırda-xırda qandırıb öyrədir idi. Bir neçə il bu minval ilə gedib və bir neçəsi bu balalardan yazı yazmağı və fars lisanında məktub oxuyub yazmağı ki, bu da bizim üçün zəmanəmizə və kəndli olmağımıza görə kifayət edirdi. Elə ki, bir neçə il bundan keçdi. Haman yaxşı alimlərimiz və yaxşı kişilərimiz getdilər. Həmin ufat mədrəsəmiz günbəgün rövnəqdən düşdü və bir azdan sonra dəxi qapandı. Müəllim öz yerinə övdət etdi, biçarə balalar genə irəliki halları kimi küçələrdə avarə və sərgərdan qaldılar və nə ki, müəllimdən öyrənmişdilər cümləsini yaddan çıxartdılar.

O müddətdən indiyə kimi yerdə qalan alimlərimizdə, kişilərimizdə, dövlətlilərimizdə himmət və qeyrət olmadı ki, həmin ufacıq mədrəsəyə qapanmağa qoymayalar və balaları çöllərə dağıtmayalar, barı genə həmin minval ilə işi aparalar və əlavə günü gündən tərəqqi verələr və tazə üsul ilə balalara dərs oxutduralar və yaxşı müəllim gətirələr ki, çocuqlarımızı təlim edib öyrətsin ta ki, bunlar da özlərimiz kibi nadan, cahil və kor olmasınlar ki, elm həm dünya və həm axirət üçündür. İndi hal-hazırda kəndimizdə 70 – 100-dək balalar var ki, küçələrdə veyil-veyil gəzməkdən, oynamaqdan qeyri bir işləri yoxdur. Bu veyil-veyil gəzmək və elmsiz böyümənin nəticəsi axırda bu çocuqlar üçün nə olacaq? Adam öldürmək, oğruluq eləmək, ev dağıdıb yandırmaq və buğda-arpa dərzləri oğurlamaq olacaq. Çünki gözlərini açıb bunları görür, nəinki elm. Bəs həqiqətdə bu vəqtə kimi nadan, cahil kor-koranə ömrümüzü elmsiz, mərifətsiz keçirtmişik, lazımdır indisə də – xüsusən ki, iki il olaraq möhtərəm “Şərqi-rus” cərideyi-mübarəkimizin sütunlarında yaddan çıxartmayaraq hər nüsxəsində bizi elmə, tədrisə təhris və təşviq buyururlar – biz də görək gözümüzü açıb dörd tərəfimizə baxıb ibrət götürək, bu biçarə balaları özlərimiz kimi pis günlərə qoymayaq. Heyhat, bizlər ibrət götürəsi adammıyız? Əgər kəndlərimizdə birinə desən ki, ağa filankəs, gəlin himmət edək bir müəllim gətirək çocuqlarımıza dərs verib elm öyrətsin ki, dünya və axirətdə lazımdır. “A kişi, Allahı sevirsən qoy oturax, nə müəllim, nə molla, nə dərs, hər kəs öz başını, cibini qoruya bilmir! Gedib bir molla da gətirdik və uşaqları da verdik ona ki, oxutsun, bəs malı, atı kim otarsın və molla da kim bilsin üç, ya dörd ilə onu oxudub yazı öyrədəcəkmi, ya yox, bəlkə o vəqtə kimi özüm də öldüm, ondan mənə nə şey hasil oldu və nə səmərə yetişəcəkdir. Oxumasa acından ölməz ki, əgər ölsəydik bizlər ki, heç əlifə bey deməmişik, biz ölərdik” – deyir.

Xülasə, əcinnə tayifəsi ayati-qurandan qaçan kimi bizim kəndli müsəlman qardaşlarımız elmdən o növ qaçırlar. Bəs nə vəqtə kimi nadanlıqda, cəhalətdə davam edəcəyik, Allah bilir.

Oktyabr ayının 3-cü günü Fəxrəli adlı bir qəryədə bir neçə cavan şəxs ki, sinni iyirmidir və özü də mütəəhhildir, həmin gün qonşusu olan bir adamın evinin qabağından (önündən) keçərkən məzkur ev sahibi əcələ, həmin saət tüfəngini götürüb qafildən səssiz-səmirsiz həmin oğlanı gülləliyib öldürür! Bu halda neçə nəfər adam tüfəng açılan məhəllə yügürüb həmin şəxsin nəşini görürlər ki, üzüqoylu düşüb. Bunların əqli şaşmış, bunu kim öldürdü deyə soruşarlar! Cavablarında həmin evin sahibi atıb öldürdü deyəllər. Səbəbini sorarlar ki, nə bais oldu? Ev sahibinin hərəm namöhtərəmilə cəvan məqtulin münasibəti-qeyri-məşruəsi kəşf olunubdur.

“Şərqi-rus” 1904, № 188, səh 3.

KÖŞƏ YAZARLARI
TOP 10