Öz tükənməz eşqiylə qələmini Allah yolunda fəda edən bir qəhrəmana həsr olunur…

179 Baxış

mehmet_272586Məhəmməd Kekalov

Bütün türk dünyasının sevimli şairi və mütəfəkkiri  və öz heyrətamiz şeirləriylə məni heyrətləndirən  bir insana- Mehmet Akif Ersoya həsr olunur.

                                                        PROLOQ

Mavi səma türk torpağı üzərində iki əfsanə, iki sancaq şaxələndirirdi: biri üçrəngli, biri də al bayraq. Oğlan bunlara baxıb fərəhlənir, duyğulanırdı. Sonra isə duruxdu. Bir fikir gəldi ağlına: türk himni haqqında heç nə bilmirdi. Əvvəllər eşitmişdi, lakin onunla bağlı heç nə bilmirdi.

Sanki sonu yoxmuş kimi zəncirvari uzanan kitab rəflərinə doğru yeriməyə başladı. Yeridikcə düşünür, düşündükcə daha da çox maraq gəlirdi ona. Və gözünə bir kitab sataşdı: “Mehmet Akif Ersoy” yazılmışdı kitabın üstündə. Kitabı açdı, vərəqləməyə başladı. Sonra isə adı ona xoş gələn bir məqaləni oxumağa başladı. Məqalə bu başlıq altında yazılmışdı:

“Öz tükənməz eşqiylə qələmini Allah yolunda fəda edən bir qəhrəmana həsr olunur…”

 

***

 

“Biri var imiş, biri yox imiş, bir şair var imiş. Xalqın sevimlisi, şeirləri ilə qəlbləri fəth edən bu şair gecəsini gündüzünə qatıb şeirlər yazarmış. Bu gün “Milli Marş” adı altında oxuduğumuz müqəddəs nəğməmizi də o yazıbmış. Onun adı isə Mehmet Akif Ersoy olub.

20 dekabr 1873-cü il. Yeni ilə son on gün. Mehmet Tahir Əfəndinin içi içinə sığmırdı. Bu gün bir aslan dünyaya gəlmişdi. Hansı ki, öz şeirləriylə dünyanı kükrədəcək, tarixi dəyişəcəkdi. Əminə Şərifə xanım da fərəhlə öz ciyərparasına, çox sevimli övladına baxıb fərəhlənirdi.

Mehmet Tahir Əfəndi uşağı əlinə aldı. Üzü günəşə tərəf qaldırdı. Sanki, ürəyinə dammışdı ki, bu körpə illər sonra bir günəş kimi türk xalqının ucsuz azadlıq səmasına doğacaq.

Uşağın üzündə bir cəsarət, mərhəmət, nəcabət vardı. Bu, Allahın onlara verdiyi ən böyük bəxşiş idi. Belə zamanlarda əlini açıb Gündoğana doğru şükr etmək, yücə Tanrıya dua etmək yerinə düşərdi: bu övlad üçün, bu ərkək üçün nəyə desən dəyərdi. Bəlkə də, nə Mehmet Tahir, nə də Əminə Şərifə xanım Mehmet Akifin gələcəyi haqqında heç nə təsəvvür edə bilmirdi. Bilmirdilər ki, illər sonra xalqını aydınlığa doğru aparacaq, Türkiyənin təməl daşlarından biri olacaqdı.

Mehmet Akif Ersoy bir şair idi: mərifəti, düşüncəsi, fikri, zehni, bir sözlə bütün xüsusiyyətləri bunu təsdiq edirdi. Şair olmaq asan iş deyil. Misraları qurmaq, qafiyələri yaratmaq və davamlı olmasına nəzarət etmək, müəyyən parametrlərə uyğunlaşdırmaq və ən əsası oxucuya çatdırmaq istədiyi mənanı ən qısa və ən kreativ yolla bildirmək, o cümlədən, yazdıqca yaşamaq, yaşadıqca yazmaq lazımdır.

Bəs Mehmet Akif Ersoyda bunlardan hansı əskik idi? Heç biri! Məsələn, “İstiqlal Marşı”nı götürək. İlk dəfə bu şeir oxuyanda,necə deyərlər, ağzım açıq qalmışdı.

                                     ” Hakkıdır, hür yaşamış bayrağımın, hürriyet;

                                           Hakkıdır; hakka tapan, milletimin istiklal. “

   Qafiyə desən öz yerinə, vəzn desən öz yerində, səlislik və aydınlıqdan isə danışmağa dəyməz. Şair, sanki, sözün içindən söz seçib, belə möhtəşəm və sözün əsl mənasında hararətli bir şeir yazıb. Mən də o dövrdə Milli Marş müsabiqəsinin münsifi olsaydım, heç düşünmədən Mehmet Akif Ersoyun bu şeirini qalib seçib birinci yerə layiq görərdim. Yaxşı, belə bir sual da meydana çıxa bilər ki, bu şeirdə tərifəlayiq nə var? Özüm öz sualıma cavab verəcəyəm: bu şeirdə şair adəcə türk olmağın nə olduğunu izah edib. Belə ki, bir türk vətənpərvərinə yaraşan bir çox xüsusiyyətləri azadlıq uğrunda çırpınan qanadların kölgəsində  bir məğrurluq və fəxarət hissi ilə təsvir edib şair. və bütün bunlardan əlavə şeirin məğzi və mənası bir amal üstündə qurulub: al qırmızı türk bayrağı. Və bu dəm əminliklə deyə bilərəm ki, yuxarıda qeyd etdiyim “azadlıq uğrunda çırpınan qanadlar” bu al qırmızı türk bayrağıdır.

Şeiri oxuyub misraların arasına qarışdıqca, həmçinin şair bir böyük gözüylə gələcəyə nəsihət verir. Torpağımızı, Vətənimizi qorumağı, onun keşiyində durmağı bizə məsləhət görür.

Pianoçu fortepianonun arxasına oturdu. Bir dildən basdı. Və musiqi səslənməyə başladı. Bir dildə min not gizlənmişdi. Pianoçu Mehmet Akif Ersoy, fortepiano İstiqlal Marşı, fortepianonun klaviaturası isə İstiqlal Marşının misraları olsun. Hər misrada min məna, min çalar var: insanın gözü qamaşır. Buna isə incəsənət deyilir.

İstiqlal Marşı xalqın gözünü açmağa, azadlığa səsləməyə bir vasitə idi…

Balaca bir uşaq olsun: 3-5 yaşlarında. Və böyük, qaranlıq, içi yarasalarla, siçovullarla dolu bir mağara. Mağaranın da içində bir böyük div yaşasın. Uşaq içəri keçsin, avazı çıxdığı, nəfəsi çatdığı qədər bağırsın. Bu çığırtıya bütün yarasalar, siçovullar qaçıb mağaradan çıxsın və div oyansın. Şamı yandırıb mağaranı işıqlandırsın. Yox, div uşağa heç nə etməsin, əksinə, onu oyandırdığı  üçün uşağı əzizləsin, əlinə şirni versin və uşağı əyləndirsin. Desinlər, gülsünlər… Nəticədə mağara aydınlansın, işıqlansın, abadlaşsın. Uşağın adı Mehmet Akif Ersoy olsun, div isə böyük türk xalqı. Mağara Türküstan elləri, uşağın çığırtısı isə İstiqlal Marşı olsun. Ən nəhayət, yarasalar və siçovullar isə “qara donlu kafirlər” olsun. Beləcə xoşbəxtlik və ədalət Türküstan ellərində hökm sürsün.

Bir bağ olsa, içi güllə, çiçəklə dolu. Yasəmən, bənövşə, lalə, nərgiz, qızılgül… Və bir də onların bir bağbanı olsa: nurani, xoşsifət, gülərüz, cəfakeş. Adı Mehmet Akif Ersoy olardı. Becərdiyi güllərin adı isə “İstiqlal Marşı”, “Leyla” və s. olardı. Həmin bağa isə mən “Azadlıq uğrunda mübarizə bağı” deyərdim.

Mehmet Akif Ersoyun şeirləri “Safahat” adlı külliyyatda toplanıb. Onun bütün şeirlərini buradan  tapmaq olar, lakin maraqlısı odur ki, burada İstiqlal Marşı yoxdur. Bəli, şair yaradıcılığının şahəsərini bu topluya daxil etməyib. Və bunun səbəbini soruşduqda isə: “O şeir bir daha yazılmaz, onu mən də yaza bilmərəm. Belə bir şeir yaza bilmək üçün o günləri görmək, o günləri yaşamaq gərəkdir. O şeir artıq mənim deyil, millətin malıdır. Mənim millətə ən qiymətli hədiyyəm budur. Allah bu millətə bir daha İstiqlal Marş`ı yazdırmasın”,- demişdir.

İndi isə onun şeirlərinin təhlilinə ara verib bir az onun şəxsiyyətindən yazacağam. Bu “məxmər baxışlı” insanı təhlil edəcəyəm. Onu da qeyd edim ki, bu şair üçün yazılmış xatirələrin arasından seçib, bəyəndiyim və onun şəxsiyyətini bütün xırdalıqları ilə açan iki məqaləni sizə təqdim edəcəyəm, lakin öz dilimlə, başa düşdüyüm tərzdə, Mehmet Akif Ersoy üçün bir şərh şəklində. Məqalələrin birində deyilir: “Heç unutmaram. Mehmet Akif bizi Ankarada evinə çay içməyə dəvət etmişdi. Evdən çıxmağa hazırlaşırdıq ki, o qaçaraq bizə gəldi və dedi:  “Bu axşam çayı sizdə içəcəyik.” Təbii ki,  mən onun bu təklifindən çox məmnun oldum. Ancaq, bu gözlənilməz təklifin səbəbini də bilmək istədim. Soruşdum, gülərək dedi:  “Bizim evin kilimini bir kasıba veriblər.” Mən yaxşı bilirdim ki, onun yaşadığı otağın xalı-xalçası elə o kilimdən ibarət idi. Üstəlik onu da öyrəndim ki, o kilimi də bir kasıba verən elə Mehmet Akifin özü imiş.

Yenə soyuq bir qış günündə Mehmet Akif boz pencəyi ilə qarşımıza çıxır, üşüyür, amma üşüdüyünü hiss etdirməməyə çalışırdı. Araşdırıb öyrəndim ki, paltonu evinin qapısına gələn  bir kasıbın əyninə geyindirib yola salıb.”

Dil-damağın quruduğu, qanın donduğu, sözlərin tükəndiyi yer. Bu, yəqin ki, bir mələkdir. Yerə enib ki, insanları xoşbəxt etsin, xalqını ucaltsın. Evindəki xalını, əynindəki tək paltonu bir kasıba verəsən, özün isə xalısız beton döşəmədə gəzib küçədə paltosuz dolanasan…

Digər xatirədə isə sırf Mehmet Akif Ersoyun təmizqəlbliliyindən söz açılır: “Nə qədər güclü aktyor olsan da bir gün mələk rolunu oynamaqdan yorulacaqsan və mən də o zaman sənin süni, fəzilətdən yoğrulmuş gerçək sifətini görəcəyəm. Ancaq, 35 il gözlədim. O gözlədiyim gün gəlmədi ki, gəlmədi.”

Bu sözləri Midhat Camal deyib və eynilə mənim kimi onun bu alicənablığına məətəl qalıb…

Xalqı üçün çalışana qəhrəman deyilir. Həmçinin Vətəni üçün də çalışana qəhrəman deyilir. Bir insan eyni zamanda həm müəllim, həm həkim, həm baytar, həm şair, həm jurnalist, həm də diplomat olsa, bəs ona nə deyilir? O şəxsə əsl insan, əsl vətənpərvər, əsl iman sahibi, ələlxüsus da əsl türk deyilir. Məhz bura insanlığın son nöqtəsidir. Və bir də şərəfli iş varsa, bu iş iman işidir.Bu iş müqəddəs Quran`i Kərimin tərcüməsi işidir. Və həmin dövrdə belə şərəfli peşəni ən çox kimə tapşıra bilərdilər? Əlbəttə ki, Mehmet Akif Ersoya…

Bir insan çox məsuliyyətlidirsə, bir müqəddəs kitabı bir neçə dəfə tərcümə edirsə, ona Mehmet Akif Ersoy deyilir. O, Quran`i Kərimi bir neçə dəfə tərcümə etmişdi və bunun səbəbini soruşduqda isə: “Bu mənim ürəyimə yatmırsa, başqalarını necə sevindirəcək?!” deyirdi.

Mehmet Akif isə qorxurdu. Allahından, Kitabından qorxurdu. Qorxurdu ki, hardasa bir səhv edər, insanlar bunun fərqinə varmaz və bu bir daha üzə çıxmaz. Günahı isə öz boynuna qalar.

Lakin, bədbəxtlikdən o xəstələnir. Baxmayaraq ki, müqəddəs Quran`i Kərimi tərcümə edib tamamlamışdı, ancaq onu nəşr etdirmədi. Çox yaxın bir dostuna bunu tapşırır, özü isə müalicə məqsədilə İstanbula qayıdır və dostuna deyir: “Əgər mən geri qayıtsam, bunu nəşr etdirərik. Lakin, qayıtmasam…əgər qayıtmasam bunu yandırarsan!”

Bədbəxtlikdən, o geri qayıtmadı. 27 dekabr 1936-cı ildə 63 yaşında qara ciyər serrozundan vəfat etdi. Sanki  bir dağı sökdülər, sanki min göydələni dağıtdılar. Yücə türk xalqı, Türküstan elləri böyük oğlunu itirdi. Min nanəcibdən, min əqidəsizdən daha dəyərli, daha yararlı, daha şərəfli biri idi o.

Və onlar  Mehmet Akifin vəsiyyətini yerinə yetirdilər. Yandırdılar tərcüməni. Lakin, düşünürəm ki, bu tərcümə Quran`ın tərcümə olunmuş variantları içərisində ən mükəmməli, ən doğrusu idi.

Divin canı bir göyərçində idi; göyərçini isə boğurdular.  Göyərçin ikicanlı idi: bir canı isə getmişdi. Gedən canı Mehmet Akif Ersoy, digəri isə Atatürk idi. O bir nəhəng idi, siklop idi, div idi: o ədəbiyyat nəhəngi idi. Bu dünyada yaxşılar ölməsəydi, indi hər şey daha yaxşı olardı. Bir Allah bilir ki, bir neçə il daha yaşasaydı, insan qəlbində bitən çiçəkləri alaq otu timsalında günahlardan arındıran, insanı imana, doğru yola cəlb edən nə dastanlar, nə poemalar yazacaqdı… Heyf, çox heyf…

İndi isə şairin çox xoşuma gələn bir neçə şeirini sizə təqdim edib təhlil edəcəyəm. Mehmet Akifin şeirlərinin arasından ən xoşuma gələni “Ya Rab, bu uğursuz gecenin yok mu sabahı?” adlanır. Şeir Ərəf surəsinin bir ayəsiylə başlayır ki, bu remarka qismində verilib və şeirin məzmunu tamamlayır: “İçimizdeki beyinsizlerin işledikleri yüzünden bizi helak eder misin, Allahım?!” Şeir başlı-başına “Qurunun oduna yaş da yanar” atalar sözü üzərində qurulub və dinsiz-imansız insanların odunda yanmamaq tövsiyələri verilir. Mövzusu çox aktual, ürəyəyatan, öz axıcılıq və qafiyəsiylə diləuyuşan bir şeirdir. Bu şeiri ilk oxuduğumda, bu, mənə bir nəğmə kimi gəlmişdi. Ritmik notlarda ağır mövzulu bir musiqi- gözəl səslənir…

Və mənim ən az “İstiqlal Marşı” qədər xoşuma gələn, məni təəccübləndirən bir şeir isə şairin “Leyla” şeiridir. Bu şeir sırf məhəbbət haqqındadır, lakin iki insan arasında yaranan hormonal bağdan, hissi münasibətdən bəhs etmir. Bu eşq, bu məhəbbət imanadır, İslamadır, Quranadır, Allahadır. Bu məhəbbət müqəddəs və eşqlərin ən safı, ən təmizidir. Bu eşq eşqlərin ən müdriki, ən savablısı, ən layiqlisidir. Bu əsl şeirdir:  əsl sənətkara layiq əsl poeziya nümunəsi. Mehmet Akif Ersoy isə şeiriylə dinini birləşdirən, şeirinə iman, din qatan, həyatına şeir, şeirə həyatını, qəlbini qatan bir şairdir. Bu şairə alqış düşür: ayağa qalxıb alqışlamaq.

Və düşünürəm ki, bunların hamısı torpaqdan, Türkiyə torpaqlarından qaynaqlanır. Anadolunun, Trabzonun, Egenin, İstanbulun, Qarabağın, Milin, Muğanın təravətidir türk mütəfəkkirlərinin arxasında duran. Bu dağlar, bu çöllər, bu səma, bu yurd olmasaydı, dünya  necə də dözülməz olardı…

Hər bir insan öz diliylə, öz mal-mülküylə, öz ədəbiyyatı, öz  qəhrəmanı ilə, öz torpağı ilə, öz atası ilə fəxr edər.  Məhz Mehmet Akif Ersoy da fəxr ediləsi bir ata, fəxr ediləsi bir həyat yoldaşı idi. Ailəcanlı, sədaqətli, ağıllı, mərifətli, mədəniyyətli, gözütox, dindar, mənəviyyatlı biri idi Mehmet Akif Ersoy. Məhz buna görə də indi biz “MEHMET AKİFİMİZ VAR!” deyib fəxr edirik.

Mehmet Akif Ersoyun beş övladı var idi: biri-birindən gözəl, biri-birindən saf. Lakin, nə yazıq ki, onların da sonu atalarınınkı  kimi acı olub.  Şairin İsmət xanımla evliliyindən beş övladı dünyaya  gəlib: Cəmilə, Fəridə, Suad, Emin və Tahir. Onun böyük oğlu Emin əsgərlikdə olarkən yoldaşlarına Quran oxuduğu üçün digər yoldaşı ilə birgə həbs edilir, lakin onlar qaçırlar. Sonra, hələ Fransa əsarətində olan Kırıkhan`da tutulur və Türkiyəyə deportasiya olunurlar. Burada cəzsını çəkdikdən qısa bir müddət sonra Beşiktaş`da, bir zibil qutusunun yanında ölü tapılır Emin.

Onun kiçik qızı Suat isə atasının təqaüdü ilə keçinirdi, lakin bir gün onları yaşadığı evdən çıxarmaq qərarına gəlirlər. İki qızı ilə birgə yaşayan Suat xanıma digər ev verilir və o orada yaşamağa başlayır. Maddi problemlər ucbatından bu evi də satır və digər, daha kiçik bir evə köçür. Burada da problemləri qurtarmadığından çox acı bir şəkildə vəfat edir.

Onun kiçik oğlu Tahir isə tərcüməçi işləmiş, daha sonra təqaüdə çıxmışdı. Lakin, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkdiyinə görə, o, əvvəlcə Ankarada, sonra isə İstanbulda müalicə alır. Ancaq, xəstəlik çox inkişaf etdiyindən,  müalicənin heç bir təsiri olmur və 2000-ci ildə vəfat edir. Çox acınacaqlı haldır ki, Tahir Ersoyun cənazəsinə çox az adam qatılmışdı.

Mehmet Akif Ersoy ölməyib: o,  mənim qəlbimdə məkan salıb. Təkcə mənim üçün yox,  bütün   türk milləti, Türküstan əhli üçün yaşayır o.

Bu gün isə, bu dahi mütəfəkkiri dərin hüznlə anır, ona Allahdan rəhmət diləyirəm.

                                          ALLAH RƏHMƏT ELƏSİN…”

 

                                             ***

 

                                                EPİLOQ

  Məqalə qurtardı. Oğlan artıq istəyinə nail omuşdu. Artıq öz himni haqqında ətraflı bilirdi. Və həmçinin, kitabı oxuduqdan sonra, o, Ümummilli Liderimizin “Bir millət, iki dövlət”, möhtərəm prezidentimizin “Burada türkiyə yoxdursa, biz varıq!” aforizminin nə qədər doğru olduğunu gördü.

Dili bir, kökü bir, milliyəti bir, torpağı qonşu iki ölkənin əbədi, ölməz və sonsuz dostluğuna inandı. Türk olduğu, türk dilində danışdığı, türk adlandırıldığı üçün xoşbəxt idi və özü də daxil olmaqla, bütün türklərlə qürur duyurdu…

Məqalənin sonunda müəllifin adını gördü. Qəribə soyadı olan bu şəxsi öz ürəyində təqdirəlayiq biri kimi qiymətləndirdi. Və orada belə yazılmışdı:

 

                                          SON

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10