Öz uğurlarının qəhrəmanı və ya mənim tanıdığım Şəmil Sadiq – Elçin İbrahimov yazır

18 Baxış

167965_4hzsp7416l

… Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünər rütbeyi-əqli əsərində… 

Ziya Paşanın bu misralarını tez-tez xatırlayıram. Özümdən asılı olmadan, bir insanın hər hansı bir işi yerinə yetirdiyi zaman çəkdiyi əziyyətləri görəndə Ziya Paşanın yuxarıdakı misraları düşür yadıma.

Bəli, insanın güzgüsü onun gördüyü işlərdi. Uğurlarının memarı özü olan insanlar gerçək qəhrəmanlardı. İnandığı yolda yürümək insanın qarşısına olmazın çətinliklər çıxarır. Ancaq insan öz dəyərlərinə, ideallarına inandıqda bütün çətinliklərin öhdəsindən gəlir. Mənim tanıdığım Şəmil Sadiq də uğurlarının qəhrəmanı özü olan insanlardan biridir.

Mən Şəmil Sadiqi 1990-cı illərdə Nehrəm 1 saylı orta məktəbdə oxuduğum zamanlardan tanıyıram. Böyük qardaşım İbrahim (İlham) Ş.Sadiqlə bir sinifdə oxuduğu üçün mən də Şəmil müəllimi o vaxtlardan böyük qardaşım kimi tanımağa başladım. Daha sonra Şəmil müəllim universitetə qəbul olduğu üçün orta məktəb müəllimlərimiz Şəmil Sadiq kimi çalışqan şagirdləri bizlərə örnək göstərirdilər.

Həyatın axışı daha sonra Şəmil Sadiqlə bizi Bakı Dövlət Universitetində, “Hədəf” hazırlıq kurslarında birləşdirdi. Bu gün də bu dostluq, qardaşlıq davam edir. Şəmil Sadiq hər zaman gənclərə böyük qardaşlıq edib, onlara inanıb və onlarla bir sırada addımlayıb.

Şəmil Sadiq bir vaxtlar (2008-ci ildə) kiçik bir komanda ilə “Hədəf” hazırlıq kurslarını yaratdı. Həmin dövr üçün Azərbaycanda bir çox böyük hazırlıq kursları var idi. Əlbəttə, onlarla sağlam rəqabət aparmaq heç də asan deyildi. Ancaq Ş.Sadiq və komandası yorulmadan bu yolda bir çox əziyyətlərə qatlandılar, bu inamın, bu əziyyətin hazırkı nəticəsi  “Hədəf” Kursları və “Hədəf STEM” liseyidir. Bu gün bu kurslar və lisey Azərbaycan təhsilində milli brenddir. Və bu milli brend statusu da, Azərbaycan təhsilində bir çox yenilikləri etmək də Ş.Sadiq və onun komandasının gərgin əməyinin nəticəsidir.

Məhşur holland maarifçisi Appel Karel “Müəllimin bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, şagirdlərə öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan” olduğunu qeyd edir. A.Karelin müəllimlə bağlı bu fikirlərini heç mübaliğəsiz Şəmil Sadiqə də aid edə bilərik. Bu gün Şəmil Sadiqin yeni ideyaları əsasında fəaliyyət göstərən “Hədəf STEM” liseyi Azərbaycan təhsil sistemində bir çox yeniliklərə imza atmaqdadır. Qazanılan hər bir uğurun, əldə olunan müsbət nəticələrin arxasında Şəmil Sadiq imzası və ideyaları dayanır.

Şəmil Sadiq həmçinin, gerçək ziyalı, əsl maarifpərvər və təmənnasız bir insandır. Məhz onun ideyaları əsasında hər il gənclərin mütaliəyə diqqətinin artırılmasını nəzərdə tutan “Oxu Günü” tədbiri keçirilir. “Oxu Günü”nü həyata keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliği, kitabın gündəlik həyatın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

“Bizim üçün Vətən və millət yolunda düşüncə savaşı daha önəmlidir” deyərək “Ustad” aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən Senet.az saytının,  həmçinin, “Hədəf” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında nəşr olunan kitabların da ideya rəhbəri Şəmil Sadiqdir. Bütün bunların hamısı Şəmil Sadiqin yuxarıda qeyd etdiyim “vətən və millət” sevgisindən irəli gəlir.

Beləliklə, mənim tanıdığım Şəmil Sadiq:

- Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası axtaran tədqiqatçıdır,

- Hüseyn Cavidin işığında İsa Muğanna həqiqəti axtaran ədəbiyyatşünasdır,

- İsa Muğanna yaradıcılığına “İdeal” işığında baxan qədirbilən xələfdir,

- Ədəbiyyatla bütövləşmiş şəxsiyyətdir,

- “Olsa əgər imkanı, lap dünyanı mən şad edərəm.

Qüssələri məhv edərək, qəlbləri abad edərəm” deyərək “Bu türk daha o türk deyil” şeirləri ilə car çəkən ozandır,

- Türkün ən gizli və çağdaş tarixini “Ödərlərdə” oxucusuna çatdıran bir TURANÇIDIR,

- XXI əsrin gerçək maarifpərvər ziyalısıdır,

- Yeni dövr təhsil mühəndisi, təhsil texnoloqudur,

- Günümüzün təhsil biligisi, təhsildə ideyalar generatorudur,

- Gör, toxun, et prinsipli müasir təhsil yanaşmasının qurucusudur,

- Gənclərin dostu, “abituriyentə yaddaş kitabçası” ilə dəstək olan “mən bir müəlliməm deyən” əsl müəllimdir!