ÖZÜNÜ HƏQİQƏTƏN AZAD HİSS EDİRSƏNMİ?

44 Baxış


11267647_928529097193895_646966654_n (1)

Elxan Nəcəfov

Bu yazı mənim həm özümlə, həm sənlə üzbəüz söhbətimdir. Nədənsə mən səni daha yaxın hiss etdim özümə. Ona görə də söhbətimi daha çox sənlə etmək istədim. Çünki sən həmişə azad olmaq istəyirsən. İstəyirsən ki, bütün qərarlarını özün verəsən. Sən haqsız deyilsən. Sadəcə tam haqlı olmadığın ehtimalını düşün.

Bir gün biri səndən soruşsa ki, özünü həqiqətən azad, müstəqil hiss edirsən?

Nə cavab verəcəksən?

Cavabını tez düşün, çünki eyni sualı bu qısa yazının sonunda səndən bir daha soruşacağam.

İnsan azad olmağı özbaşına olmaqla, ürəyi istəyəni edə bilmək anlayışı ilə qarışdırır. Hansı ki azadlıq ürəyin istəyəni edə bilmək deyil. Heç kimə tabe olmamaq, istədiyimiz kimi yaşamaq, insanlarla necə gəldi davranmaq mənasında heç deyil.

Cəmiyyət olaraq həyatımız boyu bir məsuliyyət daşıyırıq. Çünki insan övladdır, qardaşdır, bacıdır, əmidir, dayıdır, atadır və ya anadır. Hər bir insan bu mövqeyindən razıdır. Amma nə zaman ki, bu mövqe insanın istəklərinin qarşısına keçir başlayır şikayət etməyə. Sərbəst olmadığını, əlinin-qolunun bağlandığını düşünüb üsyan edir. Bütün bunların bir məsuliyyəti var. İnsan bu məsuliyyətin çərçivələrinin arasında hərəkət etməyə məhkumdur.

Bu çərçivələr insanın azadlığına kölgə salmır. Azadlığımızı əlimizdən almır, sadəcə başıboş, məsuliyyətsiz hərəkətlərimizdən bizi uzaq olmağa vadar edir. Bu da həqiqətdir ki, məsuliyyətli olmaq azad olmamaq mənasına gəlməz. Çünki azadlıq tamam başqa şeydir.

Azad olmaq üçün bilikli, savadlı olmaq lazımdır. Elmsiz bir adamın azad olmağı mümkün deyil. O özünü azad hesab eləsə də, daha çox azadlıqdan məhrum olduğunun fərqində olmaz. Savadsızlığın səni başqalarına qarşı öyünməyə, səni sən kimi göstərən dəyərlərdən uzaqlaşmağa məcbur edər.

Başqasının tapşırıqlarını özünün istəyi kimi hiss edərək edərsən, başqalarının çirkin niyyətlərinin həyata keçməsi üçün onun “dəyirmanına su tökərsən”. Kiminsə təsirinə düşüb özündən uzaqlaşarsan, yox olarsan.

Bəs necə azad olmaq olar?

Biliyiniz, dünyagörüşünüz nə qədərdirsə, azadlığınız da o qədərdir. Nə qədər dünyagörüşün zəngindirsə, biliyin çoxdursa o qədər çox  özünü müdafiə edə bilərsən, özün olmağı bacararsan. Yalnız bu halda daxilində ruhunun istədiyi hökmranlığı qura bilərsən. Həm də başa düşərsən ki, öz azadlığını hiss etdirmək üçün başqalarının da azadlığını qəbul etmək lazımdır.

Bu anlayışda ola bilmək azad olmağın rüşeymidir. Sənə verilən yeri başqaları ilə bölüşə bilmək böyüklükdür. Bütün bunları bacarmaq humanist insan olmaq deyilmi? Bu sənin özünü inkar etməyindir. Azad olmaq inkişaf prosesidir. Özünü dərk edə bilmək, təkcə insan olduğunu hiss etmək deyil, insanlardan biri olduğunu başa düşməkdir.

İndi bir daha soruşmaq istəyirəm. Özünü həqiqətən azad hiss edirsənmi? Və ya özünü nə qədər azad hiss edirsən?

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10