Özünü sevməyin faydaları – Natəvan Abdullanın yazısı

8 Baxış

natevan abdulla

Uşaqlıq çağlarımdan yadımdadır ki, saçlarımı darayanda nənəm təəccüblənir, “Ay bala, özünü niyə yolursan?” deyirdi.

Dolaşmış saçları əlimdəki daraqla hikkəylə açmağa çalışmaq özü əsəb verirdi mənə. Beləcə əsəb, əsəb gətirir, bunun da acığını saçlarımdan çıxırdım. Nənəmin isə bunun üçün xüsusi bir ritualı vardı. O, öz saçlarını darayarkən yaylığını dizlərinin üstünə sərib saçlarını iki yana ayırar, ucundan başlayıb ta yuxarıya qədər yavaş-yavaş səbrlə darağı saçlarında gəzdirərdi. Bu mənzərəni izləmək elə xoş idi ki. Çünki insanın özünə qayğı və hörmətlə yanaşmasının göstəricilərindən biri idi bu. Özünü incitmədən, saçlarını yolmadan səliqə və hörmətlə dinc ruh halıyla adi bir özbaxımı icra eləmək. Bu cür kiçik detalların mahiyyətini yaşa dolduqca anlayırsan. İnsan özünə qarşı nə qədər qayğıkeş, hörmətcil və anlayışlı olursa, bu münasibəti başqalarına da ötürə bilir. Öz saçlarını yolaraq darayan qadından kim həqiqi nəvaziş və diqqət gözləyə bilər axı?

Özünə qayğı ilə özünə acımaq eyni duyğudurmu?

Hərdən özümüzü insan olmağın çətinlikləri və şərtləri qarşısında sakitləşdirməliyik. Amma nədənsə mədəniyyətimizdə insanın özünə qarşı qayğıkeş, anlayışlı və diqqətcil olması ya eqoizm kimi qəbul edilir, ya da özünə acımaqla müqayisə olunur. Amma bu, nə “mən hər kəsdən və hər şeydən üstünəm”, nə də “mən yazıq” düşüncələri ilə üst-üstə düşən anlayışdır. Heç yan-yana da gəlmir. Məsələ burasındadır ki, sosial şərtlərimiz ağır, gündəlik həyat yorucu və əzici ola bilir. Bir çox insan hər gün çiyinlərində daşıdığı məsuliyyətlərdən, qayğı və narahatlıqlardan daima qəzəbli, stresli ruh halına təslim olur. Xoş ovqat isə bu insanlara təsadüfən baş çəkir, sonra yenə çıxıb gedir. Belə insanların qəlibləşmiş ruh halı əsasən içində yığılıb qalan hikkəsi olur. Necə ki kəskin sirkə öz küpünü çartladar, insan da eyni minvalla fərqinə belə varmadan özünə zərər yetirməyə başlayır. İnsanların içindəki qəzəbi birinci növbədə özlərinə, əşyalarına, daha sonra insanlara qarşı davranış və tutumlarından anlamaq çox asandır. Həyat mübarizə ola bilər. Amma bu mübarizənin bizi stress topuna çevirməsinə imkan verməməliyik. Buna görə uşaqlara da lap kiçik yaşdan özünə qayğını aşılamaq lazımdır.

Açığı, heç mənə də uşaqlıqdan özümə qayğı göstərməyin vacibliyi aşılanmayıb. Yaxşı ki, müşahidə etdiklərimi sonradan oxuyaraq öyrəndiklərimlə zehnimdə qarşılaşdırıb bu nəticəyə gələ bilmişəm. Amma əminəm ki, bir uşağa öyrədiləcək əsas duyğu və davranışlardan birincisi elə özünə, öz bədəninə, ruhuna hörmət və qayğıyla yanaşmaqdır.

Özünə qayğı anlayışını mənimsəmək üçün nələri bilməliyik?

Adətən insan dəyər verdiyi şəxslərə qarşı empatiya və nəvazişlə davranır, özünə gəldikdə isə bir o qədər qəddar ola bilir. Çünki bəzən insanlar özlərinə qarşı nəvazişli olmaq kimi bir fikrin varlığından belə bixəbər olurlar. Bu məlumatsızlıq insanın özünə qarşı diqqətcil və nəvazişli olmaq halını bloklayır. Beləcə, “Özünə acıyana heç kim acımaz” düşüncəsiylə özlərinə qarşı qəddar və anlayışsız davrana bilirlər. Bunun səbəbi isə özünə qayğı duyğusunun bizi zəif və gücsüz hala salması qorxusudur. Amma əslində, insanın özünə sevgi və nəzakətlə yanaşması çətinliklər qarşısında cəsarət verən və dözümlülüyümüzü artıran ən yaxşı motivasiya mənbəyidir. Bəziləri isə, yuxarıda da qeyd etdiyimiz kimi, özünü sevməyin, özünə dəyər verməyin eqoizmə yol açdığını və bunun insan münasibətlərinə ziyan verdiyini düşünürlər. Məsələn, istəmədiyi bir şeyi başqalarının istəyi ilə etmək, başqalarına xoş getsin deyə, özünü nəyəsə məcbur etmək özünü sevən insanın atacağı addım deyil. Digər tərəfdən, insanlar məcburiyyət qarşısında belə qarşılıqlı yardımlaşmada iştirak etməlidirlər ki, cəmiyyətin bütünlüyü pozulmasın, sosial parçalanma baş verməsin. Amma burda bəhs etdiyimiz özünə sevgi anlayışı insan münasibətlərində qarşı tərəfi də xoşbəxt edəcək, eqoizmdən uzaq ruh halıdır. Hətta araşdırmalara görə, özünü sevən və özünə qarşı anlayışlı olan insanlar ikili münasibətlərdə daha diqqətcil və dəstəkləyici olur, qarşı tərəfi anlamaqda və səhvləri bağışlamaqda daha bacarıqlı olurlar.

Özünə qayğı davamlı həzz və sağlamlıq qapısının açarı ola bilər

İnsanın özünü sevməsi, özünə qarşı qayğıkeş olması elə bir anlayışdır ki, hansı tərəfə çəksən, uzana bilər: özünə acımağa, eqoizmə, qudurğanlığa, həzz mərkəzli yüngül həyat tərzinə və sair. Bu ifadənin özəyi isə bütün bunlardan tamamilə fərqli, ayrı bir aləmin xəbərçisidir. Özümüzə qarşı qayğıkeş olmaq, özümüzü sevib dəyər vermək bizi qısamüddətli həzlərdən uzaq tutar, sağlamlığa, ruh və bədənin dincliyinə, gümrahlığına səbəb ola bilər. Araşdırmalar özünü qayğı və saf duyğularla sevən insanların idman, sağlam qidalanmaq, rutin müayinələrdən keçmək kimi doğru davranışları mənimsədiklərini göstərir.

Digər bir məsələ isə özünə sevginin pis vərdişlərimiz üçün bizə bir bəhanə ola biləcəyi təhlükəsidir. Halbuki özünü sevmək hissi yol verdiyimiz səhvlərlə bağlı başqalarını günahlandırmaq əvəzinə, onları qəbul etmək üçün lazım olan özünəinamı və əminliyi bizə verə bilər. Məsələn, bir qadın xoşbəxt olmadığı evlilik münasibəti üçün valideynlərini günahlandıra, evlənərkən yanlış seçimə sürükləndiyini düşünə bilər. Burada bütün günah valideynlərdə, acı taledə, evləndiyi şəxsdədir. Burada həm eqoizm, həm özünə acımaq duyğusu var. Halbuki özünü sevən bir qadın yanlış seçim etdiyini daha asan qəbul edə bilər. O, düşünə bilər ki, bir vaxtlar həm yaşı, həm həyat təcrübəsi az olub. İndi isə içində olduğu şərtlər onu qane etmir. Deməli, keçmişdə yanlış seçim etdiyini qəbul edib gələcəyini dəyişdirmək üçün bugünkü təcrübəsi və duyğuları ilə özü ilə bağlı doğru qərarı verə bilər. Bu qərarı icra etmək üçün insanın özünə qarşı sevgi və böyük anlayışla yanaşması lazımdır.

Özümüzə qarşı sevgi duyduğumuz zaman istəklərimizə, hədəflərimizə çatmaq üçün daha motivasiyalı oluruq. Bu motivasiya isə içimizdəki qəzəbdən, “taleyin oyunu”nu pozmağa çalışmaq cəhdindən yox, özümüzə verdiyimiz dəyərdən və öz potensialımızı kəşf etmək istəyimizdən qaynaqlanır. Özünü sevməyin, özünə dəyər verməyin narsizm, özünü düşünməyin eqoistlik olmadığını anlamağımız bunun birinci şərtidir.

Əmək sərf edib yaxşı bir iş ortaya qoyduğumuz zaman özümüzlə fəxr etməli, səhv etdiyimiz zaman özümüzə qarşı anlayışla davranmalı, həyatın çətinlikləri ilə üzləşdiyimiz zaman qəzəb dağarcığına çevrilmək əvəzinə, səbrlə zamanın hər şeyi yoluna qoyacağına inanmalı, səssiz irəliləməliyik. Özünü sevməyin formulu yəqin ki, budur. Mövlana Cəmaləddin Ruminin dediyi kimi, “məqsədimiz sevgini və xoşbəxtliyi aramaq yox, öz daxilimizdə bunlara qarşı inşa etdiyimiz əngəlləri axtarıb və tapmaqdır”.

Natəvan ABDULLA
525.az

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10