Özünü xilas

76 Baxış

Qədim MəmmədliQədim Məmmədli

Özünü xilas

 

Gecə saat 01:00. Əslində çox da uğurlu gün deyildi. B ilə yuxum tökülənə qədər içəndən sonra yeni məskunlaşdığım natəmiz, yuyulmamış qab-qacaqlarla, çirkli paltarlarla dolu, normal genişlikdə, ancaq ətrafdakı əşyalar yöndəmsiz düzüldüyünə görə çox darısqal olan təkotaqlı evimin qarşısında bir müddət dayanıb həyətdən içəri girdim. Qapıya açarın tərs tərəfini yerləşdirdiyimi anladıqdan sonra düzgün tərəfi ilə onu açdım. Və qapının zarımağı xatırladan cırıldaması məndə çox pis melanxoliyaya səbəb oldu. İçkili olduğuma görə isə daha da ürküdücü təsir bağışlayırdı bu səs. İçəri girməmiş qapını yenidən bağladım və Bakının mənasız küçələrini gəzmək niyyəti ilə yola düzəldim. Həmişəki kimi gecə lampaları ilə bəzədilmiş küçənin divarlarındakı sevgi etiraflarını, zibil atanların şəninə yazılmış bir neçə sözdən ibarət “hekayə”lərin şahidi oldum. Bir şeyi etiraf etmək istəyirəm ki, Azərbaycanın qaldığım hissəsindəki söyüş ehtiyatı çox zəngin idi. Əlbəttə ki, yazılan “hekayə”ləri nəql etmək niyyətim yoxdur. Düzü yadımda da qalmır, amma Remarkın dediyi kimi, “insanlar müdafiə olunmaq üçün qatı açılmamış sözlərdən istifadə edirlər”. Yəqin ki, torpaq sahələrini və yaxud da ekologiyanı qorumaq üçün yazılmış, qatı açılmamış bir çox sözlər gördüm.

Bir xeyli gəzdikdən sonra evə döndüm. Qapı bağlı idi, amma pəncərədən gördüyüm qədəri ilə evin işıqları yanırdı. Mən artıq bir ay  idi ki, bu mənzildə kirayə qalırdım və indiyə kimi evin işıqlarını yanılı unutmamışdım. Amma hər halda bu dəfə unutmuşam düşüncəsi ilə qapımı açmaq istədim. Amma qapı açarla bağlanmamışdı. Açarı qapının üstündə unutmuşdum və evdəki naməlum şəxs də açara dəyməmişdi. Düşünmək istədim və içkili olanda düşüncələrimin normal olduğunu, amma sürətli olmadığını anladım. Normal sərxoş adam kimi də deyildim, qorxu hissinin yarandığının şahidi olurdum. Elə bil ki, sərxoşluqla ayılmaq arasında qalan boşluğa düşmüşdüm. Nə isə, Şerlok Holmsun macəraları kitabının bir neçə epizodu ağlımda canlansa da özümü xəfiyyə kimi hiss edə bilmədim və soyuq tərlə yanaşı yaşamaq istəyimin bir xeyli artdığını hiss etdim. Bir neçə saniyə sonra bunların hamısının yuxusuzluqdan və sərxoşluqdan yaranan bir hallisunasiya olduğunu qərarlaşdırdım. Amma yox. İşıq yanılı və qapı içəridən qıfıllı idi. “Lənət şeytana” deyib qapını döydüm. Daha doğru desək, qapıya ehmallıca iki dəfə toxundum. Ağır addım səsləri gəldi, zarımağa başlayan qapı normal sürətlə açılmağa başladı, amma bu mənə çox uzun zaman kimi təsir bağışlayırdı və o müddət ərzində sanki daxili orqanlarımın yüngülləşdiyini, getdikcə qravitasiya sahəsinin təsirindən çıxdığını hiss edirdim.

-Harda qalmısan? Bayaqdan səni gözləyirəm.

-Bir az gəzirdim, –heç bir şey hiss etdirmədən dedim və ağlıma gələn ilk cümləni də əvvəlki cümləyə caladım, – cəmiyyətimiz düzəlməyəcək.

B-nin üzünü görən kimi daxili orqanlarım yenidən öz mövqelərində qərarlaşdı və onun mənə verdiyi “bu gün səninlə qala bilərəm?” sualına verdiyim “hə” cavabı yadıma düşdü.

-Biz bu məsələnin üstündə səninlə çox müzakirə aparmışıq axı, -səliqə ilə düzülmüş dişlərini göstərərək gülmək istədi, amma bacara bilmədiyinə görə xəfif qızardı,- Bir az təmizlik işləri görmüşəm.

-Kaş ki, əziyyət çəkməzdin,-  bir az duruxandan sonra güclə dedim. Utandığımdan evə girmək istəmirdim.

- Əziyyəti yoxdur. Həm də ki, özün demişdin təmizlik edərsən evdə, – güldü- Keç evə, dayanma orda.

Əslində B mənim ən yaxın və tək dostum idi. Mənim saçım kimi qapqara, qıvrım saçları və saqqalı, 179 sm. boyu, ahəngdar geyimi, daş kimi və çox iri əlləri, inanılmaz gücü (gücünü ilk dəfə kafelərin birində iki dənə, ən az onun boyda olan gənci bir zərbəylə yerə yıxanda görmüşdüm) və bunlarla yanaşı kübarlığı ilə fəhlə iş yoldaşlarından seçilirdi. 30 yaşı var idi. Orta təhsilli idi, amma, bir çox ali təhsillilərdən çox kitab oxumuşdu. Oxuduqları bədii ədəbiyyata aid kitablar idi. Mənə deyirdi ki, dünyadan bir azca bezən kimi özünü bədii əsərin içinə atır və əsər bitənə qədər onu dünyaya bağlayan tək şey tualet olur (o da istisna hallarda).

Qaldığım məhəlləyə demək olar ki, eyni vaxtda köçmüşdük. Məskunlaşdığımız bir aydan bəri mənimlə çox sıx münasibət qurmuşdu. Özümü həyatdan tamamilə küsmüş, toplum tərəfindən püskürdülmüş, səliqəsiz həyatın səliqəsiz nümayəndəsi kimi tanıdığım an gəlmiş və əslində kənarın mənə toplumdan daha uyğun olduğunun fərqinə varmağıma çox böyük köməyi dəymişdi. Dediyinə görə insan düşüncə bənzərini tapanda və yaxud da tapdığını zənn edəndə mütləq həmin şəxslə münasibət qurmalıdır. Əgər həqiqətən də düşüncələr üst-üstə düşürsə, yəni müəyyən şəxs həqiqətən sənə bənzəyirsə, ona qarşı güvən hissi formalaşacaq. Mənə güvəndiyini deyirdi və çox qəribə idi ki, tanış olduğum gündən etibarən mən də ona güvənirdim. Onunla keçirmədiyim saatlara heyfim gəlirdi. Divarlarına “bura bizim məhəllədi, ehtiyatlı ol!” kimi cümlələr yazılmış məhəlləmizə yaxın istənilən kafedə oturub saatlarla söhbət edirdik. Çox qəribə fikir yeritmə qabiliyyəti var idi. Danışarkən gözlərimin içinə baxır, sanki aramızda gözə görünməz bağı hər dəfə möhkəmlətmək üçün gözlərini daha da böyüdərək səs tonunu alçaldır və ona diqqət kəsilməyimi istəyirdi. Bir anlığa Dünya yerində fırlanmadan dayanır, ətrafdakı 15 stolun hər birinin üstündəki nərdin səthində diyirlənən 30 ədəd zərin səsi, söyülən söyüşlər, ətrafdakı gənclərin ürəkdən, qışqıraraq gülüşü, magistral yoldakı maşınların siqnalı və radioda səslənən xışıltılı nitq bir neçə dəqiqəlik arxa planda ovularaq yox olurdu. Sükut və B-nin ilıq səsi. Bu səsin sehrinə düşməmək mümkün deyildi. O səsdə mənə aid nə isə var idi və mən buna əmin idim. Diqqətlə qulaq asır, söz açdığı dövrlərin, yerlərin, idealogiyaların, inancların sehrinə düşürdüm. Onunla keçirdiyim bir aylıq müddəti əvvəlki naməlum ömrümə dəyişməzdim. Onunla gözə görünməz bağım çox güclü idi. Nitqini bitirəndə yaddaşımın dərinliklərində nəsə bir aydınlanma hiss edirdim, bir əlimlə digər əlimi möhkəmcə sıxdığımın fərqinə varıb onları aralayırdım. Gözləmədiyim anda qarşısındakı pivəni bir nəfəsə bitirər və bu əsnada Dünya yenidən fırlanmağa başlayar, hər  şeyin, hər kəsin səsi neyronlarımı qıdıqlayardı.

Biz evə girdik. Girişdə, qapının ağzında iki dənə iri, dolu paket diqqətimi cəlb etdi. Üstündəki emblem mənə nə isə xatırlatdı sanki. Ya televizorda görmüşdüm, ya da başqa bir yerdə. Onu bilirəm ki, çox sıx rastlaşdığım şey idi, amma çox da fikir vermədim buna. Utandığımdan evimin içində özümü qonaq kimi hiss edirdim. Kirayə qaldığım gündən bəri evin içi bu qədər böyük və təmiz olmamışdı. Mən gələn zaman B qabları yuyurdu. Şampunlu əli ilə mənə qapının ağzında olan iki dənə iri  paketləri göstərib oradakı paltarları sabah çamaşırxanaya aparıb yuduzdurmağımı tapşırdı və “let it snow”nu zümzümə eləyərək işinə davam etdi.

Həmin gecə B ilə çox söhbət etdik. Daha dəqiq desək o danışdı, mən dinlədim. Ona bundan, yəni durmadan danışmağından və qarşısındakının ağzını açıb ona sadəcə qulaq asmasından narahat olub-olmadığını soruşanda isə mənə cavab olaraq dedi ki, “insan kiminlə çox danışmaq istəyirsə, ən çox onun yanında susur. Sən susaraq mənimlə dialoq qurursan”. Onun mənə dediyi hər bir cümlənin aydınlanmağıma səbəb olması sadəcə olaraq möcüzə idi…

Həmin gecə hörmət əlaməti olaraq, mənim yerdə, onun isə mənim çarpayımda yatmasını istədim. Nə qədər təkid etsəm də, xeyri olmadı. Yerdə özü yatdı.

Səhər yuxudan ayılıb güclə gözümü açdım. Yuxudan indi qalxmağıma baxmayaraq, beynim sanki gün uzunu qədərindən çox yüklənmiş, gecə yatmağımı gözləyirdi. Sakit-sakit ağrayırdı və içinin dolu olduğunu hiss edirdim, ağırlıq edirdi. Gün ərzində insan beynindən ortalama səksən min fikir keçir və ən çox hansı məsələ üstündə düşünürüksə, gələcək həyatımız məhz onun üzərində qurulur. Beynim “səksən mini”ni doldurmuşdu sanki. Ayağa qalxıb ağrı kəsici atmaq üçün mətbəxə keçib soyuducunun “dərman qoyulan”gözünə baxdım. Bir ağrıkəsici qalmışdı və onun da kağızı bir az cırılmışdı. Əlbəttə ki, o cırığa fikir verəcək qədər özümü yaxşı hiss eləmirdim. Stolun üstündəki, uzun müddətdir ki, boş olan, yalnız bu gün B tərəfindən doldurulmuş qrafinka var idi. Qrafinkadan bir stəkan dolusu su süzüb dərmanımı içdim. Dərindən nəfəs alıb yenidən otağa qayıtdım. Paketin üstündəki emblem yenidən gözümə sataşdı. Elə o anda başımın üşüdüyünü hiss etdim. Birdən mədəmin üst hissəsində yumulmuş, bir ovuc dolusu sıxıntı, onurğa sütunumun  üstündəki yenicə dərini tərk etmiş tərin soyumasına səbəb oldu. Bayaqdan müəyyənləşdirə bilmədiyim qeyri-müəyyən səs uzaqdan gələn təcili yardım maşınının səsi imiş. Başım gicəllənməyə, ətraf qaralmağa başlayırdı. Qapı iki dəfə möhkəm döyüldü, üçüncü dəfə qırıldı. Qapıdan içəri daxil olan B-nin üzünü güclə seçə bildim. Müvazinətimi itirib yerə sərildim…

Çox çətin də olsa gözlərimi açdım. Uşaqlıqdan nifrət etdiyim xəstəxana qoxusu… Sol qolumdan damarıma yeridilən sistemi yoxlamaq üçün nəzarətə gələn tibb bacısı tez otaqdan bayıra çıxdı. Deyəsən  oyandığımı gördüyünə görə idi bu təlaşı. Otağa baş həkim gəldi. O da həyəcanlı görsənirdi.

- Necəsən, oğlum?

- Yaxşıyam,- dedim,- ailəm necədi? Onlar da yaxşıdılar?

Bu məqamda tənginəfəs içəri girən B-nin- qardaşımın təlaşını görüb yatağımdan qalxmaq istədim. Amma başımda güclü ağrı olduğunu hiss edəndən sonra yenidən yerimə uzanıb onun gəlməsini gözlədim. Həkimə baxdı. Həkim başı ilə razılıq əlaməti bildirib gülümsədi. Qardaşım sevincindən məni elə qucaqladı ki, az qalsın sistem damarımdan çıxacaqdı. Heç nə anlamadan ona baxıb nə məsələ olduğunu aydınlaşdırmaq istəyirdim. Amma o ağzımı açmağa imkan vermirdi, elə hey gülümsəyib yuxarı baxaraq şükr edir, gözlərinin altında toplanan damlanı məharətlə yerində saxlayırdı. Tibb bacısını çağırıb mənə sakitləşdirici vurdurmasaydı, yəqin ki boksyor olduğu üçün daşlaşan, iriləşən əllərinin arasından çıxmağı bacara bilməyəcəkdim…

Artıq üstündən bir neçə gün  keçəndən sonra B mənə yol qəzasında atamızı və anamızı itirdiyimi demişdi. Çətin də olsa həzm edə bilmişdim. Beynimdə olan bir neçə müəmmalı xatirələr, bir-biri ilə üst-üstə düşməyən bir neçə nüanslar var idi. Bunların hamısını B ilə bölüşdüm, cavab tapmaqda acizlik çəkdiyimi bildirdim.  O mənə cavab olaraq…

***

B-nin monoloqu:

Siz – anam, atam və sən tətilə getməli idiniz. Mənim turnirim olduğuna görə gələ bilməyəcəkdim. Şəhərin çıxışında yol qəzası keçirmisiniz. Yol qəzasında ana va atamız vəfat edib. Sənin sağ çıxmağın isə sadəcə olaraq möcüzədir. Bədənində tək bir cızıq belə yox idi, amma başını möhkəm çırpmışdın. Yaddaşın itmişdi. Həkimin dediyinə görə qayıtsa belə, bunun da adını möcüzə qoymaq olardı. Sənin gözünə görsənmədim ilk iki gün. Özümüzdən başqa heç bir qohum əqrəbamızın olmadığı üçün valideynlərimizin dəfn mərasimlərini layiqincə yerinə yetirmək mənim üstümə düşürdü. O iki gün ərzində hava almaq üçün bağçaya çıxıb taksiyə minmisən. Özün də bilmədən qəza baş verən yerə qədər gəlib, düşüb, bir-iki saat piyada gəzdikdən sonra bir qəsəbəyə çatmısan. Burada bir ev kirayələyib qalmısan. Səni 3 gün ərzində tapa bildik. Həkimlərin ciddi tapşırığı ilə sənin mənim qardaşım olmağını birdən-birə deyə bilməzdim və ona görə şübhələndirməmək üçün fəhlə olduğumu dedim. Onsuz da bu mənasız olacaqdı. Yəni, sən mənim sənin qardaşın olmağıma inanmayacaqdın. Səninlə yaşadığım bütün hadisələri eynilə təkrar etməyə başlayırdım. Özünü xatırlamağını istəyirdim. Onda bütün məsələlər öz həllini tapacaqdı. “Dünyanı təşkil edən hər kəsi yalnız özü xilas edəcək. Xarici təsir nə qədər güclü olursa olsun “mən”inin təsirindən dəfələrlə zəifdir. Ən pis vəziyyətlərimdə belə özümü köməyə çağırıb düşdüyüm vəziyyətdən çıxa bilirəm” fikirlərinin sahibinə- sənə, yalnız və yalnız özünü xatırlatmaq lazım idi. Sənin mənimlə bölüşdüyün fikirləri yenidən sənə qaytarırdım. Dediyim bütün sözlər, fikirlər, sənə aid idi. Gündəliyindəki bütün yazıları əzbərləyib bir-bir sənə danışırdım. Fikirlər sənin fikirlərin idi. Sən xarakter olaraq özünü sevən bir adam idin, nəticə etibarı ilə “saxta səni” yəni, məni sevməyə başladın. Bir ay keçdikdən sonra həkimin göstərişi ilə səni qədərindən çox içirdib, səhərki baş ağrının yaranmasını təmin edə bildim. Qaldığın evi də təhvil vermək üçün səliqəyə saldım. Ağrıkəsicinin yerinə həkimin verdiyi xüsusi dərmanı yerləşdirdim. Sənə pəncərənin ardından baxırdım. Sən oyanmamışdan öncə çölə çıxıb, qapını bağladıqda avtomatik kilidə düşdüyünə fikir vermədiyim üçün qapını qırmağa məcbur olmuşdum. Dərmanın bu qədər tez təsir edəcəyini bilmədiyimə görə də sənin yanına çatıb yıxılmağının qarşısını ala bilmədim. Yıxıldın, başın yenidən yerə çırpıldı. Həkimin dediyinə görə, möcüzə başının yenidən yerə çırpılması ilə gerçəkləşib, yəni mən yanında olub, sənin yıxılmağının qarşısını alsaydım, başın çırpılmacaqdı və keçmişdə olanları xatırlaya bilməyəcəkdin. Bu bir ay ərzində yaşananların qısa müddətli yaddaşından silinməsi isə normal hadisə idi. Yaddaşın qəzadan sonrakı hər şeyi qısa müddətli olaraq silmişdi. Bunların zamanla yaddaşında öz yerlərini alacaqlarının şahidi olacaqsan. Dediklərim sənə nağıl kimi yox, zəif də olsa xatırladığın həqiqət kimi təsir bağışlayacaq…

***

Artıq bu hadisənin üstündən bir neçə il keçmişdi. Üzərində qırmızı emblem olan paketlərin istehsalatını dayandırmış, istehsalatı elm sahəsinə yönəltmişdik. Atamın təməlini qoyduğu firmanı artıq qardaşım və mən idarə edirdik.

Yadıma düşmüşkən, onu da deyim ki, qəza baş verən an (o anı tam xatırlaya bilirəm) anam qarşıda- atamın yanında oturmuşdu. Atam idarəetməni itirən zaman müdafiə olunmaq üçün üçümüz də öz başımızı qucaqlamışdıq. Atalıq, analıq və oğulluq da bir nöqtədə yox olur. Nə də olsa, dünyanı təşkil edən hər kəsi yalnız və yalnız özü xilas edə bilər…