Pəncərədən darıxmaq

106 Baxış

intiqam

İntiqam Yaşar

 

 

Adam pəncərədən yaxşı darıxır,

alnı buz şüşədə, gözləri yolda.

Gedir gəlməyəni qarşılamağa,

Ümidlər ən sonda ölür hər halda.

 

Yolboyu geriylə küsülü qalır.

Əlində məchulun hasili qalır.

Hava boşluğundan asılı qalır,

Neçə ünvanlanmış “salam-sağ ol” da.

 

Ya rəsmi, ya da ki sözü görünsün,

Yetər, baş aldatdı özü görünsün,

Həyatın bir dəfə üzü görünsün.

Kaş, qrimlənməsin sonuncu rolda.

 

 

Daha o şəhər də mənə ögeydi…

 

Daha o şəhər də mənə ögeydi,

daha o şəhərdə kimim var mənim?

Bircə XƏZƏRİNDƏ qərq olub itmiş,

Sahilə ümidsiz gəmim var mənim

 

Tutub dikəldiyim divarlar uçub,

Həyat bildiyini edib onsuz da.

O qatar ki vardı, səsində hər şey,

Mən yetişməsəm də gedib onsuz da.

 

Ömür yuxusundan sərsəm ayılır,

Adam ümidindən yıxıldığı an.

Dünyanın hər şeyi heç nə sayılır,

Köksündə ürəyi sıxıldığı an.

 

 

Həyat bu…

 

Burda pəncərələr darıxmaq üçün,

qapılar çırpıb çıxmaq üçündü.

Gül, gülə biləcəyin qədər.

Boğazdan yuxarı əks-səda verəcək,

Onsuz da bütün təbəssümlər, bütün qəhqəhələr.

Qisasını pərdələrdən alacaqsan,

dırnaqların didəcək naxışları.

Göz işlədikcə səni heydən salacaq,

salacaq bu həyatın adam yoran yoxuşları.

Hələ təcrübən yoxdu,

Elə bilmə ki, hər şeyi bilirsən,

Yox, bu həyat sən bilən qədər də asan deyil.

Yaralar basladımı oxumağa, xeyri yoxdu susan deyil,

Göz yaların bitməyincə gözlərində.

Həyat bu, dostum, həyat bu.

 

Mənə sual vermə çox…

 

Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

 

Elə asan gəlməsin,

Sənə “Əlvida” sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

 

Maraqldıırsa, deyim,

Necə keçir zamanım.

Olanlar ortadadır,

Nə gizlədim, nə danım?

 

Təkcə sağ qolum çıxır,

Soyuq alnıma yiyə.

Gecələr dörrdə, beşdə,

Getdiyim an mürgüyə.

 

Pəncərə şüşələri,

Diş ağardır halıma.

Nə var, nə var, tənhayam,

Söykənmişəm qoluma.

 

Qapının zəngi susub,

Telefonla bərabər.

Burda yaslıdı hər şey,

Təbəssümdən yox əsər.

 

Güzgü ehtiyat edir,

Üzülərəm deyə mən.

Niyə bu günə düşdüm,

Niyə, niyə, niyə, mən?

 

Yarımçıq çox şeir var,

İstinadı sən olan.

Başlanğıcı sən olan,

Yaxud, adı sən olan.

 

Sual verə bilərsən,

Niyə yarımçıq dedim.

Sənsiz hər şey yarımçıq,

Bunu sənə çox dedim.

 

Hamı bildi, nə olsun,

Biləsi sən bilmədin.

Yüzü qapımı döysün,

Gələsi sən gəlmədin.

 

Öz ayaq səsimə də

Tez aldanan biriyəm.

Durub qapıya qaçan,

– Gəldi!-sanan biriyəm.

 

Kənardan heç bilmirəm,

Bugörüntü nə adda.

Səndən soruşmağa da,

Çəkinirəm mən, hətta.

 

Başqa nədən danışım?

Dedim yada düşəndən.

Yaddaş da zəifləyib,

Ruhum oda düşəndən.

 

Budur, səhər açılır,

Məktubunu aç, oxu.

Verdiyin sualların

Cavabsız qaldı çoxu.

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10