“Pəncərədən düşən işıq” sənədli filmi təqdim olunub

7 Baxış

1508264990_img_31117_slide2

Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.

Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxdılar.

Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd etdi ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını vurğuladı. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirdi.

Təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışıb: “Bu filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm, film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə – sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək”, – deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğuladı.

Qeyd edək ki, filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da “iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.

Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin Şərə qarşı bir peyvənd vurdura biləcəyi, “həyatı daha gözəl etmək hər birimizin əlindədir” fikrini çatdırır.

Təqdimat mərasimində Bakının və Moskvanın uşaq evlərinin sakinləri də iştirak etdilər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun həyata keçirdiyi “Uşaq diplomatiyası” proqramı çərçivəsində Moskvadakı “Naş dom” adlı ailə tərbiyəsinə dəstək mərkəzinin Bakıya gəlmiş yetirmələri və Bakının uşaq evlərinin sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi və uşaqlara uğurlar arzuladı.

Moskvadan gələn uşaqlar üçün Bakıda keçirəcəkləri 8 gün ərzində maraqlı proqram hazırlanıb. Onlar ölkəmizlə daha yaxından tanış olmaq və həmyaşıdları ilə dostluq əlaqələri qurmaq imkanı qazanacaqlar. Proqram çərçivəsində bu ilin yay aylarında Azərbaycanın uşaq evlərinin sakinləri Rusiya paytaxtında olublar.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqları hər zaman qayğısı ilə əhatə edib. “Uşaq diplomatiyası” proqramı da bu istiqamətdə görülən işlərdən biridir. Belə addımlar isə “Pəncərədən düşən işıq” filminin mövzusuna yaxın olan xeyirxahlığın, “Gəlin yaxşılıq edək” şüarının gerçəkləşməsinə yönəlib. Çünki xeyirxahlığı əzələ kütləsi kimi artırmaq mümkündür. Yaxşı olmaq çox çətin olsa da bu, həyatda sakit, vicdanla yaşamaq üçün yeganə çıxış yoludur. Film məhz bu fikirlərin təbliğinə yönəlib.

KÖŞƏ YAZARLARI
TOP 10