Pərdeyi-əsrar – Şərq təfəkkürü kontekstində – İlqar Fəhmi

12 Baxış

author_49

“Şərq Arxetipləri” silsiləsindən

Hörmətdən reytinqə  

Yaxın keçmişimizə qədər cəmiyyətimizdə müəyyən “hörmətli insan”lar təbəqəsi vardı ki, öz saf, işıqlı əməlləriylə, xalq qarşısında təmənnasız xidmətləriylə haqlı olaraq nüfuz qazanırdılar, söz sahibi olurdular. Belə şəxslər onilliklər boyu cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edirdilər…  Lakin paralel olaraq, Qərb cəmiyyətlərinə diqqət edəndə, görürdük ki, orada son yüz ildə “hörmətli inanlar” təbəqəsini yavaş-yavaş “reytinqli insanlar” məfhumu əvəz edir. İlk baxışdan insana elə gələ bilər ki, bunlar bir-birindən o qədər də fərqli olmayan məfhumlardır, sadəcə ifadə edən termin dəyişir, mahiyyət isə eyni qalır.

Lakin qloballaşmanın təsiri altında, ictimaiyyət içində “reytinqli insanlar” təbəqəsi yavaş-yavaş bizdə də çoxaldıqca və “hörmətli insanlar” təbəqəsini sıxışdırıb meydandan çıxarmağa başladıqca dərk elədik ki, əslində bu iki məfhum arasında yerlə göy qədər fərq var (Əslində müəyyən hallarda, reytinqlə hörmət üst-üstə düşür. Lakin belə hallar daha çox siyasət meydanında baş verir. İctimai-mədəni müstəvidə isə əfsus ki, vəziyyət bir qədər fərqlidir).

Bəli, məhz bu məqama diqqət yetirəndə, Şərq təfəkkür tərzinin ən aparıcı arxetiplərindən olan, “Pərdə arxetipi” ilə üzləşmiş oluruq.  Bu arxetip vasitəsiylə hər iki məlum termini izah edəndə təxminən belə bir tərif ortaya çıxır – ictimai həyatda, mədəniyyət və incəsənət müstəvisində “yüksək reytinq” məhz bütün pərdələrin aradan qalxması nəticəsində əldə edilir. Bəs pərdələrin qalxması nədir? Əlbəttə ki, bütün hörmət-izzətin aradan götürülməsi… Pərdələr götürüldü, hörmət-izzət aradan getdi və reytinq qalxdı… Budur, müasir dövrdə qloballaşmanın flaqmanı olan  Qərb mədəniyyətinin ortaya qoyduğu fəaliyyət proqramı…

Deməli, bir çox hallarda “hörmət” (izzət, nüfuz, şərafət)  və “reytinq” məfhumları tərs mütənasib görünür.

Hörmət birbaşa sevgidən yaranır və insanın ruhunun məhsuludur. İnsanı kimisə sevməyə zorla məcbur etmək mümkünsüz olduğu kimi, kiməsə səmimi-qəlbdən hörmət göstərməyə də məcbur eləmək mümkün deyil. Deməli, toplumun hörmətini əldə eləmək uzunmüddətli və əziyyətli prosesdir. Bunun üçün uzun illərin doğru-dürüst əməlləri, təmənnasız xidməti və fəziləti lazımdır. Reytinqi isə qısa zaman kəsiyində əldə eləmək mümkündür. Çünki reytinq düşünülmüş şəkildə bütün pərdələrin qaldırılmağı və qalmaqalların, konfliktlərin bolluğu ilə rahat şəkildə əldə edilə bilər. Ancaq sevgi yarada bilməz…

Stop. Burda bir incə məsələnin üstünə gəlib çıxırıq. Hər yerdəmi belədir? Yox… Pərdə məfhumunu ona görə məhz Şərq arxetipi kimi təqdim edirik ki, bizdə bunun xüsusi önəmi var. (bu barədə geniş danışacağıq.) Məhz buna görə də, reytinqin sevgiyə çevrildiyi Qərb cəmiyyətlərindən fərqli olaraq, bizdə və əksər Şərq cəmiyyətlərində müxtəlif manipulyasiyalarla pərdələri qaldırıb toplumda özünə maraq yaradaraq yüksək reytinq əldə edənlər, heç vaxt toplumun həqiqi hörmətini və  sevgisini qazana bilməyiblər. Sadəcə maraq cəlb edə biliblər.

Elə öz ətrafımıza diqqət edək. Bu gün bizdə həm ümumi ictimai müstəvidə, həm də incəsənətdə, mədəniyyətdə, ədəbiyyatda bu cür “reytinq”li personalar peyda olur ki, ağzına gələni danışmaqla, ona-buna daş atmaqla, qeyri-adi davranış və hərəkətlərlə, əcaib geyim-keçimlərlə,  bir sözlə, müxtəlif  həyasız vasitələrlə toplumun diqqətini çəkib. Çünki hörmət-izzət, abır-həya pərdəsini qaldırıblar.

Bəli, faktdır ki, onları hamı tanıyır, yüksək reytinqləri var… (Adlar çəkmək istəmirəm, çünki belələrinini adlarının çəkilməyi də onlarçün əlavə reklam olar) Teleekranlarda, sosial şəbəkələrdə belələrini toplumun çox hissəsi maraqla izləyir… Ancaq sadəcə maraq xətrinə… Demək olar ki, heç kim səmimi-qəlbdən hörmət eləmir, heç kim ürəkdən sevmir… Sadəcə, məclis təlxəkləri kimi yanaşırlar…  Niyə?  Çünki Qərb mədəniyyətinin təsiri altında, nə qədər müasirləşsək də, nə qədər qloballaşsaq da,  altşüurumuzun dərin qatlarında bir ali, müqəddəs və toxunulmaz “pərdə” arxetipi var. “Pərdəli davranış”ı olan insanlar bizim xalqın nəzərində, “Pərdə qaldıran”lardan daha yüksək statusa malikdir. Bəli, reytinqə yox, statusa. Yəni hörmətə, izzətə və nüfuza…

Praqmatik yanaşma

Eyni sözü, cəmiyyətin bütün təbəqələrində mövcud olan ifrat inadkar və həyasız adamlar haqqında da demək olar. Rus dilində, bu tip insanları nişan verən maraqlı bir məfhum var – ” Probivnoy”

Kəlmənin Azərbaycan dilində dəqiq tərcüməsi yoxdur, lakin mənasını təxminən belə izah etmək olar – müxtəlif haqq-nahaq üsullarla, həyasızlıqla, inadkarlıqla qarşısındakı bütün maneələri sındırıb dağıdaraq öz məqsədinə doğru hərəkət edən insan. (şərti olaraq “buzqıran gəmi”)

Qərbin son yüz ildə aparıcı təfəkkür tərzi olan Praqmatik-pozitivist fəlsəfəsinə görə, belə adamlar hər bir cəmiyyətin aparıcı qüvvələri – lokomotivləridir. Çünki praqmatik-pozitivist təfəkkürdə real dünyavi xeyir, mənfəət əldə etməkçün bütün vasitələr haqdır və bu yolda maneə yaradan bütün keyfiyyətlər lazımsızdır və cəhalət əlaməti kimi kənara atılmalıdır. Tutalım, pərdəli münasibətə yönəldən abır-həya hissi əgər dünyavi mənfəət əldə etməyə mane olursa, deməli cəhalət əlamətidir. Məhz buna görə də, bu hisslərə “kompleks” damğası vurularaq az qala ən böyük rəzalət kimi təqdim edilir və bu kompleksləri dəf eləməkçün çoxsaylı vasitələr təqdim edilir.

Lakin yenə də yuxarıda qeyd etdiyim bir vacib həqiqətin üstünə qaydırıq ki, dediyimiz keyfiyyətlərə malik həyasız insanlar bizim cəmiyyətdə böyük hörmət sahibi olmurlar. Onların həyasızlığı, inadkarlığı bəzi işlərdə cəmiyyətin müəyyən mənada, karına gəlir, çünki belə adamlar üçün bağlı qapı, mümkünsüz iş yoxdur, hər cür vasitə ilə məqsədə çatmağı bacarırlar. Hətta bəzən onların təzyiqindən yaxa qurtarmaq üçün onların istədiklərini edirik. Edirik ki, bizdən əl çəksinlər. Ancaq hörmət-izzət sahibi ola bilmirlər. Çünki dünyavi mənfəət və xeyir naminə bütün pərdələri aradan qaldırıb, bütün haqq-nahaq vasitələrə yaşıl işıq yandırıblar….

Pərdeyi-əsrar və niqabi-qeyb

Klassik Şərq poeziyasına bələd olanlar yaxşı bilir ki, bizim şairlərimiz “pərdə” arxetipini müxtəlif variasiyalarda çox işlədiblər; Pərdeyi-əsrar, pərdeyi-həya, niqabi-qeyb və sair və ilaxır… Bundan əlavə, pərdə məfhumu Şərq musiqisində notları da əvəz edib. Elə indiyəcən muğam ustaları arasında “Şur” pərdəsi, “Segah” pərdəsi kəlmələri istifalə olunmaqdadır. Eyni zamanda, simli musiqi alətlərinin (tar, setar, və sair) çoxunda da pərdələr var…

Ümumiyyətlə, alimlərimiz pərdə (niqab, örtük, hicab) anlayışının poetik analiziylə bağlı çoxsaylı maraqlı elmi məqalələr yazıblar və bu obrazın klassik Şərq poeziyasında nə cür istifadə olunmasını və hansı rəmzi işarələr kimi təqdim olunmasını öyrəniblər. Mən mövzunun bu tərəfi barədə çox da geniş danışıb, yazılanları təkrar eləmək istəmirəm. Yalnız bəzi maraqlı məqamlarını önə çəkmək istəyirəm…

Ümumən, bütün real və irreal pərdə obrazlarının fövqündə ideal bir pərdə var ki, bu da dünyanın (həyatın, varlığın)  özüdü.. Başqa sözlə desək, “Dünya”  özü bir pərdədir ki, arxasında İlahi həqiqət var… Və bu Ali Həqiqət məhz hamının gördüyü üç ölçülü dünya ilə pərdələnib… Şərqin irfan alimləri bu məsələni çox dərindən araşdırıblar və maraqlı nəticələrə gəlib çıxıblar. Və ən maraqlı nəticə isə “söz”lə bağlı olub. Yəni, dünya pərdəsinin o tərəfiylə bu tərəfinin arasındakı əlaqə yalnız sözdür. İlahi, ali və müqəddəs söz. Böyük Füzulinin orta məktəblərdə tədris olunan “Söz” qəzəlində bu mənada çox gözəl bir beyt var.

Bir nigari-ənbərinxətdir könüllər almağa

Göstərir hər dəm niqabi-qeybdən rüxsar söz…

(Söz sanki ənbər xətli bir gözəldir ki, qeyb pərdəsinin arxasından zaman-zaman öz gözəl rüxsarını bizə göstərir.)

Və məhz bu yanaşma tərzi sonradan irfan-təsəvvüf simvolikasına nüfuz edərək, gözəlin rüxsarını örtən niqab, pərdə kimi təzahür edib. Yəni, aşiq (salik, arif) öz eşqinin təsiri nəticəsində ali məşuqun (məbudunun)  camalını örtən pərdənin az da olsa qaldırılmağını istəyir. Necə ki, Nəsiminin bir beytində oxuyuruq.

Çıxdı məqribdən günəş,

Kəşf etdi eşqin rəmzini,

Pərdəsi açıldı hüsnün, dilbər oldu aşikar…

Sadə dillə desək, aşiq dünya pərdəsini qaldırıb İlahinin camalını seyr etməyə çalışır, içindəki eşq atəşi aşiqi buna sövq edir. Çünki aşiqin içindəki eşqin atəşi də, varlıq etibarilə məşuqun camalının atəşiylə eyni mənşəyə malikdir. Onun zərrəsidir. Zərrə isə həmişə küllə meyil edir, onun tərəfindən cəzb olunur…

Pərdə-ev-ocaq  

Əlbəttə yuxarıda haqqında danışdığımız poetik məqamlar “pərdə” (niqab, örtük) arxetipinin poeziyada müxtəlif formalarda təzahürü idi. Bəs görəsən bu arxetipin yaranmasının həqiqi mənşəyi hardadır? Bu xüsusda araşdırmalarımız bizi iki nöqtəyə gətirib çıxartdı ki, bunlardan biri dünyavi (coğrafi), digəri isə səmavi (sakral) mənşəyə malikdir…

Əvvəl dünyavi-coğrafi nöqtədən başlayaq. Əgər dünyadakı bir neçə tarixi superetnosun yaşadığı areala diqqət yetirsək, görərik ki, xristian superetnosu daha çox Avropada, Rusiyada və az miqdarda Şərq ölkələrində yayılıb. Onlar daha çox meşəlik, dağlıq və düzənliklərdə yaşayıblar. Doğma ev, ocaq mənasında isə qədim dövrlərdə ya dağlardakı mağaralardan istifadə ediblər, ya da meşələrdə taxta komalar, daxmalar tikiblər… Sonralar da yavaş-yavaş şəhərlər yaranıb.

Lakin Şərq-müsəlman superetnosunun əsas yayılma arealı daha çox çöllüklər və səhralıqlar olub. Ələlxüsus ərəb dilli və türkdilli xalqların uzaq keçmişinə, hətta deyərdim şəhərlərdən əvvəlki tayfa-qəbilə dövrünə diqqət edəndə, “ev”, “sığınacaq”, “ocaq” kimi, məhz müxtəlif formalı alaçıqlardan istifadə edildiyini görürük.  Alaçıq isə müəyyən mənada elə “pərdə” kimi qəbul edilir. Yəni insan öz ocağının ətrafına müvəqqəti pərdə çəkir, öz evini, ailəsini ətraf aləmdən pərdələyir… Bu pərdənin yeri dəyişdirilə də bilər, böyüdülə də bilər, kiçildilə də bilər… Bəli, o zaman ev də, pərdə də eyni materialdan hazırlanırdı… Məhz bu mənada “pərdə çəkmək” məfhumu, həm özünü, həm də ailəni, ocağını şər qüvvələrdən, təbii fəlakətlərdən qorumaq məqsədi daşıyıb…

(Elə ədəbiyyat-incəsənət tarixinə diqqət edəndə görərik ki, bunların da mənşəyində, sadəcə reallığı əks elətdirmək cəhdləri dayanmayıb. Qədim rəssamlığın kökündə nə dayanır? Müxtəlif sakral simvollar və şəkillər vasitəsiylə öz evini,ocağını, ailəsini şər qüvvələrdən qorumaq… Ədəbiyyat, musiqi, rəqslər və sair barəsində də alimlər qeyd edir ki, bunların ilk nümunələri məhz qədim şaman ayinlərində avazla oxunan dualardan, müxtəlif mistik rəqslərdən, ümumilikdə sakral müqədəs hesab olunan ayinlərdən yaranıb. Hətta bəzi alimlər teatrın mənşəyini də qədim tayfa-qəbilə dövründə müxtəlif formalarda səhnələşdirilmiş şaman ayinlərində görürlər… Deməli, mənşə etibariylə ədəbiyyat və incəsənət özü də pərdə kimi yaranıb – İnsanı (ailəsini, ocağını) dünyadakı şər-qara qüvvələrdən gizlətməkçün, qorumaqçün yaradılan və getdikcə zənginləşdirilən, gözəlləşdirilən bir pərdə… )

Beləliklə, bu nəticəyə gəldik ki, Şərq xalqlarının yaşadığı coğrafi şərait onların çoxminillik təfəkküründə “pərdə” arxetipinin yaranıb möhkəmlənməyində əhəmiyyətli rol oynayıb…

ARDI VAR…