Pərinisə Əsgərova: “Savaşlar heç bitmir ki…” – FOTOLAR

204 Baxış

peri

Senet.az elektron dərgisi miniatür rəssamı   Pərinisə Əsgərova ilə söhbəti təqdim edir.

 -Pəri xanım, miniatür sənəti ilahi eşqlə nə dərəcədə bağlıdır?

-Miniatür   proses zamanı bizi bu dünyadan ayırır və daxilimizi təmizləyirsə demək ki, eşqlə çox bağlıdır. Miniatur – bitməsini istəmədiyim sehrli nağıldır.

-Çəkdiyiniz miniatürlərdə   insanlara ən çox nəyi   çatdırmaq istəmisiniz?

-Özümü sevən adam deyiləm. Amma işləyəndə özümü və insanları sevirəm, daxilim təmizlənir və istəyirəm ki, o sevgini və təmizliyi insanlara çatdıra bilim. Amma vicdanla desəm, mən daha çox öz daxilim üçün işləyirəm.

-Yuxarıda “özümü sevən adam deyiləm” dediniz. Əgər belədirsə “öz daxilim üçün işləyirəm” ifadəsindəki batin nədir? Bu öz içinizdəki “sənət tanrısı”na xidmətdirmi  , yoxsa necə?

-Məncə, məni idarə edən daxilimdəki qüvvə, məndən güclüdür. O məni günahlara sürükləyib özümü sevməyə qoymasa da, məni sənətimə qul edib, həm də özümə sevdirir.

-Demək ki, miniatür sənətini Tanrıya çatmaq üçün bir qulluq qapısı adlandırsaq yanılmarıq.

-Məncə də.

-Əsərləriniz ən çox savaş mövzulu olur. Bunun bir səbəbi varmı?

-Ən çox deməzdim, amma bir neçə əsərimdə savaş əks olunub. Savaşlar heç bitmir ki… Savaş hər yerdə var -   dünyada, həyatda, ailədə və daxilimizdə   . Daxili rahatlığı   olan insan,   dünyanın dağılmasını belə rahat qarşılayır.

 -Şərqin ən gözəl miniatür sənət  nümunəsini kimlər yaradıb?

-Türklər. Bir nəçə miniatür növü var. Ən mükəmməl olan Təbriz miniatür məktəbidi.

-Nə gözəl. Miniatür sənəti hansı növlərə bölünür?

-Yapon, Osmanlı, Çin və Hind miniatürləri var.

-İlk miniatür harada yaranıb?

-Təbriz məktəbinin qrafikası çin -uyğur rəssamları ilə gəlirsə dəmək ki, Çində yaranıb.

-Müsair dövrdə miniatür sənətinə olan diqqət, qayğı sizi qane edirmi?

-Xeyr. Azərbaycanda miniatur unudulmağa doğru gedir. Türkiyədə vəziyyət daha yaxşıdı. Onlar yaşadır. Amma Təbriz məktəbini unutmaq sadəcə günahdı.

-Müasir miniatür rəssamlarımız çoxdurmu?

 -Məncə,  çox deyil

 -Senet.az olaraq sizə təşəkkür edirik   , Pəri xanım. Biz senet.az dərgisi olaraq miniatür sənətinin yaşadılması, qorunması, onun gənc nəsillərə çatdırılması istiqamətində üzərimizə düşən vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Var olun. Sənətdən ayrılmayın.

-Diqqətiniz üçün təşəkkür edirəm.

 

Odər Sərdar

 

 

KÖŞƏ YAZARLARI
TOP 10