Pərviz Cəbrayıl: “Bir qəpik də qazanmıram, amma…” – “13-cü SUAL”

201 Baxış

perviz-cebrayilSenet.az-da 13-cü sual LAYİHƏSİ

Layihənin qonağı olmuş yazarlar:

Kənan Hacı

 

Layihənin qonağı: Pərviz Cəbrayıl

Layihə rəhbəri: Müşfiq XAN

 

1. Niyə yazırsınız?

 

–  Cavab üçün o qədər variantlar var ki! Baxır hansı bucaqdan yanaşırsan. Freyddən başlayıb, allah bilir harda bənd almaq olar. Özümə qalsa, “məndən asılı məsələ deyil”, – deyərəm. Ondan da dərinə getsək, yenə də bir ucu gedib Freyddə dayanacaq – sublimasiya. Onda niyə məhz birində bu sublimasiya rəssamlıq, birində yazıçılıq, birində qatillik kimi üzə çıxır? Deməli, sublimasiya olsa belə, kimin içi binadan nəyə qurulubsa, məsələn, deyək ki, məndə ədəbiyyata, üzə də o çıxır. Yəni mən bununçün yaranmışam. Ona görə də ən yaxşı cavab elə “bilmirəm”di.

2. Nədən yazmaq lazımdı?

 

– Nədən yazmaq önəmli deyil. Necə yazmaqdadı məsələ.

3. Kimi oxuyursunuz?

 

–  Öz seçimlərim də olur, ələ düşməyinə görə olanlar da. Maraq xətrinə oxuduqlarım da, ruhuma, özümə görə seçdiklərim də. Əsasən polifonik əsərləri seçirəm. Önəmli olan ideyanın ifadə formasıdı.

 

4. Kimi oxumursunuz?

 

– Üçüncü sualı güzgüyə tutmaq lazımdı…

 

5. Sizcə oxucularınızın sayı nə qədər olar?

 

– Nəşriyyat statistikası ilə 1500 oxucu. Ancaq oxucu mənə görə sayla yox, keyfiyyətlə olur. Məsələn, şəxsən tanımadığım Dəfnə adlı bir oxucum var, onu təkcanına milyon oxucudan üstün tuturam. Ondan başqa da o cür oxucularım var. Bu qədəri yazmaq üçün mənə bəsdi. Onsuz da romançılıq bizimçün gəlir qaynağı deyil.

6. Yazmasaydınız, nə işlə məşğul olardınız?

 

– Yəqin ki, jurnalistika ilə.

7. İmkanınız olsaydı, ildə neçə kitab çap etdirərdiniz?

 

– İldə neçə nədi? Heç ilə bir kitab yazan yazıçı da mənlik deyil. Mənə minimum iki-üç il lazımdı ürəyimdən tikan çıxaran mətni yazmaq üçün. Xalis iki-üç. Heç yanda işləməməklə.

8. Nəyi yazdığınıza peşmansınız?

 

– Ancaq nəyi yazmadığıma görə peşman ola bilərəm. Vəssalam!

9. Sizcə, Azərbaycanda Ədəbiyyat üzrə Nobel kimə verilməlidir?

 

– Kimə verilməlidisə, veriləcək haçansa. Ancaq dünya hələ ki, ölkəmizi neftinə-qazına görə tanıyır. O olmasaydı, bəlkə onda ədəbiyyatımız dünyanın marağını çəkə bilərdi. Yel belə əssə, gözləməyə dəyməz.

10. Feysbukda neçə profil işlədirsiniz?

– Özüm neçə nəfərəmsə, o qədər.

11. Yazmaqdan “bişey-mişey” çıxır? Bir yazınızdan, yaxud da kitabınızdan ən çox nə qədər qazandığınızı oxucularımız üçün də açıqlayın, lütfən.

 

–  Qazandığım Milli Kitab Mükafatındakı məbləği çıxsaq, heç nə. Bir qəpik də qazanmıram, amma hər kitaba iki-üç min xərcim çıxır. Di gəl, bayaq da dediyim kimi, dəyəri parayla hesablanmayacaq oxucu-dostlar qazanmışam.

12. Yazmaqdan nə vaxt əl çəkəcəksiniz?

 

–  İxtiyarı əlimdə olmayan şeydən necə əl çəkə bilərəm? Yəqin ki, yazı məndən imtina eləsə… Onu da bilmək olmaz.

13. Amper Andre Marini tanıyırsınız?

 

– Yox, tanımıram. Ancaq işığımız yananda Vikipediyaya baxaram…

 

Müşfiq XAN:

– Siz də etiraf edərsiniz ki, qonağımızın cavabı ikibaşlıdır. Təsadüfə inanmadığıma görə fransız fiziki və məhz işıq hadisələrində adı çox keçən Amperin adının “işığımız yananda” problem ilə eyni fikirdə işlədilməsini doğru cavab kimi qəbul etmək olar. Di gəl ki, Pərviz bəy “yox, tanımıram” dedi… Amma məncə tanımamış olmaz.

KÖŞƏ YAZARLARI
TOP 10