Pəri çınqılı

83 Baxış

rehimovSüleyman Rəhimov

                                           I

 

Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi ki, ya Qaçaq Nəbini öldürüb, ölüsü barəsində mənə tel vurun, ya da onu diri-diri tutub hüzuruma göndərin!.. Bundan başqa, Nikolay padşah Qaçaq Nəbinin başını gətirən hər hansı bir adama kisə-kisə qızıl da vəd edirdi. El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaq oğlu kimi şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. Zəngəzur naçalniki Səlim bəydən tutmuş, onun pristavlarına, koxalarına, yasavullarına qədər böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. Hələ üstəlik Naxçıvan, İrəvan naçalnikləri də Qaçaq Nəbinin ardınca adam salmışdılar. Divan adamı əldə çıraq Qaçaq Nəbini axtarır, padşahın qabağında qulluq göstərib ondan kisə-kisı qızıl, bir də medal almaq istəyirdi. Xəlvəti işə girişən şeytan-şuğul kar görməyəndə toplu-tüfəngli padşah qoşunu hərəkətə gəlir, bölük-bölük saldat, dəstə-dəstə kazak yeriyirdi. Həcəri yanına alan Nəbi də şimşək kimi buradan vurub, oradan çıxır, divanı dəli eləyib dalınca oynadırdı… Qaçaq Nəbinin sorağı bir gün Gorusun başı Salvartı yaylağının Üçtəpəsindən, ikinci günü Naxçıvanın qaşı Qanlı göldən, Ərəfsədən, üçüncü günü Qafanın kəlləsi Nənəbaladan, Xustubdan, dördüncü günü Şuşa qalasının bəndərgahları – Kirsdən, Sağsağanlıdan, Sarı Babadan, Əsgərandan gəlirdi… Arakəsməyə düşən vaxtında da Nəbi başını itirmir, igidlərini bənd-bərəyə düzür, onların üstlərinə gələn yağı-düşməni qırıb tökürdülər. Təzə qüvvə gələnə kimi Nəbi igidlərini aradan çıxarır, özü də yel qanadlı Bozatın belinə qalxıb Aynalını ata-ata gözdən itirdi. Belə olanda Nəbinin şöhrəti birə-min yayılır, adı-sanı dildən-dilə dolanır, nəinki Zəngəzurda, Naxçıvanda, Qarabağda, Şəkidə, Şirvanda, gəncədə, Şəmsəddində, bütün Qaf elində sinəsi qabaran hər kəs Nəbidən danışırdı. Dağlarda tütək çalan çiyni yapıncılı çobanlardan, çadırlarda dastan açan əli sazlı aşıqlara qədər hamı Nəbinin şəninə söz qoşur, Həcəri tərif eləyir, Aynalıdan söhbət salıb Bozatın oldırım qaçarağını vəsf eləyirdi. Belə olduqda, yenə də xəbər-xəbərə calanır, Peterburqa çatır, Nikolay padşahın cini vurub kəlləsinə çıxırdı:

– Bu Qaçaq Nəbi Qafqazda bizdən ötəri bir Puqaçov olmasınmı? – deyə padşah bığını gəmirirdi: – Bu azar bir də yenidən Rusiyaya yayılmasınmı?

Bu barədə hamıdan artıq döşünə döyüb, padşaha söz verən Zəngəzur naçalniki Səlim bəy bilmirdi nə eyləsin, gündən-günə qəzəblənən padşaha hansı üzlə cavab versin? Gorus naçalnikindən başlayıb, Gəncə qubernatorundan ötüb, Tiflisdəki sərdara qədər padşaha hey xəbər yazılır, yuxarıdan hey fərman gəlirdi. Bütün divan bir də bir-birinə dəyir, padşahın şəkli asılan otaqları qışqırtı-bağırtı doldurur, bir də toplu-tüfəngli qoşun Qaçaq Nəbinin üstünə yeridilir, nağaralar döyülüb şeypurlar çalınır, boz şinelli saldat, bəydən, xandan, hampadan düzələn tüfəng-tapançalı atlı dağ-daşı bürüyürdü. Bütün bərələr, bəndərgahlar kəsilir, qanadlı quşun qaçmağı üçün bir yer buraxılmırdı. Hər yana, hər yerə ətdən çəpər çəkilir: “Bu dəfə daha Qaçaq Nəbinin yüz canı olsa, birisi salamat qurtarmaz”, – deyə hamıdan artlq Səlim bəy sevinir, medal üçün sinəsini arıtlayıb: “Burdan vurun, ordan tutun!” – deyib kəkələnir, dərisinə sığmırdı. Ancaq yenə Qaçaq Nəbi divana aman vermir, düşmənə qan ağladırdı. Belə olanda Səlim bəy qarışıq bütün divanın ümidi daşa dəyib dəryadakı sal buz kimi sınır. Yenə də padşaha qara xəbər gedirdi: bu qədər öldü, bu qədər yaralandı, ancaq Qaçaq Nəbi qaçıb aradan çıxdı… Belə bir xəbərdən sonra padşah da saqqalını dartışdırıb:

–  Nə oldu bir qara tatar bu qədər qoşunun, yaraqlının qabağından qaçıb qurtardı? – deyə bar-bar bağırır, əfsərlərinin üstünə acıqlanırdı: – By vəhşi Qafqazın dağlarını topla düzəltdirmək gərəkdir!..

Ancaq kim nə təhər əlhaya düşsə də, el-oba sevinir, Qaçaq Nəbinin şəninə məclislər quruluq, bu dava barəsində də təzə-təzə söz qoşulub nəğmələr, havalar yaranır, Səlim bəyin isə bağrı çatlayır, ödü ağzına gəlirdi.

Padşaha yazılan, Peterburqa göndərilən son bir məlumatda deyilirdi: daha Qafqazda duruş gətirməyən, başının dəstəsini itirən Nəbi qaçıb İran-Turana adladı!

Bu gözlənilməz xəbərdən şad-xürrəm olan padşah xüsusi namələr yazıb, Tehranda əyləşən şahənşaha, İstanbulda oturan sultana göndərdi ki, bəs ayıq-sayıq durun, mənim məmləkətimdən qaçan Nəbi daha sizin ölkədə şuluqluq törədib, azar-bezar salmasın, “torpaq-torpaq!” deyə mujiklərinizin, rəncbərlərinizin, dehqanlarınızın ağızlarına dil atıb, sizin ellərə qırmızı dilli alov yaymasın. Rəiyyətlərinizi yuxudan qaldırıb məşriqə Puqaçov azarını keçirməsin… Bir də padşah hər iki kağızın ayağında öz dəst-xəttilə yazırdı ki, bəs biləsiniz ki, “Kəsik baş söyləməz!” Necə olsa Nəbini öldürün, başını nizəyə taxıb mənə göndərin ki, mən də iki ağırı xəzinənizə qızıl göndərim!..

 

 

II

 

Əslinə gələndə Qaçaq Nəbi nə İranda, nə də Turanda idi, yazın bu gümrah çağında Sarı baba dağında , Pəri çınqılının ətəyində idi. Arakəsmədən çıxan Nəbi, divanı dalınca oynadıb ağzını İran sərhəddinə,  Araz çayına salıb, bir göz qırpımında başının dəstəsilə Kirs dağı yuxarı qalxıb, Turşsudan keçib burda əyləşmişdi. Nəbi həm burada dincəlmək, həm də düşmənin gözünə dəyməmək üçün öz igidlərini ikibir, üçbir daha uzaqlara, başı qarlı dağların arasındakı alaçıqlara, çadırlara göndərmişdi. Bu dəfə, o, Həcəri yanına alıb burada, Pəri çınqılının ayağında,  durnagözlü Ağbulaq çeşməsinin başında, talada qalmışdı. Yaxın obada yaşayan Sarımsaq oğlu, özünü Nəbiyə ürəyi yanan göstərib, qılığına girmiş, Nəbi ilə Həcər üçün yaxşı bir çadır qurmuşdu.

– Dincini al, ay Nəbi, el üçün ağlayanın gözü kor olar, – deyən Sarımsaq oğlu dönüb Həcəri gözdən keçirmiş, sağ əlini sürməyi papağına aparmışdı. – Mən kişiyəm. Mənə çox ağır gəlir ki, bu boyda naçalnikdən tutmuş Fitilbörk padşahına qədər, bütün divan bir müsürman zənəninə xətir-hörmət qoymur!.. Elə mən də bu işlərdən sonra fikrə düşmüşəm ki, kəfəni boynuma salıb, sizə qoşulum, namus-qeyrət yolunda özümü qurban verim!..

Ancaq yağlı dillər tökən Sarımsaq oğlunu neçə gün sonra görməyən Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizlətmişdi. O, xəncəri ilə ağacların qol-budağını qırıb aralıda, sərt yerdə göy bir dəyə qurmuşdu. Davadan çıxan, divanı İran-Turana azdıran Qaçaq Nəbi burada Həcərlə dincəlir, onu savaşlardan salamat çıxaran Bozata tumar verir, arpa əvəzinə kişmiş yedizdirirdi…Qaçaq Nəbi heç bir zaman öz sayıqlığını əldən qoymur,  Aynalını götürüb qaş qaralınca bəndərgahda durur, Həcərin keşiyini çəkirdi. Yuxusunu alan Həcər də gün çırtar-çırtmaz yerindən qalxıb, ərinin keşiyində dayanırdı. Gözlərinin acısını alan Nəbi, gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir, Həcərin: “Ay Nəbi, niyə yatmırsan?” sorğusuna qarşı “Çuğul ölməyib” deyə cavab verirdi. Nəbi birdən dərin fikrə gedir, qənşərindəki başı qarlı Çalbayır dağlarına, bu dağların döşündə tikilən koma-koma alaçıqlara, yal-yamacı bürüyən sürülərə, naxırlara, ilxılara, qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. Sonra aşağı: öz obasına, gündə bir qısqıya qoyulan Mollu kəndinə, geniş Yazı düzəninə, qıvrıla-qıvrıla axıb Araza tökülən Həkəri çayına baxırdı…Nəbi dönüb üzüyuxarı Pəri çınqılına, bu çınqıllığın ayağında, taladan qaynayan Ağbulaq çeşməsinə nəzər salırdı. Yazın belə gül-gülü dindirib, bülbül-bülbülü səsləyən çağında, Nəbi də, Həcər də bu səfalı aləmə baxır, ancaq darıxa-darıxa nəfəs alırdılar. Sonra Nəbi qəmə-kədərə yol vermək istəməyib, ötən dava-dalaşdan söz açır, Həcəri oxşayıb:

“Qoy sənə desinlər, ay Qaçaq Nəbi,

Həcəri özündən, ay qoçaq Nəbi”, -

deyə Bozatı süzürdü…

Həcərə ürək-dirək verən Nəbi yerindən qəfil sıçrayıb Ayanlını götürdü, nəyisə duymuş kimi, cəld yan-yörəni gözdən keçirdi. Bozatın məxmər çulunu aldı. Üzəngisi gümüş kimi parıldayan yəhəri onun belinə qoydu. Gözləri qızaran Bozat qulaqlarını qoşalayıb Pəri çınqılına baxmağa başladı.

– Nə oldu, bəyəm? – deyə Həcər də səksəkəyə düşdü.

– Ehtiyat igidin yaraşığıdır! – deyə Nəbi şahin gözlərini bir daha ətrafa gəzdirdi.

– Axı, indi birdən nə duydun, ay Nəbi?

- Ürəyimə nəsə damdı… – deyə Nəbi döndü, Həcərin əlini öz əllərinin içinə aldı: – Görürsənmi, Bozat necə də gözləri yana-yana Pəri çinqili yuxarı baxır?

- Yəqin, Bozat yəhərləndiyinə görə huyuxubdur!

- Bəs sən seyrəksaqqal Sarımsaq oğlunu unutmusanmı? – deyə Nəbi, Bozatı dırnaqlarına qədər tumarlayan, sonra da yarınıb-yaltaqlanan, gözləri göyərə-göyərə gülümsəyən, neçə gündən bəri gözə dəyməyən donqabelə işarə edirdi: – Bəs sən demirsənmi hanı o qurumsaq oğlu?..

- Mən sənə deyəndə, ay Nəbi, qoy Aynalını götürüb o uçurumun başında bu seyrəksaqqalı rədd eləyim cəhənnəminə, niyə qoymurdun?

- O bizi duz-çörəklə qarşılamışdı, – deyə Nəbi artıq yaşıl yarpaqları qurumağa başlayan dəyənin qapısını göstərdi, – gör hələ nə qədər lavaş, soyutma ət qalıbdır?!

- Elə mən də Sarımsaq oğlunun səxavətindən şübhələnmişdim, – deyə Həcərin sifəti tutulmağa başlayırdı.

- Mənim dalağım çox yamanca sancır! – Nəbi hələ sözünü qurtarmamış, Həcər yaxınlaşan hənirtini alıb o yana boylandı, işin nə yerdə olduğunu duyan Nəbi tez xurcunu götürdü, çulu büküb atın tərkinə bağladı. Sonra dönüb bu dar ayaqda Həcəri bir daha diqqətlə gözdən keçirdi. Həcər də Nəbi kimi qısqıvraq geyinmişdi. Onun başında xurmayı papaq, ayaqlarında qəhvəyi məst, qılçalarında ipək şalvar, əynində gödəkçə vardı. Onlar bir-birlərinə baxır, gözlərilə  bir-birlərinə ürək-dirək verirdilər…

 

 

III

 

Sarıbaba dağını padşah qoşunu tutmuşdu. Baxan deyərdi, yaşıl meşədəki yarpaqların sayı var, qoşunun sayı-hesabı yoxdur. Padşahdan qorxan Səlim bəy var gücünü budəfəki mühasirəyə qoymuşdu. Belə olsun ki, Səlim bəy bu dəfə Nəbini, Həcəri də diri-diri tutub Fitilbörkə aparsın. Padşahın hüzuruna üzüağ çıxsın. Padşah da üzüqara naçalnikin günahından keçsin, sarımtıl bığları titrəyə-titrəyə doyunca gülsün, sonra “yesirləri” tumanı yerlə sürünən, uzunquyruq xanımına göstərib, Səlim bəyin sinəsinə də kök bir medal yapışdırsın, ciblərini də xəzinənin qızılı ilə doldursun. Özünü də böyüdüb birbaş lap Gəncə qubernatı qoysun…

Ağbulaq çeşməsinin başında öz əli ilə qurduğu  ağ çadırı görə bilməyən Sarımsaq oğlu lap mat qalmışdı.

– Bəs hanı o ağ çadır, ədə Sarımsaq oğlu? – deyə iştahası küsməyə başlayan Səlim bəy dilləndi: – Yoxsa səni qara-zad basırmış, ədə?!

– Padşahın cıqqasına and olsun ki, mənim dediklərimdə heç bir yalan yoxdur, – deyə Sarımsaq oğlu titrək əlini qaldırıb göstərdi, – bax düz orada, Ağbulaq çeşməsinin başında!.. Özüm də xörəklərini-yeməklərini qəsdən artıq eləmişəm ki, daha arxayın düşüb buranın tərkini qılmasınlar!

– Bəs indi?.. Bəs indi? – deyə əvvəlki xəyalının  bir göz qırpımında alt-üst olduğunu görən naçalnik, Sarımsaq oğlunun bığ-saqqalını yoluşdurmağa başladı: – Bəs hanı, hanı Nəbi, hanı Həcər, ay qurumsaq oğlu?

– Bəlkə, yenə də onlar öz yerlərini dəyişiblər? – Bığ-saqqalı yolunan, gözləri yaşaran çuğul, naçalnikin tutqun sifətindən rəhm umdu. – Mən hansı ağızla, hansı cürətlə sizin kimi divan bəyini aldada bilərəm?

–Onlar əsla Qafqazda deyillər! – deyə naçalnik öz əli ilə yazıb padşaha göndərdiyi yalan məlumatı doğrultmaq istəyirdi. – İndi Qaçaq Nəbi də, onun canı-ciyəri Həcər də, başının dəstəsi də ya İrandadır, ya da Turanda!

– Belə olsa, naçalnik, bəs mən necə olcağam? – deyə Sarımsaq oğlu titrəməyə başladı. – Onlar burada olmasalar, bəs necə… olacaq, ağa?

– Onda mən sənin bu heyvərə kərtənkələ dərini diri-diri boğazından çıxardacağam! – Naçalnik xəbərçinin boğazından yapışınca, onun bərələn gözləri kəlləsinə çıxdı: – Bax, əgər belə olsa, qoşunu səfbəsəf düzdürüb, Bu Sarıbaba dağının başında səni öz əlimlə güllələyib, it meyitini də bu Pəri çınqılın təpəsindən üzüaşağı tullatdıracağam!..

Belə də, elə də tülkünün toyu idi… Sarımsaq oğlu canını dişinə tutub daha da irəli yeridi, vaxtı ilə qurduğu çadırın yerinə gəldi, bu aranı yoxladı, öz əli ilə gətirdiyi soyutmanın sür-sümüyünü iylədi, top meşəyə göz gəzdirdi, yarpaqları quruyan yaşıl dəyə, yəhərlənən Bozat gözlərinə dəyincə cəld çevrilib qaçmaq istədi, ancaq Nəbinin Aynalısı açıldı. Donqabel kişi papaq kimi göyə qalxıb yerə düşdü. Bir göz qırpımında naçalnikin bədəninə buz doldu. Az qala Səlim bəyin nitqi tutulmuşdu. Bu güllə səsinə hər yandan qoşun yeriyincə Nəbi Bozatın belinə qalxdı, Həcəri də tərkinə aldı, atı ağ çınqılılıq yuxarı buraxdı. Hər yandan açılan min-min güllə, ardı-arası kəsilmədən döyülən nağara, Bozata qartal kimi qanad verdi, ağ duman Pəri çınqılını deyil, Sarı baba dağını bürüdü…

Qızışan qoşun Pəri çınqılına yürüş elədi. Qədəmləri titrəyən Səlim bəy də irəllədi. Ancaq onlar Nəbinin qurduğu yaşıl dəyənin içini boş, Pəri çınqılını isə ağ duman içində gördülər.

Çınqıllıq yuxarı qanadlanan Bozat çoxdan Sarı baba dağının gədiyini aşmışdı. Güllə səslərini eşidən dəstə dayanmayıb, Nəbinin müəyyən etdiyi yerə toplandı. Bu dəfə, doğrudan da, öz başının dəstəsilə “Təbriz!” deyə yol aldı. Sınıq düşən Səlim bəy suyu süzülə-süzülə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. O yazdı ki, bizim böyük şahımız, sizin hüzurunuzda çox böyük qələt eləmişik, başımızı daşın böyrünə döymüşük. Qaçaq Nəbi nə İranda, nə də Turanda imiş. Burada, Zəngəzur dağlarında imiş. Bu “qara xəbər” padşaha çatar-çatmaz o, Tiflisə sərdarın üstünə tel çəkdi ki, bəs durmayın, cəld tərpənin, güclü qoşun yeridin, bütün dağları tutun, Pəri çınqılını üzük qaşı kimi mühasirəyə alın, elə edin ki, quş da səkə  bilməsin. O Qaçaq Nəbi girinizə keçən kimi onun o güllə batmayan tilsimli Bozatının şəklini də      aldırıb mənə göndərin! Göndərin ki, mən də Peterburqda olan əcnəbilərə göstərim ki, bəs Qafqaz nədi, Pəri çınqılı deyilən nə… Bax, Pəri çınqılını dırmaşan Bozat budur!.. Baxın, görün, Nəbi, Həcər necə vəhşidirlər ki, onlar belə quşqonmaz sıldırımdan da çəkinmirlər…

Ancaq padşah necə filirləşsə də, nə cür tədbir töksə də, Arazı bir göz qırpımında uçub keçən Bozat dəstənin qabağını çəkib çoxdan Təbrizə yetişmişdi.

Bi tayda elat arasında, alaçıqlarda, sıldırım dağlarda, şiş daşlarda danışıq Nəbidən, Həcərdən, Bozatdan gedir; hər yandan el axın-axın gəlib Sarı baba dağına qalxır, dağın haçasından ağ muncuq kimi üzü aşağı axan Pəri çınqılına baxır, sanki onların qarşısında Bozat bir də qartal kimi qanadlanıb Pəri çınqılı yuxarı çıxırdı…

 

 

 

Bölmə : Ədəbiyyat