Paltarboğan kənd

9 Baxış

vusal nuru

Vüsal Nuru

 

İndi mən deyim siz də görün.

Deməli, hadisə bizim kənddə olub. Məktəbin direktoru, daha doğrusu, təqaüdə göndərilmiş  direktoru günün günorta çağı bir qolunda kəndir kələfi,  bir əlində də kətil, biçilmiş taxıl zəmisinin başından keçən torpaq yolla ətrafa tək-tənha nəzarət eləyən nəhəng palıd ağacının altına gəldi. Kətili qoyub oturdu.  Kəndiri ucundan tutub qarşısına atdı və pencəyinin cibindən paltar sabunu çıxarıb canına yeritdi.

Elə səliqəli  ilgək düzəltdi ki, deyərdin, bəs sənəti İranda öyrənib gəlib.

Boynuna salıb yoxladı, yaxşı sürüşürdü. Kəndirin o biri ucunu bağlamaq üçün ağacın başına bir neçə dəfə dolanıb ürəyinə yatan budağı axtardı. Tapıb sevinsə də, nə illah elədi, fırlayıb atdığı ilgək budağı aşa bilmədi.

Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı yeniyetmə uşaq öz aralarında mübahisə edərək yaxınlıqdan keçəndə əlində kəndirlə tullanıb düşən  qoca müəllimə baxıb gülüşdülər.

Müəllim onları yanına çağırdı, təklif elədi ki, əgər budağa çıxıb kəndiri bağlasalar, top almaları üçün pul verəcək. Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar. Müəllim kətili gətirib üstünə çıxdı, kəndirin uzunluğunu boyuna görə tarazladı və bağlatdı.

Cibində nə qədər pulu vardı, verib uşaqları sevindirdi. Onlar kəklik kimi uçuşub gedəndə kətilə çıxdı, ilgəyi  boğazına keçirdib sürüşdürdü və  boynunun ardında bərkitdi. Şalvarını belinə dartıb səliqəyə saldı, kəmərini sıxdı, pencəyini düymələdi, qalstukunu sağa-sola çəkib yerində otuzdurdu. Bir neçə dəfə ciyərinə kənd havasını çəkdi və kətili arxaya itələdi.

Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən çıxıb evlərinə qayıdanda müəllimi görən kimi tanıdılar. Kimin planşeti, telefonu var idisə o saat çıxarıb çəkdi, internətdə paylaşdı və bir-birilərinə göstərərək getdilər.

Çiynində səhəng bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi tanıdı. Çaparaq gəlib dizlərinə döydü, kətili çəkib oturdu, vaysına bildikcə vaysındı, əməlinə görə xeyli danladı, ürəyini boşaltdı, sonra durub kətili də götürüb  zəmanəyə qarğıya-qarğıya getdi.

Örüşün qayıdan vaxtı idi. Qoyunlar palıdın altına sürüylə doluşdular. Bəziləri müəllimin ayaqlarını, üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də  fürsət tapdı. Çoban qoyunları qovub  əliylə müəllimin üst-başını yoxladı. Ayaqqabılarını çıxarıb geyindi. Sonra corabından köynəyinə qədər çıxardı. Paltarları pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin bir cibinə dürtdü və boxçanı çomağının ucuna  keçirdib çiyninə atdı. Başladı qoyunları üzü kəndə tərəf  arın-arxayın haylamağa.

Gün batana yaxın daşqasında boş su bidonları danqıldayan eşşək arabası yolunu dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdülər. Müəllimi tanımışdılar deyə heyrətdən, təəccübdən bir-birilərinə yersiz suallar verdilər. Müəllimə baxıb yanıb-yaxıldılar.

Birdən ağıllarına gəldi… Bidonları yerə boşaltdılar. Daşqanı altına çəkdilər, biri onu ayaqlarından qaldırdı, o biri ilgəyi boynundan çıxardı. Əvvəl daşqaya uzandırdılar, sonra sürüyüb yerə qoydular. Nisbətən cavanı ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi və yerdəki  bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanmasın.

Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda dallarınca  düşmüş  küçük hər yerə burunlarını soxub  iyləyə-iyləyə gəlib  cəsədi tapdılar.

Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə tərəf baxdı…

***

         Həmin küçük böyüyüb it olub, gecələr peyda olur, ulayır, camaatın evindən hər gün bir meyit çıxarırdı. Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən qıcqırıb yollara dağılıb, hətta şalvar balaqları, köynək, pencək qolları  adamların ayağına, boynuna ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına  keçmək olmur, elə bil paltarlar oyanır.

Təsadüfən görənlər deyirlər ki, bəlanı gətirmiş o itin başının yerində müəllimin başıdı. Səhərə qədər kəndin sağ qalmış  kişiləri keşik çəkir, tapıb tuta bilmirlər. Camaat əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə açılırsa,  paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa çıxacaq.

İndi mən də o adambaşlı iti görmək üçün əli tüfəngli kişilərlə kəndi dolaşmağa gedirəm…

“Ustad” jurnalının 4-cü sayından

 

Bölmə : Nəsr, Ədəbiyyat