Səbuhi Şahmursoyun yeni romanından bir hissə: “Pangeya tarixçisinin lüğəti”

93 Baxış

13652921_531813587013275_9013405318164398088_o

Senet.az “Ustad” dərgisində  yayımlanan Səbuhi Şahmursoyun “İnsan: Doğuluş” romanından bir hissəni təqdim edir:

 

Pangeya tarixçisinin lüğəti

 

(postapokaliptik fantastik-qurğu)

Bir qorilla xəyalının məhsulu olan Yeni Tarixin ilk antropoloqu uçqunlar altından tapdığı naməlum cihazın tanıdığı yeganə hissəsini – batareyasını təmir etmək üçün xeyli zəhmət çəkməli oldu. Batareyanın qəribə xüsusiyyəti heç günəş enerjisinə də sığmırdı. Təmir prosesində çox metodları sınasa da, onun dirçəlmə sirrini tam anlaya bilmirdi. Təsadüfən baş barmağı ilə batareyanın uc hissəsini sıxarkən cihaz öləziyən yaşıl işığını yandırdı. Əlini yaxşıca dezinfeksiya edib yenidən baş barmağını məlum yerə toxundurdu. Heç bir dəqiqə keçməmiş cihazın monitoru işıqlandı.

Antropoloq həyəcanını boğa bilməyib qəribə səs çıxardı və keyləşmiş şəkildə durub xeyli əlindəki cihaza baxdı. Digər əli ilə astaca toxunub monitor üzərində sürüşdürdü, havada bir-birini izləyən müxtəlif şəkillər yarananda, hətta diksindi də. Eyni zamanda, interfeysin başqa bölmələrinə daxil olmağa imkan verən düymələri qurdaladı. Nəhayət, havada anlaya bilmədiyi hərflər peyda olanda dərindən köks ötürüb, bərəlmiş gözlərini ovxaladı. Havada barmağıyla səhifələri çevirərkən daxilindən gələn qalibiyyət hissi ilə sevinirdi. Deyəsən, mətnin bəzi hissələri yararsız hala düşmüş, yəqin, eroziya səbəbindən zədələnmişdi. Salamat qalan hissələrdən bolluca məlumat ala biləcəyi ümidi ilə ayağa qalxıb mətni oxuya biləcəyi lüğət arxasınca getdi.

 

“…

 

* * *

 

elitefon.ru_17704

Hələ qədim-qədim zamanlarda, təxminən, XXIII əsrin altıncı onilliyində insanlar vahid dilə keçə biləcəklərini anladılar. Yeni dilin yaradılması əsrlərin mübahisəli mövzusu olsa da, onda bunun gerçək anlamını dərk edənlərdən ibarət beynəlxalq icraçı qrup təşkil edildi. Bu mif yalnız həqiqətə çevrilmək istəyəndə onun potensial mürəkkəbliyi cana gəldi. Ulu babalarımızın uzunmüddətli əzmi sayəsində elə prosesin özü qədər qəliz planlar quruldu və həyata keçməsi naminə labüd addımlar atıldı. Ədalətin nisbiliyi on yeddinci qrafada yerləşirdi, yoxsa skandinav dillərindən yalnız “soyuq” kəlmələr alınmazdı. Bu mənada hər xalqın dilindən müəyyən qruplar üzrə nitq predmetləri götürüldü: məsələn, incə duyğuları ifadə edən söz köklərini fransızlar, əks mövqedəkiləri yaponlar, felləri türklər, artiklları ingilislər, heyvan və quş adlarını çinlilər, ədatları italyanlar, sifətləri ərəblər təklif etdi. Hətta mühüm elmi konfransların birində icraatın bir nümayəndəsi artıq yer üzündən silinib tarixin uzaq səhifələrində xatırlanan Afrika xalqlarından da hansısa sözün salınmasını zarafatyana bildirmişdi. Terminalogiyaya isə, həmişəki kimi, yunanlar sahib çıxdı. Beləliklə, uzun sürən mübahisələrdən sonra Pangeya dili yaradıldı.

İndi insanlar bu dildə rahatlıqla danışırlar, amma o vaxtkı mənzərə belə deyildi. Tarixlə maraqlanmağım bəhs etdiyim qədim prosesləri daha aydın anlamağıma səbəb olur. Təsəvvür edirəm ki, bir macar yapon aksentində aqressiyasını necə ifadə edirdi, ya da “dəvəsi ölmüş” neft maqnatı otuz yeddinci arvadına necə fransız tərkibli şeirlər oxuyurdu. Zaman bütün əyrilikləri düzəltdiyi kimi, bu dilin inkişafını da nizama saldı. Burada heç kimin rolu yoxdur, ya da əksinə…

Bu cümlələri yazdığım dildə indi heç kim danışmır. Sabah mətni kiməsə göstərsəm dəqiq bir şey anlamaz, əlbəttə ki, həmkarlarım istisnadır. Qanımda hansısa qatqı hiss etmədən əmniyyətim bundan ibarətdir: bu cümlələri tamamilə başa düşən və məişət nitqində işlədən toplum müasir dünyanın assimilyasiya burulğanından keçib, dolayısı ilə, dəyişib, özünü itirib, yoxa çıxıb. Gündəlik qəzeti oxuyurmuş kimi sözbəsöz anlayan insanın üz ifadəsini kaş görə biləydim! Dilin ən yaxşı bilicisi olsam da bir gözüm lüğətin sətirlərində gəzişir. Deməli, zaman əzəmətli qüvvə olduğu qədər, həm də böyük heyrətlər gətirir. Məlum dəyişikliyin təsəvvürü belə ağlasığmazdır.

 

* * *

 

Gələcəyin insanı!

Nə dərəcədə anlaya biləcəyindən asılı olmayaraq, bunları məhz sənin üçün yazıram. Ümid edirəm, bu mətn “Voyniç əlyazmaları” aqibətini yaşamaz. Keçmişin insanından sənin fərqin mənim kimilərin anlayışına bağlıdır, çünki indi insanlar daha qiyaməti gözləmirlər, çünki kainatın yığılmasına hələ milyardlarla il qaldığını hər kəs bilir. Onun genişlənməsi düşüncələrimizin hüdudlarını artırır, burdakı düzmütənasibliyi sənin ulu babaların artıq dil açandan qavrayır. Nəvaxtsa yer üzündəki insan sayının on milyarda çatması fikri bu gün çoxuna “intellektual zarafat” göründüyü kimi, oxuduğun mətnin dövrü ilə müqayisədə sənin əhatəndəki fərqlər də danılmazdır. Buna görə narahat olmasan yaxşıdır. Mən o keçmişə səndən daha yaxınam deyə, bunları çatdırmağı özümə borc bilirəm. Ən əsası tarixdir. Tarix və ya artıq yaşanılmış keçmiş ən qaçılmaz həqiqətdir. O, sənin özün kimi gerçəkdir.

 

Deyirlər ki, nəvaxtsa insan təbiəti özbaşına hiss ixracatına sahib imiş. Bilirəm, çətindir, amma bunu anlamağın səni tarixə daha da yaxınlaşdırar. Təsəvvür edirsən, insanlar heç bir həb qəbul etmədən sevinə, kədərlənə, həyəcanlana, hətta bir-birilərini sevə bilirmişlər?! Heyrətamizdir, lakin həqiqətdir. Bilmirəm, süni intellektindən faydalandığın müəllimlərin bunun səbəblərini sənə necə izah ediblər, hərçənd, gümanım rasional açıqlamalaradır. Mənsə hər dəfə milyonlarla canı külə çevirən “varfolomey gecələri”ndən söhbət açmaq istəyirəm. O zamanlar yüzdən çox adda hislər arasında indi yalnız kitablardan öyrəndiyimiz və süni ixracatı qadağan edilən kin, nifrət, qəzəb və həsəd də var imiş. Daha ecazkar və səadətgətirici emosiyalar fonunda adamlar bu cür neqativ hissi yanaşmalarla da alışıb-yanırmışlar. Nəticəsi mübahisələrdən başlayaraq kütləvi qırğınlar törədən müharibələrə kimi uzanan doyumsuzluğa çevrilirmiş. Beləliklə, insan canı onun intellekt potensialından əhəmiyyətsiz hala gələndə müharibələr heç bir iddiası olmayan (və ya şablon ideyalar identifikasiyasının təsirilə fəaliyyətə cəlb edilən) milyonlarla günahsız insanın qətlinə səbəb olurdu. Yaratdığı heyrət dolu keçmişindən asılı qalan istənilən ideologiya tiranları gələcəyin taleyini məhz həmin hislərin köməyi ilə həll edirdilər. Nifrət və qəzəbə indi verilən tərifləri natamam sayıram, çünki onlar hakim olan bədəndə hansısa nəcib hiss dirçələ bilməz. Nifrət bütün hisləri tapdayıb fövqünə qalxan, qəzəb isə onun diqtəsini əmələ çevirən anlayışdır. O zamanlar bundan yaxa qurtarmağa təklif edilən şərait də nifrət bataqlığı idi, hətta nəcib insanlar öz haqlarını nifrət göstərərək almağa borcluydular. Bu da toplumlar arasında kütləvi nifrət və qəzəblərdən yaranan münaqişələrə gətirib çıxarırdı. Yəqin, sənin zamanında ideyanın virus xarakterli olması düşüncəsi hələ öz ciddiliyini itirməyib, yoxsa qədim hadisələrin dərk edilməsi lap müşkülə çevrilər. Hətta “ideyalar babası” Platonun da indi mənim beynimdə bir ideyadan ibarət olması gerçək varoluşuma təsirsiz ötüşmür. Keçən hər mikro-saniyə ideyalar hamilə qalır və bizim spontan davranışlarımızla azad olur. Ola bilsin, bu barədə heç vaxt düşünməmisən, amma mənə hələ də ilkin – başlanğıc ideyanın nədən ibarət olması maraqlıdır. Görəsən, onda tarixin dözülməz çəkisi vardımı, ya da öz sonunu nədə görürdü? İdeyalar labirinti dünyanı hara aparır? Bəlkə, tarixin “qiyamət” adlandırdığı şey elə ideyaların impotensiyasıdır? Mənə elə gəlir ki, qlobal intiharın səbəbi hansısa astronomik kataklizm yox, məhz beyinlərin qaranlıq dalanı olacaq.

 

* * *

 

“Hislər imperiyası”nın sərbəst təzahürü ilə bizi böyük zaman kəsiyi ayırır. Bu gün artıq onlar idarəolunan anlayışlardır. İndi məqbul sayılan emosiyaları öz seçiminə görə məntəqələrdən alıb istədiyin əhvala köklənə bilərsən, bu da bizə onlar üzərində hakimlik imkanı verir. Sevinc həbini udmaqla ürəyincə sevinmək, başqa flakonu içməklə öz melanxoliyanı yaşamaq olur. Qürur iynəsi aktual deyil, bundan əsasən siyasətçilər və yaramazlar istifadə edir. Rasionumuza gündəlik şərəf hissi daxildir, hesab edilir ki, şərəfsiz insanın bir gün də yaşamağa haqqı yoxdur.

“Əgər insan orqanizmində hansısa kənar maddə rahatlıqla yaşaya bilirsə, deməli, o, heç də yad maddə deyil. Bədən bioloji yaddaşına həmişə sadiqdir” – müasir tibb elmimiz bu mövzuda keçmişdən fərqli düşünmür. İndi qana daxil etdiyimiz hiss preparatlarını orqanizmimiz çox yaxşı tanıyır, çünki III Dünya Müharibəsindən qabaq bunlar bədənin təbii vəzifəsinə aid olub. Kürənin müxtəlif nöqtəsində ard-arda atılan atom tərkibli üç bomba bəşəriyyət nəslini hədsiz tükətməklə yanaşı, həm də sağ qalanların həyatını dəyişdi. Təbiətdəki kimyəvi zəhərlənmə babalarımızın orqanizmindəki maddələr mübadiləsinə köklü təsir etdi: zamanla mutasiya və ya müxtəlif fiziki çatışmazlıqlar adi hal aldı.

Bəzən düşünürəm, görəsən, hansı insan modeli daha effektiv və təhlükəsizdir. Anında gərəkli hissi reaksiya vərən insan çağdaş ibtidai dərsliklərdə ən qorxulu məxluq kimi təqdim olunur, ümumilikdə banal izahları da onun seçimindən dərhal yararlanması problemilə məhdudlaşır. Guya, azad insan seçimi barəsində heç vaxt ani qərar verməməlidir, qəbul olunmuş ictimai təfəkkürlə hesablaşmalıdır (bunu da filosoflarımız deyir). Ola bilsin, həmişə bu fikrə haqq qazandırmaq içimdən gəlmir, amma çox vaxt elmi müzakirələrin yekununda bununla razılaşmalı oluram. Axı, qədim cəmiyyətlər niyə tarixdə öz səhvləriylə qaldılar? Görəsən, nəyə görə bəşər tarixi müharibəsiz bir əsr yaşaya bilmədi? Doğrudanmı, bu, onların azad hisləri ilə bağlı idi? Bəlkə, sənin dövründə məlum suallar artıq öz əhəmiyyətini itirib və təbii ki, bu mövzuda mənə kömək edə bilməzsən.

 

* * *

 

…məsələn, mən qulaqsız doğulmuşam və deyim ki, mutasiya daha bəşəriyyətə narahatlıq gətirmir. İndi küçələrdə bütün bədən üzvü yerində olan insanla rastlaşmaq çətindir. Sonuncu Müharibədən sonrakı əsrlər ərzində yaşamaq üçün əksər əngəllər aradan qalxsa da, sağlam demoqrafik şərtlər öz həllini tapa bilmədi. Yeddi yüz ilə yaxın müddətdə təbiətin radiasiyası ozon təbəqəsini yarı-yararsız hala gətirməsi ilə yanaşı, genetikanı da ölümcül zədələdi. Məncə, tarixin ən acı zarafatı estetik anlayışların dəyişməsidir. XXII əsrə kimi belə hesab edilirdi ki, estetik təzahürlərdəki simmetrayanın adekvat qavranılması birbaşa insan genetikasının diqtəsidir. Neytral mövqe tərəfdarları səmimi qəbul olunmurdu, ümumi mənzərə təxminən beləydi: sənin gördüyün predmet ya gözəldir, ya da eybəcər. Yüksək həyəcan və qorxunun səbəbi gözlənilməzlik və ya assimmetriya ilə əlaqələndirilir, beləliklə də, insan psixologiyasına mexaniki tənbəlliyin qaçılmazlığı təlqin edilirdi. Sonrakı qlobal hadisələrin gerçək nəticələri isə bu mövzuda yeni üfüqlər parlatdı. Tutaq ki, müxtəlif kimyəvi disharmoniyanın təsiriylə insan genetikası, həqiqətən, zədələnmişdi, amma tamamilə öz yararlılığını itirməmişdi, axı. Gendə ən vacib ünsür – adaptasiya hələ öz varlığını, zəif də olsa, davam etdirirdi. Bunu daha çox “adaptasiyanın kölgəsi” adlandırardım. Bəzi psixoloji anlayışların köklü dəyişməsində məhz ona minnətdar olmaq lazımdır. İnsanın mövcud şəraitə uyğunlaşmasıyla öncə əldə olan labüd dəyərlərin qiymətləndirilməsi, sonra da onlara qarışı mühafizəkarlığın yaranması baş verdi. Bəlkə də buna görədir ki, biz indi “Sən çox gözəlsən” və ya “Bu, olduqca eybəcər varlıqdır” kəlmələrini yalnız qədim romanlardan oxuyuruq.

Yeri gəlmişkən, bu gün adaptasiya ən bahalı dərmanlar siyahısındadır.

 

* * *

 

Əziz dostum!

Tarixçilik mənim varlığımın vəzifəsi və bütün rasional yanaşmalarımın açarıdır. Hər şeyin tarixi olur, hər hansı təzahür mövcudluğuna öz tarixini cızmaqla başlayır. Bəzən öz tarixim barədə düşünürəm. Müasir genetika elmi insan geninin 24 min yaşı olduğunu iddia edir. Bu rəqəmin arxasına keçə bilsəydim bezmədən ilk insanın davranışlarını seyr edərdim. Ola bilsin, öncə primitiv həyati reaksiyalarla qarşılaşardım, amma məncə, bu sadəlövhlükdə hamımızın məğzi aydın görünərdi. Həmin ilk nümunəyə indiyədək yer üzünə gəlib-getmiş bütün sələflərin mahiyyəti yerləşərdi. O, insanın ən həqiqi, saf və təhrifsiz şəkli olmalıydı. Görəsən, hər gün kəşf etdiyi ətraf mühitə olan münasibətləri ona rahatlıq gətirirdimi, yoxsa bütün bu heyranlığı fonunda öz tənhalığını daha dərin duyurdu? Ona tarixinin necə bitəcəyini hansı yollasa izah edə bilsəydin, yenə ətrafa, sonra da özünə eyni heyranlıq bəsləyərdimi?

Sosioloji əhəmiyyətli mövzuların başında “ikinci insan” terminindən istifadə etmək adətə çevrilib. Sosioloqlarımız “Yalnız iki insanın arasında bir münasibət ola bilər; nə təklik, nə də üçüncüdən başlayan çoxluq bir münasibətə sığa bilməz”i təkrarlamaqdan usanmırlar. Deyəsən, haqlıdırlar. Nə qədər nizam illüziyası yaradılmağa çalışılsa da, çoxluq elə xaosun özü olaraq qalır. Milyonlarla hadisədəki misallardan aydın görmək olur ki, insanlar yalnız dünya qavrayışındakı məxsusiliklə fərqlənməyə meyllidirlər, onların təklif etdiyi münasibətlər toplusu individualist mövqedən parlayır. Hazırda mənim məşğul olduğum iş də buna yaxşı örnəkdir. Mexaniki vəzifəm tarixi bilmək, fərdi mövqeyim isə onlara şərh verməkdir. Burada da bir münasibət yaratmaq üçün ikinci şəxsə ehtiyac duymaq var, məsələn, sənə. Amma mənə görə, əgər münasibətini paylaşmaq istəyirsənsə sənin üçün özündən başqa bir və ya min insanın olduğunun fərqi yoxdur. Sadəcə, o min nəfərdən birini seçmək qərarına gəlirsən, özünü də seçiminin həqiqiliyinə inandırır, onun sənə gərəkliyinə əmin olursan. Bax, ilk insan da belə etmişdi: bu dünyada özünə bənzəyən məxluqa ehtiyac duymuşdu. Bilmirəm necə (hərçənd, bu barədə xeyli fərziyə var), amma o, buna nail olub arzuladığı harmoniyada yaşamaq istəyərkən, dünyaya xaos bəxş etməklə onu qocaltmışdı. Əminəm, sənin də ona xeyli sualın var…

 

* * *

 

Bu mətn antropoloqa o qədər fərəh gətirirdi ki, tarixçinin suallarına vaxt itirməyə də tələsmirdi. İndi onun keçmiş sivilizasiya barəsində öz sualları vardı. Gözünə hopmuş sözlərin naməlum müəllifi ilə arasında cəmi üç milyonluq iştirakçısı olan IV Dünya Müharibəsi dayanırdı. Bu, keçilməz hasar idi; Yer kürəsindəki bəşər tarixinin ən böyük nöqtəsi. Əgər onun ulu babaları məlum xaosdan qurtulub vaxtında Yeri tərk etməsəydi, indi antropoloqun onların tarixi sığınacağına qayıtmağa imkanı da olmayacaqdı. Bu səbəbdən, o, bir anlıq özünü illüziya kimi hiss etdi.

 

* * *

 

“Humanizm tərkibli ideologiyaların məğzində insanın qorunması, ona qarşı mühafizəkarlıq durur. Maraqlıdır, insan kimdən qorunur? Ona qarşı ən rəzil davranışları elə insan həyata keçirmirmi? Silahları da, mühafizə ehkamlarını da ixtira edən insan özüdür. Nə qədər çətin olsa da bilməlisən ki, sənin məndən başqa düşmənin yoxdur, dostum. Sanki arxamızca sürünən və onların mövcudluğu ilə hər gün rastlaşdığımız müxtəlif mistik qanunauyğunluqlar bizi insansız cəmiyyətlərə sövq edir. Məncə, zaman özü ilə birgə ehtimal, karma və mörfi qanunlarını daşımaqdan heç vaxt yorulmayacaq. İnsan yalnız öz-özü ilə münasibət qurmağı öyrənəndə təhlükəsiz olacaq. Kaş, ilk insan yanında ikincisini istəməyərdi!”

 

* * *

 

Burada yazı bitirdi. Nə pozulmuşdu, nə də başqa qovluqlarda davamı vardı, sadəcə, bitirdi. Antropoloq barmağını batareyadan ayırıb cihazı kənara qoydu. Diqqətlə qızarmış barmağına baxdı: o, öz insani enerjisi ilə tarixini öyrənə bildiyi haqda düşüncəyə daldı. “Ümumdünya dilləri lüğəti”ni çiyin çantasına qoyub, insansız cəmiyyətə getmək üçün yola düzəldi.

Bölmə : Manşet