“Paradoksların Rəssamı” – Karnelis Eşer

33 Baxış

escher-in-rome

Bir-birini çəkən əllər, tikilişi qeyri-mümkün binalar, metamorfozlar, gözlərimizdə hipnoz effekti yaradan ağ-qara həndəsi simmetrik fiqurlar.

Riyaziyyatın incəsənətdəki əksi Maurits Karnelis Eşer.

Eşer ksiloqrafiya, litoqrafiya, mezzotint kimi incəsənət sahələrində baş sındırmış adamdır. İlk baxışda normal görünən, amma sonsuz izahlarla dolu olan, çox vaxt Optik-Art cərəyanına aid edilən rəsmləri Eşeri məşhurlaşdırmış, paradoksların rəssamı etmişdir. Həyatı boyunca 448 litoqraf və 2000-dən çox olan əsərləri ilə texniki rəsm və qrafika dünyasına, Pop-Arta, alimlərə, sənətçilərə böyük təsir göstərmişdir. Hollandiyada dünyaya göz açan rəssam mühəndis ailəsindən gəlirdi. Məktəb həyatı bir çox yaradıcı insanlardakı kimi uğursuz olub, amma hətta riyaziyyatdan belə kafi qiymətlər alan Eşerin üzünə həyat elə məktəbdəcə gülüb. Onun rəsm müəllimi, yəqin ki,  gülümsəyərək onun çox gözəl rəsm çəkmək qabiliyyəti olduğunu deyib.

after_mc_escher_by_krystinaleigh-d5jsbr8

 “Sferik güzgüdə avtoportret” (1935)

Orta təhsildən  sonra Harlemə – Memarlıq və Dekorativ sənətlər məktəbində memarlıq təhsili almağa gedir. Müəllim böyük qüvvədir, amma Eşerin müəllimləri daha böyük qüvvə idi. Belə ki, Harlemdə oxuyarkən bir müəllimi onun qabiliyyətini görür və memarlıqdan əl çəkməyi məsləhət görür. Memar olan atasının yolunu getməkdən vaz keçən Eşer memarlığı atıb qrafika öyrənməyə başlayır. Burada ağac oyma və rəsm texnikalarını öyrənən Eşer aldığı təhsili kifayət bilərək məktəbi tərk edib, İtaliya səyahətinə başlayır.

 “Səfər etdiyi ölkəni bilmək nəyimizə lazımdır?”soruşun, mən də cavab verim ki, müəllimləri kimi səfərləri də müəyyən mənada Eşerin yaradıcılıq istiqamətlərini dəyişmişdir. 1937-ci ildən əvvəl və sonraya görə Eşerin yaradıcılığında böyük fərqlər var.  Məsələn, İtaliya və İspaniyada yaşadığı müddətdə Eşer baharda tez-tez gəzməyə çıxar, sevdiyi şeylərin-həşəratların, bitkilərin, şibyələrin və s. şəklini çəkər və qışda onların qrafik çapı ilə məşğul olardı. İtaliyaya o qədər doğmalaşmışdı ki, bir hotelin ziyarətçi kitabında qeyd edirdi: “Artıq mənim damarlarımda nadir hallarda holland qanı axır”.

O burada Jetta adlı qıza vuruldu, əvvəlcə ilk sevgisi kimi birtərəfli olacağını düşündü, şeirlər yazdı, 1924-cü ildə cütlük İtaliyada evləndi. Xoşbəxtliyini göstərmək üçün Eşer yaradılış haqqında ağac qrafikaları seriyasını çəkdi, seriyanı Eden bağında Adəm və Həvvanın təsviri ilə başa çatdırdı.

“Yaradıcılığının realist dövrü” adlandırdığım mərhələnin əsərləri, əsasən, İtaliyanın və İspaniyanın mənzərələri, memarlıq nümunələridir. Bunlar da Eşerin gələcək işləri üçün material idi.

Babel-escher

Eşerin normal riyaziyyat təhsili yox idi, yenə də rəsmləri güclü riyazi simgələrlə dolu idi. Onun riyazi anlayışları daha çox sonrakı araşdırmalarına və xəyal gücünə bağlıdır. Uşaq vaxtlarında da həndəsəni daha çox sevdiyini deyən rəssam 1936-cı ildə səyahət zamanı gördüyü Əlhambra sarayından və İslam memarlığından ilhamlanaraq saraydakı və məscidlərdəki mozaikaların kopyalarını çəkdi. Bununla da həyatı boyu davam edəcək həndəsə, simmetriyaya marağı başladı. Və islami mozaikalara olan marağı onu məcburən riyaziyyata yönəltdi. Gördüyü işlər xüsusilə riyaziyyatçıların diqqətini çəkmişdi, “bizim adamımızsan”, – deyib Eşeri universitetlərə konfranslar verməyə dəvət edirdilər. Eşer paradokslarla dolu rəsmlərinin içində elə başını itirirdi ki, ailəsinə belə vaxt ayırmırdı. Özünün xəbəri olmadan 44 illik həyat yoldaşı onu tərk etmişdi.

Artıq 1937-dən sonra reallığa əhəmiyyət vermir, xəyal gücü və zəkasını işlədərək yaratmağa başlamışdı. Bunlara ilham verənsə Mərakeşlilərin əsərləri idi. “Təəssüf ki, Mərakeşlilərin dini onlara rəsm çəkməyə icazə vermir. Mənə elə gəlir ki, onlar da yaratdıqları cansız fiqurlardan daha canlı, gözəgəlimli fiqurlar yaratmağa çox yaxınlaşıblar. Bildiyim qədəri ilə heç bir mərakeşli sənətçi balıqlar, kərtənkələlər və ya insanlar kimi təbiətdən götürülmüş fiqurları rəsm obyekti kimi istifadə etməyib. Ya da ağıllarına gəlməyib? İnanmaq çətindi.” Beləliklə Eşer Mərakeşlilərin cansız fiqurlarını öz görmək istədiyi kimi çəkməyə başladı. Bu fikirdən yaranan əsərlərdən biri “Simmetriya işi 91” adını verdiyi simmetrik böcəklərdən ibarək bir mozaikadır.

Əsas da bir fikrə sahib olmaqdır, fikir yarandıqdan sonra davamı mütləq gəlməli idi. Davamını daha fərqli fiqurlarla, güzgü əksi ilə işləməklə gətirdi. Təbii fiqurlardan sonra daim yenilik axtaran Eşer bəy yeni təcrübələrə başladı. Bunlardan ən önəmlisi 3-cü ölçünün rəsmə daxil olması idi. Əvvəlcə 3 ölçülü bir lent üzərində 2 ölçülü mozaikasını yaratdı. Daha sonrakı işərdə artıq fiqurları da 3 ölçüyə gətirdi. Bu rəsmdə artıq lent özü yox olub və 3 ölçülü fiqurlardan ibarət riyazi sonsuzluğu ifadə edən simvola çevrilib. Sonsuzluq simvolu yaratması ilə rəsm öz-özlüyündə daha bir ölçü qazanıb. Fiqurların uçuşu da sanki sonsuz hərəkətə işarə edir. Ən əsası da 3 ölçülü rəsmi hər hansı arxa fon deyil obyektlər özü yaradır.

l

Eşer üçün vacib üsullardan biri də fiqurların dəyişməsi –bir-birinə çevrilməsi idi. Əvvəlcə rəsmlərində sadə metamorfozu göstərsə də, Eşer kimi sonsuzluğa heyran bir qrafik rəssam üçün sonrakı addım fiqurları daha kiçik və böyük detallarla özünə çevirmək idi. Kərtənkələ də bu qrafik üsulun məhsulu idi. Söz ən vacib ünsiyyət vasitəsi olsa da, bu məqamda Eşerin rəsmlərinin özünə baxmaq onun sözlə qarışıq ifadəsindən daha vacib və anlaşıqlı olar.

63fe046248984f1819e5312620c7c07a

Burada rəsmin mərkəzindəki altıbucaqlılar kənarlara gəldikcə kərtənkələyə çevrilir. Bu şəkil Eşeri tam qane etmirdi, çünkü kənarlar hansısa hərəkəti yarıda kəsmiş təsiri bağışlayır. Halbuki Eşer hərəkətin bitməməsinin, rəsmdə daim gəldiyin yerə qayıtmağın tərəfdarı idi. Eyniylə onun ən məşhur əsərlərindən biri olan, daha çox pilləkənlər kimi tanınan “nisbilik”də olduğu kimi.  “Nisbilik” rəsmində tam olaraq 16 obraz yaşayır. Daş üzərində qrafika olduğu üçün çap şəklində bir çox muzeylərdə rast gəlinə bilir. Burada da Eşer 2-ci, 3-cü ölçünü və simmetriyanı qüsursuz şəkildə bir araya gətirib.

 escher-relativity

Eşerin daha bir populyar əsəri olan “Gecə və gündüz” ilə yazını bitirək. Bu şəkli yaradan fikir işıq-gündüz, qaranlıq-gecə kontrastıdır. Bir çox əsərlərində də ağ və qaranı bir-biri ilə kontrast etmişdi deyə fikir o qədər də yad deyil. Amma rəsmin əsas fikri, adi bir Holland qəsəbəsinin həm gecə, həm də gündüz görüntüsünü kontrastlamaq tamam yeni baxış bucağı idi. İki mənzərə də bir-birinin güzgü əksidi, yəni daha əvvəl də mozaikalarına tətbiq etdiyi taktikadan istifadə edir. Rəsmin tam ortasında yuxarı doğru getdikcə tarlalar quşlara çevrilir. Bu da yenə də daha əvvəlki əsərlərindəki kimi obyektlərin dəyişilməsidir. Rəsmin üst hissəsində bir dəyişmə də var, sağdan sola getdikcə ağ quşların qaraya, soldan sağa isə qara quşların ağa çevrilməsi. Bu da səmanın gecə və gündüz kontrastını təmin edir.

p02vhqcm

Penroz Üçbucağı , Möbius lenti  kimi maraqlı formalar məhz Karnelis Eşerdən ilham alınaraq yaradılmışdır. Simmetriya və Perspektiv dahisi M. K. Eşer 73 yaşında vəfat etmişdir. Əgər Eşer memar olsaydı, bu beyinlə yaratdığı tikililər dünya möcüzələrinə çevrilərdi. Eşerin pilləkənlərini şüursuzca qalxıb düşdüyünüzü təsəvvür edə bilirsiz?

Aytəkin Mirişova

Mənbə: “Ustad” jurnalı

KÖŞƏ YAZARLARI
TOP 10