Payız gəldi – Fikrət Qoca

43 Baxış

1503764887_1472025004_publika.az1472021576publika.az1398678966fikret-qocakfhdfidshvjcdkhirxewc-hbgf (1)

Senet.az xalq şairi Fikrət Qocanın şeirlərini təqdim edir:

PAYIZ GƏLDİ…

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Özümü aldadıb hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz…

GÖRƏNDƏ… GÖRMƏYƏNDƏ…

Səni görməyəydim mən fağır, təki, - 
Səni görən yazıq, görməyən yazıq. 
Görməyən dünyada nə görübdürki, 
Görən nə çəkmişəm bilir mən yazıq.

Desəm ki, mənim ol, el mənə gülər, 
Deyirlər, get otur qafiyə tap yaz. 
Bütün yer üzündə qalan dəvələr 
O qızın nazını çəkib aparmaz.

Əl göydən üzülüb, ayaq da yerdən. 
Görüb öz başıma iş açmışam, iş. 
“Kaş ki, görməyəydim” desəm də hərdən, 
Onu görməyincə mən heç nəyəmmiş…

SƏNSİZ 

Sənsiz üşüyürəm türyan istidə, 
Sənsiz söhbətlərdə yersiz sözəm mən.

Bəzən haylı-küylü bir məclisdə də 
Qəribəm, tənhayam, kimsəsizəm mən.

Mənə bir ömürdür bir anlığın da 
Çağırsan qəbirdə dayanmaram mən. 
Uyusam gözünün qaranlığında 
Yeddi günəş yansa oyanmaram mən.

Bilsəm ki, sevirsən, sonsuz səhrada 
Ulduzsuz gecədə, mən tək deyiləm, 
Sənsiz biganəyəm, tanışa, yada, 
Sənsiz özümə də gərək deyiləm.

Dostlar qayğısıyla neyləsin buna, 
Kollektiv neyləsin, yalqızam, yalqız. 
Mənim ürəyimin tənhalığına 
Neyləsin həmkarlar təşkilatımız.

YAŞ O YAŞ DEYİL Kİ

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən 
Sən mənim sonuncu məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü -
Yaş o yaş deyil ki… heyif ki, deyil.

YADIMA SƏN DÜŞƏN ZAMAN

Dağlar ayağıma enir,
Gözlərimə nur ələnir,
Arzularım pöhrələnir,
Yadıma sən düşən zaman

Qış dönüb laləzar olur,
Buzlu çöllər bahar olur,
Düşmən də dönüb yar olur,
Yadıma sən düşən zaman.

Mənim eşqim,mənim nəğməm,
Həm sevincsən,həm də ki qəm,
Ölü olsam dirilərəm,
Yadıma sən düşən zaman.

KÖŞƏ YAZARLARI
TOP 10