Payız simfoniyası

192 Baxış

sabir Alim

Senet.az  şair Sabir Alimin şeirlərini təqdim edir:

 

Düşüb

Bu ömür necə ömürdü,

Bu ömür payıma düşüb.

Bəxtimə dua yazıblar,

Yerin o tayına düşüb.

Kam almamış həyatımdan,

Məni də saldı atımdan.

Bu nə eşqdi, ucbatından

Üzüm ayağıma düşüb.

Tər yonca çiçəyi dərdim,

Dərib saçlarıma hördüm.

Bir yiyəsiz tabut gördüm,

Biçimi boyuma düşüb.

Mən salamat necə gəzim,

Fələk, yansın dilin, ağzın.

Ölümüm sevdiyim qızın

Vədəsiz toyuna düşüb.

Bakı, 2001.

Dərd çəkməyə adam çatmır

Bu dünya adamnan dolu,

Hamı özüyçün dərd çəkir.

Fərqi yoxdu heç kim üçün,

Dərd biçən yenə dərd əkir.

Vallah, boş vaxtım da yoxdu,

Düşünəm bir az da səni.

Dərdimə nişanlayarlar,

Darıxma, bu yazda səni.

Durub başımın üstündə,

Kölgəm mənsiz gedib yatmır.

Hamı dərd çəkir, eh, yenə,

Dərd çəkməyə adam çatmır.

Bakı, 2001.

Gəldim başsağlığı verəm.

Elə yazıq-yazıq baxma,

Gözlərimin yaşı dindi.

Qapıdan bayıra çıxma,

Durub gedəsiyəm indi.

Bircə qırıq sözüm qalıb,

İşığın iynəsi boyda.

Ananın da gözü aydın,

Biz nə hayda, o nə hayda.

Gecə röyamda görmüşəm.

Xəzələm, torpağam, yerəm.

Eşitdim sənçün ölmüşəm,

Gəldim başsağlığı verəm.

Bakı, 2001.

Mənə çiçək gətirsən.

İçimdə kimdi ölən,

İtlər iyə yığışıb.

Tanrıyla aramızda

Bu payızın yağışı.

Qoy geyinim əynimə

Bir ovuc sulu torpaq.

Çıxaq şəhərə… mənə,

Bir qəbirlik yer tapaq.

İtilə bıçağını,

Öldür, bu işi bitir.

Mənə çiçək gətirsən,

Kəfənə büküb gətir.

Bakı 2001.

Payız simfoniyası

Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi,
havada buludlar,
Buludların bətnində su…

Yağışlı və küləkli bir gündə
tərk edilmiş qadınları xatırladar
küçədə ayaq səslərinin çırpıldığı
baxımsız ağaclar
və hərdənbir axşamlar
cındırından cin hürkən
bomjlar yığışar
bu ağacların dibinə.

Yalnız göz yaşlarının
Yanaqlarına cızdığı şəkil
Sərxoş ərinin son zərbəsinə
Cavab olar
Ürəyinin səsinə
Qulaq kəsilən qadına.

Pəncərəmdə
küləyin uçurduğu pərdələrin
hamilə görkəmi
oxumaq necə də gözəldir
Gecənin içinə yağan yağışın

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10