Payız yarpaqlarının səsi amansızdır

106 Baxış

ayselAysel Abdullazadə

 

 

Boşluqlar…

Ağlımdan keçər unutdum demək
Barmaqlarımdan keçər tutuqluluğum…

Əli qırılası bir həsrət var içimdə
Ürəyi qırılası bir eşqdən qalma.

Kirpiklərimin kənarından başlayır
Özlədim kəliməsi.
sonrası
Boza bulanmışlıq…

Sayılan rəqəmlər sona vardığında
sonsuzluğun gerçəkliyi itər
sona varmaq,
unutmaq
və göz yaşı birikdirər…

Deyilən bütün sözlər qulaq ardı olar
kəlimələr saxta,
təsəllilər boş…
Unutdum desən, yalan…

Eşq desən,
səsinin özünə qayıtdığı bir otaqda hıçqırıq,
boğazına ip salınmış sözlər,
yanağında cığır açmış məsamələr
və arzularının ayağının altından itələnmiş bir kiçik masa…

Həyat desən,
bir dairəyə salınmış çoxluqlar ibarəti…

 

 

Sən gedincə…

Sən gedincə!

Neçə rəngəm bu şəhərdə.
Dəqiqə əqrəbdən neçədir deyə soruşur
mən neçə dəfə gedə bilmədiyim yolları sayıram
ovuclarımda.

Sən gedincə
Ağlım yeddidən başlardı saymağa
Duman altı olur baxışlarım
Beş barmağın hamısı bir deyil deyər.
Dördü unudardım yenə
Haqqım üç deyə
ikidən soruşardım
Birin nə zaman gələcəyini…

Sən gəlincə!

 

 

 

Bir az soyuq olasım var…

Ruhunun dərinliklərində səhər mehi canlansın.
sərinlətsin bütün qəlbini.
İçinə azacıq istilik qaçsın
varlığını qaplayıb ovutsun mənini…

Bir az soyuq olasım var,
bir az daha sərin
yağmur kimi səpələnib göydən enəsim var
huzuru qoynuma qısıb dərin-dərin…

Yağsın yağmur, əssin rüzgar
göy üzünə gəlsin çiskin duman
ruhumu oxşasın təbiətin içindəki varlıqlar
bircə, huzurumu çalmasın
amansız ayrılıqlar…

Bir az soyuq olasım var
içimdəki atəşi itirmişəm, yalnızam.
Bir az tənha qalasım var
təkliyə söz vermişəm,
əhd kəsib, peyman etmişəm.

Payız yarpaqlarının səsi amansızdır
ayaq altında xırçıldayan səsdən ürkər ürək…
Bir gün geri çağırar ağacdan tumurcuqlarını
yaşıllığa qayıdar başqa bədənlərə girən ruh tək…

Bir az soyuq olasım var
üşümüş ruhumu
bədənlərdən səssicə çıxarasım var…

 

 

Şəhərə gecə gəldi…

Kimlik soruşurdu künc başında,
yolu gözləyən ayrılıqlar.
Vaxtı gəlmişdi artıq,
ağlayırdı zülmət çökmüş odalar.

Şəhərə gecə gəldi az əvvəl…
Xoş gəldi!
Tünd rəngli idim mən…
Bütün kölgələrim qara idi
ayaq səslərim bənövşəyi.
Gün batımı şüşədən qədəh
rüzgarlarım boz rəngli.

Şəhərə gecə gəldi az əvvəl…
uğultusu duyuldu qaranlıq odalarda.
İşıq saçılan sarıya boyanmış kimsəsiz küçələr
yalnızlığını yaşayır həmin anda.

Gecə özü ilə, kim bilir, neçə yalnızlıq gətirib,
durğunluq sunub səssiz camdan eyvanlara…
Lal olub günəş, danışmaz artıq səhərə qədər
dili çözüləcək olsa,
kim bilir, gecədən şikayət edər nələr-nələr…

Gecənin boğduğu ümidlər
qan ağlayardı onun gəlişi ilə.
Dik dayanan ümidlərin rezonans qorxusu
canını yaxardı səhərə qədər qaranlığın.

Səhərin dördündə bir çığlıq yaşayırdı
qurulmuş zəngli saat misalı oyanardı həmin radələrdə…
Günün çığlığı yayılmaqda ətrafa
gecə toplamalı artıq yükünü gətirdiyi çiyinlərdə.

Səhərin altısı…
Şəhərə aydınlıq gəldi az əvvəl…
Xoş gəldi, on iki saatlıq günün misafiri…

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10