Payızın ölüm etüdləri, yaxud sonuncu oktavada üç uğursuz akkord

42 Baxış

mushf

Birinci: Küçə uşaqlarına rekviyem

Ömründə cəmi üç dəfə şəkil çəkdirmişdi – dünyaya göz açanda çəkmişdilər ilk dəfə. “Çəkmə” – deyə bilməmişdi.

Maşın vuranda çəkmişdilər ikinci səfərində. Rentgen deyilən o əcaib fotoaparatla. Özünü yox, sınan qabırğalarını, xıncım-xıncım olmuş qollarını çəkmişdi – xalatının kirindən cin hürkən donuza oxşar tibb bacısı. Xeyli də pul istəmişdi özünə oxşamayan o neqativ şəkillərə görə.

Üçüncü dəfə şəklini bir qəzetdə görmüşdü. Diləndiyi metronun yanında çəkmişdi sürtük jurnalistlərdən biri. Xəbəri olmamışdı, qorxmuş, daha sonra utanmışdı – öz şəklini qəzetdə görəndə “mafiyanın casusları”, – deyə dəxlisiz başlıq da yapışdırmışdı yazıya. Bəlkə də qarışıq salmışdı kiminləsə, nə bilmək olar. Ancaq babat qonorar almışdı, yalavac səfil haqqında hazırladığı bu reportaja görə. Amma o ilk dəfəydi bu qədər şəkil çəkdirirdi. Özünü gərəksiz bir fotosessiyadaymış kimi hiss edirdi. İlk dəfə olduğu kimi yenə də “çəkmə” – deyə bilmirdi. Həmin sırtıq jurnalistin yazısına qurban getmişdi. Kiməsə oxşadıb öldürmüşdülər onu. Öldürmək deyəndə ki, bıçaqla dəlik-deşik edib aşsüzənə döndərmişdilər bədbəxti. Cinayət-axtarış şöbəsinin fotoqrafı beşcə dəqiqədə onun bütün şəkil planını doldurmuşdu. Özünə kənardan baxa bilsəydi yenə də tam olmadığını görərdi. Yenə də özü deyildi şəkildə. Çağalığı, sındırılmış sümükləri, soyuq bədəni – bu şəkillərin heç biri o deyildi…

Aman Allah! Kimsəsizliyin yuxusu da kino kimi olurmuş…

Yaxşı ki, qəzetdə şəkli var idi, yoxsa baş daşına kimi çəkəcəkdilər yoxluğunun yerinə?

 

P.S. Zaman ona görə amansızdı ki, payız həmişə gözlənilmədən gəlir…

 

İkinci: Təsəlli

 

Küləkdən qorxuram Dənizdən qorxuram. İnsanların üzüdönüklüyündən qorxuram. “Özünü qoru, özünü sev” deyirsən. Sözlərinə qulaq asıb intihar eləməkdən qorxuram. Bilirsən, mən qorxaq adam deyiləm, əslində. Ölməkdən yox, yaşaya bilməməkdən qorxuram.

Əslində, hamının eyni gündə çıxıb getməsidi tənhalıq. Sahildə üşüyən, qaranlıq dalanlarda ürpənən, masada sonuncu süzülən çay kimi soyumaqdı tənhalıq. Rahat yuxudan oyadan, gündüzləri rəngli, gecələri boz, səhərləri qara boşluqda sülənib, itirmədiyini axtarmaqdı tənhalıq. Budaqdakı sonuncu yaşıl zoğ, düşən sonuncu yarpaq, sonuncu quruyan budaq, meşənin sonuncu ağacı, özünü bu ağacdan asmaq üçün sonuncu fürsət, sonuncu uğursuz intihar cəhdi, ölmək üçün sonuncu ümiddi tənhalıq.

 

P.S. Və bəlkə də, yaşamaq üçün yeganə təsəllidi tənhalıq…

 

 

Üçüncü: Sonsuzluq

 

On dördüncü mərtəbə. Axşam işıqları meqapolisi şirnikləndirici rənglərinin tilsiminə salıb ovsunlamağa çalışır. Siqaretimi yandırıb pəncərəni açıram. Nəfəsim daralır. Səbəbini tapa bilməsəm də, yaranan əzginlik qollarımı buxovlayır. Həyata dördəlli sarılmağıma macal vermir. Arzularımın məngənədə necə acizanə çabaladığını təkcə şüuri deyil, şəhəri daha yaxşı görə bilməkçün qalxdığım ayaq barmaqlarımın ucuna qədər duya bilirəm. Aşağı boylanıram…

On dördüncü mərtəbə. Daha bir siqaret. Yaşamağa deyil, sanki əcəlinə tələsən insan ordusu. Həyatını tələm-tələsik, necə gəldi yaşayan, əslindəsə yola verən və bunun fərqində olmayan insan izdihamı. Uzaqdan sevən, yaxınlaşmağa qorxan, təkbaşına ikinəfərlik darıxan, özünü hədər edən insanlar…

On dördüncü mərtəbə. Üçüncü siqaret…

Dördüncü siqaret…

Beşinci siqaret…

Altıncı siqaret…

Onuncu, on beşinci, iyirminci siqaret…

Növbəti qutu…

Cəhənnəm olsun. Sabahdan atıram bu zəhrimarı. Canımı biryolluq qurtarıram bu illətdən. Bu günsə hər şey olar…

On dördüncü mərtəbə. Süslənib müştərisinin yanına tələsən fahişələr, tıxacda əsəbləri tarım çəkilən gözündən yorulan insanlar, sağalmaz xəstəliyi ilə baş edə bilməyən intihar üstə olan zavallılar, indicə növbəti dəfə xəyanətə uğramış iki uşaq anası qadın, yanını səkiyə verib əli əsə-əsə araq şüşəsini birnəfəsə başına çəkən tanış simalı kişi, tıxacda yolboyu sərsəri kimi dolaşıb içərisində qız olan maşınlara dənəsi üç manatdan qızılgül satan cavan oğlan siluetləri gözümün qabağında sülənib görmək istədiyim payız mənzərəsini burnumdan gətirir…

On dördüncü mərtəbə… Şəhəri başına götürən siqnal səsləri beynimi deşir. İnsanlar danışmır, ulayır. İnsanlar susmur, əzir, uçurur, dağıdır. İnsanlar sevmir, tərk edir, aldadır.

On üçüncü mərtəbə…

On ikinci mərtəbə…

On birinci mərtəbə…

Onuncu mərtəbə…

Doqquzuncu mərtəbə…

Səkkizinci mərtəbə…

Yeddinci mərtəbə…

Altıncı mərtəbə…

Beşinci mərtəbə…

Dördüncü mərtəbə…

Üçüncü mərtəbə…

İkinci mərtəbə…

Birinci mərtəbə…

Və son.

 

P.S. O, özünü çox sevirdi, intihar etdi…

 

Esselər müəllifin “İkimizin Hekayəsi” kitabındandır.

Bölmə : Manşet, Nəsr
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10