Pazırık xalısı – türkün yuxu yaddaşı – İlqar Fəhmi

26 Baxış

author_49

Məmmədhüseyn Hüseynovun “Pazırık xalısı-rəmzlər dünyası” kitabı barədə düşüncələr

Xalçaçılıq sənəti dünyanın bir çox xalqlarında müxtəlif formalarda mövcud olub, lakin etiraf etməliyik ki, heç bir xalq xalı-xalçalara bizim əcdadlarımız qədər bağlanmayıb.

Xəzərdən Altaylara qədər olan böyük ərazilərdə yaşayan qədim türk xalqlarında minillər ərzində xalı-xalçalar sadəcə bir bəzək əşyası olmayıb. Bəli, şəhər mühitində xalça yalnız bu funksiyanı daşıyır – daş-divarları bəzəmək, döşəməni rütubətdən qorumaq və sair və ilaxır. İndi isə gəlin köçəri, yarımköçəri həyat tərzi keçirən əcdadlarımızın evqurma sənətini göz önünə gətirək. Budur, nazik taxtalardan, çubuqlardan və başqa materiallardan böyük alaçıqların karkası qurulur, üstündən heyvan dəriləri çəkilir. İçəridən-içə… əlbəttə ki, xalı-xalçalar… Alaçığın həm divarları, həm də döşəməsi, əlbəttə ki, məhz xalı-xalçalardan ibarət olurdu.

Və xalça toxuyan hər bir qadın bilirdi ki, o, bu saat öz əliylə öz evini düzəldir; bu evin divarlarını hazırlayır və bu evin möhkəmliyi, soyuğa, şaxtaya, yağışa, qara davamlılığı; eyni zamanda, şər qüvvələr – kabuslar, ruhlar qarşısında məhv olub-olmaması bu saat onun əlindədir, onun barmaqlarından asılıdır; Bəli, əgər təbii şərait qarşısında alaçığın-evin aciz qalmaması onun toxunuş texnikası, sıxlığı, istifadə olunan materiallarla bağlı idisə, evin-ocağın başına şər qüvvələrin – ruhların, kabusların toplanmasının qarşısının alınması xalı-xalçada əks olunan mistik-sakral simvollardan, rəmzlərdən asılı idi… Bu xalı-xalçalar yüzilliklər boyu türk ailələrini məhz bu cür öz ağuşunda saxlayıb -  həm təbiətin şıltaqlığından, həm də şər qüvvələrin təsirindən qoruyub. Bizim əcdadlarımız gözlərini açandan nənələrinin, analarının toxuduğu bu xalçaların içində yaşayıb, böyüyüb, boya-başa çatıb… Bu xalçalar onların yaddaşlarına, şüurlarına həkk olunub, burda əks olunan simvollar onların ruhlarının mühafizəçisinə çevrilib… və məhz bu mistik-sakral naxışlar, simvollar, rəmzi işarələr dünyasında böyüyüb başa çatan əcdadlarımız az qala bütün dünyaya meydan oxuyublar…

Bəlkə də buna görədir ki, Şərq xalqları içində tarixən məhz türk xalqları qadına xüsusi hörməti ilə seçilib. Türk ailələrində xatunların tam fərqli bir yeri olub, türk saraylarında xatunların sözü keçərli olub… Çünki məhz türk qadınları ailənin, evin içini yaradanlar olublar – evi xanımlar yaradıb, kişilər qoruyub…

Yarım əsr əvvəl Altay dağlarında tapılan və dünyanın ən qədim xalçaçılıq nümunəsi hesab edilən Pazırık xalısı da türkün ən qədim daxili fəlsəfəsini əks elətdirən sənət əsərlərindən biri və hətta birincisidir…

Bir il əvvəl tanınmış xalçaçı-rəssam, tədqiqatçı-alim Məmmədhüseyn Hüseynovun hazırladığı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək keyfiyyətlə nəşr edilən “Pazırık xalısı-rəmzlər dünyası” adlı albom-kitabı da dediklərimizi faktlarla təsdiq edən əvəzsiz araşdırmadır. 360 səhifədən ibarət olan və çoxlu sayda fotolar, rəsmlər, illüstrasiyalarla zəngin olan kitabda bir çox dünya alimlərinin bu xalçanın mənşəyi, vətəni ilə bağlı fikirləri yer alsa da, son nəticədə dəyərli alimimiz bir çox elmi-tarixi faktları önə çəkərək bu xalının məhz qədim Türk xalqlarının məhsulu olduğunu sübut edir. Bunun üçünsə, kitabda təkcə xalının tapıldığı coğrafi areal yox, bütün yaxın Şərqin minillik tarixi analiz edilir, onlarla tarixi mənbənin verdiyi məlumatlar sistemləşdirilir, ictimai-siyasi hadisələr araşdırılır və sübut edilir ki, bu xalı heç cür avropalı alimlərin dediyi kimi, Əhəməni mədəniyyətinin təzahürü ola bilməz və onu İran-Əhəməni sivilizasiyasının sənət nümunəsi kimi təqdim etmək yanlışdır…

Əlbəttə, Məmmədhüseyn Hüseynovun hazırladığı kitab çox geniş və ətraflıdır. Hətta mənim özümün də bu kitabı tam və təfərrüatıyla mütaliə etməyim iki aya qədər vaxt apardı. Çünki bu sadəcə vərəqlənilib kənara qoyulası kitab deyil…

Kitabda məşhur xalının mənşəyi, toxunuş texnikası, rəng və kompozisiya həlli, üzərindəki simvolik-rəmzi obrazların şərhi ayrı-ayrı fəsillər şəklində təqdim edilib və əyani fotolarla müşayiət olunub. Və hər bir detal, hər bir tapıntı, hər bir fikir insanı pauza verməyə, simvollara diqqət kəsilməyə, öz altşüurunu qurdalamağa, lap dərində qalmış, hətta bəlkə unudulmuş informasiyaları təzədən diriltməyə, xatırlamağa xidmət edir… Bu isə vaxt aparan və hətta insanın özünü də özünə unutduran bir prosesdir…

Axı fəlsəfi anlamda, “xatırlama” prosesinin izahı hələ Platondan başlamış, müasir dövrümüzdə analitik psixologiyanın banisi olan Karl Qustav Yunq kimi alimlərin sanballı elmi əsərlərində də çox geniş, dərin və bəzən də ağrılı bir proses kimi təsvir olunmuşdur. Əgər Platonun nəzərincə, insan bu dünyaya gələrkən bütün səmavi bilikləri unutduğuna görə, onun bilgi əldə etmək prosesi, sadəcə, həmin unudulmuş bilikləri “xatırlama” kimi təqdim olunurdusa, Karl Qustav Yunq bu prosesi bir qədər fərqli izah edirdi – hər bir toplum öz minillik əcdadlarının yaşadıqlarını öz kollektiv altşüurunun dərin qatlarında saxlayır. Və hər bir fərd öz altşüuruna düşüb bu laylardan müəyyən informasiyaları çıxara bilər. Lakin çətinlik ondadır ki, bu informasiyalar kodlaşdırılmış simvollar, rəmzlər şəklindədir. Məhz buna görə də Yunq kollektiv altşüurun araşdırılmasında qədim sənət əsərlərinin və yuxuların rolunu ön plana çəkirdi.

Pazırık xalısı da bizimçün öz kollektiv altşüurumuzun araşdırılıb öyrənilməsi baxımından çox zəngin informasiya mənbəyidir. Sadəcə, bu mənbə açıq informasiya ötürmür, rəmzlər və işarələr verir. Eynən yuxularda olduğu kimi…

Məmmədhüseyn Hüseynov da Pazırık xalısını məhz bütün bu aspektləri əhatə edərək  izah etməyə, açmağa çalışır. Və xalçadakı rəmzi obrazların, simvolların, işarələrin izahları bizi tarixin çox uzaq dövrlərinə aparmaqla bərabər, həm də öz xalqımızın kollektiv altşüurunun dərinliklərinə endirir… Bəzi məqamlarda insan özünü həqiqətən də yuxuların qoynunda hiss edir. Bəli, xeyirxah ruhlarla, qara kabuslarla, qəribə mələklərlə, müxtəlif sakral ayinlər icra edən şamanlarla, kişnərtisiylə göyləri silkələyən qanadlı atlarla, qoç buynuzlu dəbilqə taxmış süvarilərlə, əfsanəvi quşlarla, qəribə mistik ağaclarla,  sirli-əsrarəngiz marallarla, qorxunc əjdahalarla və sair obrazlarla, simvollarla zəngin olan sonu görünməyən yuxular… Sanki  Mircavadın, Rasim Babayevin qara-qırmızı tablolarının içinə düşürsən…

Kitabı oxuduqca müəllif sanki bizə rəmzlərlə, işarələrlə dolu olan bu yuxuda bələdçilik edir, bilmədiklərimizi öyrətməyə, dərk etmədiklərimizi anlatmağa çalışır… Müəyyən vaxtdan sonra insanda belə bir hiss yaranır ki, əslində bizim səyahətə çıxdığımız məkan Pazırık xalısı dünyası deyil, bizim öz daxili aləmimizdir, öz xalqımızın kollektiv altşüurudur. Çünki rəmzlərlə, işarələrlə dolu bu xalı sadəcə bir toxuculuq məmulatı deyil, əslində həm də bizim həqiqi mənada özümüzük – uzaq əcdadlarımızın ruhudu, canıdı, inanclarıdı, sevinc və kədəridi, ümumən, bizim qədim tariximizə açılan qapıdır. Hər bir obrazın izahı avtomatik olaraq onlarla tarixi hadisəni göz önündə canlandırır; hər rəmzin açması onlarla başqa rəmzlərin izahına söykənir; hər obrazın şərhi onlarla tarixi-etnoqrafik faktı göz önünə çəkir. Və mövzu sanki bir xalının çərçivələrini aşaraq bizə türk dünyasının, və ümumiyyətlə, Şərqin bütün uzaq keçmişinin mifik-tarixi aynasına çevrilir…

Burda bir incə məqamı da mütləq qeyd etmək lazımdır. Pazırık xalısı təxminən e.ə. V əsrdə toxunub və təbii ki, özündə həmin dövrdən əvvəlki dini-mifik görüşləri əks elətdirir. Lakin elə görünməsin ki, bu xalıdan alınan rəmzi-simvolik informasiyalar sadəcə 2500 il əvvəlin tarix və təfəkkürünü öyrənməyə xidmət edə bilər, daha başqa  praktik əhəmiyyəti yoxdur.

Əlbəttə ki, elə deyil. Zənnimcə, Pazırık xalısının mifik-simvolik dünyasının analizi ona görə aktualdır ki, bizə daha çox gəlib çatan son minilliyin sənət nümunlərimizin -  xalçalar, miniatür rəsmlər, xəttatlıq və nəqqaşlıq nümunələri, memarlıq ornamentləri və sair bu kimi əsərlərin də mahiyyətini dərk eləməyə açar rolunu oynayır. Axı bütün dünya sənətşünasları, tarixçiləri təsdiq edir ki, son minillikdə yaxın Şərq xalqları müsəlmanlaşandan sonra, onların əski mədəniyyəti ilə islam təfəkkürünün vəhdətində yeni sənət istiqamətləri, üslubları meydana çıxmış oldu.

Məhz bu baxımdan deyə bilərik ki, son minilliyin məşhur sənət əsərlərimizin – tutalım, elə xalqımızın klassik mədəniyyətinin qızıl dövrünü təşkil edən Səfəvi mədəniyyəti incilərinin – xalçaların, miniatürlərin, xəttatlıq nümunələrinin, memarlıq ornamentlərinin rəmzi işarələrini açmaqçün, sadəcə, İslam təfəkkürünü, Səfəvi-qızılbaş fəlsəfəsini öyrənmək kifayət eləmir, bunun üçün türk xalqlarının qədim sənət dünyasına baş vurmaq lazımdır. Həmin qədim sənət dünyasının bu günə gəlib çatan ən əhəmiyyətli yadigarı isə məhz Pazırık xalısıdır ki, Məmmədhüseyn Hüseynov bu nadir incini bacardığı qədər hərtərəfli analiz edib, gizli sirlərini açmaqla, bizə həm də yaxın keçmişimizin sənət dünyasını daha yaxşı tanımağa yardımçı olur.

Bəli, görülən iş həqiqətən də böyük və monumentaldır. Və təbii ki, uzun illərin ağır zəhmətinin, gərgin araşdırmalarının məhsuludur.

Əlbəttə, bu cür sirli sənət dünyasıyla bağlı aparılan istənilən araşdırma elə yaranışdan yarımçıqlığa düçardır. Çünki heç kim deyə bilməz ki, mən hansısa sənət əsərini, yaxud sənət üslubunu tam araşdırdım, bütün sirlərinin üstünü açdım, daha bu mövzuda deyiləsi söz qalmadı. Əlbəttə ki, belə deyil. Pazırık xalısı haqqında bundan əvvəl də çox əsərlər, araşdırmalar ortaya qoyulub. (Hətta bədnam qonşularımız da, bu mövzunu diqqətdən kənarda qoymayıb, araşdırmalar aparıb, əsərlər yazıblar. Düzdü, bu araşdırmaların məzmunundan xəbərim yoxdur, lakin qonşularımızın xisləti hamımıza məlum olduğu üçün, təxmin edə bilərəm ki, Pazırık xalısını da Altaylarda yaşayan qədim erməni ustalarının toxuduğu nəticəsinə gəlib çıxacaqlar.)

Və yəqin ki, bundan sonra da bu mövzuda əsərlər yazılacaq. Lakin şəxsən mənimçün bu monoqrafiya həm də bir başlanğıcdır. Bir konkret sənət əsərinin tam, hərtərəfli analizi üzərində qurulan bu cür əsərlər bizdə ədəbiyyat, musiqi sahəsində olsa da, təsviri sənətimizdə, tədbiqi sənətimizdə rastıma çıxmayıb. Avropada, Rusiyada məşhur tablolara onlarla elmi kitab, monoqrafiya həsr olunsa da, biz ümumi analizlə kifayətlənmişik. Bəlkə də həvəsimiz olmayıb, bəlkə də elə düşünmüşük ki, bizim sənət nümunələri o qədər dərin və məzmunlu deyil ki, böyük bir əsərin mövzusu ola bilsin.

Amma mən belə düşünürəm ki, səbəb başqadır. Kənarda gördüyümüz sənət əsərlərinə o qədər aludə olmuşuq ki, öz əcdadlarımızın yaratdıqları diqqətimizdən kənarda qalıb, o qədər də əhəmiyyət verməmişik. Niyə? Çünki özümüzü tanımamışıq. Və ya tanımaq istəməmişik. Bəlkə də tanımağa utanmışıq. Bilmirəm.

Elə indi də oxşar tendensiyalar müşahidə olunur. Özümüzdə tədqiq edilməli o qədər sənət əsəri, ədəbiyyat nümunəsi olduğu halda, bizim araşdırmaçılarımız yenə Dostoyevskidən, Coysdan, Saramaqodan, daha kimlərdən az qala cild-cild kitablar yazır, enerjisini onun-bunun sənətinin izahına həsr edir. Öz əsərlərimiz isə qalır bir kənarda…

Sonda Məmmədhüseyn Hüseynovu bu ağır işi uğurla başa vurduğuna görə təbrik edirəm və təşəkkür edirəm. Təşəkkür edirəm ki, öz istedadını, enerjisini, bilik və bacarığını Mona Lizanın, Sikstin Madonnasının, Danayyanın sirlərinin şərhinə yox, türkün yaddaş kitabı olan Pazırık xalısına həsr edib. Və ümid edirəm ki, yaxın vaxtlarda yaxın sənət mövzularında da bu cür sanballı əsərləri müşahidə edəcəyik.

Rəngarəng Səfəvi xalçaları, miniatür nəqqaşlığı, xəttatlıq inciləri, qədim muğam sənəti, Qacar rəssamlığı və çoxsaylı başqa sənət nümunələrilə zəngin olan qədim mədəniyyət-incəsənət xəzinəmiz Məmmədhüseyn Hüseynov kimi tədqiqatçıların yolunu gözləyir…