Pelevin – Viktor Pelevin

27 Baxış

pelevin_snob-438x232

(əvvəli “Ustad” jurnalının 16-cı sayında)

Birdən yolda tozanaq qalxdı. Ortaq heç nə demədi, yalnız gözlərini Əliyə zillədi və güclə hiss olunacaq şəkildə göz vurdu. Onlar ayağa qalxdılar; ortaq gümüş pulu masanın üzərinə atıb şəhər darvazalarına doğru addımladı. Əli yolun o biri tərəfinə keçdi, şərtləşdikləri kimi bir az gözləyib onun ardınca getdi.

Vaxt dəqiq hesablanmışdı – şəhər darvazalarına onlar atlılardan bir azca tez yaxınlaşdılar. Əli hədəfini o dəqiqə tanıdı. Bu, lövhəli qalxanın üstündən qırmızı xaçlı plaş geyinmiş dolu bir kişiydi. Onun uzun qızılı saçları, balaca saqqalı vardı, eynilə Ələddinin təsvir etdiyi kimi idi. Onu on nəfər müşayiət edirdi, latınlılar özlərini tox və sərbəst tutur və şübhəsiz ki, hücum gözləmirdilər.

İzdiham vergi yığanın köşkünün yanında dayandı; keşikçilər yoldakı maneəni kənara çəkdilər və bu an Əlinin ortağı plaşının altından öz qılıncını çəkib atlı cəngavərlərdən birinin çəkməsindən vurdu. Zərbə o qədər qüvvətliydi ki, üzəngilə birlikdə ayağı da kəsdi. Zavallı qışqırdı; belində oturduğu at şahə qalxdı, onu yola çırpdı. Süvarilər Əlinin ortağını dövrəyə aldılar, qılıncları onun həyatına son qoyana kimi, o daha birini öldürməyə, ikisini isə şikəst etməyə macal tapdı.

Əli yolun o biri tərəfində durmuşdu, gördü ki, latınların rəisi yalnız qalıb. O, hürkmüş atı saxlayaraq döyüşə tamaşa edirdi. Əli qocaya bənzəsin deyə belini əyib tələsmədən yaxına getdi. Süvariyə cəmi ikicə addım qalanda (latınlar elə bu vaxt onun ortağını ələ keçirməyə çalışırdılar) Əli plaşının altından hər iki qatarı çıxarıb səlibçilərin başçısına doğru cumdu, müdafiəsiz yanından – qalxanının lövhələrinin birləşdiyi yerdən ona zərbə endirdi.

Latınlılar ağalarına ölümcül zərbə vurulduğunu anlayana qədər Əli artıq yol boyu bitmiş gicitkən kolları arasında yoxa çıxmışdı. O, gizlənə-gizlənə sürətlə şəhər divarı yaxınlığındakı taxta kilsəyə getdi. Ələmutda ona öyrətdikləri kimi-xoşagəlməz şeylərdən uzaqlaşmağa çalışan yaşlı adamın yerişilə belini əyərək və axsayaraq yeriyirdi. Əgər hücumdan qabaq yediyi cənnət kökəsi olmasaydı, o, yəqin ki, var gücü ilə qaçardı. Amma indi ona elə gəlirdi ki, ən əsası özünü axsaq qoca kimi hiss etməkdi, çünki əgər özü buna həqiqətən inanarsa, hamı inanacaq və ondan əl çəkəcək.

O, özünün taxta kilsəyə yetirib, kirli pillələrilə qalxmağa başladı. Yalnız elə onda arxadan qışqırtı səsləri gəldi: “Odur! Qatil odur!”

Əli başa düşdü ki, bura gəlməklə yanlış addım atıb. İkinci çıxış yox idi; pəncərələr çox yüksəkdəydi. Burada cəmi bir nəfər vardı, mehrabın önündə döşəməyə uzanmışdı. Bu, eynilə qətlə yetirdiyi səlibçiyə bənzər sarı saçlı zəvvar idi. Əli anladı ki, bu xristian dua transındadır. Belə halda ifritə və cinlər kafirlərə ruhlarının səmavi dünyaya yüksəldiyini təlqin edir. Zəvvar arxadan gələn səs-küyə fikir vermədi. Elə onda Əlinin ağlına bir fikir gəldi, amma sehrli kökə olmadan bu, əsla mümkün ola bilməzdi. O, plaşını çıxarıb yerdə uzanmış adamın üzərinə atdı, bunu elə ehmalca etdi ki, ağır qatarlar yerə dəyib səs salmasın – qatarlı qəbzələr astara bərkidilmişdi. Zəvvar nəsə hiss etsə də büruzə vermədi.

Əli yalnız mehrabın arxasına soxulub qaranlıq bir küncdə gizlənməyə vaxt tapa bildi, elə o anda təqibçilər kilsəyə soxuldular.

– Bu odur! – kimsə qışqırdı.

– Onu burada öldürməyin, – başqa bir səs eşidildi, – qan axıdıb məbədi murdarlamayın!

– Mənim günahım yoxdur! – nəhayət, gözünü açmış zəvvar qışqırdı, – Mən səhərdən burda dua edirəm! Məndən nə istəyirsiniz…

– Bu, bizim ağanın qanına bulaşmış bıçaqdır, – kiminsə yoğun səsi guruldadı. Güləş səsləri, zərbə və qışqırıqlar eşidilirdi.

Bundan sonra səs-küy küçədən gəlməyə başladı. Əli heç nə düşünməməyə çalışır, dayanmadan kəlimeyi-şəhadət oxuyurdu, çünki ölüm hər an onu haqlaya bilərdi. Ancaq tezliklə qapı arxasından gələn səs-küy kəsildi, mehrabın arxasına baxmaq heç kəsin ağlına gəlməmişdi.

Əli gecənin düşməsini gözlədi.

O, mehrabın arxasından çıxanda kilsənin qapıları bağlanmışdı. Əli skamyanı divara tərəf çəkdi, onun üstünə başqasını, sonra daha birini qoydu, onların üstünə çıxıb pəncərəyə dırmandı. Yerə atılıb şəhər divarından uzaqlaşdı. Sabah tezdən yalnız bir süvarini qarət etdi, onun atını, pulunu və silahını əlindən aldı, ancaq özünü öldürmədi.

Latın sərkərdənin qətli Müqəddıs Torpağı ayağa qaldırmışdı və Əli rastına çıxan patrulla üzləşməmək üçün gecələr yol gedirdi. Gündüz yatırdı. Öldürdüyü bir dəfə də olsun yuxusuna girmədi, amma ölümlə üz-üzə qoyduğu zəvvarı bir neçə dəfə yuxuda görmüşdü. Nəyə görəsə ona yazığı gəlirdi, amma bilirdi ki, ölümündə özü günahkardır.

”Küfr latınlıları məhv edəcək, – düşünürdü, – indi də olmasa, nə vaxtsa mütləq olacaq…”

Bir həftə sonra özünü Sidona yetirdi. Oradan Ələmuta qədər olan yol uzun, amma təhlükəsizdi.

Əli hiss edirdi ki, igidliyinə görə onu mükafat gözləyir. Belə də oldu. O, cənnətdə gözünü açandan sonra sehrli şərbəti içib bağa çıxdı. Onu çox gənc bir huri gözləyirdi – ən çoxu on üç yaşı olardı. Əli onunla söhbətləşməyə cəhd etdi, amma o, elə də söhbətcil deyildi, həm də danışarkən sözləri Pund ölkəsindən olan qullar kimi çox yanlış tələffüz edirdi. Onun davranışı o biri cənnət qızlarınkından fərqlənirdi və qəhrəmanla görüşməsinə görə sevinənə oxşamırdı. Əli onun çox qorxduğunu və hönkürməkdən özünü güclə saxladığını hiss edirdi. O artıq anlayırdı ki, əgər Ələddindən bu hurinin niyə belə xoşrəftar olmadığını soruşsa, izah edəcəkdi ki, hər şeyə razı səmavi rəfiqələrin itaətkarlığından bezəcəyi təqdirdə həzz ala bilsin deyə xüsusi hallar nəzərdə tutulub. Ancaq Əli yenə də qızı kənarlaşdırıb, keçən dəfə olduğu ilə kifayətləndi. Yalnız indi hurilər ona daha az cəlbedici gəldi və çox tez gücdən düşdü. Əvəzində bu dəfə daha çox halva və şaftalı yedi – nə üçünsə ürəyi şirin yemək istəyir, heç cür doya bilmirdi.

– Hər kişinin içində, – əlində yelpik olan kök huri müdrikcəsinə dedi, – nadinc bir uşaq var.

Amma o, haqlı çıxmadı, Əli bu dəfə çox tez sakitləşdi. Cənnətə ikinci gəlişi onu birinci dəfəkindən daha az heyrətləndirdi.

– Həqiqi cənnət səni heç vaxt bezdirməz, – ertəsi gün Ələddin dedi, – Vuruşanda öldürdüyün düşmənlərin bədənlərini say. Allah onların hər birinə görə sənə on gözəl huri göndərəcək. Artıq dediyim kimi, bununla yanaşı onların hamısını sevə bilmək üçün güc verəcək. Öldürdüyün latın markizinə görəsə Allah sənə elə böyük bir huri göndərəcək ki, onun ayaq barmaqlarından başına çatmaqdan ötrü günçıxandan günbatana qədər at çapmalı olacaqsan. Belə hurinin verdiyi həzz heç nəylə müqayisəyə gələn deyil.

Əli belə hurilər barədə artıq eşitmişdi. Cənnətdə onda yaranacaq yeni qabiliyyətlər barədə Ələddinin dedikləri də ağlabatandı (hərçənd, nəhəng huridən həzz almaq mexanizmini təsəvvür etmək çətin idi). Amma bir şeyi başa düşmürdü.

– Ağa, əgər mən özüm bu nəhəng hurini sevməsəm onda necə? – xəbər aldı.

– Allah sənə istək də göndərəcək! – Ələddin ləngimədən cavab verdi.

– Tutaq ki, elədir, – Əli dedi, – Amma əgər bütün məsələ Allahın göndərdiyi istəkdədirsə, onda bu nəhəng huri ilə saman doldurulmuş döşəyin nə fərqi var? Axı Allahın mənim qəlbimdə saman döşəyə qarşı ehtiras yaratması və mənə bu döşəyi göndərməsi yetərlidir.

Ələddin bir saniyəlik fikrə getdi.

– Bu, əlbəttə, belədir, – dedi, – Amma sən unudursan ki, Allahın işləri həmişə mükəmməl və gözəldir. Qəhrəmana nəhəng huri göndərmək mükəmməl və gözəl işdir, onun önünə saman dolu döşək tullamaqsa yox. Belə bir şey yer üzü hakimlərinin davranışlarına daha çox bənzəyir. Bir də ki, hansısa bazar taciri üçün döşəyin qiymətilə hurinin qiyməti arasında fərq var. Allah üçünsə fərq yoxdur, çünki onun önündə hər şey eyni dərəcədə puçdur.

Ələddin yenə hər şeyi elə aydın açıqladı ki, suala ehtiyac qalmadı. Doğrudur, bu söhbətdən bir neçə gün sonra Əlinin ağlına elə qeyri-müəyyən bir fikir gəldi ki, onu hətta axıradək ifadə etmək belə çətin idi.

“Əgər Allah mənə həqiqətən təkcə bu nəhəng hurini deyil, həm də bu huridən yararlanmaq istəyi göndərəcəksə, – deyə, fikirləşdi, – mən belə bəxşişi özümdə sığdıra biləcəyəmmi? Axı indi mən belə nəhəng qadın barədə düşünmək belə istəmirəm. Yəqin, onun qarnı mənim pəncərəmin altından axan çaydan daha güclü quruldayır. Onun dərisində elə məsamələr var ki, mən atla bir yerdə onların hər hansı birinə yumbalana bilərəm. Onun döşləri isə çöldəki kurqanlara oxşayacaq. Belə bir şeyə həvəs göstərə bilən adam təsəvvür etmək çətindir. Əgər mən bunu arzulayaramsa, deməli, mənim ruhum sehrli şəkildə dəyişiləcək, bəs onda mən əvvəlki adam olacağam, yoxsa artıq tamamilə başqa bir adam?”

Bu sual Əliyə rahatlıq vermirdi.

“Yəqin ki, başqa adam olaram, – ardınca düşündü, – ona görə ki, mən belə qadını qətiyyən arzulamaram. Belə çıxır ki, mükafatlanan da mən yox, başqası olacaq? Allah mənim əvəzimə bir başqasını yaradacaq, məni isə… Məni izsiz-tozsuz yox edəcək? Amma bu ədalətsizlik olar, Yaradansa adildir…”

Əlinin yadına cənnətə səfərindən öncə içdiyi şərbət düşdü. Sonra Ələddinin bərq vuran üzük dolu əlini və onun divardakı kölgəsini xatırladı.

“Ola bilərmi, – düşündü, – cənnətdə mənə də xususi narkotik versinlər, yalnız kökədə olandan daha qüvvətlisini və fərqli təsirə malik olanını? Axı kölgə əşyaya bənzər olmalıdır. Əgər cənnət açarının kölgəsi hansısa bir qarışıqdırsa, deməli, cənnət açarının özü də ona oxşar bir şeydir?”

Əli düşünüb belə qərara gəldi ki, sonuncu versiya həqiqətə daha çox bənzəyir. Axı cənnət şərbətinin təsirilə onda, həqiqətən, adi halda olmayan istəklər yaranırdı. Məsələn, şirini ürəyi çox istəyir, amma bununla bərabər özü olaraq qalırdı. Cənnətdə elə növ şərbətlərin olması tamamilə mümkündür ki, onlar nəhəng huriyə qarşı da ehtiras oyatsın…

Şübhələri tədricən dağıldı. Bu da yaxşı idi, çünki Əlini yeni qətl gözləyirdi, amma ölümə getmək və şübhədən əzab çəkmək, bəlli olduğu kimi, kafirlərə xasdır. Əli özünə belə bir şeyi qətiyyən arzulamazdı.

Növbəti tapşırıq birincidən kəskin fərqlənirdi.

Əli latın qalasında həbs edilmiş Genuyalı oliqarxı məhv etməliydi. O, kafirlikdə, sehrbazlıqda və azyaşlı oğlan uşaqlarını cinsi əlaqəyə cəlb etməkdə ittiham olunan bir sələmçiydi. Müqəddəs Taxtdan işin həllinə dair fərmanla gələcək çaparı gözləyirdilər. Ümumun rəyinə görə, əsiri azad etməli idilər, çünki o, həddən ziyadə zəngindi və krusadonu şəxsən maliyyələşdirirdi. Deyirdilər ki, onu yalnız daha çox qızıl qopartmaq üçün həbsə atmışdılar: o, mənəviyyat məsələlərinə az maraq göstərdiyi üçün, çətin ki, kafirlik və ya sehrbazlığa qurşanmış olaydı. Azyaşlı oğlan uşaqlarını cinsi əlaqəyə cəlb etməksə sələmçi üçün elə də qəbahətli sayılmırdı.

Ələddin əsiri öldürmək istəyir, xristianların bu işdə bir-birilərini ittiham edərək anlaşılmazlığa cəlb olunacaqlarına ümid edirdi. Amma Əlinin bütün təfərrüata nüfuz etməsinə gərək yoxdu. O, iki ədəd qatar, sehrli kökə və on ədəd zəhər sürtülmüş oxla balaca dəmir arbalet alımışdı.

– Yüz huri, – Ələddin dəyirmi əsməyi ona verəndə gülümsədi, – Əgər heç yanılmasan.

Əsməyin dəri ilgəyi vardı, bu, onu qoltuğun altından asıb paltarında gizlətməyə imkan verirdi. Arbalet və bıçaqlar plaşa tikilmiş ciblərdə bərkidilmişdi. Təmiz parçaya bükülmüş sehrli kökə Əlinin çantasındaydı, xarici görünüşünə görə bazarda satılanlardan heç nə ilə fərqlənmirdi.

– Döyüşə iki-üç saat qalmış yeyərsən, – Ələddin dedi, – Cənnətin səni qəbul etmək üçün hazır olduğunu hiss edəndə irəli çıx, döyüş öncəsi sənin ürəyində qorxu olmayacaq.

Əli təcrübədən bilirdi “döyüş öncəsi sənin ürəyində qorxu olmayacaq” sözləri döyüşün qorxusuz olacağı anlamına gəlmirdi, o deməkdi ki, qalan hər şey heç də az ürpədici görünməyəcək və məhz nəylə məşğul olmağın xüsusi fərqi olmayacaq. Amma o, heç nə söyləmədi.

Hədəfə doğru səfər macərasız keçdi.

Əlinin plaşı zəvvar geyiminə bənzəyirdi, buna görə də o, Genuyalının saxlandığı qalanın həyətinə zəhmətsiz daxil oldu. Orada kiçik bazar yaranmış, gün boyu alver gedirdi. Amma Əli əsirin saxlandığı qalaya yaxınlaşa bilmədi, çünki girişdə daim keşikçi dayanırdı. Bir nəfərin bu qədər döyüşçünü öldürməsi qeyri-mümkündü.

Axşam Əli qaladan çıxıb diqqətlə ətrafa baxmağa başladı. Lap yuxarıda kiçik pəncərə görünürdü – əsir orada saxlanırdı. Qülləyə dırmanmaq mümkün deyildi, çünki onun çox hamar suvağı vardı, amma qala divarı çoxdandı təmir edilməmişdi. O, kobud daş bloklardan ibarətdi; nə vaxtsa onları bir-birinə bitişdirən məhlulu külək artıq çoxdan geniş yarıqlardan sovurub çıxarmışdı. Heç bir çətinlik çəkmədən onun üzəri ilə yuxarıya dırmanmaq olardı.

Ertəsi gün Əli bazardan uzun, möhkəm ip aldı, onunla özünü sarıdı və qala divarından bir az aralıdakı gicitkən kollarının arasında gizləndi. O, hava qaralıb göydə ulduzlar görünməyə başlayanda sehrli kökəni yedi (kökə qalıb qupquru olmuş, dişlərin ətini cızaraq ağrı verirdi).

Gecə düşdü. Qüllənin zirvəsindəki pəncərədə şam yananda Əli cənnət qapılarının artıq yaxında olduğunu hiss etdi. O, gizlicə divara yaxınlaşıb, ehtiyatla bıçaqları daşların arasındakı yarıqlara taxaraq yuxarı dırmandı. Tezliklə dişlərə yetişdi.

O, kəndiri qülləyə yaxın dişə atıb, onu Ələmutda öyrətdikləri kimi xüsusi sürüşən ilgəyə bağladı. İçinə oturub lazım olan yüksəkliyədək endi. Sonra arbaleti qaldırdı, divardan təkanla aralandı və saat kəfkiri kimi yellənərək pəncərədən tutmağa çalışdı. Amma mümkün olmadı, qüllənin çıxıntısı maneçilik törədirdi. Əli pəncərəyə lap yaxınlaşmışdı, amma orada şamın titrəyən işığında yalnız divarın ensiz bir zolağını görə bilirdi. Hədəfə yaxınlaşmaq üçün etdiyi bir neçə uğursuz cəhddən sonra hərəkətsiz halda donub qaldı, fikrini cəmləməyə çalışdı, amma bu, çox uğursuz alındı.

Ətraf gözəl bir gecəyə qərq olmuşdu. Səma bərq vurur, ulduzlarla sayrışırdı. Ay soyuq mavi işıq saçır, cırcıramaların səsi gəlirdi, küləksə valehedici, qəribə qoxular gətirirdi, sanki yaxınlıqda həqiqətən gül-çiçəklə dolu cənnət bağı vardı. Bu bağ lap yaxınlıqdaydı, əlini uzatsan çatardı, eyni zamanda, yetişilməyəcək qədər uzaqda idi…

Əli fikirləşirdi:

“Həyat necə qəribə qurulub. Ətrafda belə gözəllik var, hətta ən böyük rəssam belə heç bir düzəliş edə bilməz. Bu ilahi bağın lap mərkəzindəsə başqa adamları öldürməklə cənnətə düşməyə çalışan kəndirdən asılmış bir adam var. Ona deyiblər ki, bu yol itaətkarlıq yoludur. Ancaq bu yolla daha irəli getmək üçün divar boyu üç addım çatmır…”

Nədənsə bu fikir ona özünü saxlaya bilməyəcək qədər gülməli gəldi. Gülmək olmazdı, keşikçilər eşidə bilərdi, amma Əli özüylə bacara bilmədi. Əvvəlcə yavaşdan, getdikcə isə daha ucadan gülməyə başladı. Ələ keçə biləcəyi fikri onu daha artıq nəşələndirdi. Keyfinə nəzarət edə bilmədiyi üçün qorxmağa başladı, amma bu qorxu elə buradaca ona o qədər gülməli göründü ki, qəhqəhəsi bir cür hırıltılı ulamaya çevrildi.

Birdən qüllənin pəncərəsindən Ay işığında aydın seçilən bir insan başı göründü. Əli başın qırxılmış ortasının ətrafından sallanan uzun saçları aydın seçə bildi (bilirdi ki, yalnız xristian rahibləri, bir də xüsusilə alicənab görünmək istəyən adi adamlar belə edirlər). Sonra təəccüblənmiş qırışlı sifət ona tərəf çevrildi.

Əli bunun öldürmək istədiyi adam olduğunu anlamamışdan qabaq arbaletdən ox atdı – illərlə etdiyi məşqlər boşa getməmişdi. Qanadsız ox zavallının gözünə dəydi. Qışqırtı eşidildi və baş pəncərədə görünməz oldu.

Əliyə əzab verən gülüş keçdi.

“Belə ha” – fikirləşdi və kəndirlə sürətlə aşağı sürüşdü.

Əli Ələmuta qayıdandan sonra Ələddin qala divarında nə baş verdiyini ona izah etdi.

– Bizim gördüyümüz dünyadan başqa, – o dedi, – bir də inni və cinnilərin dünyası var. Oranın sakinləri bəzən insana zərər verən, bəzən də kömək edən görünməz varlıqlardır. Həmin gülüşü cənnətin astanasında dayanmış mömini öz sehrli baxışı ilə görən acıqlı cinin səni qıdıqlamağa başlaması doğurur.

– Axı belə etmək onun nəyinə lazımdır?

– Ona görə ki, bu cinin özü heç vaxt cənnətə düşməyəcəyini bilir, həsəd hissi ona əzab verir. Buna görə də sənə zərər yetirməyə can atır. Keçən il biz onun ucbatından ən yaxşı qatillərimizdən birini itirdik. Adamımız Bizans səfirini öldürməli idi, ancaq onun ətrafında olanların arasında meymunlu cırtdan görmüş və onu elə gülmək tutmuşdu ki, xəncəri əlindən yola düşürmüşdü. Əlbəttə, onu elə buradaca tutub dəhşətli ölümə məhkum etmişdilər.

– Bəs əgər acıqlı cin səni qıdıqlayırsa nə etməlisən? – Əli soruşdu.

– Belə hallarda onun əslində nə qədər eybəcər olduğunu xatırlamalısan, onda gülməyin keçəcək. Əksinə, sən birdən-birə qorxuya düşəcəksən.

– Bəs onun görkəmi necədir?

Ələddin üzərində cızıqqulaq it başlı insan rəsmi olan sürtülmüş papirus parçasını ona göstərdi. Papirusun çox qədim görünüşü vardı və üzəri anlaşılmaz yazılarla örtülü idi.

– Bax belə, – dedi.

Ələddinin bütün açıqlamaları kimi bu da tamamilə inandırıcı səslənirdi, amma Əli fikirləşdi ki, ən yaxşısı, döyüş vaxtı bu cini xatırlamamaqdı, çünki bu yolla daha güclü şənlənmək mümkündür.

Ələddin dedi ki, bu dəfə mükafatı bir-iki gün gözləmək lazım gələcək – təriqət işləri üst-üstə yığılıb, onun yeni üzvləri özlərinin ilk tapşırıqlarını yerinə yetirməzdən qabaq cənnət xoşbəxtliyini dadmalıdırlar.

Gecikmə yerinə düşdü, bu müddətdə Əlinin ağlına gözlənilməz bir fikir gəldi.

O artıq anlamışdı ki, sehrli bağa aparmazdan öncə ona yuxugətirən qarışıq yedirirlər. Aşkardı ki, yuxu dərmanını şam yeməyinə qatırlar, ona görə də o, səhərisi gün cənnətdə olur. Əli bağa məhz necə düşdüyünü aydınlaşdırmağı qərara aldı. O, hər gün nahar yeməyinin yarısını bir kənara qoymağa və onu şam vaxtı yeməyə başladı. Xidmətçilərin gətirdiyi şam yeməyini isə pəncərədən çölə atırdı.

Üç gündən sonra gecə onun otağına adamlar daxil oldular.

Onlardan biri uzun çubuqla bir neçə dəfə dürtmələdi. Əli özünü elə göstərdi ki, guya heç nə hiss etmir.

– Götürün onu, – tanımadığı adam pıçıldadı.

Möhkəm əllər yapışıb onu yerdən qaldırdı. Əli başa düşdü ki, onu sarayın ərzaqlar saxlanılan tərəfinə aparırlar. Otaqların birində qayadan çaya çatana qədər çapılmış quyu vardı, uzun müddətdi ki, ondan istifadə olunmurdu və yalnız mühasirə vəziyyəti üçün saxlayırdılar (bütün ehtiyaclar üçün lazım olan suyu artıq neçə illərdi ki, dağ çayından götürürdülər). Əlini geniş taxta badyaya oturdub aşağı salladılar.

Çaya çatmağa artıq çox az qalırdı ki, bir əl badyanı yana çəkdi və onu dartıb qayada çapılmış kiçik qaranlıq otağa saldılar. Oradan Əlini nalayiq ornamentli tanış otağa köçürdülər və taxtın üzərinə buraxdılar.

– O, bizdə üçüncü dəfədir ki, olur, – sakit qadın səsi eşidildi.

– Axırıncıdır, – kişi səsi cavab verdi, – Növbəti işi bacara bilməyəcək. Cənnət vərdişə çevrilməməlidir. Bu, şübhə yaranması ilə nəticələnir.

İkinci adam da astadan danışırdı, ancaq Əli onu tanıdı. Ələddin idi.

Həmişəki kimi Ələddin haqlı çıxdı. Sehrli bağa üçüncü səfəri Əlidə ümumiyyətlə heç bir təəssürat yaratmadı. Hurilər ona yorğun və əldən düşmüş kimi görünürdü. Musiqi xoşagəlməz şəkildə onu cırnadırdı. Hətta bağda yaranmış yenilik – cənnət oğlanları da onda ruh yüksəkliyi doğurmurdu.

“Elə düşünmək olar ki, bura xristian sələmçilər üçün cənnətdir” – o düşündü.

Mədəsi pozulduğu üçün daim ehtiyac otağına qaçan bu oğlanlar onda yalnız bir hiss – yazığı gəlmə hissi doğururdu. Əli lap yaxınlarda özü bu cür balaca oğlan idi. Bunu yadına salanda peşə sarıdan bəxti gətirdiyini qərara aldı.

O, bu dəfə hurilərə ümumiyyətlə toxunmadı, amma parça süfrənin üzərinə düzülmüş şirniyyatların, demək olar ki, hamısını yedi. Onların dadı bağa ilk səfərində olduğu kimi yenə də ona ülvi bir dad kimi gəlirdi.

“Hər halda Ələddini yalançı saymaq olmaz, – o düşündü, – Axı o demir ki, bu yer cənnətdir. O deyir ki, bu cənnətin kölgəsidir, onun əlində də onun açarının kölgəsi var… Hətta əgər bütün məsələ yeməyə qatılan hansısa maddə də olsa, o yəqin ki, onu Allahın iradəsilə gizli və müqəddəs yolla alır… Ola bilsin, mən ömrümün sonuna qədər bu barədə heç nə öyrənə bilməyəcəyəm. Ya da… Ya da elə indicə nəsə fikirləşmək lazımdır…”

Tezliklə o, cənnət gününün axırında həmişə olduğu kimi yatmaq istədi. Ertəsi günsə Ələddin ona yeni bir tapşırıq verdi.

Əli monqol xanını öldürməli idi.

– Sən itaətkarlıq yolu ilə kifayət qədər getmisən, Əli, – Ələddin təntənəylə dedi, – İndi sən heç bir şübhə etmədən əbədi səadətin kölgəsinə daxil olacaqsan. Yalnız çalış ki, əvvəlcə bu böyük işi yerinə yetirəsən. Biz həmişə səninlə fəxr edəcəyik, oğlum…

Əlini uzun yol gözləyirdi və onun silahını hazırlamağa bütöv bir həftə lazım olacaqdı. Bir neçə gün keçdi. Bütün qatillər tapşırığı yerinə yetirməkçün yola çıxdılar, saray boşaldı – bu o deməkdi ki, cənnət bağında heç kəs qalmayıb.

“Niyə özüm ora enməyim ki? – Əli düşündü, – Onsuz da artıq başqa fürsət olmayacaq. Məgər mən kanatla dırmanmağı əbəs öyrənmişəm?”

Gecə düşəndə qərara gəldi.

O, Ələddinin xidmətçilərinin onunla rastlaşacaqları halda nə baş verəcəyi barədə düşünməkdən qaçırdı, amma hər ehtimala qarşı, döyüş plaşını əyninə geyindi. Plaşa içərisində iki qatar olan qəbzələr tikilmişdi. O qorxurdu, bu, ağanın əmrilə yerinə yetirdiyi qətllər zamanı yaranan qorxudan daha böyük idi. Onda bilirdi ki, ruhu cənnətə düşəcək. Özününkülər tərəfindən öldürüləcəyi təqdirdə onun hara gedəcəyi axıra qədər aydın deyildi. Ölüm təhlükəsinə məruz qalan kafirlərin özünü necə hiss ediyini indi başa düşürdü.

Əli quyu olan otağa gözə dəymədən yetişdi. Otağın qapısı qıfıllı idi, ancaq Əli bu cür hallar üçün yanında gəzdirdiyi qadın sancağıyla çətinlik çəkmədən onu açdı. İçəri daxil olub qapını bağladı, kəndiri ehtiyatla çayın üzərindən boşluğa salladı və ondan yapışıb aşağı endi.

Aşağıda uğultuyla axan suyun damcıları artıq ona dəyirdi ki, Əli qarşısında darıxdırıcı fincanın işıqlandırdığı qayada çapılmış dəhlizi gördü. Onun divarlarında bir neçə qapı vardı. Əli daş döşəməyə atılıb irəli getdi.

Birinci qapıya çatıb onu araladı və anladı ki, bu qapı nalayiq ornamentlə bəzədilmiş həmin otağa aparır (girişi digər tərəfdən kənara sürüşdürülə bilən naxışlı taxta panel qapamışdı).

İkinci qapının o biri üzündə yağ çıraqlarının işığında ora-bura qaçan qadınların olduğu mətbəx yerləşirdi. Əli huriləri tanıyanda ağır hislər keçirdi. İndi onların baldırlarında sümük iliyini təsvir edən qırmızı zolaqlar yox idi, əyinlərindəsə kirli kətan köynəklər vardı. Amma Əli onlara çox baxmadı, çünki onu görə bilərdilər. İrəliləməyi qərara aldı.

Dəhlizin lap axırında yerləşən üçüncü qapı bağın köhnə daş divarın yanındakı gicitkən kolları ilə örtülü küncünə aparırdı. Çıxışın yan-yörəsində heç kəs yox idi. Əli çölə çıxıb, hava işıqlanana qədər kolluqda gizləndi.

Ətraf işıqlananda o, gicitkən kolları arasında gizlənərək divar boyu hərəkət etdi. Terzliklə cənnət ziyafətlərinin keçirildiyi talanı gördü. Bura zibil, yemək artıqları və qurumuş qusma gölməçələri ilə doluydu – görünür, qəhrəmanların sonuncu dəstəsi getdikdən sonra hələ təmizlik aparılmamışdı.

Sonra Əli keşikçisi olmayan kiçik bir qapı gördü. Qapıdan aşağıya – çaya doğru cığır uzanırdı.

O, bir az da irəlilədi və bir müddətdən sonra o biri tərəfdən mətbəxə gəlib çıxdı. Onda anladı ki, bütün cənnəti dolaşıb. İndi qadınlar mətbəxin həyətində işləyirdilər, onlar daş dəhliz yuvadan baxanda həmişəkindən daha yaxşı görünürdülər. Əli görülə biləcəyindən qorxmadan hurilərə istədiyi qədər baxa bilərdi.

Onlar yerə sərilmiş parçanın üzərində əyləşib hansısa yeməyi hazırlayırdılar. Bir huri limon və narıncılardan şirə sıxırdı, görünür, bu, şərbət hazırlamağa lazım olacaqdı. Digərlərinin önündə xurma və qoz-fındıq, bal və küncüt əzməsi vardı, bunların hamısı halva bişirmək üçün lazım idi. Amma iki və ya üç huri müəyyən şəkildə nəsə qəribə işlə məşğul idi.

Onlar bağın uzaq guşələrindən təzə yığılmış bütöv bir gicitkən komasının qarşısında oturmuşdular. Qızlar onun yaşıl rəngli, yapışqanlı yuxarı hissələrini ovuclarının arasında sürtür, sonra əllərindəki qatılaşmış şirəni toplayır, onun tünd qranullarını halva və şərbət hazırlayan rəfiqələrinə verirdilər. İş yorucu olduğundan qızlar hansısa kədərli mahnını astadan zümzümə edirdilər.

Tezliklə mətbəxdən qulluqçu qadın göründü.

– Yeməyə gəlin, – o səslədi, – Sonra da bir az xəmir eləmək lazım gələcək. Ağa əmr edib ki, bir-iki kökə hazırlansın.

Hurilər qalxıb mətbəxə getdilər. Həyət boşaldı.

Əli bir neçə dəqiqə gözləyib gizləndiyi yerdən çıxdı, təzə hazırlanmış halvadan bir ovuc götürürb kolluğa qayıtdı və onu yedi.

Bir az keçəndən sonra eynilə hər dəfə cənnət bağına girməzdən qabaq şərbət içərkən və ya hücuma hazırlaşarkən hiss etdiklərini duydu.

“Sən demə, – o, heyrətlə düşündü, – məsələ hər boş yerdə bitən faydasız alaq otunda imiş!”

Əli onun nə ot olduğunu dəqiq bilmirdi, amma bu növü dalayan olmasa da, uşaqlıqdan onu sadəcə “gicitkən” adlandırmağa adət etmişdi. Onun bildiyi yalnız bu idi ki, gicitkən boş çöllərdə bitir və çox vaxt içərisində gizlənmək mümkün olan adam boyundan hündür kolluqlar əmələ gətirir. O, həmişə belə də ediridi, bir dəfə hücumdan qabaq, hətta özü ilə uzaqdan gətirdiyi sehrli kökəni bu kolluqlarda yemişdi.

Sehrli kökələri xatırlayanda dodağı qaçdı. O, onların kimin üçün hazırlanmasına dair əmr verildiyini anladı.

Bir neçə saniyə hurilərin qarşısına çıxıb, onlara boş yerə zəhmət çəkərək xəmir eləməmələrini demək istəyilə mübarizə apardı, amma onları narahat etməmək qərarına gəldi.

O, başını qaldırıb Ələmut qalasının buludlara çatan divarlarına uzun-uzun baxdı, sonra dönüb cənnətin çıxışına doğru getdi.

Nədənsə onun yadına Ələddinin göstərdiyi cızıqqulaq it başlı cin düşdü və gülməyə başladı – əvvəlcə yavaşdan, getdikcə isə daha ucadan.

“Allahın kölgəsi, – düşündü, – Yox bir, Allahın kölgəsi…”

Hurilər onun gülüşünü eşitdilər, qorxudan çığıraraq mətbəxin həyətində qaçışmağa başladılar.

– Kömək edin! – deyə, qışqırdılar, – Burda yad adamlar var!

Mətbəxdən iki yuxulu keşikçi çıxdı, amma Əli artıq cənnət bağının çıxış qapısının yaxınlığındaydı. O, qapını arxasınca örtüb çaya enməyə başladı. Hər tərəf gicitkənlə dolu idi – o qədər çox idi ki, tezliklə onlara baxanda Əlinin ürəyi bulanmağa başladı.

“Bir at oğurlayaram, sonra bir yol görsənəcək, – deyə, düşündü, – Əlimdə sənətim var, alətlərim də yanımdadır. Bəs cənnət… Kimin ağlına gələrdi ki, sizi cənnətə aparacaqlarını vəd edən adamlar ora gedən yolu bağlayan şərin xidmətindədirlər…”

Əli gicitkən əzən qadın ovuclarının cəld hərəkətlərini xatırladı.

“Əgər Allah istəsə cənnətə bələdçi olmadan da düşə bilərəm. Əgər Allahın istəyi olmasa, onda heç kimin mənə köməyi dəyə bilməz!”

Tərcümə etdi:

Təvəkkül Vəliyev