Pencək nağılı
Halay, halay içində,
Xəlbir saman içində
Bəzən də acı tarix
Olur nağıl biçimdə…
Neçəki dəllək dəvə
Hələ hamam içində…
Hamamçının tası yox,
Baltaçının baltası yox
Tazı qalstuk taxıb
Çoxdandı xaltası yox.
Hə….
Eyni yol gedirdi bir neçə nəfər,
Hamı bir-birinə qardaş deyirdi,
Biri də başçıydı, ədalət sözün
Elə hey ağzında gəvələyirdi.
Arada cılızı, qorxağı vardı,
Getdikləri yollar çox nahamvardı.
Kömək edirdilər bir-birlərinə,
Belə davam etdi iki qərinə…
Biri də var idi, cəlimsiz, gücsüz
Dildə bir pəhləvan, qəlbdəsə cılız.
Hamıya dil töküb iş aşırırdı,
İmkan düşən kimi aranı qatıb
Xəlvətcə aləmi qarışdırırdı.
Bir dağın döşünə çatanda onlar
Başçıya xoş gəlmək istəyən cılız,
Kabab arzusuyla xəlvətdə, gecə
Bir ocaq yandırdı tüstüsü qəvi.
Qəfil bir partlayış qalxdı ocaqdan
Dağıtdı onların yatdığı evi.
Sonra tufan qopdu, zəlzələ oldu
Hərəsi bir yana qaçdı, səpildi
Arada əlaqə itdi, kəsildi.
Həmin bu dəstədə bir mərdi vardı
Ürəyi təmizdi, hiyləsi yoxdu
Üzünə güləni dostu bilərdi.
O cılız, o mərdin var dövlətini
Hey talar, yenə də girəv gəzərdi.
O gün ocağı da, cılız hiyləylə
Mərdin tərəfində çatmışdı, gizli
Aləm qarışanda yanar kösövü
Onun kürəyinə atmışdı, gizli.
Arzusu o idi, yıxılanda mərd
Gedib üst-başını axtarsın tamam,
Əlinə keçirsin var dövlətini.
Elə ki, qarışdı aləm, hərə bir yana
Dağılıb düşdülər min bir oyuna
Mərdin başı lovlu dərədə təkcə
Alovlar içində çırpınan zaman
Baxıb yol gəzirdi, bir yana çıxsın,
Düşdüyü bəladan canın qurtarsın.
Dərənin başında başçını gördü,
Sandı kömək edər, üzünə güldü.
Gördü ki, başçının sifəti başqa -
Bir vaxt dost deyənin gözündə nifrət.
Gördü ki, cılızı qısqırdır ona
Gördü ki, düşübdü murdar oyuna.
Başçı əl qolunu bağladı onun,
Cılız tez tullanıb hay sala-sala
Mərdin pencəyini çıxardı həmən.
Başçı üz çevirdi, guya görmədi
Mərd haray saldı ki, pencəyimi ver!
Cılız bir fahişə hay küyü saldı,
Dedi:- yox vermərəm, pencək mənimdi,
Mənə elə gəlir, babam tikibdi!
Pencəyin sapının pambıqlarını
Nağıl edən var ki, nənəm əkibdi!
Qaldırdı təpiyi mərd min qəzəblə
Dedi:- sərsəm qarğa çərənləmə gəl!
Qaytar tez pencəyi, axmaq başına
Sarsaq kəlmələrin olacaq əngəl!
İstədi cılızı bərk kötəkləsin,
-Oğru, hayçı-küyçü, qatilsən, desin.
Alıb pencəyini cılızı həmən
Rədd ol ta gözümdən, itil sən, desin.
Nərildədi başçı, min haray saldı
Cılızın əlini əlinə aldı.
Çımxırdı mərdə ki, tələsmə hələ,
Danışdı hiyləylə o gülə-gülə:
-Bəlkə də düz deyir, bunun nənəsi
Bəlkə pambıq əkib öz həyətində?….
Heç kim bilmirsə də, bəlkə babası
Dərzi dükanında fəhlə işləyib?
İsbat edəmməzsən, bəlkə bu cılız
On dəfə pencəyi yuxuda görüb?
Sən dayan, biz hələ bir araşdıraq,
Hər sözün yanına söz yaraşdıraq.
Özün görürsən ki, qəliz bir işdi,
Səs salma bu işlər xeyli qarışdı.
Mərdin əl-ayağı yanmışdı tamam,
Arxasız, köməksiz qalmışdı tamam.
Diz çökdü, oturdu, gözündə kədər
Bildi ki, bir kömək gözləmək hədər.
Ancaq bu təpədən qarşı tərəfdə
Bir qardaşı vardı, dizində təpər.
Ümidi onaydı, o da aralı
Mərd burda inlədi, düşdü yaralı.
Başçı da, çılız da qorxmasaydılar
Uzaqlarda olan igid qardaşdan
Mərdi parça-parça eyləyərdilər,
Özlərinə əhsən söyləyərdilər.
Mərd özünə gəldi, qardaş da gəldi
Yanığı sağaldı, xeyli dikəldi.
Pencəyi istədi yenə cılızdan,
Əlindən qan süzən oğru, xırsızdan.
Bu vaxt yan yörədən çıxdı neçəsi,
Biri dərhal dedi, pencəyi qaytar!
Dedi dəfələrlə təkrar elədi.
Kimsə eşitmədi, söz oldu hədər.
Cılızın bir gözü yan yörəsində
Bir gözü yaş tökdü, aman dilədi:
- Pencəkdən babamın qoxusu gəlir!
Bu dərd ürəyimi dağıdır, dəlir.
Bir birinə baxdı ətrafdakılar,
Astaca, xəlvətcə, göz eylədilər.
Dedilər çılızın öz hikməti var,
Bu hikmət bizə də verər xeyli kar.
Sonra gizli-gizli plan qurdular,
Planda – hap goplar, hiylə, ordular.
Mərdə dedilər ki, gözlə hələ sən
Hər şeyə çox baxma açıq gözlə, sən
Bir az uyu, başını qat hay-küyə,
İstəyin nə? söylə yalnız sözlə sən.
Ədalətlə həll edərik bu işi,
Haray salma, həddini bil, ay kişi!
Xətrinə sən dəymə bizim cılızın,
Görək nələr olur? Hələ yol uzun.
……..