Pirəmsaq baharı – Aytən Rəfixanovanın hekayəsi

11 Baxış

ayten rafixanova

 

Senet.az oxucularına ““Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Aytən Rəfixanovanın “Pirəmsaq baharı” hekayəsini təqdim edir.

 

Günəş batırdı. On altı yaşına yenicə adlamış Sara adəti üzrə evlərinin aynabəndindən günəşə tamaşa edirdi. Hər günbatanda burada dayanıb Günəşə tamaşa edər, gün ərzində baş verənləri düşünər, bəzən də xəyallar qurardı. İlin bu vaxtı kənd çox gözəl olurdu. Hər yer yamyaşıl olur, ağaclar tumurcuqlayır, çiçək açırdı. Kəndi əhatə edən dağlar insana sonsuz güvən verirdi. Sara pəncərəni açdı. Hava sakit idi. Duman Səndələn dağını qoynuna almış, onu görünməz etmişdi. Sara çox narahat idi. Ermənilərin kəndə yaxınlaşması xəbəri onu qorxuya salmışdı. Atası Mustafa kişi onu nə qədər sakitləşdirməyə çalışsa da, Sara heç cür sakitlik tapa bilmirdi. Artıq nə quşların səsi, nə də qoyun-quzuların mələşməsi ona təsir etmirdi. Gözlərini yumub təbiətin qoxusunu ciyərinə çəkir, amma qəlbindəki qorxu, narahatlıq hissi heç cür qopmaq bilmirdi. Pəncərəni bağlayıb anasının yanına getdi. Anası Saranın kiçik qardaşını beşikdə yelləyirdi. Balaca Hüseyn ara-sıra gözlərini açıb anasına baxır, sonra isə yenə yumurdu. Sara anasının yanında oturub astaca dilləndi:

– Ana, bəs biz nə edəcəyik?

– Qızım, – anası dərhal sözünü kəsdi, – sən fikir eləmə. Kəndimizin böyükləri var, qoçaq oğulları var. Əlbəttə, onlar bizi qorumağın bir yolunu taparlar. Dədən sənə dedi axı qoymayacaqlar kəndə girsinlər o köksüzləri. İçini rahat tut. Sabah ola, xeyir ola.

Torpaqlarımızdakı böhran vəziyyətdən istifadə edən erməni quldur dəstələri Bakıdan Kürdəmirə qədər kəndləri bir-bir yağmalayaraq talan edirdilər. Kürdəmirdən Şamaxı istiqamətinə tərəf yönələn ermənilərin Bicoda soyqırım edəcəyini öyrənən Bico ziyalısı Babaş əfəndi yüzbaşı Şahalı ilə görüşüb, onu kəndi müdafiə etməsilə bağlı təlimatlandımışdı.

Dan yeri ağarırdı. Sara, demək olar, yatmamışdı. Qonşuları Oraq Qulamın gecə atası ilə danışdıqlarını, qonşu kəndlərin ermənilər tərəfindən talan edilməsini, insanların vəhşicə öldürüldüyünü eşitmişdi. Bütün kənd əhalisi yığışmışdı. Qadınlar, qızlar, uşaqlar, yaşlılar isti geyinmiş, özləri ilə azuqə tədarükü görmüşdülər. Kənd igidləri onları bu bəladan qurtarana qədər dərələrdə gizlənəcəkdilər. Sara da anası və kiçik qardaşı ilə bağda gözləyirdi. Kəndin qoçaq oğulları ev-ev gəzib, əhalini toplayır, Şamaxı tərəfə aparırdılar. Birdən darvazadan içəri ucaboylu, enli kürəkli, yaraşıqlı bir oğlan daxil oldu. Bu, Əli Məhəmməd idi. Atası vaxtı ilə kəndin sayılıb-seçilən bəylərindən idi. Daim kasıblara əl tutar, ehtiyacı olan insanlara kömək edərdi. Gənc yaşlarında rəhmətə getmiş, anası da onun ölümünə dözməyərək vəfat etmişdi. Əli Məhəmməd isə bibisi Mələkxanımın himayəsi altında böyümüşdü. Bibisi onu oğullarından ayırmamış, ona ana əvəzi olmuşdu. Çox gənc olmasına baxmayaraq Əli Məhəmməd atası evinə köçmüş, atasının təsərrüfatını ayağa qaldırmış, eyni zamanda dövrün ali mütəfəkkirlərindən yazıb-oxumağı, bir sıra elmləri öyrənmişdi. Elə bu səbəbdən də uşaqdan böyüyə hər kəs kənddə ona rəğbət bəsləyər, hörmət edərdi.

Əli Məhəmmədin ata evi kəndin ən gözəl mənzərəsi olan yerdə – bulağın üstündə idi. Saranı da elə məhz bu bulağa gəldiyi zaman görmüş, gördüyü andan da ona bir könüldən min könülə vurulmuşdu. Əslində, Saragilin evləri kəndin o biri başında – dağın yamaclarında idi. Evlərinin altındakı bulağın suyu quruduğundan qızlarla bu bulağa gəlmişdi. Əli Məhəmməd at belində qızların yanından keçərkən Sara ilə göz-gözə gəlmiş, ona aşiq olmuşdu. Saranın yıxılıb əlindəki su ilə dolu səhəngi yerə aşırması Əli Məhəmməd üçün fürsət olmuş, bir anda atdan düşüb Saranı qaldırmış, ona yardım etmişdi. Bildirməsələr də, elə bu görüşdən bir-birlərinə möhkəm bağlanmışdılar.

Əli Məhəmməd içəri girib uca və özündən əmin bir səslə dedi:

– Natavan bibi, hamınız hazırsınızsa gedək.

Saranın anası ona azuqə boxçasını götürməyi buyurdu, özü isə balaca Hüseyni götürüb çıxdı. Sara heyrətlənmiş şəkildə yerində donub qalmışdı. Axı Əli Məhəmmədgilin evi kəndin o biri başında idi. O isə kəndin bu başındakı əhalini yığmağa gəlmişdi. Halbuki, onları da, qonşularını da Oraq Qulamın oğlu aparacaqdı. Bunu necə elədiyini bilməsə də, niyə elədiyini yaxşı bilirdi. Saranın içi indi daha rahat idi. Əli Məhəmmədi gördükdən sonra güvənlik hissi qəlbindəki narahatlığı söküb atmışdı. Sara özündən asılı olmayaraq oğlana gülümsəyib, darvazanı açmaq istəyirdi ki, Əli Məhəmməd onun əlindən bərk-bərk tutub sıxdı. Dili sussa da, gözləri çox şey deyirdi. Saranın əlindəki boxçanı götürüb darvazadan çıxdı. Saranın ürəyi tez-tez döyünməyə başladı. Əli Məhəmmədin gözlərindəki ifadə heç cür gözünün qabağından keçmirdi. Nə demək istəyirdi? Vidalaşırdı? Ya əksinə, hər şeyin yaxşı olacağını, sabahın bu gündən daha aydın açılacağını deyirdi?

Sara darvazadan çıxanda kəndin böyük qisminin onların qapısının ağzında olduğunu gördü. Qonşuluqdakı bütün qadınlar, qızlar, uşaqlar yavaş-yavaş irəliləyirdi. Bir neçə ata araba qoşmuş, kəndin yaşlılarını orada əyləşdirmişdilər. Əli Məhəmməd isə öz atının belinə qalxmış, insanların nəyəsə ehtiyacı olub-olmadıqlarını yoxlayırdı.

Duman yavaş-yavaş çəkilməyə başlamışdı. Artıq əhali kənddən çıxmış, dərələrə tərəf yol almışdı. Saranın da atası daxil olmaqla hamının atası, oğul və qardaşı – əli silah tuta bilən hər kəs döyüşə hazırlaşmaq üçün toplaşmışdı. Əslinə qalsa, heç silahaları da yox idi. Xəncər, balta, bıçaq, yaba, dəryazla, məişət və təsərrüfatda istifadə olunan başqa əşyalarla silahlanmışdılar. Yalnız yüzbaşı Şahalıda bir tüfəng vardı. Qulam kişi isə öz orağı ilə döyüşə yollanmışdı. Sara ayaqlarının altında əzilən tər otlara baxa-baxa başını aşağı salıb irəliləyirdi. Hər kəs susmuşdu. Sakitliyi yalnız araba təkərlərinin cırıltısı və körpələrin ağlamaq səsi pozurdu. Hər kəs dərin fikrə dalmışdı sanki. Yaşlı nənə-babalar dərindən ah çəkir, ara-sıra gözlərindən axan yaşı silirdilər. Kəndi böyük sınaq gözləyirdi. Bəlkə də hamı öləcəkdi. Amma sonunadək mücadilə etməyi hamı özünə borc bilirdi. Geriyə dönüş yox idi.

Əli Məhəmməd və kəndin digər gəncləri əhalini dərələrə yerləşdirirdi. Hər kəs qalın geyinmiş, qadınlar yun şallarına bürünüb, bir-birlərinə qısılıb oturmuş, cavan gəlin və qızlar isə yaşlıların otura bilmələri üçün yerlərini rahatlayırdılar. Saranın şalı başından sürüşmüş, sırınma pencəyinin üstünə düşmüşdü. O isə ucları azacıq palçığa batmış uzun ətəyini ayaqlarının arasına salıb, yerə əyilmiş dərənin dibində kiçik bir ocaq qalamaq üçün çör-çöp yığırdı. Qarşısında dəri çəkmələri görüb başını yuxarı qaldıran Sara Əli Məhəmmədin onun başının üstündə dayandığını gördü. Əli Məhəmməd əyilib Saranın hər iki əlindən tutub onu qaldırdı. Ətrafdakı insanların onlara zillənən baxışlarına heç bir əhəmiyyət vermədən Saranın gözlərinin içinə baxdı və belindəki gümüş dəsti olan, üzəri işləməli bıçağı çıxarıb ona verdi. Gözləri yaşla dolan Sara baxışlarını ondan ayıra bilmirdi. Əli Məhəmməd onun gözlərinə baxaraq:

– Sizi xilas edəcəyik: – dedi, çönüb atının belinə qalxdı. Gözucu yerində donub qalan Saranın anasına, sonra isə bibisinə baxdı və getdi.

Sara Əli Məhəmmədin ona verdiyi bıçağı bərk-bərk tutub dayanmışdı. Anası qızının halını gördü, bir əlini onun çiyninə qoyub qucaqladı. Saranın gözlərindən hər şeyi anlayan anası qızının başını bağrına basdı. Əli Məhəmmədin bibisi də hər şeyi anlamışdı. Qardaşı oğlu baxışları ilə sanki Saranı ona tapşırırdı. Mələkxanım bibi oturduğu yerdən tez ayağa qalxıb Saranın yanına gəldi, onu qucaqladı. Sonra isə anası Natavana baxıb gülümsədi. Qardaşının tək yadigarı olan Əli Məhəmmədin xoşbəxtliyi onun üçün hər şeydən üstün idi. Belə bir çətin vəziyyətdə bir-birini sevən bu iki gəncin gözüyaşlı ayrılığını görən heç kimin onların arasında olan ülvi hislərdən şübhəsi yox idi.

Əli Məhəmməd bir neçə nəfəri əhalinin keşiyini çəkməsi üçün orada saxlamış, özü isə digər gənclərlə kənd kişilərinin toplaşdığı Pirəmsaq dərəsinə üz tutmuşdu. Var gücü ilə atını çapır, kənd əhalisini, bibisini, sevdiyi qıza verdiyi sözü xatırlayıb soysuz düşmənlərin qarşısına çıxmağa, onları dayandırmağa tələsirdi.

Şahalı yüzbaşı Biconun bütün könüllü döyüşçülərini bu kəndlə Keçidməz kəndi arasındakı dərədə yerləşən Pirəmsaq ərazisinə yığmışdı. Ermənilərin qonşu kəndlərdə törətdikləri soyqırım və qırğınlar bu mərd oğulların içindəki milli qürur hissini ən qüvvətli şəkildə üzə çıxarmışdı. Nəyin bahasına olursa-olsun kəndi və əhalini azğın düşmənlərin qəddarlığından qorumağa and içmişdi. Şahalı yüzbaşı ərazini nəzərdən keçirmiş, müdafiə planını qurmuşdu. Heç bir halda ermənilərin Bicoda soyqırım törətmələrinə icazə verməyəcəkdi.

Çox keçməmiş erməni quldur dəstələrinin dərəyə tərəf yaxınlaşdığı xəbəri gəldi. Əli Məhəmməd artıq Şahalı yüzbaşının arxasında öz yerini almışdı. Dörd yüz nəfərlik odlu silahla təmin olunmuş erməni dəstəsi kəndin qəhrəman övladları ilə üzbəüz yer aldı. Əli Məhəmməd quldurları diqqətlə süzdü, daha sonra çevrilib həmkəndlilərinə baxdı. Öz-özünə:

– Bizim nifrətimiz sizin silahlarınızdan üstündür, alçaqlar! – dedi və kinayəli gülüşlə Şahalı yüzbaşının üzünə baxdı.

Şahalı yüzbaşı mərdanə şəkildə quldurların qarşısına çıxıb onların başçıları ilə danışıqlar aparmağa getdi. Onlara kəndə girməmələrini, əvəzində isə mal-qara, qızıl, xalça kimi əşyaları qənimət olaraq onlara verəcəklərini söylədi. Şahalı yüzbaşının sözlərini qeyri-ciddi şəkildə dinləyən ermənilər gülüşərək, kəndə girib oranı viran qoyacaqlarını, insanları güllədən keçirib öldürəcəklərini, qənimətlərə isə istənilən halda sahib olacaqlarını bildirdilər. Şahalı yüzbaşı başını dik tutub ilk həmləsi ilə erməni quldurlarının başçısını alnından güllə ilə vurub yerə sərdi. Başçılarının öldürülməsindən çaşbaş düşən erməni əsgərləri silahalarına güvənib kənd əhalisinin nifrətini nəzərə almamışdılar. Şahalı yüzbaşının atəşindən sonra bicolular erməni quldurlarına hücum etdilər.

Qanlı döyüş gedirdi. Ermənilər açdıqları atəşlərlə kəndin mərd oğullarını ağır yaralayır, qətlə yetirirdilər. İtki vermələrinə baxmayaraq, kəndin müdafiəsinə qalxmış heç kim ruhdan düşmür, əksinə, nifrətləri daha da artaraq, düşmənə ağır zərbələr endirirdilər. Əli Məhəmməd ilə Şahalı yüzbaşı sağ tərəfdən erməniləri qılıncdan keçirə-keçirə içlərinə tərəf irəliləyirdi. Durğun halda ətrafa güllələr səpələyən erməni dəstələrinin sayı get-gedə azalırdı. Sol tərəfdənsə Oraq Qulam öz orağı ilə sözün əsl mənasında erməniləri biçirdi. Yaba, balta, dəryaz demədən silahlanan kəndlilər özlərini odlu silahların qarşısına sipər etmişdilər. El birliyi, güc birliyi ilə erməni quldurlarını məhv edirdilər. Kəndin igid və qəhrəman oğulları qarşısında aciz qalan sağ erməni əsgərləri artıq geri çəkilir, dağılışırdılar. Bicolular isə onlara qaçmağa macal vermir, onları bir-bir qılıncdan keçirirdilər. Könüllü bicolular erməni dəstələrini darmadağın etdilər, qaçmağa macal tapan altı erməninin isə izinə düşdülər.

Günortadan xeyli keçmişdi. Yaz günəşinin ilıq şüaları Pirəmsaq dərəsini isidirdi. Qaçan erməni əsgərlərinin arxasıyca düşən döyüşçülərdən başqa, kənd əhalisinin qalanı zəfər sevincini yaşayırdı. Mələkxanım bibinin kiçik oğlu Süleyman ayağa qalxıb dərəni nəzərdən keçirdi. Dərə cəsədlərlə dolu idi. Tam qarşısında, yerdə uzanılı halda Oraq Qulam qətlə yetirilmişdi. Onun və digər həmkəndlilərinin Pirəmsaq dərəsinin yamyaşıl otlarının üzərinə axmış qanlarına baxıb ah çəkdi, ətrafına boylanıb qardaşı və dayısı oğlu Əli Məhəmmədi axtarmağa başladı. Sağ qalan döyüşçülərdən onları görüb-görmədiklərini soruşur, soruşa-soruşa yerdə uzanan cəsədlərə gözucu baxırdı. Qonşuları Qulu kişidən qardaşının sağ olduğunu, qaçaq ermənilərin arxasınca düşdüyünü öyrəndi. Əllərini göyə qaldırıb Allaha şükür eləməyə başlamışdı ki, ayağı nəyəsə ilişdi. Başını aşağı əyib ayaqlarının altına baxdığı zaman Əli Məhəmmədin atasına məxsus qılıncı gördü. Əli Məhəmməd bu qılıncla döyüşürdü. Qılınc burda idisə, bəs Əli Məhəmməd harada idi? Cəld ətrafındakı cəsədləri bir-bir çevirərək qardaşı qədər sevdiyi dayısı oğlunu axtarmağa başladı. Bir neçə addım aralıda üzü aşağı vəziyyətdə uzanan Əli Məhəmmədi görüb yanına qaçdı və qeyri-ixtiyari ağlamağa başladı. Güllə atəşinə tuş gəlmiş Əli Məhəmmədin sol tərəfi tamamilə qan içindəydi. Süleyman onu qolundan və ayağından tutub üzü yuxarı çevirdi, ata yadigarı qılıncını da sinəsinin üstünə qoydu. Doğma qardaşından da çox sevdiyi Əli Məhəmmədin ölümü ona çox ağır gəlmiş, gözlərinə dolmuş yaşdan onun üçün hər tərəf qaranlığa bürünmüşdü. Süleyman gözlərinin yaşını silib doğma kəndi uğrunda şəhid olmuş Əli Məhəmmədə sonsuz qürur hissi ilə baxdı. Sinəsinin üstünə qoyduğu qılıncın tərpəndiyinin fərqinə varan Süleyman tez Əli Məhəmmədin nəbzini yoxladı və onun sağ olduğunu gördü. Çiynindən güllə yarası alan Əli Məhəmməd güllələrin təsirindən huşunu itirmişdi. Süleymanın üzünə vurduğu bir neçə zərbəsindən sonra özünə gəlmişdi.

Tamamilə özünə gəldikdən sonra Əli Məhəmməd Süleymana şəhid olanların içində yaralıların olub-olmadığını yoxlamasını, sonra isə qadın və uşaqların gizləndiyi dərəyə gedib onlara qələbə xəbərini verməsini tapşırdı. Özü isə çiynini sarıyıb atını dörd nala çaparaq Şahalı yüzbaşının ardınca getdi.

Demək olar ki, hər bir ailə Bico uğrunda mübarizə aparmağa döyüşçü göndərmişdi. Hər kəs səbirsizliklə döyüş bölgəsindən bir xəbər gözləyirdi. Sara Əli Məhəmmədin ona verdiyi bıçağı kəmərinə keçirərək dəstəyindən bərk-bərk tutmuşdu. Əli Məhəmməd gedəndən bəri dayanıb onun getdiyi yola tərəf baxır, arabir o yan-bu yana gəzişirdi. Anası və Mələkxanım bibinin təkidlərinə baxmayaraq sakit otura bilmir, elə hey get-gəl edirdi. Atasından, Əli Məhəmməddən bir xəbərin olmaması, kənd əhalisinin taleyinin naməlumluğu onu rahat buraxmırdı. Elə bu vaxt Süleyman atını çaparaq Mələkxanım bibinin yanına gəldi. Süleymanın döyüş bölgəsindən gəlməsi dərələrdə gizlənən kənd camaatının arasında kiçik bir çaxnaşma salmışdı. Hər kəs nə olub-bitdiyini anlamağa çalışır, Süleymanı sual atəşinə tuturdu. Döyüşün necə bitdiyini, vəziyyətin nə yerdə olduğunu soruşurdular. Kimi atası, kimi oğlu, kimi əri, kimi isə qardaşından xəbər tutmağa çalışırdı. Süleyman nigarançılıq içində qalan kənd əhalisinin onun başına daha da toplaşdığını, onların suallarına bir-bir cavab verə bilməyəcəyini görüb iri bir qaya parçasının üzərinə çıxdı və uca səslə dedi:

– Ay camaat, sakit olun. Hər şey yaxşıdır. Düşmənlərimiz üzərində qələbə çalmışıq, – anasına yaxınlaşıb sözünə davam etdi, – Ana, yaralı və şəhidlərimiz var. Hamınız kəndə qayıdın. Biz də onları gətirəcəyik. Uşaqlara tapşıracam, sizi sağ-salamat kəndə gətirəcəklər.

– Anan qurban olsun sənə, oğul, bəs Sərvərim haradadır? – deyə, Mələkxanım bibinin gözləri yaşla doldu.

– Yaxşıdır, ana. Bir-iki erməni tulası qaçıb, onları təqib edir.

– Bəs Əli Məhəmmədim?

– O da yaxşıdır, çiynindən güllə yarası almışdı. Özünə gələn kimi Şahalı yüzbaşının ardınca getdi. O kökü kəsilmişləri tutub sağ-salamat geri gələcəklər, narahat olma.

Süleyman əhalinin keşiyində duran kənd cavanlarına insanları hava qaralmamış kəndə qaytarmalarını tapşırdı, özü isə şəhid olanların cənazələrini və yaralıları kəndə gətirmək üçün Pirəmsaq dərəsinə getdi.

İnsanlar dərhal hazırlaşıb yola qoyuldular. İndi yol onlara sanki daha qısa görünürdü. Hər kəs doğma evlərinə qayıtmağa, ailəsinə qovuşmağa tələsirdi. Əhali kəndə girəndə hava, demək olar, qaralmışdı. Şəhidlərin cəsədi kənd meydanına gətirilmiş, yaralılar yardım olunması üçün şəfa ocağına aparılmışdı. Hər kəs öz doğmalarını axtarır, göz- yaşları içərisində o yan-bu yana qaçırdı. Sara və anası Mustafa kişinin cəsədi üzərində oturub gözyaşı tökür, ağlayırdılar. Böyük bir çətinliyi arxada qoyan kənd əhli şəhid olanlar üçün tökdükləri gözyaşları ilə gələcəkdəki firavan günlərin toxumlarını sulayırdı.

Əli Məhəmməd, Şahalı yüzbaşı, Sərvər və kəndin bir neçə igid oğlu qaçan altı ermənidən dördünü öldürmüş, ikisini isə tuta bilməyib geri dönmüşdülər.

Göz-gözü görmürdü. Gecənin qaranlığı nəinki insanların gözlərinə, qəlblərinə də çökmüşdü. Hər kəs kəndin müdafiəsi zamanı şəhid olan həmkəndliləri üçün gözyaşı tökür, onlara Allahdan rəhmət diləyirdi. Əli Məhəmməd qəhrəmancasına şəhid olan atasının cəsədi üzərində gözyaşlarına qərq olan Saranı görüb ona yaxınlaşdı və bir qolundan tutub Saranı ayağa qaldırdı. Ağlamaqdan haldan düşən Sara Əli Məhəmmədi görüb daha da ağlamağa başladı. O isə Saranı qırağa çəkib onu sakitlaşdirməyə, atasının boşuna şəhid olmadığını başa salmağa çalışdı.

– Sara, atasızlığın nə olduğunu bilirəm. Amma sən tək deyilsən. Anan var, qardaşın var, mən varam. Həm də sənin atan ölməyib, şəhid olub. Namusuyla, qüruruyla qəhrəmancasına şəhid olub. Şəhidlər ölmür, Sara, anlayırsan? Onlar diridirlər. Daim qəlbimizin ən dərinliklərində yaşayacaqlar!