“Piri Türküstan Xoca Əhməd Yasəvi”yə həsr olunmuş konfrans keçirilib

31 Baxış

ahmetyasevi

TÜRKSOY-un baş katibliyində türk dünyasının görkəmli elm və mədəniyyət xadimi olan Əhməd Yasəviyə həsr olunmuş konfrans keçirilib.

Senet.az TÜRKSOY-un saytına istinadla xəbər verir ki, “Piri Türküstan Xoca Əhməd Yasəvi” adı ilə gerçəkləşən konfransın məruzəçisi Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri Musa Yıldız olub. O, dünya şöhrətli mütəfəkkir Ə.Yasəvinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Natiq UNESCO-nun elan etdiyi “Xoca Əhməd Yasəvi ili” çərçivəsində görülən işlərdən, reallaşan tədbirlərdən danışıb. Bildirib ki, Əhməd Yasəvi türk dünyasını İslam dəyərləri ətrafında birləşdirən mütəfəkkirlərdəndir. Onun əsərlərinin bu günümüz üçün aktual olduğunu vurğulayan məruzəçi deyib ki, bu səbəbdən də Ə.Yasəvinin əsərləri türkdilli ölkələrdə çap edilir, irsi öyrənilir.

Tədbirin təşkil olunmasında məqsəd türk ortaq mədəniyyətinə xidmət etmiş və sonra ölümsüz əsərləri ilə iz qoymuş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılmasıdır.

Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir X.Ə.Yasəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Teymurləng tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya İrs Siyahısına daxildir. Həmçinin, UNESCO 2016-cı ili “Xoca Əhməd Yasəvi ili” elan etmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10