Poetik ədalət – Sahilə İbrahimova

13 Baxış

photo_455

Qadının ətrafında izdiham var. Azadlığını geri alıb. Fidel Kastronun “Tarix məni bağışlayacaq” kitabından ilhamlanaraq vəkildən imtina edib, məhkəmədə özünümüdafiəni seçib və qalib gəlib. Qaradərili Afeni (əsl adı deyil. Seçdiyi ad insanları sevən mənasını verir) tutduğu yolu müdaifə edir, dünyanı dəyişmək istəyindən dönmədiyi bəllidi. Həbsxanada qaldığı müddətdə hamilə olan Şakur soyadlı (21 yaşında soyadını dəyişib, Shakur ərəbcə şükür sözündəndir) qadının ətrafına toplaşmış insanlar deyilənləri diqqətlə izləyir. Kamera diqqət mərkəzinə qadının qarnını çəkir. Hər şey ordan başlayır – film də, musiqi də yeni istiqamət də, milyonlarla insanın beynində yaranacaq dəyişim də. Qadının bətnindəki Tupakdır. Səhnə adı Tupak olacaq körpə inqilabçı ata-ananın oğludu. Bu yerdə mən həvəssiz gəldiyim filmin mövzu dərinliyindən həyəcanlanıram. Gör mən nəyi bilmirəm, sən demə, Tupak 60-cı illərdə Amerikada tanınan “Qara panteraçı”ların gen daşıyıcısıdır. İrqi, sinfi ayrı-seçkiliklə radikal mübarizə aparan birlik üzvlərinin uşaqlar üçün səhər yeməyi kampaniyası ilə tanışam. Ətraflarında yaşayan kasıb qaradərili ailələrə hazırladıqları səhər yeməklərini dağıdan inqilabçılar tezliklə ianələr, maddi yardımlar hesabına onminlərlə uşağı günortaya qədər doyurmağı bacarmışdılar. Qaraların gözəl və ağıllı olduqlarını cəsarətlə, yüksək səslə deyən inqilabçılar Amerika siyasətçilərini rahatsız edir, bu ideyanı dəstəkləyənlər və yayanlar təqib və həbs olunurlar. Tupakın anası ona hamilə ola-ola əqidəsinin diktə etdiyi yolla getmiş, həbsə alınmış, azadlığa çıxdıqdan sonra da bir müddət mübarizəsini davam etdirə bilmişdi. Tupakın atası vəfat etdikdən sonra anası onun qardaşı ilə evlənir və ailə bu dövrdə də polis izləmələri, hədələri ilə yaşayır. Psixi zərbələrə və zədələrə tab gətirməyən ana hansısa çətin anda zəiflik göstərir – narkotik aludəçisinə çevrilir. Tupak artıq yeniyetmədir, şeirlər və musiqilər yazır, qeyri-adiliyi onu düşdüyü çevrələrdə sevimli və seçilən birinə çevirir. Filmdə gördüklərim və araşdırmam deyir ki, Tupakın ilk uğurları onun saf istedadı ilə bağlı olur. Tolstoy “saflıq gücdür” – deyirdi. Sonrakı uğur isə iki inqilabçının genləri ilə təhvil aldığı güclü ədalət hissi ilə bağlı olur. Musiqilərinin sözləri ədalətsizliyin şəklini göstərir, çarəsizliyin səsini duyururdu. Böyüdüyü məhəllələr qaradərililərin ölümü, səfaləti, cinayəti ilə doludur. Buranın sakinləri istər başqalarına, istərsə də özlərinə qarşı qəzəblidir. Onları bu kökə salan sinfi, irqi ayrı-seçkilikdir, mənəvi və maddi aşağılanmadır. O zaman ağdərililər tərəfindən yaradılmış stereotip var idi – qaradərililərin İQ göstəricisi yüksək deyil, bu, düzələn şey deyil, qoy mahnı oxuyub, oynasınlar. Geniş səhnələrə buraxılmayan qaradərililər bu səbəbdən o vaxt küçə musiqisi adlandırılan janrlarda ixtisaslaşıb, inkişaf etdilər.

Kim nə deyir-desin, ədalət sevgisi hər adamda var. Pis saydığımız hər adam qəfildən, gözlənilmədən bir ədalətli mövqe göstərə, bizi təəccübləndirə bilər. Tupakın yazdığı sözlər sosial ədalətsizlikdən xəbər verərək geniş kütlənin diqqətini çəkə bildi. Azyaşlı repçi kütləni arxasıyca aparan liderə çevrildi. Mənəvi çəkisindən asılı olmayaraq, mən həmişə arxasıyca insan kütləsi apara bilən adamları ciddiyə almışam, kimlikləri, durduqları yer barədə həvəslə düşünmüşəm. Tupakı ciddiyə almamaq isə qeyri-mümkün idi.  Yaşam tərzi, seçimləri, ətrafı ilə mənfi reputasiya formalaşdırmasına baxmayaraq, şöhrəti və insanlara təsiri görünməmiş sürətlə artırdı. Amerika hökuməti onu güc kimi görməyə başlamışdı. Səfalətdən qurtulan gənc işıqlı görünən həyata həvəslə atıldı. Qızıl aksessuarlar, maşınlar, qızlar… keçmişi unutduracaq gücdə görünən hər şey. Filmdə maraqlı yer var; Tupakın və ona bənzər istedadların şöhrəti üzərində qurulan prodüsser mərkəzindən ayrılmaq istəyən repçiyə sərf olunmuş xərclər qeyd olunan dəftərçə göstərirlər – gedə bilərsən, amma hələ ki, bizə borclusan. Şübhəsiz, 25 yaşına qədər 5 platinum albom çıxaran Tupak prodüsser mərkəzinin uğurlu reklamı, sərmayəsi, qablaşdırması sayəsində yüksələ bilmişdi. Kapitalizm xammala deyil, son məhsula dəyər verir. İnsana dəyər yoxdu deyəndə, qablaşmamış, paketləşməmiş insana dəyər yoxdur reallığı ortaya çıxır. Mən inkar eləmirəm ki, prodüsser mərkəzi olmasaydı, Tupak ömrünün sonuna kimi adi repçi kimi qala bilərdi. Kapitalizm qoyduğu sərmayəni artıqlaması ilə götürür. Qazandığı uğurlara baxmayaraq, Tupak heç də varlı deyildi, prodüsser mərkəzi tərəfindən rəsmən soyulurdu. Oğlunun ölümündən sonra anası produser mərkəzini məhkəməyə verdi və daha bir işi udmuş oldu. Prodüsser həbs olundu, Tupakın sərvəti anasına miras qaldı.

Mən məktəbdə oxuyanda Tupak haqqında heç nə bilmirdim. Bircə eşidirdim ki, o ölməyib, gizlənir, bir gün gələcək. Guya gizlinə çəkilib şeirlər, musiqilər yazır, anası onları yayır. Cəmi 25 il yaşamış bir oğlan ölümsüzlük qazana bilmişdi. İnsanlar sanki İsanın ölümü ilə barışmadıqları kimi, onun əbədi yoxluğu ilə də barışa bilmirdilər. Oğlunun ölümündən sonra anası itirdiyi gücünü geri qaytara bildi. Tupak qətlindən bir müddət öncə psixotrop maddələrdən qurtulmuş, anası ilə barışmış, “Əziz ana” mahnısı yazmışdı. Oğlunun ölümündən sonra Tupak xeyriyyə fondu və Makavelli (Tupakın ikinci səhnə adı) geyim brendi yaradan Afeni keçən il dünyasını dəyişdi. Evsiz qaldıqları zaman kasıb musiqiçilər onlara dəstək olmuşdular deyə, Afeni xeyriyyəçilik fəaliyyətinə başlayan kimi gənc istedadlara da dəstək oldu. Oğlunun qətlindən sonra 20 il yaşamağı, özü də faydalı yaşamağı bacaran qadın hörmətə layiqdir. Müsahibələrində təkcə övladına yox, bütün haqsızlığa və zorakılığa məruz qalan insanlara acıdığını, onlara yardım etdiyini deyirdi, hamını xeyirxahlıq uğrunda mübarizəyə dəvət edir, oğlu üçün özəl yanaşma tələb eləmirdi.

Tupak milyonlarla insanı eyni ritmdə birləşdirə bilmişdi. Səfil həyatdan çıxıb sərvət okeanında üzə bilmədiyindən boğulub cismən məhv olsa da, mənən yüksəyə qalxmışdı. Və onun uğuru təkcə musiqisinin ritmində yox, bəlkə də daha çox səsləndirdiyi sözlərdə idi. Bu sözlər ədalətə işarə verirdi, insanların vicdanını qıdıqlayırdı. Tupakın Canet Ceksonla birgə çəkildiyi film “Poetik Ədalət” (Poetic Justice) adlanırdı. Ədalət (Justice) qızın adı idi və o, şeirlər yazırdı. Filmdə səslənən şeirlər mənim sevdiyim Amerika yazıçılarından biri olan Maya Angeloya aid idi. Mayanın öz bioqrafiyası da çox faciəvidi. 8 yaşında anasının sevgilisi tərəfindən zorlanan qız hər şeyi qardaşına danışır. Dayıları və qardaşı cinayətkarı öldürür. Qız özünü bir adamın qətlində günahkar bilərək cəzasını susaraq verir. Beş il bir kəlmə söz demədən susqun yaşayır. Ona elə gəlir ki, baş verənləri danışmasaydı, daha yaxşı olardı. Susduğu müddətdə çoxlu mütaliə edən Maya beş ildən sonra danışmağa qərar verir. Xilas susmamaqdadır. Tarix susmayanları sevir. İnsanlar haqsızlığı dilə gətirənləri sevirlər, təhtəlşüurda olsa belə, ədalətə dəyər verirlər. İstənilən incəsənət, poetika bu həqiqəti bilərək yola çıxmalıdır. İstənilən incəsənət yaradıcısı başqalarının deyə bilmədiyini danışanda, başqalarının görə bilmədiyini göstərəndə dəyər qazanır. Mən hər incəsənət adamına dəyər yarada bilmək xoşbəxtliyi arzulayıram.

KÖŞƏ YAZARLARI
TOP 10