“Poetika.izm” elmi jurnalının növbəti sayı nəşr olunub

13 Baxış

12Senet.az AMEA-a istinadən bildirir ki, Nizami adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti sayı nəşr olunub.

AMEA-nın vitse-prezidenjti, akademik İsa Həbibbəylinin baş redaktor olaraq nəşrinə rəhbərlik etdiyi jurnalda ədəbiyyatşünas alimlərin mətn poetikasını, ədəbi cərəyanları, janr, struktur, forma məsələlərini, tarixi poetikanı ehtiva edən məqalələri yer alıb. Məqalələrin bir qismi yeni mövzu və problemləri əhatə etməklə, digər qismi isə indiyə qədər tədqiq olunan bir sıra mövzuları fərqli baxış istiqamətindən araşdırmaqla ədəbiyyatşünaslığımız üçün yeni, həm də əhəmiyyətlidir.

“Dünya ədəbiyyatı” adı altında təkcə Avropa və Amerika ədəbiyyatlarını deyil, Asiya ölkələrinin ədəbiyyatının da tədqiqinin vacib olduğunu vurğulayır. Tarixi, elmi-nəzəri məlumatlarla zəngin olan bu məqalədə ədəbiyyatşünaslığımızın tarixinə və bu gününə salınan nəzər bu elmin qarşısında dayanan mühüm məsələlərə aydınlıq gətirməklə də əhəmiyyət daşıyır.

“Ədəbi təhlil. Mətn poetikası” başlığı altında filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanovun, Rusiya Yazıçılar İttifaqının katibi İvan Qolubniçiyin, Şəfa Cəbiyevanın, filologiya üzrə fəlsəfə doktoru Təyyar Salamoğlunun, filologiya elmləri doktoru Cavanşir Yusiflinin və digərlərinin təqdim olunan və bədii ədəbiyyatın mətn poetikasını ehtiva edən məqalələri elmi yeniliyi, özünəməxsus təhlil keyfiyyətləri ilə diqqəti cəlb edir.

“İzm” başlığı altında filologiya elmləri doktoru Tahirə Məmmədin maarifçiliyin, filologiya elmləri doktoru Pərvanə Bəkirqızının isə postmodernizmin Azərbaycan ədəbiyyatında təzahürünə həsr olunmuş məqalələri qoyulan problemə yeni baxış və özünəməxsus təhlil keyfiyyəti baxımından əhəmiyyət daşıyır.

“Janr, struktur, forma” başlığı altında toplanan məqalələrdə sözügedən məsələlər fərqli mövzu, müxtəlif şair və yazarların yaradıcılığı əsasında təhlil olunur, dramaturgiyada zaman-məkan, poemada janr-struktur xüsusiyyətləri və digər bu kimi məsələlər araşdırılır. Bu bölmədə filologiya elmləri doktoru Məmməd Əliyevin, Şəhanə Əliyevanın, Leyla Allahverdiyevanın və başqalarının məqalələri yer alıb.

“Tarixi poetika” bölməsində filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevanın, filologiya elmləri doktoru Fəridə Vəliyevanın, filologiya üzrə fəlsəfə doktorları Tahir Nəsibin və Təhminə Bədəlovanın məqalələri klassik ədəbiyyatımızın müxtəlif nümayəndələrinin yaradıcılığında poetika məslələrinin elmi şərhinə həsr olunub.

“Dünya ədəbiyyat nəzəriyyəsindən tərcümələr” bölməsində Həmidulla Baltabayevin “Fitrətin “Şeir və şairlik” əsəri adlı məqaləsi təqdim olunur. Məqalə özbək dilindən filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli tərəfindən tərcümə edilib.

Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşri olan “Poetika.izm” jurnalının bu sayı da ədəbiyyatşünaslığımız üçün mövzu müxtəlifliyi və elmi yeniliyi ilə əlamətdardır.

 

Bölmə : Əlfəcin