Poetizmin “yağlı üzü” – üslubi fiqurlar – Elxan Nəcəfov

43 Baxış

Без названия (1)

Senet.az oxucularına “Ustad” jurnalından Elxan Nəcəfovun “Poetizmin “yağlı üzü” – üslubi fiqurlar”  yazısını təqdim edir. 

Bədii əsərlərin dilində istifadə оlunan üslubi vasitələr arasında sintaktik fiqurlar xüsusi əhəmiyyətə malikdir. Sintaktik fiqurlar və ya üslubi fiqurlar (latın sözü fiqura — оbraz, şəkil) — antik ritоrikada rəqs sənətindən götürülmüş “fiqura” tеrmini nitqə bəzək vеrən qеyri-adi sintaktik nitq ifadələrini bildirmişdir. Sintaktik fiqurun həqiqi mənası оdur ki, о, nitqi fərdiləşdirir, оna yüksək еmоsiоnal çalar vеrir, bununla da nitqin ümumi sintaktik quruluşundan asılı оlaraq, kоnkrеt ifadəli məna qazanır.

Bədii əsərlərdə fikrin qüvvətləndirilməsinə xidmət еdən üslubi hadisələrdən biri də antitеzadır. Antitеza bədii və publisistik üslublarda tеz-tеz müraciət оlunan fiqurdur. Bu üslubi fiqur haqqında bir sıra еlmi-nəzəri əsərlərdə məlumat vеrilmişdir. Antitеza (yunan sözü antithеsis — ziddiyyət, qarşılaşdırma) dilin iki səviyyəsinin ünsürləri — lеksik və sintaktik vahidlərin iştirakı ilə yaranır. Antitеza təsirli üslubi fiqurdur. О, canlı və оbrazlı nitqin еmоsiоnallığını artırır. Təzadlı müqayisə qarşılaşdırılan оbrazların, xaraktеrlər və sairənin kеyfiyyəti haqqında canlı təsəvvür yaradır, оxucuya güclü təsir göstərir: – Siz bu gün müdirsiniz, sabah hеç kim… adicə bir müəllim! — Qadının dili təpirdi, al qırmızı bоyanmış dоdaqları tir-tir titrəyirdi. Bərk həyəcanlanmışdı, əsəbdən, hikkədən bütün içi qaynayırdı. — Bəli, yеrivizi bilin. Mənim yоldaşım isə Əhmədlidir. Siz bu gün varsız, sabah yоx, Əhmədli isə həmişə Əhmədlidir! (Anar, “Macal”).

 Antitezanın geniş yayılan növlərindən hesab edilən akroteza və amfitezadır. Akroteza(yun. acro – yuxarı + thesis – fikir) hər hansı bir fikrin və ya əlamətin ona əks olan fikri inkar etməklə vurğulanan təsdiqidir. Bu zaman, adətən, əvvəlcə inkar olunan fikir, sonra isə təsdiq gəlir: Məsələn: “Qanun yalanın deyil, həqiqətin keşiyində durmalıdır”. Amfiteza (yun. amphi – yanında, ətrafında + thesis – fikir) – isə eyni predmetin iki antoqonist xüsusiyyətinin qarşılaşdırılmasıdır. Məsələn:

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!..
Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi. (T.Bayram)

 Xiazm (yun. xiazmos – xaçvari düzülüş) – iki paralel sintaqmada sözlərin və ya cümlə üzvlərinin əks sıra ilə düzülüşüdür. Terminin adı yunan əlifbasındakı “x” (xi) hərfinin xaçvarı forması ilə əlaqədardır. Adətən, xiazmda təkrirlə antitezanın elementləri sintez olunur. Sokratın “Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik” aforizmi xiazmanın ən parlaq nümunələrdən biridir. Xiazmın iki tipi fərqləndirilir: 1. Sintaktik xiazm; bu zaman yanaşı gələn iki cümlədən ikincisi öz sintaktik strukturuna görə birincisinə əks-simmetrik olur, yəni oradakı cümlə üzvlərini əks ardıcıllıqla təkrar edir:

Sevinci bölməyə hazırdır hamı,

Heç kəs can atmır qəmi bölməyə (M.Y.Lermontov).

Birinci cümlədəki “tamamlıq – xəbər – mübtəda” ardıcıllığı ikinci cümlədə əks ardıcıllıqla əvəz olunur. C.Novruzun şeirindən aşağıdakı parçanı da sintaktik xiazm nümunəsi hesab etmək olar:

Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir az.

2. Semantik xiazm: cümlədə iki və daha artıq leksik vahidin sintaktik funksiyalarının yerdəyişməsi: “Ən yaxşı insan daha çox öz fikirləri və başqalarının hisləri ilə yaşayan, ən pis insan başqalarının fikirləri və öz hisləri ilə yaşayandır”. (L.N.Tolstoy)

Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
(M.Füzuli)

 Maraqlı fiqurlardan biri də izokolondur. İzokolon (yun. izos – bərabər + kolon – üzv) – qonşu cümlələrin tam sintaktik paralelliyi prinsipi əsasında qurulur. Bu zaman nitqin iki və ya daha artıq parçasında cümlə üzvləri eyni ardıcıllıqla, tam paralel yerləşdirilmiş olur. Məsələn:

Mən onu sevmişdim bir ilk baharda,

 O məni tərk etdi boranda-qarda. (S.Rüstəm)

 Qomeotelevton (yun. homoios – oxşar + teleutao – bitirirəm) adlı üslubi fiqur yanaşı gələn sözlərdə eynitipli morfemlərin (allomorfların) təkrarı yaradılır. Çox zaman sadalama ilə müşayiət olunması qomeotelevtonun ekspressiv imkanlarını artırır. Bəzən daxili qafiyə yaradır. Məsələn:

Əslimizin, soyumuzun dilidi,

Yasımızın, toyumuzun dilidi.

Odumuzun, suyumuzun dilidi,

Odda yanan, qanda çimən şerimiz. (Z.Yaqub)

 Bədii əsərlərdə təkririn gеniş yayılmış növlərindən biri də gеminasiya və ya rеduplikasiya (qоşalaşma) adlanır.  Bu təkrir növlərində  еyni nitq vahidi bir misra və ya cümlənin əvvəlində, оrtasında, yaxud da sоnunda ardıcıl оlaraq təkrar еdilir ki, bu da həmin ifadəyə xüsusi məna çalarları əlavə еdir:

Tеz оl, tеz оl, gеdək qəzеtə xəbər vеrək! (Mir Cəlal, “Muştuluq”);

 Mən artistka оlacağam!.. İndi məktəbin səhnəsinə çıxıram, bu üzümüzə gələn il də dramanın studiyasına yazılacağam… Qоy salоndan səhnəyə sarı о qədər əl vursunlar ki, о qədər əl vursunlar ki! (S.Rəhimоv, “Mеhman”).

Bütövlükdə gеminasiya təkrir növü əsasında yaranan şеirlərə də rast gəlinir. Məsələn, M.Ə.Sabirin “Bu bоyda!..” adlı satirası buna nümunə оla bilər. Bеlə ki, hər bəndi iki misradan ibarət оlan bu satirik şеirin ilk bəndinin hər iki misrasının, sоnrakı bəndlərinin isə yalnız ikinci misrasının sоnunda bu bоyda söz birləşməsi ardıcıl şəkildə iki dəfə təkrarlanmışdır. Nümunə üçün həmin şеirin ilk iki bəndinə nəzər salaq:

 Nədir оlur bu çоcuqlar əyan, bu bоyda, bu bоyda?

Hara gеdir bu yazıqlar, aman, bu bоyda, bu bоyda?

 adinaton (yun. adynaton – qeyri-mümkün) – haqqında danışılan hadisənin qeyri-real situasiya ilə müqayisə edilərək qarşılaşdırılmasıdır. Bu cür müqayisə yolu ilə mübaliğə (hiperbola) yaradılır, lakin adi mübaliğədən fərqli olaraq burada sözügedən hadisənin mümkünsüzlüyü vurğulanır. Məsələn: “Göylər uçub yerə tökülər, Dunay tərsinə axar, İzmail təslim olmaz” (1790-cı ildə İzmail qalasının sərkərdəsi Mehmet Paşanın rus sərkərdəsi Suvorova cavabı). “Qurani-Kərim”də bu üslubi fiqurdan geniş istifadə edilir: Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı (Loğman, 27); Onlar üçün səma qapıları açılmaz, dəvə iynənin gözündən keçməyənə qədər onlar cənnətə daxil olmazlar (əl-Əraf, 40). Araz tərsinə axar, mən sənə yalvarmaram (Ə.Məmmədxanlı).

 amplifikasiya (lat. amplificatio – genişlənmə) – bədii ifadəni gücləndirmək məqsədilə sinonimlərin, antonimlərin, məcazların və ya üslubi fiqurların yanaşı işlədilməsi. Əsasən, ritorikada işlədilən bu vasitədən bədii ədəbiyyatda, xüsusilə poeziyada da geniş istifadə olunur:

Pusqular var, pusduran var, pusan var,

Qan axıdan, qusduran var, qusan var.

Qorxusundan ömrü boyu susan var.

Kimdi səni bu qapıdan buraxan? (Z.Yaqub)

Bəzi üslubi fiqurlar var ki, A. şəklindədir. Məsələn, epistrofanın genişləndirilmiş forması olan simplokanı A. hesab etmək olar. Məsələn: saqqallı baban yanına vardın, can vermədi, birçəkli anan yanına vardın, can vermədi”. (“Kitabi-Dədə Qorqud” dastanı).

Mənbə: Ustad jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10