“Pol Nadar: Bakıya əsrarəngiz səyahət” foto-sərgisinin açılışı olub

1 Baxış

hg

 

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı foto-sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Fransız İnstitutu, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində açılıb. Sərgiyə Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanası öz dəstəyini göstərir.

Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılışını etdiyi üçün məmnunluğunu bildirib. Qeyd edib ki, sərgidə Pol Nadarın İstanbuldan Daşkəndə səyahəti zamanı çəkdiyi fotoşəkillər nümayiş olunur. Sərgi Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyi sayəsində ərsəyə gəlib. Fransada yerləşən kitabxana Pol və atası Feliks Nadarın foto-neqativlərini özündə saxlayır. Həmçinin Jerom Kel sərginin təşkilində Azərbaycanın Mədəniyyət Nazirliyinin, Milli İncəsənət Muzeyinin rolunu vurğulayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, sərgi Azərbaycan və Fransa arasında mədəni əlaqələri inkişaf etdirmək məqsədilə təşkil edilir: “Əvvəllər də hər iki dövlət arasında sərgilər təşkil olunub. 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, mövzu dərinliyi və eksponatların zənginliyi ilə səciyyələnərək müstəqil Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Sərgidə Fransanın aparıcı, dünya şöhrətli muzeylərinin eksponatları yer alaraq böyük saylı ziyarətçilərə unudulmaz xatirələr bəxş etmişdir. Ölkəmizə səfər edən Nadar dövrünün ən istedadlı fotoqrafı kimi köhnə Bakının görüntülərini lentə alanlardan biridir. Onun çəkdiyi fotoşəkillər XIX əsrin sonunda Azərbaycanın paytaxtı haqqında sənədli sübut kimi əhəmiyyət kəsb edir. Nadar Bakının Şirvanşahlar sarayı, Qoşa qala qapısı kimi nadir memarlıq nümunələrini, bazarları, yerli əhalini lentə almışdır. Bu gün Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan 70-dək orijinal neqativlərin təkrar çapı əsasında sərgini açdıq. Sərginin təşkilində əməyi olan hər kəsə, xüsusilə Fransanın Azərbaycandakı səfirliyinə təşəkkürümü bildirirəm. Bu kimi tədbirlər Azərbaycan ilə Fransa arasında qurulan mədəni əlaqələri möhkəmləndirir”.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros sərginin təşkilində böyük əmək sərf edən Mədəniyyət Nazirliyinə, Azərbaycan Fransız İnstitutuna və Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib. Pol Nadarın həyat yoluna nəzər salan səfir qeyd edib ki, Pol Nadar (1856-1939) XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu “Nadar” fotoqrafiya şirkətinin banisi, heç də az məşhur olmayan Feliks Nadarın (1820-1910) ailəsində doğulub. Məlumat verib ki, atasının layiqli varisi Pol Nadar dövrünün ən istedadlı fransız fotoqraflarından biridir və sənətini uzaq səyahətlərlə daha da inkişaf etdirib. “Nadar” adı fransız fotoqrafiya tarixinin önəmli bir hissəsini xatırladır.

“Feliks Turnaşon 20 yaşındaykən Nadar adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar”ortaya çıxır. 1860-cı ildə Parisin Kapüsin Bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. Onun müasirlərinin portretləri bizə ən məşhur simaların – Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand xüsusi ifadəli obrazlarını bəxş edib.

“Məşhur fotoqraf Feliks Nadarın yeganə oğlu və varisi Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. 1890-cı ildə Parisdən Şərq Ekspressi ilə yola düşən fotoqraf 1890-cı il avqustun 18-də İstanbula gəlir. Qara dənizdəki Batumi limanından keçib Tbilisidə dayanaraq, Bakıya çatır. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlər 1890-cı ildə tamam fərqli görünürdü. Ona görə də onun fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Nadar Bakının unikal memarlıq nümunələrini (“Qoşa Qala” qapıları, Müqəddəs Nikolay kilsəsi, Şirvanşahlar Sarayı), dükan və canlı bazarların həyatını, səyyar tacirləri, yerli əhalini, şəhər cəmiyyətini, ailələri, uşaqları lentə alır.

Bakıdan sonra Xəzər dənizindən keçid onu yenicə salınmış rus limanı Uzun Adaya gətirib çıxarır. Uzun Adadan Səmərqəndə qədər bu səhralıq diyarı əvvəl dəmir yolu, sonra at arabası ilə gəzərək səyahətini Daşkəndə qədər davam etdirir və orada fotoşəkillərin təqdimatı ilə universal sərgiyə qatılır”,- deyə səfir bildirib.

Fotoşəkillərin 130 il bundan əvvəl çəkildiyini deyən səfir bildirib ki, məhz onların sayəsində fransız fotoqrafın gözü ilə qədim Bakını yenidən kəşf edirik. Səfir, həmçinin bu şəkillərin bakılıların da xoşuna gələcəyini söyləyib və şəhər sakinlərini sərgiyə baxmağa dəvət edib.

Sonra rejissor Rüstəm Hüseynov və layihənin kuratoru Könül Rəfiyevanın Pol Nadar haqqında hazırladıqları və fotoqrafın həyatından, onun çəkdiyi fotolardan bəhs edən sənədli film nümayiş olunub.

Filmdən sonra qonaqlar sərgi ilə tanış olublar.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10