Poliklinikada toy

217 Baxış

 

mushfiq

Müşfiq XAN

Poliklinikada toy

Xəstəxanalara nifrət edirəm. Bacardıqca həkimlərlə həmsöhbət olmaqdan qaçıram. Gərəkli bir sənəd üçün poliklinikada sahə həkimi ilə görüşməliydim. Qapını döyüb, içəridəkinin “gəlin” bildirişini eşidən kimi otağa girdim.

Nə üçün gəldiyimi soruşub, on dəqiqə gözləməli olduğumu bildirdi. Saata nəzər saldım. On birə iyirmi dəqiqə qalırdı. On dəqiqə uzun müddət deyildi. Ətrafıma baxdım. Otaq olduqca kasat idi. Divarların tibb diplomlarıyla dolu olacağını düşünmüşdüm. Plakatlar, sertifikatlar və mükafatlar görəcəyimi ehtimal etmişdim. Bəlkə də hansısa dərman firmaları ilə bağlı broşürlər də ola bilərdi. Ən azından bir neçə rəf dolusu tibb kitabları gözə dəyməliydi. Amma otaqda həkimin masası, sınıq-salxaq kreslosu, tək stul və İbn Sinanın kiçik portreti, coşmuş dalğalara baxan bir dənizçi, həkimin otağında gözləyən kiçik qız uşağı və daha iki-üç ucuzluq divar rəsmlərindən başqa otaqda demək olar ki, heç nə yox idi. Əlbəttə ki, otağın hər küncünə qoyulmuş saxsılardakı kaktusları da nəzərə almasaydım.

Nəhayət o, tibbi kartoçkada zəruri qeydlər aparmağa başladı. Mənsə arada yaranan zaman boşluğunu doldurmaq məqsədi ilə özümlə gətirdiyim kitabı vərəqləməyə başladım. Doğrusu əyləşsəydim mütaliə üçün tam istədiyim bir ortam idi. Amma sahə həkimi üzünə həddən artıq məşğul görkəmi verib bu təklifdə bulunmadı.

Mən deyim bir, siz deyin iki səhifə ancaq oxumuş olardım ki, koridorda olduğum otağın düz qapısının dibində səhər vaxtı istənilən normal insanın əsəblərinə toxunan bir uğultu eşidilməyə başladı. Sonra getdikcə səs daha da aydınlaşdı və bayağı bir toyxana mahnısının sədaları olduğu dəqiqləşdi. Ardınca da mədəniyyətsizcə yüksəs səslə danışan dörd, ola bilsin ki, beş qadının səsi otağı bürüdü. Belə hiss olunurdu ki, xəstəxanada xınaxaydı mərasiminə hazırlıq başlamışdı. Mağarı da tərs kimi yolun düz üstündə – koridorda qurmuşdular. Bu halda ansızın gözlədiyim palatanın yengə otağı olacağını düşünməyə başladım və bir anda məni dəhşət bürüdü. Qadınabənzər məxluqların üzünü görə bilməsəm də, ciyiltili səsi olan ikisinin bacı olduğunu kəsdirə bildim. Çünki eyni ləhcəylə, bir-birinə oluqca çox bənzəyən səslə böyürməyə çalışırdılar. Amma dediyim ki, böyürə bilmirdilər, ciyildəyirdilər. Məncə onların iyirmi beş-otuz yaşı ancaq olardı. Böyürə bilmələri üçün ən azı on illəri çatmırdı. Bütün diqqəti ilə telefonda işə salınan hansısa toyun videosuna hakim kəsilən qadınınsa kobud səsindən qırx yaşlarında biri olduğu bəlli idi. Bu qadın birnəfəsə ancaq suallar verirdi – “aaz, bu gədə kimdi?”, “aaz, dur görək, bunun nəyini sevib? itə oxşuyur”, “aaz, irusiyətdəki qardaşı harda ölüb-itib? niyə gözümə dəymir?” Dördüncü qadının yaşını təxmin edə bilmədim. Çünki toy başlayandan bəri şaqqanaq çəkib nəfəsalmadan pis-pis hırıldayırdı. Beşinci biri də var idimi, əcaba? Ol səbəb ki, sükuta qərq olmuş xəstəxana koridorunda səs-küy başlayandan bəri bir nəçə dəfə qəribə – donuz xorultusuna bənzər səs eşitmişdim.

– Hazırdı, buyurun, – sahə həkiminin səsi diqqətimi yayındırdı.

Sənədi alıb hövlnak özümü otaqdan çölə atdım. Açdığım qapı zərblə düz kandarın dibində dayanan bu məlun adamlardan ikisinin qoluna dəydi. Və hələ də başları telefondakı toy videosuna qarışdığına görə çəkilib yol verməyən digər ikisinin də ayaqqabısının üstündən ehmalca keçməli oldum. Ötəri nəzər saldım, yanılmamışdım, düşündüyüm kimi idilər. Beşinci nəfər də var imiş, amma qadın deyil, otuz beş yaşlarında kişi idi. Donuz səsi çıxarsa da, tülküyə oxşayırdı. Və palazçırpan böyüklükdə telefonu məğrurcasına əlində saxlayıb toy çıxardan da o idi.

Başımı götürüb poliklinikadan çıxanda bir şey düşündüm, bizim telekanallardakı şit, bayağı və mənasız proqramların hər gün balalamasının baiskarı o aparıcılar yox, elə bu adamların özüdü…

 

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat